Bia.Az

Rusiya-Azərbaycan "müharibə"sinin başlanacağı "tarix" bilindi - ŞƏRH

Gündəm
 23-12-2020, 01:45     391

BİA.az xəbər verir ki, dekabrın 22-də Azad Demokratlar Partiyasının sədri, Azərbaycan Atlantik Əməkdaşlıq Assosiasiyasının prezidenti Sülhəddin Əkbərin bir çox elektron KİV-ində müsahibəsi tirajlandı. Müsahibənin başlığı mənim də diqqətimi cəlb etdi. Oxudum və xeyli təəccübləndim. Çünki müsahibədəki fikirlərin müəllifi sıradan bir adam deyildi. Sülhəddin bəy partiya sədri olmaqla yanaşı, həm də 30 illik siyasi “staja” malik bir şəxsdir. Ona görə də onun yersiz həyəcanını başa düşmədim. Doğrudur, Sülhəddin bəyin Rusiyaya antipatiyasını bilirəm. Amma antipatiya və yaxud simpatiya obyektiv qiymətləndirmədə bir kənara qoyulmalıdır. Lakin Sülhəddin Əkbər söylədiklərində obyektiv deyil. Üstəlik, yersiz həyəcana da lüzum yoxdur.

Birincisi, Moskvanın siyasi elitasında və millətçi dairələrdə hər zaman Azərbaycana (eləcə də SSRİ-yə daxil olan digər respublikalara) Rusiyanın bir hissəsi kimi baxılıb. Bu, onların millətçi və imperialist baxışlarından irəli gəlir. Lakin bu fikirlər baxış bucağından o yana keçməyib. Ən pis halda bəzi MDB ölkələrinda qaynar nöqtələr yaradıblar. Lakin son 30 ildə Rusiya açıq şəkildə keçmiş SSRİ-nin hər hansı bir ölkəsinə qarşı müharibə elan etməyib. Və bundan yüz il sonra da etməyəcək. Çünki Rusiyanın hər hansı bir ölkə ilə açıq müharibəyə girməsi onun sonunu gətirəcək. Bunu mən bilirəmsə, yəqin ki, Rusiyanın siyasi elitası da bilir. Hələ “KQBşnik” Vladimir Vladimiroviçi demirəm. Bəli, Rusiya Azərbaycanı (eləcə də digər müttəfiq respublikaları) təsir dairəsində saxlamağa çalışır. Lakin bunu hərbi yolla edə bilmir. Ən yaxşı halda siyasi, pis halda iqtisadi yolla edir. İndiki halda Rusiyanın Azərbaycana iqtisadi təsir imkanları da zəifdir. Çünki Rusiyanın Azərbaycanla iqtisadi əlaqələrinin həcmi o qədər də böyük deyil. Ötən il Azərbaycandan Rusiyaya cəmi 690,6 milyon ABŞ dolları həcmində məhsul ixrac edilib. Amma Azərbaycana bundan təxminən 3 dəfə çox Rusiya məhsulları idxal olunub.

Hazırda Azərbaycanda 5 milyard ABŞ dollarından artıq Rusiya investisiyası var. Bütün bunlar da onu göstərir ki, Rusiyanın Azərbaycana hərbi müdaxiləsi mümkün olmadığı kimi iqtisadi təzyiq imkanları da çox zəifdir. Adi bir faktı deyim. Dekabrın 10-da Rusiyaya Azərbaycandan idxal edilən pomidor və alma ixracına qadağan qoyuldu. Lakin bu qadağa cəmi 7 gün çəkdi. Ona görə də Rusiyanın ölkəmizi sıxışdırmaq imkanları sıfır dərəcəsindədir. Qalır yeganə yol siyasi təzyiqlərə. Onu da zatən Rusiya davamlı şəkildə edir. İstəyinə nə qədər çatır, o da göz qabağındadır. Ona görə də Sülhəddin Əkbərin həyəcan təbili yersiz səs-küydən başqa bir şey deyil.

İkincisi, Rusiya Azərbaycana müharibə etmək imkanı olsa idi, bunu sentyabrın 27-də edərdi. O gün hərbi müdaxilə olmadısa, deməli bu heç zaman olmayacaq.

Üçüncüsü, Rusiyanın bu gün Azərbaycana heç zaman olmadığı qədər ehtiyacı var. Çünki Rusiya dünyada təklənib. Ən son dayağı olan Belarus da “vot-vot” Rusiyanın nəzarətindən çıxmaq üzrədir. Orta Asiyaya da Moskvanın əvvəlki təsir imkanı qalmayıb. Üstəlik, Azərbaycan yerləşdiyi coğrafi mövqeyinə görə digər MDB ölkələri ilə müqayisəyə gəlmir. Azərbaycan Rusiyanın müsəlman dünyasına və cənubi Avrasiyaya açılan qapısıdır. Azərbaycan “Qədim İpək yolu” üstündəki ən aparıcı ölkədir. Şimaldan-Cənuba, Şərqdən–Qərbə ən səmərəli və qısa yollar Azərbaycandan keçir. Bütün bunlarsa çox güclü iqtisadi faktorlardır. Siyasi təzyiqlərə gəldikdə isə artıq bu rıçaqlar da Rusiyanın əlindən çıxmaqdadır. Çünki Azərbaycanın balanslaşdırılmış xarici siyasəti hesabına Böyük Britaniya, İsrail, Türkiyə və Pakistan kimi güclü dövlətlər birmənalı şəkildə Azərbaycanın yanında dayanıb. Rusiya Azərbaycana siyasi təzyiqləri gücləndirəcəyi təqdirdə ən azı bu ölkələrin basqısı ilə üzləşəcək. Hələ ABŞ və Avropanı demirəm. Rusiyanın Azərbaycana qarşı hər hansı siyası təxribatı “düşmənimin düşməni mənim dostumdur” prinsipini işə salacaq. ABŞ və NATO çoxdan Azərbaycanda möhkəmlənmək istəyir. Ona görə də əminliklə deyə bilərəm ki, Rusiya Azərbaycana nə qədər pislik etmək imkanı var idisə onu da son 30 ildə etdi.  Artıq Rusiyanın Azərbaycanla təzyiq dili ilə danışmaq imkanları tükənib. Ona görə də Sülhəddin bəyin narahatlığı yersizdir..

Dördüncüsü, Rusiya tarixində ilk dəfə işğalçı kimi deyil, sülhməramlı kimi hansısa ölkənin ərazisinə girib. Bu tülkünün həccə getməsinə bənzəsə də, Rusiya üçün bir qurtuluş şansıdır. Rusiyanın siyasi elitası və aktiv ictimai fazası başa düşür ki, artıq zorla heç nəyə nail olmaq mümkün deyil. Yeni yanaşma yolları tapılmalıdır. Bunun ən yaxşı variantı da sülh təminatçısı kimi çıxış etməkdir. Rusiyaya bu mandatı verəcək və onu dünyaya sübut edəcək yeganə ölkə isə Azərbaycandır. Ona görə Rusiya Azərbaycanın yanında durmaq məcburiyyətindədir.

Beşincisi, Rusiya Azərbaycana qarşı müharibə etmək fikrinə düşsə, gərək Türkiyəni də gözə ala. Çünki Türkiyə Azərbaycanın strateji müttəfiqidir. İkinci Qarabağ savaşında Rusiya strateji müttəfiqi Ermənistana açıq şəkildə heç bir yardım edə bilmədi. Lakin Türkiyənin 44 günlük müharibədə Azərbaycana verdiyi dəstəkdən 2 aydır ki, bütün dünya danışır. Ona görə də Rusiyanın Azərbaycana hərbi müdaxiləsi son nəticədə Türkiyə ilə qarşıdurmaya aparıb çıxara bilər. Türkiyənin müdaxiləsi NATO müdaxiləsi, Rusiya müdaxiləsi isə KTMT müdaxiləsi deməkdir. Bu isə üçüncü dünya savaşının başlanmasına səbəb olar. Bunu Kremldə oturanlar çox yaxşı bilir. Mənim kimi çoxları bilir. Amma Sülhəddin Əkbər kimi 30 ilin siyasətçisi niyə bilmir, bax onu anlamıram. Bəlkə də bilir, ancaq siyasət adamıdır. İstəyir ki, gündəm yaratsın, gündəmdə olsun…Vəssalam…

Mən də burda fikirlərimi yekunlaşdırıram. Və son olaraq yuxarıda saydığım 5 səbəbi əsas tutaraq deyirəm ki: Rusiya-Azərbaycan müharibəsi heç zaman olmayacaq
Surxay Atakişiyev,
KONKRET.azскачать dle 12.1