Bia.Az

DİVERSİYA QRUPU, YOXSA ƏRAZİDƏ “İLİŞİB QALAN” SİLAHLILAR? – Xocavənddəki insident kimlərə sərf edir?

Gündəm
 29-12-2020, 00:57     432

Hələ müharibənin ilk günlərində Rusiya telekanalına açıqlama verən Azərbaycan Prezidenti dedi ki, biz onlara elə zərbə endirəcəyik ki, bir daha çevrilib bizim tərəfə baxmağı belə ağıllarına gətirməyəcəklər. Əslində, Azərbaycan Ordusu belə bir zərbəni endirdi və hazırda Ermənistanda əhalinin, cəmiyyətin, elə hökumətin də başı tamamilə başqa məsələlərə qarışıb. Qarabağda hansısa revanşist addımların atılması indi onların heç ağıllarına da gəlmir. Bəs belə olan halda, ötən gün Xocavənd (Hadrut) istiqamətində baş verənlər kimin əməlidir və nəyə xidmət edir?

İlk olaraq, Ermənistan Müdafiə Nazirliyi onun Tuğ kəndi istiqamətində baş verənlərə heç bir aidiyyatının olmadığını rəsmi qaydada bildirdi.

Ardınca Xocavəndin (Hadrutun) sabiq “icra başçısı” mətbuata açıqlamasında həmin ermənilərin ərazidə “ilişib qaldıqlarına” və mühasirədən çıxmağa çalışdığına dair ehtimalını açıqlayıb.

Sonradan Azərbaycan Müdafiə Nazirliyi də elə buna oxşar açıqlama yayaraq, ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstənin Azərbaycan Ordusunun bölmələrinə hücum etdiyini bildirdi.
Lakin insidentlə bağlı hələlik ətraflı məlumat verilmədiyindən cavabı açıq qalan suallar var. Məsələn, bu silahlılar oraya nə vaxt daxil olublar – müharibə bitəndən, yəni noyabrın 10-dan əvvəlmi, yoxsa sonra? Niyə onlar da Böyük Tağlar və Çaylaqqala kəndlərində olduğu kimi, rus sülhməramlılarının iştirakı ilə indiyə qədər ərazidən rədd edilməyiblər?

Xatırladaq ki, dekabrın 11-12-də sözügedən iki kənddə qalan erməni silahlılarına qarşı Azərbaycan silahlı Qüvvələri əməliyyat keçirmişdi və onların əksəriyyətini rus sülhməramlıları gəlib ərazidən çıxarmış, Azərbaycan tərəfi onların bir qismini ruslara sağ-salamat təhvil vermişdi. Rus sülhməramlıları hətta buna görə öz “xəritələrini” genişləndirmiş, iki kəndi oraya əlavə etmişdilər.
Doğrudur, sonradan xəritədə düzəliş edildi. Ancaq çoxları bunu Rusiyanın Azərbaycan tərəfini sınağa çəkmək, onun əsəblərilə oynamaq, bir növ kəşfiyyat aparmaq cəhdi kimi qiymətləndirdi. Bu baxımdan dünən Hadrut istiqamətində baş verənlərə də təsadüf kimi yanaşmaq yəqin ki, doğru olmazdı.
Bu arada Ermənistan hökumətinin dərhal dünən baş verənlərin onlara heç bir aidiyyatının olmamsını bəyan etməsi bir daha təsdiqləyir ki, Paşinyan və onun komandası Qarbağda silahlı qarşıdurma, “partizan hərəkatı” və s. bu kimi məsələlərdə maraqlı deyil. Çünki istənilən bu cür əməliyyat Ermənistana yeni əsgər cəsədlərinin gətirilməsi, etirazlar və İrəvan küçələrində gərginlik deməkdir. Bu isə indiki hökumətə qətiyyən lazım deyil.
Əvəzində situasiyanın gərginləşməsi Paşinyanı istefaya göndərməyə çalışan Köçəryan-Sarqsyan cütlüyünə və onların havadarlarına lazımdır. 
Yeri gəlmişkən, Ermənistan mətbuatı ötən həftə Köçəryanın Putinlə telefonla danışdığını, söhbətin 1 saata yaxın davam etdiyini yazıb. 
Ardınca Paşinyanın müxalifətə növbədənkənar seçki təklif etməsi, lakin əsasən əvvəlki hakimiyyətin tör-töküntülərindən ibarət qüvvələrin bundan imtina etməsi, yalnız istefa tələbi irəli sürməsi müşahidə olundu. Daha sonra isə Xocavənd yaxınlığında məlum təxribat aktı törədildi. Nəticədə Azərbaycan tərəfi şəhid verdi, ölən ermənilərin sayının isə 6 olduğu bildirildi. İndi bu 6 yeni cəsədin Ermənistanda necə qarşılanacağı və bunun kimlərə sərf etdiyini təsəvvür etmək çətin deyil...

Yuxarıda qeyd etdiyimiz kimi, bu qrupun Böyük Tağlar və Çaylaqqalada olduğu kimi, əraziyə noyabrın 10-dan sonra, yoxsa əvvəl gətirildiyini müəyyən etmək vacibdir. Ən azından bu dəstənin 50 günə yaxın ərazidə qalması və gizlənməsi fiziki cəhətdən inandırıcı görünmür. Bir də ki, Hadrutdakı meşələr Sibirin Tayqa meşələri, yaxud Amazon meşəlikləri deyil ki, orada az qala aylarla azıb qalasan, çıxa bilməyəsən. Deməli, bunun məhz diversiya qrupu olması ehtimalı olduqca yüksəkdir.
Lap məhv edilənlərin “partizan dəstəsi” yox, doğrudan da ərazidə ilişib qalan silahlı qrup olduğuna və bunun növbəti təxribat olmadığına inansaq belə, Azərbaycanda əhalinin, cəmiyyətin bu baş verənlərə kəskin reaksiyası başadüşüləndir.
Hələ Hadrutun qeyd etdiyimiz iki kəndindəki məlum insidentdən sonra belə halların hələ çox təkrarlanacağına dair versiyalar irəli sürülürdü və təəsüf ki, həmin versiyalar təsdiqini tapır. 

Rusiya sülhməramlılarının Qarabağdakı separatçılar və terrorçularla “qardaşlaşması”, erməni hərbi birləşmələrinin Qarbağın işğalda qalan ərazilərdən çıxarılmaması, əksinə özlərinə gəlməsi üçün ruslar tərəfindən onlara hər cür şəraitin yaradılması, Putin başda olmaqla “status məsələsi”nə dair zərərli bəyanat və açıqlamaların verilməsi və Azərbaycanın maraqlarına qətiyyən uyğun olmayan digər məqamlar insanlarda haqlı olaraq qıcıq və gələcəklə bağlı narahatlıq yaradır.
Yeri gəlmişkən, ötən gün Kəlbəcərdəki Xudavəng monastırında Qarabağdakı separatçıların toy mərasimi təşkil etməsi faktı da Azərbaycan cəmiyyətində qıcıq yaratmaq və təxribat cəhdindən başqa bir şey deyil. Bir neçə gün əvvəl həmin kilsəyə baş çəkmək istəyən jurnalist Eynulla Fətullayevi buradakı rus sülhməramlıları əraziyə buraxmamışdılar. Hansı ki, Kəlbəcər Azərbaycan ərazisi, E.Fətullayev isə Azərbaycan vətəndaşıdır. Əvəzində, dünən burada toy edən erməni cütlüyünün nə vətəndaşlığı bilinir, nə də hansı haqla bu əraziyə buraxıldığı. Özü də erməni KİV-ləri yazır ki, “bəy” Qarabağda gedən döyüşlərdə son günlərə qədər Ağdərə istiqamətində döyüşüb, “gəlin” isə Əskəranda “arxa cəbhədə çalışıb”.

Məlumatda deyilir ki, mərasimdə 70 nəfər (!) iştirak edib və onların kilsəyə gəlişini və qayıdışını rus sülhməramlıları təmin edib. Göründüyü kimi, 70 nəfəri bir dəfəyə kilsəyə buraxıb toy çaldıran sülhməramlılar bir azərbaycanlı jurnalistin qanuni şəkildə öz Vətənindəki abidəyə daxil olmasına icazə vermir. Bu, nəyin əlamətidir – rusların din və erməni sevgisininmi? Əlbəttə ki, yox.
Belə təəssürat yaranır ki, sülhməramlıların separatçılara rəğbət və dəstək göstərməsində məqsəd bu tip əməllərlə Azərbaycan cəmiyyətində qıcıq, narazılıq yaratmaq, onun dövlətə və özünə inamını sarsıtmaq və eyni zamanda ermənilərlə azərbaycanlılar arasında barışmazlıq, ədavət və nifrətin bir anlığa da olsa zəifləməsinə imkan verməməkdir.
Odur ki, Hadrut istiqamətində baş verən diversiyanın da Ermənistan hökumətinə tabe olan rəsmi silahlı qüvvələrin təşəbbüsü ilə həyata keçirildiyi inandırıcı görünmür. Görünən isə odur ki, rus əsgərinin Qarabağda varlığı olduqca dolaşıq bir durum yaradıb.
Təəssüf ki, dövlət olaraq artıq Qarabağda hər gün ermənilərlə və rus əsgərlərilə bağlı problemləri çözmək, baş verənlərə aydınlıq gətirmək məcburiyyətində qalırıq. Müharibədəki qələbəmiz göstərdi ki, dövlət və xalq olaraq, qətiyyən zəif və bacarıqsız deyilik. Lakin cəmiyyətimiz baş verənlərlə bağlı məlumat qıtlığı yaşayır. Bu isə əlavə qıcıq yaradır və qətiyyət göstərilməsi tələblərini, çağırışlarını artırır.
Odur ki, cəmiyyətin daha səmərəli və operativ şəkildə məlumatlandırılması və Azərbaycan tərəfinin Türkiyənin də cəlb edilməsilə sülhməramlıların ermənilərə dəstəyinə adekvat fəaliyyəti sürətləndirilmədikcə, Qarabağdakı durumla bağlı sadə vətəndaşın beynindəki qeyri-müəyyənlik və nigaranlıq daha da artacaq...
Cəlal Məmmədovскачать dle 12.1