Bia.Az

Cahangir Nəcəfovla müsahibə: “Qorbaçov əclafdır, əsl hərbi cinayətkardır!”

Gündəm
 20-01-2021, 19:40     312

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə Bakı və Sumqayıt başda olmaqla Azərbaycanın bir sıra şəhərlərinə Sovet ordusunun 26 min nəfərdən ibarət bölməsi göndərildi. Hərbi müdaxiləsi nəticəsində 147 dinc sakin öldürüldü və 744 nəfər yaralandı. Bu hadisə müasir Azərbaycan tarixinə “Qara Yanvar” adı ilə düşdü.

Media.Az həmin hadisələrin şahidi olan Azərbaycan SSR Ali Soveti Sədrinin keçmiş müşaviri Cahangir Nəcəfovla söhbət edib.

“Mən qanlı hadisələrin episentrində idim. Yanvarın 14-də axşam - bazar gününün gecəsi idi, birdən bir telefon zəng çaldı. Azərbaycan Ali Sovetinin sədri mərhum Elmira Qafarova idi. Mən onun birinci müşaviri idim. Dedi ki, təcili olaraq Moskvaya uçmalıyıq. Hava limanında Belarus SSR Ali Sovetinin Rəyasət Heyətinin sədri Georgi Tarazeviç və onun müşaviri ilə görüşdük. Biz dördümüz də SSRİ Ali Sovetinin İttifaq Şurasının rəhbəri Yevgeni Primakovun təyyarəsi ilə Moskvaya uçduq.
Yanvarın 15-də Moskvada Mixail Qorbaçovun sədrliyi ilə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin iclası keçirilməli idi. Eyni zamanda, Bakıda Azərbaycan Ali Şurası Rəyasət Heyətinin iclası başlamalı idi. Burada  Dağlıq Qarabağ Muxtar Vilayətində və sərhəd bölgələrində fövqəladə vəziyyət rejiminin tətbiq edilməsini təsdiqlənməli idi”
- Axı görüş baş tutmadı?
- Bakı iclasında kvorum yox idi, ona görə də qərar qəbul edilmədi, buna görə də Qorbaçov Moskvadakı iclası təxirə saldı. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürrəhman Vəzirov və ona bənzərlər isə saxatrarlıq edərək kvorumun olunduğunu və fövqəladə vəziyyət rejiminə icazə verildiyini elan etdi. Saxta sənəd əsasında SSRİ Ali Sovetinin Rəyasət Heyəti Azərbaycan ərazisində fövqəladə vəziyyətin tətbiq edilməsi barədə qərar qəbul etdi. Eyni zamanda, fövqəladə hallar mexanizmi ilə bağlı normativ akt qəbul edildi, halbuki SSRİ Ali Sovetinin Rəyasət Heyətinin belə səlahiyyəti yox idi, bu SSRİ Ali Sovetinin sessiyasının səlahiyyətinə aid idi. Qorbaçov faktiki olaraq iki dəfə SSRİ Konstitusiyasını pozdu.
- Siz bütün bu müddət ərzində Moskvadaydınız?
- Xeyr, yanvarın 18-də Bakıya qayıtdıq və ertəsi gün Elmira Qafarova məndən şəhəri gəzməyi, sonra da vəziyyət barədə məlumat verməyimi istədi. Vəziyyətin gərgin olduğu hiss olunurdu: kiçik barrikadalar qurulmuş, onların ətraflarına isə çoxlu sayda insanlar toplaşmışdı. İşə qayıdanda televiziya studiyasına bir avtobusun yaxınlaşdığını və oradan hərbçilərin çıxdığını gördüm. Yeri gəlmişkən, onlar nədənsə idman ayaqqabısında idilər. Bu barədə dərhal E.Qafarovaya məlumat verdim, o da DTK sədri Vaqif Hüseynova zəng etdi. Bundan sonra hərbçilər televiziya studiyasından uzaqlaşdılar, amma 30-40 dəqiqə sonra bir partlayış eşitdik. Məlum oldu ki, televiziya studiyasının enerji bloku partladılıb, nəticədə televiziya yayımı dayandırdı.
Və bu boş yerə edilməmişdi…
- Əlbəttə ki, bu, sadə vətəndaşların Bakıda fövqəladə vəziyyətin tətbiq edilməsi barədə məlumat almasının qarşısını almaq üçün edilmişdi. Qorbaçov - bu əclaf, 19 yanvar axşam Bakıda fövqəladə vəziyyət tətbiq edilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanını imzaladı. Halbuki buna Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti tərəfindən icazə verilməli idi. Beləliklə, qanunsuz normativ akt Bakıya da şamil edildi.
- Doğurdanmı parlament heç nə edə bilmədi?
- Səhər həmkarlarımdan biri SSRİ rəhbərliyinin ünvanına bəyanat yazmağı təklif etdi. Azərbaycan SSR-də rəhbər vəzifədə olan kişilərdən heç biri onu oxumağa razı olmadı. Uzun müddət dilə tutduqdan sonra bunu Elmira Qafarova etdi. Mən onu öz maşınımda Ali Sovetə apardım, təsəvvür edin, ətrafda atışma var, biz faktiki olaraq özümüzü riskə atdıq. O, radioda xalqa müraciətlə çıxış etdi, lakin artıq axşam bütün şəhərdə zirehli texnika dayanmışdı.

- İnsanlar ordunun mülki əhalini amansızcasına qırmağa başlayacağını gözləmirdi, elə deyilmi?
- Əlbəttə, bunu heç kim gözləmirdi! Onlar vəhşi idi. Daha artığını deyəcəm, atəş açanlar və öldürənlər tamamilə qeyri-adekvat idi.
Sovet ordusu hərbçiləri yalnız etirazçılara deyil, yaşayış binalarına da atəş açdılar və mənzillərində gizlənən insanları öldürdülər. “Vətən” kinoteatrının direktorunun nəvəsi evində öldürüldü. O, sadəcə pəncərədən baxırdı. Pəncərədəki siluetə atəş açdılar. 
Yoldan keçən avtomobillərə və təcili yardım maşınlarına atəş açıldı. Həmin vaxt yaralılara kömək edən gənc həkim Aleksandr Marxevka da öldürüldü. Yadımdadır öz evinə gedən kor rus kişini süngü ilə vurdular.
Tanklar həm mülki, həm də xidməti maşınların üstündən keçdi. Dörd alimimizin əyləşdiyi avtomobilin üzərindən tank keçdi. Dəhşətli vəziyyət idi...


- Bu nə ilə izah edildi?
- Guya Bakıda qiyam olub, insanlar Sovet hakimiyyətinin devrilməsi üçün çıxış ediblər. Ancaq bu sadəcə bir bəhanə idi ...

- Bütün bunlar nə vaxt bitdi?
- 21 yanvar gündüz vaxtı xalq şairi Bəxtiyar Vahabzadə Ali Sovetə gəldi, respublika rəhbərliyi ilə fövqəladə sessiya keçirmək barədə razılığa gəldiyi üçün təcili olaraq deputatları toplamaq istəyi ilə mənə müraciət etdi. Axşam saat beşə qədər kvorum toplaya bildik, Bakıdakı qanlı hadisələri pisləyən qərar verildi.
22 yanvarda isə ölənləri dəfn etdik, Bakı qaraya boyandı, hər yerə qara bayraqlar asıldı və ölkədə matəm elan edildi. Atışma 23 yanvara qədər tamamilə dayandı. Ertəsi gün Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin Plenumu keçirildi və Ayaz Mütəlibov birinci katib seçildi. Həyat tədricən normal axarına qayıtmağa başladı, amma insanlar depressiyaya düşmüşdü, əhval-ruhiyyə çox aşağı idi...

- Və ən dəhşətlisi budur ki, bu faciəni törədənlər hələ də bu vəhşiliyə görə cavab verməyiblər...
- Bu dəhşətli cinayətə görə heç kim cavab verməyib. Qorbaçov hərbi cinayətkardır. O, Haaqada Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən mühakimə olunmalı idi, amma əvəzində Nobel Sülh Mükafatına layiq görüldü.
скачать dle 12.1