Bia.Az

“SON AKSİYALAR MOSKVA ÜÇÜN CİDDİ SİQNALDIR” – “İqtisadi böhranın dərinləşməsi Rusiyanı qarışdıra bilər”

Gündəm
 28-01-2021, 11:42     384

Toğrul İsmayıl: “Rusiyada1970-1980-cı illərdə yaşanan böhranın oxşar forması yaşanır. Bunlar sözsüz ki, təsirsiz ötüşməyəcək”

“Navalnı sözünü deyəcək fiqurdur, lakin siyasi rəqib deyil”

Rusiyada müxalifətçi Aleksey Navalnının həbsindən sonra baş verən aksiyalar, ölkə üzrə yüz minlərlə insanın küçələrə çıxaraq Vladimir Putini “oğru” adlandırması və onu hakimiyyətdən getməyə çağırması dünyada son dövrün ən önəmli hadisələrindən biri sayılır.
Real mənzərə ondan ibarətdir ki, Rusiyada siyasi və sosial-iqtisadi gərginlik getdikcə artır. Bir çox mütəxəssislər bunun ciddi nəticələr doğuracağı və hətta təhlükələrə yol açacağını proqnozlaşdırırlar.
“AzPolitika.info” bu aktual mövzu ətrafında Ankarada yaşayan Rusiya üzrə mütəxəssis, professor Toğrul İsmayılla söhbətləşib:
- Toğrul bəy, yanvarın 23-də Rusiyanın az qala bütün regionlarında müşahidə olunan etiraz aksiyaları Prezident Vladimir Putini məcbur etdi ki, media qarşısına çıxaraq, Aleksey Navalnının barəsində film çəkdiyi sarayın ona məxsus olmadığını desin. Sizcə, ümumilikdə yanvar aksiyaları hansı nəticələrə gətirib çıxara bilər?
- Əslində, Rusiyada buna bənzər proseslərin, aksiyaların baş verməsi təbii haldır. Düzdür, Rusiyanın siyasi-iqtisadi quruluşu, ərazi-inzibati bölgüsü və geopolitik mövqeyi elədir ki, rus idarəçilər hər zaman demokratikləşməni dolayısı yolla ölkənin dağıdılması hesab ediblər. Bu səbəbdən də Rusiyada liberal, sol, sağ, kommunist və ya demokrat görüşlü insanlar birmənalı olaraq “mərkəz üçün demokratiya” düşüncəsi ilə hərəkət edirlər.
Rusiya siyasi sistemində təsadüfi heç nə olmur. Bu reallıq istər müxalifət, istər siyasi iqtidar daxilində münasibətlər, istərsə də digər məsələlərə münasibətdə özünü göstərir. Bugünkü Rusiya siyasi elitası hakimiyyəti rahat şəkildə verməyəcəyini son referendumla ortaya qoyub. Bu da açıq siqnalıdır. Bu siyasi hakimiyyət özündən çox əmindir. Mən təkcə Putini nəzərdə tutmuram. Rusiyada çarlıq dövründən gələn ənənəyə əsasən təkhakimiyyətlilik görünsə də, əslində oliqarxik hakimiyyət mövcuddur.
Üstəlik, Rusiyada hər bir siyasi liderin özünə məxsus oliqarxik çevrəsi olub. Bu, təkcə siyasi deyil, həm də iqtisadi güc baxımından əhəmiyyətlidir. Putinin özünə görə oliqarxları var, Yeltsinin də öz oliqarxları var idi. Bunları oliqarx deyil, güclü və ya təsirli iş adamları kimi də təqdim etmək mümkündür. Yeri gəlmişkən, elə Brejnev və ya Qorbaçov döründə də bu baxımdan reallıq eyni idi, sadəcə başqa formada ortaya çıxmışdı. İvan Qroznıdan başlayan bu sistem öz formasını dəyişsə də, bir növ modern şəkildə yaşamaqda davam edir. Burada dövlət quruluşu elədir ki, mərkəzi hakimiyyət güclü, regionlar zəifdir. Hər zaman da mərkəzin kənara təzyiqləri var.
Navalnı məsələsi isə daxili mübarizənin göstəricisidir. Diqqət edin, burada hədəf hakimiyyətin devrilməsindən daha çox iqtidardakıların əməllərinin ortaya çıxarılmasıdır. İndiyə qədər Putin haqqında belə geniş və əhatəli material hazırlanmamışdı.
Putin bütün dövrlərdə özünü təmiz göstərməyə çalışan biri kimi oliqarxlarla bağlı qalmaqallardan uzaq durub. Amma saray məsələsi olduqca ciddi ittiham kimi ortaya çıxdı. Özü də bu, təkcə Putinə deyil, onun ətrafındakı qruplara da aiddir.
- Sizcə, bu proses hansı nəticələrə gətirib çıxara bilər?
- Əslində, bu etirazlara Rusiyada yığılıb qalan və həllini tapmayan problemlərin nümayişi kimi baxmaq lazımdır. Küçələrə çıxanlar əsasən gənclər, azad peşə sahibləridir. Bu da yeni və köhnə düşüncə tərzi, eləcə də idarəetmə sistemləri, anlayışları arasında mübarizənin olduğuna işarə edir.
Mən düşünmürəm ki, Aleksey Navalnı Putinin alternatividir və gəlib prezident olacaq. Bu, indiki Rusiya şərtləri daxilində mümkün olmayan haldır. Amma Navalnı sistemli şəkildə işləyir. O, ölkəyə gəldikdən sonra bu videolar paylaşıldı və izləmə sayı da yüksək oldu. Bu, eyni zamanda Rusiyadakı siyasi iqtidarın belə mübarizə formasına hazır olmadığını göstərir. Bütün bunlarla yanaşı, indiki rus siyasi iqtidarı olduqca güclüdür. Daxildən parçalanma olmadıqca və alternativ güc ortaya çıxmadıqca Rusiyada yaxın zamanlarda dəyişikliklərin olacağını gözləmək sadəlövhvlük olardı. Rusiyanı dəyişikliyə aparacaq ən önəmli məsələ də demokratiya deyil.
- Bəs, nədir?
- Mənim fikrimcə, iqtisadi böhran Rusiyanı dəyişdirə bilər. SSRİ də iqtisadi böhran səbəbindən çöküb. Eyni şəkildə Rusiyada da iqtisadi böhran dərinləşərsə, hansı ki, bunun işartıları var, bu vəziyyət Rusiyanı qarışdıra bilər.
- Hansı səbəblərdən Rusiyada demokratik istiqamətdə dəyişikliklər baş verə bilməz?
- Əslində, “rus mujiki” deyilən bir anlayış var. Onlar hər zaman kasıb həyat tərzinə sahibdirlər. Rusiyada siyasi sistem başqa Avrasiya ölkələri ilə müqayisədə oturuşmuş olsa da, demokratik institutlar olduqca zəifdir. Zəif olduğu üçün Rusiyanı demokratik mexanizmlər və seçki məsələləri mövzusunda Türkiyə ilə müqayisə edə bilməzsiniz. Bu səbəbdən də Rusiyada dəyişikliyə əsas təkan verəcək olay iqtisadi böhrandır.
- Demək istəyirsiniz ki, Putini yalnız ciddi sosial-iqtisadi böhran apara bilər. Bəs, Putin özü getməyə hazır görünürmü, yoxsa nəyin bahasına olursa-olsun iqtidarı qorumaq yolunu seçəcək?
- Son illərdə proseslər elə sürətlə dəyişir ki, bəzi məsələləri mümkün saysanız da, onlar baş verməyə bilər. Dünya elə formaya gəlib ki, ölkələr əvvəlki kimi təkbaşına hərəkət edə bilmirlər. Yəni çoxlu mexanizmlər var.
- Çoxlu mexanizmlər dedikdə nəyi nəzərdə tutursunuz?
- Rusiya kimi bir ölkədə siyasi iqtidarın dəyişməsini digər dövlətlər istəyirmi? Burada hakimiyyətə kimin gələcəyi, necə gələcəyi, onunla dil tapmaq kimi məsələlər var. Qeyd edim ki, SSRİ dağılan zaman çox ciddi böhran var idi. Əslində, ABŞ və Qərb dünyası istəsəydi həmin böhrandan faydalanaraq Rusiya Federasiyası və onun subyektlərini tam çökdürə bilərdi. Amma bu, o zaman üçün ciddi problemlərə də səbəb olardı. Atom, nüvə silahları, təhlükəsizliklə bağlı məqamları nəzərdə tuturam. İndi dünya bu qədər qloballaşdığı halda Rusiyadakı dəyişikliyin xaotik olması sadəcə qonşularının deyil, dünyanın bir çox ölkələrinin işinə yaramaya bilər. Bu kimi məqamlara görə, prosesləri qiymətləndirmək çətindir. Açığını desək, indiki şəraitdə Putinə alternativ liderin olduğunu görmürük. Alternativ siyasi partiyalar isə modern dünyanın, o cümlədən Qərb və ABŞ-ın qəbul etdiyi qüvvələr, liderlər deyil. İstər Züqanov, istərsə də Jirinovski olsun. Bu şəxslər daha çox səs aldıqlarına görə deyirəm. Yəni bunlar qəbuledilən olmadıqları üçün Putinin şansı daha çoxdur. Rus siyasi arenasında alternativ güc mərkəzi yoxdur. Əlbəttə, Navalnı hərəkətləri və sistemli fəaliyyəti ilə bir növ Putinin alternativi kimi ortaya çıxır. Navalnı sözünü deyəcək fiqurdur, lakin siyasi rəqib deyil. 2024-cü ilə hələ çox var, bəli, bəzi şeylər cücərir kimi görünür, amma Putinin alternativi yoxdur. Bu cür səs-küylü hadisələr, aksiyalar sadəcə Putinin siyasi gücünü zəiflədir, amma bunlar onu hakimiyyətdən uzaqlaşdıracaq tədbirlər deyil.

- Sizcə, Navalnının xaricdən dəstəyi və ümumiyyətlə, bu prosesdə xarici təsir varmı?
- Əlbəttə, var. Bu cür materialların hazırlanması, məlumatların əldə edilməsi və onun həbsindən sonra yayılması təsadüfi sayıla bilməz. Elə Navalnının zəhərlənməsi və dərhal Almaniyaya aparılıb müalicə edilməsini götürə bilərik. Eyni zamanda, bu günlərdə hansısa Skandinaviya ölkəsinin xarici işlər nazirinin Navalnı ilə bağlı Rusiyaya səfər edəcəyi haqda informasiyalar da var. Yuxarıda qeyd etdiyim kimi, artıq dünyada bütün məsələləri təkbaşına həll etmək kimi bir şey yoxdur. Rusiya da super güc deyil ki, kimisə ölkəyə buraxmasın. Odur ki, Rusiya kimi dövlət belə, bəzi şeyləri qəbul etmək və razılaşmaq məcburiyyətindədir.
Xarici bağlantı olmadan Rusiyada istənilən bir gücün ayaq üstə durması imkansızdır. Mən bunu pis mənada demirəm, yanlış nəticəyə gəlinməsin. Aleksey Navalnının xarici kəşfiyyatın agenturasına aid olması anlamında demirəm bunu. Sadəcə, bu gün dünyada hər kəs - istər siyasi iqtidarlar, istərsə də siyasi müxalifətlər bir-birilə bağlantılıdır. Bu da qloballaşmanın gətirdiyi şərtlərdir və bunu da gözardı etmək mümkün deyil.
- Rusiyada hakimiyyətin dəyişməsi perspektivi görünməsə də, ciddi çalxalanmalar gözləniləndirmi?
- Son aksiyaların özü belə Moskva üçün ciddi siqnaldır. Əgər ciddi qarşıdurma deyəndə vətəndaş müharibəsini nəzərdə tutursunuzsa, bu, gözlənilmir. Rusiyanın ən böhranlı dövrü 1990-cı illərin ortasında Duma ilə Boris Yeltsin arasında yaşandı. O zaman Yeltsin məsələni rahat şəkildə həll etdi. Dumanın qarşısına top gətirildi, tank çıxarıldı və məsələ həll olundu. Parlament bunu qəbul etdi və sonra daxildə dəyişiklik yaşandı. Nəticədə parlamenti təmsil edən güclər də hakimiyyətə gəldi. Nümunə kimi Yevgeni Primakovu və digərlərini göstərmək olar. Rusiya reallığında belə mexanizmlər işləkdir. Amma Rusiyada ciddi şəkildə xaos və qarşıdurma gözləmirəm. Bunun üçün yuxarıdan aşağıya doğru bölünmə olmalıdır. Bu olmadan nəzərdə tutduğunuz qarşıdurma ola bilməz. İnsanlar narazıdır, sosial durum pisdur. Deməli küçələrə çıxıb etiraz edəcəklər. Dövlətin də resursları güclüdür, ordu, təhlükəsizlik gücləri siyasi iqtidarın yanındadır. Parlament partiyaları siyasi iqtidara qarşı güc nümayiş etdirmir. Siyasi baxımdan bölünmə yoxdur. Amma ictimaiyyətdə, xüsusilə gənclər arasında etirazlar var. Onlar bu və ya digər formada etirazlarını ifadə edəcəklər. Sadəcə, bu kateqoriyalar təşkilatlanma baxımından aktiv olmur. Liberal düşüncəli insanlar üçün ən rahat yollardan biri də sərhədlərin açıq olması səbəbindən xaricə gedib həyatını orada qurmaq imkanıdır. Bu səbəbdən də illərdir ki, Rusiyadan ciddi şəkildə beyin axını, intellektual köç var.
- Əksər mütəxəssislər qeyd edirlər ki, Rusiyada sistemdən kənar şəxsin hakimiyytə gəlmək şansı yoxdur. Uzun illər Moskvada yaşamış biri və hazırda Rusiya məsələləri üzrə mütəxəssis olaraq bu fikri nə dərəcədə əsaslı hesab edirsiniz?
- Biz məsələləri bu günün reallığından çıxış edərək, qiymətləndirməliyik. Bu günkü şərtlər altında belə bir dəyişiklik imkansız görünür. Amma bunu “heç vaxt mümkün deyil” formasında təqdim etmək də doğru olmazdı. İşin gerçəyi budur ki, hər şey ola bilər, amma bunun üçün şəraitin yaranması lazımdır. Biz, bu dəqiqə Rusiyada belə bir böhran görmürük. Odur ki, arxasında iqtisadi güc olmadan, güc strukturlarının bir qisminin dəstəyini almadan kənardan birinin gəlib hakimiyyəti ələ alması Rusiya kimi dövlətdə real görünmür.
Bir daha diqqəti ona çəkirəm ki, yalnız iqtisadi böhran Rusiyada belə təlatümləri yarada bilər. Rusiya bu gün belə bir böhranı yaşayır və o, dərinləşməkdədir. Bizim Rusiyada tanıdığımız və Putinə yaxın mütəxəssislər belə, 2014-cü ildə yazırdılar ki, Rusiya üçün 2030-cu ilə qədər fəal iqtisadi islahatlar keçirmək vacibdir. Onların yanaşmalarına görə, 15-20 il ərzində iqtisadi islahatları sistemli şəkildə keçirmək lazımdır ki, rus iqtisadiyyatı normal hala gəlsin. Əslində bu, doğru yanaşma idi. Amma 2014-cü ildə nə etdilər? Krımı əvvəl işğal, sonra ilhaq etdilər. Bir böhran belə yarandı. Sonra sanksiyalar gəldi. 2015-ci ildə Suriyaya daxil oldular, ardınca Türkiyə ilə təyyarə böhranı yaşandı. Nəticədə 6 ildir ki, Rusiya Suriya bataqlığında ilişib qalıb. Liviyada, eləcə də Mərkəzi Afrika Respublikasında ruslar var, Aralıq dənizində güc olmaq istəyirlər və s. Eləcə də son Qarabağ məsələsini unutmamaq lazımdır. Bütün bunlar Rusiya üçün əlavə maliyyə xərcləri deməkdir.
Həmçinin, Rusiya Avropa Birliyi ilə enerji layihələrində ciddi problem yaşadı. Məsələn, “Şimal axını” ilə bağlı ciddi problemlər var. ABŞ bu prosesdə iştirakı olan şirkətlərə qarşı sanksiyalar tətbiq edir. Yaponiya ilə məsələlər həll edilməyib, Çinlə durum yaxşı deyil. Rusiyada bəzi qüvvələr ələlxüsus Qazaxıstana təhdidlər yağdırır. Belarus böhranı yaşandı və bu, Rusiyanın xeyli enerjisini aldı. Belə problemlər var. Həmçinin, bizim görmədiyimiz və çox da diqqət etmədiyimiz məsələlər var. Amerika ilə uzun və orta mənzilli raketlərlə bağlı problemlər mövcuddur. Arktika məsələsində ciddi mübarizə gedir. Rusiya enerji sahəsində əvvəlki kimi güclü dövlət deyil, uduzur və mövqelərini itirməyə başlayır və sair. Bu cür məsələlər sözsüz ki, Rusiyaya öz təsirini göstərir, böhranı dərinləşdirir.
Nəhayət, unutmayaq ki, Rusiya iqtisadiyyatı sovet dövründə olduğu kimi xammal mənbəyinə əsaslanır. Halbuki, Avropa yaxın gələcəkdə neft və qazdan istifadəni azaltmağı planlaşdırır. Rusiya kimi büdcəsi enerji daşıyıcılarının satışından gələn gəlirlərdən asılı olan ölkələr bundan ciddi zərər görəcəklər. Rusiya üçün real problemlər bunlardır. Rusiya bunlara baxaraq alternativ layihələrini hazırlamalıdır. Amma bu, hiss edilmir. Odur ki, belə dəyişikliklər Rusiyanı böhranla qarşı-qarşıya qoya bilər. Başqa sözlə desək, 1970-1980-cı illərdə yaşanan böhranın oxşar forması yaşanır. Bunlar sözsüz ki, təsirsiz ötüşməyəcək.
Rasim Əliyevскачать dle 12.1