Bia.Az

“ERMƏNİLƏR RUSİYANIN HİMAYƏSİNİ HİSS ETSƏLƏR, FƏALLAŞA BİLƏRLƏR” – “Mən sülhməramlıların fəaliyyətilə bağlı soruşmaq istəyirəm...”

Gündəm
 20-12-2020, 13:17     305

Tahir Kərimli: “Azərbaycan Türkiyədən vaz keçən deyil. Türkiyə burada var və buraya gətiriləcək”
“Ermənilərin havadarları pat vəziyyətindədirlər və düşünürlər ki, hansısa statusla onları razı salsınlar”

Azərbaycan Qarabağ müharibəsindəki şanlı qələbəsilə ərazilərinin böyük hissəsini işğaldan azad etdi. Artıq Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesi gedir. Lakin eyni zamanda bəzi xarici mərkəzlər yenidən “Dağlıq Qarabağ” və onun statusu məsələsini gündəmə gətirməklə sanki ermənilərə “qaz” verir. Şübhəsiz ki, bu, neqativ proses olmaqla yanaşı yeni qarşıdurmalar üçün əsas yarada bilər. Bu mənada sülhməramlı missiyanın fəaliyyətinə nəzarəti gücləndirmək vacib şərt kimi ortaya çıxır.

“AzPolitika.info” bu mövzunu Milli Məclisin deputatı Tahir Kərimli ilə müzakirə edib:

- Tahir bəy, cəmiyyətdə, sosial şəbəkələrdə insanlarımızın, eləcə də bəzi həmkarlarınızın rus sülhməramlılarının bölgədəki fəaliyyətini tənqid edən fikirlərinə çox rast gəlinir. Əlbəttə, bu narazılıq səbəbsiz deyil və ona əsas yaradan bəzi hadisələr müşahidə edilməkdədir. Bəs, Sizin bu mövzuda fikirləriniz nədən ibarətdir?
- Xalqımız bəlkə də sülhməramlıların Qarabağda yerləşdirilməsini istəmirdi. Açıq danışaq, bəziləri mənə irad tuturlar. Amma mən yalan danışa bilmərəm. Xalqımız istəmirdi. İçi mən qarışıq təsəlli tapdıq ki, Rusiya Prezidenti Vladimir Putin deyir ki, Xankəndi daxil olmaqla Dağlıq Qarabağ Azərbaycanın suveren ərazisidir. Bu, bizdə bir qədər toxtaxlıq yaratdı. O mənada ki, nəhəng Rusiya dövlətinin başçısı belə deyirsə, onun vətəndaşları da məsuliyyətli olmalıdır. İndi mən sülhməramlıların fəaliyyətilə bağlı soruşmaq istəyirəm: əvvala, sənin ali baş komandanın, dövlət başçın belə dediyi təqdirdə və üstəlik 10 noyabrda imzalanan üçtərəfli sazişdə bunlar qeyd edildiyi halda, nədən Qarabağdakı erməni yaraqlılarını ərazidən çıxarmır və ya bu işlə məşğul olmursan?
İkincisi, sənin prezidentin Azərbaycanın dövlət suverenliyinə aid etdiyi ərazidə sən nədən bu süverenliyin əleyhinə olan təşkilatlanmalara imkan verirsən? Hətta özün də onlarla görüşürsən? Bilə-bilə ki, onlar Azərbaycanın dövlət suverenliyinin əleyhinə fəaliyyət göstərir, təşkilatlanırlar. Sən öz prezidentinin dediyini etmir, əslində öz dövlətinin əleyhinə gedirsən.
Bir də görürsən ki, mübahisə olan yerdə sülhməramlılar özləri gəlib sərhədi qoyur və deyir ki, təmas xətti buradır. Xəritəni dəyişir. Axı bu, sənin səlahiyyətinə aid deyil. 10 noyabr sazişində göstərilir ki, sovet dövründə inzibati sərhədlər harada olub, sonradan dövlət sərhədinə keçib və s. Bizə məlumdur ki, Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri və digər rəsmi şəxslər sülhməramlıların komandanı Rüstəm Muradovla görüşüb. Yəqin ki, bu məsələlər barədə danışılıb, iradlar ifadə edilib. Biz də təklif edirik ki, Azərbaycan hakimiyyətinin müxtəlif strukturları öz xətti ilə bu məsələləri Rusiya rəhbərliyinə çatdırsınlar. Çünki bunlar narahatedici hallardır, onların qarşısı alınmasa faktiki ermənilərin istəyi reallaşar. Bu gün də ermənilər Rusiya ilə Azərbaycanın arasını vurub, dividendlər əldə etmək istəyirlər.
Odur ki, biz diplomatik səylərimizi elə yönləndirməliyik ki, Rusiya bir neçə milyon ermənini deyil, 10 milyonlarla türkün səsini eşitsin. Bunu niyə deyirəm? Prezident Putin özü bildirdi ki, bu məsələ həm də Rusiyanın daxili təhlükəsizlik işidir. Onun özü yaxşı bilir ki, Rusiya daxilində 20-30 milyon müsəlman-türk yaşayır. Bu kimi hallar onları da üzür, narahatlığa səbəb olur. Sən hər gün erməniləri televiziyalara çıxarıb yanlış ictimai rəy və milyonlarla vətəndaşında narazılıq yaradırsan. Hesab edirəm ki, biz xəbərdarlıq etməliyik. Məndə belə əminlik var ki, artıq Rusiya da inanır ki, Qafqazda Türkiyə-Rusiya əməkdaşlığı ola və bu istiqamətdə işlər irəliyə gedə bilər. Bu mənada heç nə itirilməyib.
- Türkiyə hərbçilərinin bölgəyə gəlişinə dair müzakirələr çox olsa da, bu məsələdə konkretlik hələ də müşahidə edilmir. Bununla bağlı sizdə hansı gözləntilər var?
- Bilirsinizmi, bəzən hər şeyi demirlər. Əvvəl üçtərəfli razılaşma zamanı Türkiyə sanki kənarda qaldı. Əvvəl belə fikir vardır ki, bəlkə rus-türk sülhməramlıları birgə fəaliyyət göstərəcək. Bu hal psixoloji təsirini göstərdi. Bunu gizlətməyə də dəyməz. Monitorinq Mərkəzi var və elan edirlər ki, rusların gətirdiyi say qədər, yəni 1960 əsgər də Türkiyə tərəfindən gələcək. Amma sadəcə, monitorinq üçün bu qədər əsgərə harada və necə ehtiyac olduğunu mən bilmirəm. Biz suveren hüquqlarımızdan istifadə edərək Türkiyəni dəvət etməliyik. Necə ki, türkləri inşaat, quruculuq işlərinə dəvət edirik, hərbi sahəyə də dəvət etməliyik. Hər halda bu, mənim şəxsi fikrimdir.
- Məlum olduğu kimi, artıq tərəflər arasında əsirlərin dəyişdirilməsi prosesinə başlanılıb. Sizcə, bu proses tərəflər arasında yumşalmaya səbəb ola bilərmi?
- Əslində bu, müsbət prosesdir. Biz, bu müharibədə qalib tərəfik, intiqamımızı və ərazilərimizi almışıq. Biz sözümüzü döyüş meydanında demişik. Əlbəttə, intiqamımızı əsir və ya girovlardan alası deyilik. Bu, milli təbiətimizə də uyğun olmazdı. Bu mənada əsirlərin mübadiləsini müsbət hadisə sayıram. Əlbəttə, bu proses həm də Azərbaycan tərəfinin irəli sürdüyü şərtə - “hamının hamıya” prinsipi əsasında həyata keçirilir. Sözsüz ki, üçtərəfli razılaşmada da əsir və girovların dəyişdirilməsi haqda müddəa var idi.
Məncə, bu proses tərəflər arasında yumşalmaya da səbəb ola bilər. Ermənistan çox acınacaqlı durumdadır. Özünü daha çox yükləyir, nəinki Azərbaycanla əməkdaşlığa meyl edir. Halbuki üçtərəfli razılaşmada qeyd edilirdi ki, komunikasiya, lojistik xətlərin açılması vacibdir. Məncə, bu haqda düşünməlidirlər. Sən buna məhkumsan. Daxili proseslərdə bir-birini qırır, siyasi oyunlar oynayırlar. Ermənistan gec-tez digər məsələlərlə bağlı da razılaşmaya gələcək. Hesab edirəm ki, onların başqa yolu da yoxdur.
- Bundan sonrakı prosesləri necə görürsünüz, bizi qarşıda hansı maneələr gözləyə bilər, təxribatlar gözləniləndirmi?
- Biz siyasi cəhətdən bu təxribatların qarşısını almasaq, toqquşmalar ortaya çıxa bilər. Onlar partizan adı ilə dəstələr düzəldəcəklər. Meşələrdə, orda-burda gizlənə, üstəlik Rusiyanın himayəsini hiss etsələr, fəallaşa bilərlər. Mən demirəm ki, yenidən müharibə olacaq. Onların Azərbaycanla müharibə aparmaq imkanları və şansları yoxdur. Böyük texnikaları bu müharibədə Azərbaycan tərəfindən zərərsizləşdirilib. Üstəlik, siyasi-mənəvi cəhətdən yaman günə qalıblar. Sadəcə, bunların daxilində narazı və radikal qüvvələr var. Onlar Rusiyadakı müəyyən dairələrdən istifadə edib aranı qarışdıra bilərlər. Bu mənada bu kimi hallar siyasi yollarla dəf edilməli, Rusiya rəhbərliyindən təminat alınmalıdır.
İndiki halda Rusiyanın rəsmi siyasəti ondan ibarətdir ki, Qərbə, NATO-ya qarşı Türkiyənin soyuması, üstəlik “S-400” kompleksləri ilə bağlı yaranan duruma adekvat olaraq Ankara ilə münasibətləri inkişaf etdirsin. Bu da mümkündür. Rusiya İranla 6 dəfə müharibə edib, amma indi yaxşı dostdurlar. Türkiyə ilə nə üçün olmasın? Bir daha vurğulayım ki, Rusiyanın maraqları, habelə bu ölkədə yaşayan 10 milyonlarla müsəlman-türk də bunu istəyir. Onsuz da, Azərbaycan Türkiyədən vaz keçən deyil. Türkiyə burada var və buraya gətiriləcək. Türkiyənin bura gətirilməsi bizim dövlət suverenliyimizə müsbət təsir edir. Biz həm də qardaşıq, sınaqdan çıxmışıq. Türkiyə-Azərbaycan birliyi 93 milyon deməkdir. 2 milyon erməniyə görə, bundan vaz keçmək olar? Rusiya bunu bilir, sadəcə hakimiyyət içində ermənilər kök salıb və proseslərə təsir etmək istəyirlər. Onlar Vladimir Putinə təsir etmək istəsələr də, buna müvəffəq olmurlar. Sergey Lavrov səviyyəsinə çıxırlar və bundan o tərəfə gedə bilmirlər. Çünki Putin dövlətin məsuliyyətini başa düşür. Sadəcə, Putin də bəzən ermənipərəstlərin, hərbi-sənaye kompleksinin fikirlərilə razılaşır. Amma strateji baxımdan Rusiya Türkiyə və Azərbaycanla yaxınlaşma xəttini götürüb. Mən belə görürəm.

- Sizcə, ATƏT-in Minsk Qrupunun bundan sonrakı mövcudluğuna ehtiyac varmı?
- Formal olaraq ATƏT-in Minsk Qrupu var və o, bir neçə ölkə tərəfindən təsis edilib. Ancaq bu ölkələrin arasında ciddi fərqlər, fikir müxtəlifliyi də var. Məsələn, Rusiyalı həmsədr son səfər zamanı regiona gəlmədi. Məncə, bu qurum ciddi çat verib və bu işdə Azərbaycanın əhəmiyyətli təsiri olub. Cənab Prezidentin mövqeyinin nəticəsidir ki, fransalı və amerikalı həmsədrlər İrəvanda Araik Arutunyanla görüşmədilər. Qeyd edim ki, əvvəlki səfərləri zamanı həmişə onunla görüşürdülər. Prezidentimiz açıq dedi ki, biz Qarabağda Azərbaycanın nəzarətindən kənar hər hansı bir qurumu tanımırıq. Fikrimcə, qatar gedib, həmsədrlər də bir qədər arxada qalıblar. Özlərini düzgün aparsalar müəyyən işlərdə iştirak edə bilərlər. Müəyyən komunikasiya xətlərinin açılmasında, yol-nəqliyyat proseslərində. Amma sözsüz ki, bundan sonra Minsk Qrupunun əvvəlki əhəmiyyəti olmayacaq.
- Biz status məsələsinin qapandığı elan edirik. Amma Putinin son açıqlamasından belə çıxır ki, onlar status məsələsinin müəyyən zaman keçəndən sonra ortaya çıxmasında maraqlıdırlar...
- Bəli, Rusiyanın mövqeyi belədir ki, ilk növbədə müəyyən zaman keçməlidir, ermənilər və azərbaycanlılar arasında münasibətlər düzəldikdən, yaralar sağaldıqdan sonra status məsələsinə gəlinə bilər. Rusiya belə düşünür. Amma bizim prezident artıq sözünü deyib. Birmənalı bildirib ki, artıq status məsələsi yoxdur və olmayacaq. Azərbaycanın əhalisi necə yaşayırsa, ermənilər də gəlib Qarabağda vətəndaş kimi yaşasın.
- Qəribədir, torpaq bizimdir, amma bizdən başqa hamı statusdan danışır...
- Elə məsələ də bundadır. Bilirsinizmi, ermənilərin SSRİ-nin dağılmasında mühüm rolu oldu. Onlara buna qarşılıq olaraq Qarabağın müstəqilliyinə dair söz veriblər. Amma bu, alınmır axı. Azərbaycana bu məsələni “yedizdirə”, unutdurub həzm etdirə bilmədilər. Ona görə də, ermənilərin havadarları indi pat vəziyyətindədirlər və düşünürlər ki, hansısa statusla erməniləri razı salsınlar. Amma Azərbaycan bunu qəbul etməyəcək. Rusiya da dərk edir ki, Azərbaycan və Türkiyənin əhəmiyyəti onun üçün nədir. Bu mənada burada xristian təəssübkeşliyinin yeri yoxdur. Artıq 200 illik böhran başa çatıb. Azərbaycan özünün müstəqil statusunu müəyyən edib, bərkiyib, möhkəmlənib, özünün sözü və iradəsi var.
- Biz hazırda ABŞ-ın Türkiyəyə qarşı sanksiyalarını müşahidə edirik. Azərbaycanın başlıca müttəfiqinə qarşı bu addımı necə qiymətləndirirsiniz?
- Son 5-10 il ərzində ABŞ-da hakimiyyətə ciddi siyasətdən kənar adamlar gəldi. Onlar öz dövətçilik maraqlarına uyğun gəldi-gəlmədi, müxtəlif addımlar atdılar. Yəni böyük səhvlər etdilər. Onlar Türkiyənin müstəqil dövlət olduğunu anlamırlar. Anlamırlar ki, Türkiyə sənin nökərin ola bilməz.
Sizə bir hadisəni danışım. 1992-ci ildə Türkiyədə səfərdə idim. Bizim oradakı səfirimiz mənə ehmalca dedi ki, gedib “birinciyə” çatdır ki, çıxışlarında az Türkiyə-Türkiyə desin, Türkiyə ABŞ-ın az qala bir vilayəti kimidir. Bəli, ABŞ hər zaman istəyib ki, Türkiyə elə onun bir vilayəti olsun. Amma açıq deyək, Ərdoğanla bəzi məsələlərdə kimlərsə razılaşmasalar belə, bu şəxs Türkiyənin müstəqilliyini təmin etdi. Bu cür müstəqil Türkiyə onlara xoş gəlmir. Ona görə deyirlər ki, Rusiya ilə bu işi görmə, başqası ilə birgə hərəkət etmə və sair. Türkiyənin özünün milli maraqları var və buna uyğun da addımlar atacaq. Azərbaycan da Türkiyənin yanındadır və birmənalı yanında olacaq.
Hesab edirəm ki, bu təzyiqlər Türkiyəni yolundan döndərə bilməz. Artıq qardaş ölkə beşinci nəsil qırıcı təyyarələrlə bağlı iş görür, tank, hərbi elektronika sahəsini inkişaf etdirir və s. Yəni Türkiyə bütün sahələrdə mövcud olan sıxıntıları aradan qaldırmağa çalışır. Həm də bunun üçün Türkiyənin potensialı var. Məsələn, dronlar sahəsində məlum oldu ki, bu ölkənin ciddi elmi nailiyyətləri var. Sonuncu dəfə cənab Ərdoğan dedi ki, yaxın zamanlarda səsimiz kosmosda eşidiləcək, bayrağımız ucalacaq. Yəni ciddi işlər görürlər. Odur ki, belə sanksiyalarla Türkiyəni dayandırmaq mümkün olmayacaq.скачать dle 12.1