Bia.Az

Rusiya Minsk Qrupunu “xortladır”: “status” vaxtı gələndə diriltmək üçün...

Gündəm
 12-02-2021, 09:37     273

XİN rəsmisinin mövqeyindən də göründüyü kimi, gorbagor olmuş status məsələsini yenidən masaya yatırtmaq istəyirlər

Rusiya rəsmilərinin dilindən Dağlıq Qarabağın statusu məsələsi düşmür. Onlar bu işin məsuliyyətini və missiyasını ATƏT-in Minsk Qrupunun üzərinə qoymaqla yaxalarını kənara çəkirlər. Kreml rəhbəri Vladimir Putinin “statusa gələcəkdə baxıla bilər” eyhamının ardınca, xarici işlər naziri Sergey Lavrovun Minsk Qrupuna işarə etməsi, nəhayət, XİN başçısının müavini Andrey Rudenkonun da bu məsələyə toxunması göstərir ki, rəsmi Moskva bu məsələdə israrlıdır.

“Yeni Müsavat” xəbər verir ki, Rudenko TASS-a müsahibəsində Minsk Qrupu həmsədrlərinin fəaliyyətini davam etdirilməli olduğunu söyləyib. “Hələlik hərtərəfli siyasi nizamlanma əldə edilməyib. Minsk Qrupu ”gələcək addımlara, o cümlədən status məsələsinə qarşılıqlı məqbul yanaşmaların işlənib hazırlanmasında faydalı ola bilər. Amma ehtiyatlı tərpənərək, tələsmədən, vaxt gələndə".

Göründüyü kimi, Rusiya və Ermənistan ATƏT-in Minsk Qrupunun fəaliyyətinin davam etdirilməsində israr edir. Baxmayaraq ki, Bakının ümumi mövqeyi buna uyğun deyil. Ermənilər isə danışıqların həmsədrlər çərçivəsində qalmasında maraqlıdırlar. Çünki həmsədr ölkələr içərisində ən azı iki dəstəkçi dövlət var - Fransa və Rusiya, Baydenin də Ağ Evə gəlişindən sonra isə ermənilər onların da dəstəyini almağa ümidləniblər.
Rudenkonun mövqeyindən də göründüyü kimi, gorbagor olmuş status məsələsini vaxtı gələndə yenidən masaya yatırtmaq istəyirlər. Bəs Bakının və Ankaranın mövqeləri ATƏT-in üçlüyünə qarşı dayanmaqda yetərlidirmi? Azərbaycan həmsədrlərin “status arzusunu” vaxtı gələndə necə gözündə qoya bilər? Noyabrın 10-da imzalanan üçtərəfli bəyanatdan, yanvarın 11-də Moskvada əldə edilən razılaşmadan sonra 30 ildə heç bir işə yaramayan Minsk Qrupunu təzədən xortlamaq nə dərəcədə realdır?

Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, status məsələsi gora getdi, münaqişə keçmişdə qaldı, sabaha baxmaq lazımdır. Lakin rus rəsmiləri inadından əl çəkmirlər və onların bu mövqeyi təbii ki, Fransa və Ermənistanın da ürəyincədir.
Aydın Mirzəzadə ile ilgili görsel sonucu
Aydın Mirzəzadə 

YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə “Yeni Müsavat”a qeyd etdi ki, ATƏT-in Minsk Qrupu bu problemin həlli üçün yaradılmışdı. Onun sözlərinə görə, üç böyük dövlət münaqişənin həllinə çalışırdılar: “Hər üçü dövlət Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsə də, problemin həlli üçün heç nə etmədilər. Prinsip etibarı ilə Minsk Qrupu diplomatik danışıqlar masasından kənara çıxa bilmədi. Azərbaycan Ordusu isə torpaqlarını işğaldan azad etdi, Ermənistana hərbi kapitulyasiyaya məcbur elədi, üç rayon döyüşsüz azad olundu”.

A.Mirzəzadə hesab edir ki, Azərbaycan hər üç həmsədr ölkə ilə yaxşı münasibətlərin olmasında, ikitərəfli əməkdaşlığın genişlənməsində maraqlıdır: “Minsk Qrupu problemin həll edildiyini qəbul etməlidir, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması üçün çağırış etməlidir. O ki qaldı ara-sıra Dağlıq Qarabağın statusu haqda çıxışlara, artıq status yoxdur. Azərbaycan vaxtilə yüksək muxtariyyət təklif edirdi, amma Ermənistan bunu qiymətləndirmədi. Əksinə, həmin ərazilər viran qoyuldu, minalandı, dağıdıldı.  Azərbaycan ərazi bütövlüyünü təmin etdikdən sonra hər bir vətəndaşının, o cümlədən erməni əhalinin hüquqlarnı qorumağa hazırdır. Ona görə kiçik bir əraziyə status verilməsinə ehtiyac qalmır. Artıq torpaqlar minalardan təmizlənir, köçkünlər yurdlarına qayıtdan sonra normal həyat olacaq və dünyanın heç bir yerində 10-15 min əhalinin yaşadığı əraziyə xüsusi status verilmir. O baxımdan, onsuz da böyük əraziləri olmayan Azərbaycanı federallaşdırmağa, ərazilərinə xüsusi status verilməsinə ehtiyac yoxdur, yeni reallıq qəbul edilməlidir”.
Zaur Məmmədov ile ilgili görsel sonucu
Zaur Məmmədov 

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov bildirdi ki,  Azərbaycanla Ermənistan arasında müxtəlif problemlərin aradan qaldırılmasında üçtərəfli format işləkdir. Onun sözlərinə görə, Rusiya vasitəsilə bu dialoq reallaşır: “Amma de-yure Minsk Qrupu münaqişənin tənzimlənməsi ilə məşğul olmalıdır. Azərbaycanın buna heç bir etirazı yoxdur, əgər qurum müharibəyə qədərki davranışından əl çəkərək, beynənlxalq hüquq və ədalət əsasında problemin həllində maraqlı olduğunu göstərərsə...”

Z.Məmmədov rusiyalı yetkililərin status haqda çıxışlarına gəlincə, vurğuladı ki, Qarabağın gələcəyi artıq həllini tapıb. Xankəndi də, Şuşa da Azərbaycan ərazisidir, hər yerdə bayrağımız dalğalanacaq: «Maksimun ermənilərin kompakt yaşadığı bölgələrdə yerli əhali ilə bağlı hər hansı  qərarlardan söhbət gedə bilər. Bu da Qarabağın “müstəqilliyi” kimi cəfəng fikirləri aradan qaldırır. Dağlıq Qarabağda hansısa status və ya muxtariyyətdən söhbət gedə bilməz. Əgər hansısa ölkələr Xankəndi ətrafında cığallıq edərlərsə, bu, onlar üçün baha başa gələcək. Xankəndi və digər  bölgələrdə yaşayan ermənilər de-yure və de-fakto Azərbaycan ərazisində yaşayırlar. Ermənilər başa düşməlidirlər ki, bu münaqişə 44 günlük müharibə zamanı öz həllini tapıb və yalnız Azərbaycan bayrağı altında, Azərbaycan manatı ilə yaşayacaqlar".

Siyasi şərhçinin fikrincə, elə son zamanlar bölgədə separatçılara məxsus ordunun və digər qurumların ləğv olunması əsas məqsədlərdən biri olacaq: “İndiki mərhələdə hədəf bölgədə onların silahsızlaşdırılmasıdır. Azərbaycan bir sıra məsələləri rəsmi  açıqlamasa da, mərhələli şəkildə öz hədəflərinə çatmaqdadır”.

BİA.AZ
скачать dle 12.1