Bia.Az

“BUNLAR BAŞ VERMƏYƏCƏKSƏ, RUSİYAYA İNAM İTƏCƏK” – “Manatın kursunu sabit saxlamaq lazımdır”

Gündəm
 23-03-2021, 16:10     181

“Düşünmürəm ki, kiçik bir əraziyə görə Rusiya Türkiyə və Azərbaycanla əlaqələrini korlasın, bizi də Ukrayna, Gürcüstan və Moldova kimi özünə düşmən etsin.” “AzPolitika.info” xəbər verir ki, bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a müsahibəsində bildirib.

Partiya sədri gündəmin digər əhəmiyyətli mövzularına da toxunub. Q.Həsənquliyevin həmin müsahibəsini təqdim edirik:

- Qüdrət bəy, bəzi iqtisadçı bloqerlər Türkiyə lirəsinin 17 faiz ucuzlaşmasından sonra hökuməti devalvasiyaya getməyə çağırırlar və bəyan edirlər ki, bu addım ixracı stimullaşdıra bilər. Sizin bu məsələyə münasibətinizi bilmək istərdik.
- Hər hansı məsələyə münasibət bildirərkən ölkənin sosial-iqtisadi vəziyyəti mütləq nəzərə alınmalıdır. Bizim qeyri-neft sektorunda ixrac məhsullarımızın,xüsusilə sənaye məhsullarının sayı və həcmi çox məhduddur, ixracatımız əsasən kənd təsərrüfatı məhsullarından ibarətdir. Bu, ümumi ixracın təqribən 10 faizini təşkil edir. Ona görə də devalvasiyaya getməklə ixracın stimullaşdırılması barədə fikirlərin ciddi əsası yoxdur.
Amma devalvasiyaya gedilsə, əvvəlki təcrübədən çıxış edərək deyə bilərik ki, bu, həm vərtəndaşlarımızın sosial vəziyyətini xeyli pisləşdirəcək, həm də iqtisadi islahatların həyəta keçirilməsini əhəmiyyətli dərəcədə çətinləşdirəcək. Bu baxımdan nə qədər manatın kursunu sabit saxlamaq mümkündürsə bunu etməli, iqtisadi islahatları sürətləndirməliyik. Xammal ixrac etməkdənsə böyük perspektivləri olan kimya sənayesi və yüngül sənayeni inkişaf etdirməli, süründürməçiliyə son qoyub Ümumdünya Ticarət Təşkilatına üzv olmalıyıq.
- Sizcə, Milli Şuranın Rusiya və Ermənistanın Türkiyə-Rusiya münasibətləri gərginləşəcəyi halda torpaqlarımızı yenidən işğal edə biləcəyi barədə həyəcan dolu çıxışlarının əsası varmı?
- Mən onları elə-belə “fit müxalifəti” adlandırmamışam. Onlar tapşırıq alıblar ki, nəyin bahasına olursa olsun Rusiya-Azərbaycan, Türkiyə-Rusiya münasibətlərini gərginləşdirmək və korlamaq lazımdır. Əvvəla onu deyim ki, Ərdoğanla Putin onların Qərbdə "sevilmədiyini" çox yaxşı başa düşürlər. Onu da bilirlər ki, ölkələrinin mənafeləri tələb edir ki, təhlükəsizlik sahəsində və iqtisadi sahədə əməkdaşlıq etsinlər. Belə olan halda kiməsə xoş gəlmək üçün niyə bir-birilərilə münasibətləri pozmalıdırlar? Əvvəllər də qeyd etdiyim kimi, hər iki ölkə bir-biri üçün vazkeçilməz tərəfdaşa çevrilməkdədirlər. Bu fikirlər Azərbaycan-Rusiya münasibətlərinə də aiddir.
Azərbaycan Rusiya ilə müharibəyə hazırlaşmamalı, əksinə, onunla dostluq və əməkdaşlıq münasibətlərini gücləndirməlidir. “Fit müxalifəti”nin bir məqsədi də cəmiyyəti daim gərginlik altında saxlamaq cəhdidir. Düşünürlər ki, belə olarsa ölkədə kütləvi psixoz vəziyyəti yaradıb sonda hətta əhəmiyyətsiz bir məsələyə görə insanları küçələrə töküb hansısa siyasi məqsədlərinə çata bilərlər. Ona görə ictimaiyyətin nəbzini yoxlamaq üçün bəzən özləri, bəzən ətraflarındakı adamlar vasitəsilə mitinqlər çağırırlar. Amma bəlli olur ki, nəinki xalq, hətta həmin adamların ailə üzvləri belə onların çağırışlarına əhəmiyyət vermir.
Hazırda həm beynəlxalq birlik tərəfindən tanınmış ərazilərimizdə suverenliyimizin tam bərpa olunması istiqamətində, həm də dövlət quruculuğu və iqtisadi sahədə görəcəyimiz çoxlu işlər var. Hesab edirəm ki, hər bir vətəndaşımız kimi iqtidar da bunu görür və bunun fərqindədir. Problemlərin olması o demək deyil ki, xalqımız nifrət və qisas hissi ilə qovrulan, xarici dairələrin əlində vasitəyə çevrilmiş adamların çağırışlarına cavab verəcək.
- Qüdrət bəy, Rusiyanın Dağlıq Qarabağı öz nəzarətinə keçirməsi, erməni sakinlərə rus pasportları paylaması barədə deyilənlərin əsası varmı?
- Hazırda 44 günlük savaşdan sonra Azərbaycan və Ermənistanın razılığı ilə bölgədə atəşkəsə nəzarəti Rusiya həyata keçirir. Rusiya 5 il müddətində özünün sülhməramlı missiyasını həyata keçirməli, Azərbaycan və erməni xalqlarının barışmasına, Azərbaycanın öz ərazisində suverenliyinin bərpa olunmasına və regional əməkdaşlığa töhfə verməlidir. Bunlar baş verməyəcəksə, Rusiyaya inam itəcək. Ona görə düşünmürəm ki, kiçik bir əraziyə görə Rusiya Türkiyə və Azərbaycanla əlaqələrini korlasın, bizi də Ukrayna, Gürcüstan və Moldova kimi özünə düşmən etsin.
Erməni sakinlərə rus pasportlarının verilməsi barədə heç bir ciddi informasiya yoxdur, əksinə, biz görürük ki, Rusiya 10 noyabr bəyannaməsi ilə onun səlahiyyətlərinə aid olmasa da Ermənistanla sərhədlərin demarkasiyası istiqamətində hər iki tərəfə son dərəcə zəruri olan köməyi edir.
- Son olaraq ABŞ-Rusiya qarşıdurması barədə nə deyə bilərsiniz?
- Hər iki ölkə böyük nüvə potensialına malikdir və hər ikisinin Azərbaycanla yaxşı əlaqələri var. Nüvə silahı isə müharibələri əngəlləyən böyük çəkindirici gücə malikdir. Bu iki dövlət beynəlxalq sülh və təhlükəsizlik üçün əməkdaşlıq etməlidir.Bir müddətdən sonra onlar öz aralarında dil tapıb gərginliyin aradan qaldırılmasına çalışacaqlar. Əvvəllər olduğu kimi, indi də, bu istiqamətdə danışıqlar üçün Bakı gözəl məkan ola bilər.скачать dle 12.1