Bia.Az

RUSİYA QARABAĞDA MÖHKƏMLƏNİR! – “Moskva Qarabağda hərbi baza yaratmaq niyyəti nümayiş etdirir”

Gündəm
 2-04-2021, 11:42     520

Rusiya Müdafiə nazirinin müavini Dmitri Bulqakov martın 31-də Azərbaycanın Qarabağ bölgəsinə gəlib. Generalın səfəri ilə bağlı Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda Bakını narahat edəcək xeyli ziddiyətli məqamlar var.

Qeyd edək ki, Bulqakov Dağlıq Qarabağdakı Rusiya sülhməramlı kontingenti üçün səyyar düşərgələrin aprelin 5-dən gec olmayaraq istifadəyə veriləcəyini və aprelin sonuna qədər sülhməramlılar üçün səyyar xəstəxana açılacağını deyib. Daha sonra o, Xankəndində sülhməramlılar üçün 250 yerlik başqa bir blok-modul şəhərciyinin açılışı mərasimində iştirak edib.
Nazir müavini xatırladıb ki, üç aydan az bir müddətdə Dağlıq Qarabağda 12 blok-modul qəsəbəsi tikilib istifadəyə verilib. Yaxın gələcəkdə bu cür şəhərciklər Çartar, Laçın, Sus, Canyataq, Qırmızı Bazar, Ağdərə, Zarıslı, Şuşa, Zabux, Çiləbürt, Qarıkaha ərazisində də qurulacaq.
Rəsmi Bakı, bu səfərdən iki gün keçsə də, ona münasibət bildirməyib. Generalın Azərbaycanın icazəsi ilə bölgəyə getdiyi məlum deyil. Bu barədə informasiyanı yayan Rusiya MN-nin saytında da hər hansı məlumat verilmir.
Rəsmi açıqlamada narahatlıq yaradan məqamlara gəlincə, Müdafiə Nazirliyi bir dəfə olsun Azərbaycanın adını çəkməyib, ancaq "Naqornıy Karabax" ifadəsi işlədib. Daha sonra Rusiyanın bölgədə saldığı hərbi şəhərciklərin sayı və onların bir qisminin Azərbaycanın nəzarətində olan Laçın və Şuşada tikilməsinin planlaşdırılmasıdır.
Cəmi 1960 nəfərlik heyət üçün bu sayda şəhərciklərin salınmasına nə ehtiyac var? Bu, Rusiyanın bölgəyə əlavə qüvvələr yerləşdirmək planının tərkib hissəsi ola bilərmi?

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl "AzPolitika.info"-ya şərhində bildirib ki, 10 noyabr Bəyanatı imzalananda yerli və xarici ekspertlər Rusiyanın Cənubi Qafqazda hərbi kontingentini çoxaltmaq və perspektivdə Azərbaycanda da rəsmi hərbi baza yaratmaq məqsədinə nail olduğunu bildirirdilər. Ekspertin sözlərinə görə, baxmayaraq ki, Rusiyanın Qarabağda qalma müddəti 5 il qeyd olunub və razılıq olduqda əlavə 5 il də qala bilər. "Amma ilk gündən məlum oldu ki, Rusiya, bəyanatda deyilən kimi, 1960 nəfərlik heyətlə deyil, daha çox qüvvə ilə gəlib. Sonrakı günlərdə baş verənlər göstərdi ki, Rusiya yalnız atəşkəsə nəzarət üçün deyil, ümumiyyətlə Xankəndi və ətrafına nəzarət etmək məqsədilə uzun müddətə hesablanmış bir missiya həyata keçirməyə gəlib. Bu missiyaya həm də "humanitar reaksiya“ adı ilə ermənilərin məişət və mənzil şəraitinin yaxşılaşdırılması üçün əlavə qüvvələrin gəlişinə imkan verdi və bu ad altında hərbi kontingentin yerləşdirilməsi də əlavə şəhərciklər salmasını zəruri etdi".
İ.İsmayıl hesab edir ki, Rusiya Azərbaycanın bu ərazisində uzun müddətə nəzarəti öz əlində saxlamaq niyyətindədir. "Eyni zamanda, bu, yalnız keçmiş DQMV ərazisini deyil, dəhlizin keçdiyi əraziləri – o cümlədən Laçın rayon mərkəzini də əhatə edəcək", - deyə, o vurğulayıb.
Azərbaycanın bu məsələyə zəif reaksiya verməsinin səbəblərinə gəlincə, İlham İsmayıl qeyd edib ki, ötən beş ay ərzində Azərbaycan rəsmi olaraq Xankəndi və ətrafında baş verən hadisələrin heç birinə reaksiya verməyib. Ekspertin sözlərinə görə, Rusiyanın bu bölgədə həyata keçirdiyi və bizim maraqlarımıza uyğun olamayan bütün siyasi-hərbi addımlarına Azərbaycan reaksiya bildirmir və Türkiyə də bu şəraitdə faktiki olaraq ofsaytda qalıb və gərginlik yaratmamaq üçün "azeri kardeşlerimiz neyi kabul ediyorlarsa, bizler de razılaşırık“ deyib, faktiki baş verənlərə məsuliyyətin Azərbaycan tərəfdə olduğunu vurğulayırlar. "Əslində nə etməliyik? Birincisi, 10 noyabr bəyanatından irəli gələn bəndlərin reallaşması tələb olunmalıdır, yəni o ərazilərdə yaşamış qaçqın azərbaycanlıların doğma yurdlarına qaytarılmasına başlanmalıdır. Erməni hərbi birləşmələri bu ərazidən çıxarılmalıdır. Qarabağ yollarında Azərbaycan tərəfin də hərəkəti bərpa olunmalı və təhlükəsizliyi təmin edilməlidir. Laçın dəhlizi istiqamətində dövlət sərhədinə sülhməramlılarla birlikdə Azərbaycan da nəzarət etməlidir. Rusiyanın hər dəfə "Dağlıq Qarabağ“ deyib, onu Azərbaycandan ayrı bir subyekt kimi hallandırması ilk dəfə deyil. Buna son vermək üçün Azərbaycan sərt mövqe bildirməli və bu cür hərəkətlərin sülhməramlılıq missiyası ilə ziddiyyət təşkil etdiyini açıq şəkildə bildirməlidir".
İ.İsmayıl vurğulayır ki, Azərbaycanın "Qarabağ məsələsi bitib“ deməsi ikibaşlı məna verir: "Belə çıxır ki, Xankəndi və ətrafından imtina etmişik. Bu vəziyyət getdikcə gərginləşəcək və diplomatik, hərbi baxımdan bizə uzunmüddətli problem yaradacaq".

Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Rusiya Müdafiə nazirinin müavini Xankəndidən öncə Bakıya gəlməli, azərbaycanlı həmkarıyla görüşməli və Dağlıq Qarabağın paytaxtına səfərinin məqsədini bəyan etməli idi. "O da izah olunmalı idi ki, 10 noyabr bəyanatında rusiyalı hərbçilərin Dağlıq Qarabağda sayı 1960 nəfər göstərildiyi halda, Dağlıq Qarabağda hərbi şəhərciklərin sayı niyə artır? Normalda rusiyalı general Xankəndidə açılışlar edərkən yanında Azərbaycanın Müdafiə nazirinin müavini də dayanmalı idi", - Şahinoğlu vurğulayıb.
Ekspert bu sayda şəhərciyin qurulmasını Rusiyanın Qarabağda hərbi baza yaratmaq niyyəti ilə bağlı olduğunu düşünür. Açıqlamada hərbi infrastruktur yaradılacaq ərazilərdən biri kimi Şuşanın adının göstərilməsinə gəlincə, politoloq güman edir ki, bu zaman rayonun işğalda olan kəndləri nəzərdə tutula bilər.скачать dle 12.1