Bia.Az

3 May Türk millətinin diriliş və oyanış günüdür!

Gündəm
 3-05-2025, 08:30     702


Türkəm deyən nə xoşbəxtdir! 3 May türk millətinin diriliş və oyanış günüdür.

Hər il may ayının 3-ü Türk dünyasında Türk Dünyasının Həmrəyliyi Günü kimi qeyd olunur. Türkçülük bayramının keçirilməsinin tarixi 80 ilə yaxındır. Bu tarixi gün ilk dəfə 1944-cü il may ayının 3-də Topxana hərbi həbsxanasında Nihal Atsız, Zeki Velidi Togan, Nehdet Sançar və Reha Oğuz Türkkan başda olmaqla, on nəfər məhkum tərəfindən qeyd edilib. Bundan sonra həmin gün daha geniş kütləni əhatə edərək, türkçülər arasında yüksək səviyyədə qeyd olunmağa başlayıb və bir ənənə halını alıb.

Türkçülük Gününə gətirən proseslər 1942-ci ildən başlayıb. Belə ki, həmin dövrdə Türkiyənin Baş naziri milli düşüncə sahibi Şükrü Saraçoğlu olsa da, dövlət məmurları arasında kommunistlərin də sayı az olmayıb. Təhsil naziri Hasan Ali Yücel kommunist olduğunu açıq söyləyir, bu siyasi görüş daşıyıcılarını orta və ali təhsil ocaqlarına yerləşdirirdi. Ölkədə kommunizm ideologiyasının yayılması, milli düşüncənin sıxışdırılması millətçi ziyalıları narahat edirdi. Dövrün böyük fikir adamlarından Nihal Atsız və digər ziyalılar prosesin dayanması üçün addımlar atılmasını vacib sayır, “Bozkurt”, “Orhun”, “Çınaraltı” nəşrlərində kommunizm əleyhinə yazılar dərc edirdilər.

Türk ziyalılarının Sovet İttifaqının timsalında kommunizmin türk irqinin məhvinə yönəlik ideologiya olduğunu bildirən məqalələri kommunistlərə qoşulan xeyli gənci bu yoldan çəkindirdi. Ancaq kommunistlər təşkilatlanmaqda davam edir və sayları artırdı. Həmin günlərdə Nihal Atsız Şükrü Saraçoğluna açıq məktub yazır. Məqalə “Orhun” nəşrinin 1944-cü il mart sayında dərc edilir. Məktubda təhsil naziri Hasan Ali Yücelin əmri ilə məktəblərdə, universitetlərdə kommunizmi təbliğ edən çap məhsullarının yayıldığı, bunun üçün ianə toplandığı bildirilir. Onun bu məsələdə ən yaxın silahdaşının Sebahattin Ali olduğu göstərilir. Bu hadisə Türkiyə tarixinə kommunizm əleyhinə ən böyük mitinq kimi yazılır.
3 May Türkçülük Günü türk millətçiliyi tarixində mühüm dönüş nöqtəsi sayılan 3 May 1944-cü il hadisələrinin anılması üçün hər il qeyd olunan bir gündür. Bu tarix Türkiyədə türkçülük və turançılıq ideyasına sadiq olan ziyalıların və gənclərin dövrün siyasi atmosferinə qarşı mübarizəsi ilə bağlıdır.

3 Mayın Türkçülük Günü kimi qeyd olunmasına səbəb 1944-cü il mayın 3-də İstanbulda keçirilən böyük etiraz nümayişləridir. Bu tarix Türkçülük Gününün qeyd olunmasının başlanğıcını qoydu. 1967-ci ildə Türk Milliyyətçi Birliyi Türkçülük Gününü qeyd etmək üçün kitab nəşr etdi.

Türk dünyasının birlik və qardaşlıq rəmzinə çevrilmiş Türk Dünyasının Həmrəyliyi Günü (Türkçülük Günü) Azərbaycanda 1992-ci ilin may ayından qeyd olunur. Türkçülük Günü Azərbaycanda da populyardır. 1992-ci ilin məhz bu günündə Bakıya gələn rəsmi nümayəndə heyətinin tərkibində olan əfsanəvi türk lideri Alparslan Türkeş Azadlıq meydanında bir milyona yaxın insan qarşısında çıxış edib və birlikdə türkçülərin “Bozqurd” işarəsi ilə toplananları salamlayıb.

Türk dünyasına xidmət edən və milli düşüncəmizə türkçülük anlayışını gətirən azərbaycanlılardan Fransanın tanınmış Sorbon Universitetində təhsil alan ilk azərbaycanlı olan Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, İsmayıl bəy Qaspıralı, Hüseyn Cavid, Məhəmməd Hadi və digərlərinin adlarını çəkmək mümkündür. Onların məqsədləri, ilk növbədə, türk xalqlarının mədəni birliyinə nail olmaq idi. Bu insanların qayəsi ondan ibarət idi ki, milliyyətçilik başqa millətləri sevmək, başqa millətlərlə bərabər öz adət və ənənələrini, tarixini qoruyub, gələcək nəsillərə ötürməkdir.
3 May - Türkçülük Günü rəsmi bayram kimi qeyd olunmasa da, bu gün Türkiyənin ictimai-siyasi tarixinin bir parçasıdır. Alpaslan Türkeşin dediyi kimi, 3 May - Türkçülük Günü milli zəmin üzərində yeni Türkiyə inşa etməyi qarşılarına məqsəd qoyan milli düşüncəli insanlar üçün çox müqəddəs gündür.

Bir Azərbaycan vətəndaşı və türk olaraq Türk dünyasında dirçəliş, yaxınlaşma, get-gedə öz soyuna sahiblənmə prosesinin yüksəlməsini görmək məni xoşbəxt edir. Bu məsələdə Azərbaycanın rolu öz yerində, o cümlədən Ərdoğanın simasında Türkiyənin rolu inanılmaz dərəcədə böyükdür. Bu, hətta Türkiyə daxilində mədəni-mənəvi təbliğat səviyyəsində də hiss olunur.

Çoxlarının fikrincə, ortaq türk tarixinin yazılması, ortaq türk dilinin olması Türk dünyasını daha həmrəy edə bilər. Hazırkı proseslərin gedişi onu deməyə imkan verir ki, yaxın zamanlarda bu məqsədə də nail olunacaq.
Türkçülük bir millətin özünü tanımaq, gələcəyini qurmaq mübarizəsidir. 3 May Türkçülük bayramınız mübarək!

Türkün yolu, tarixindən aldığı güclə gələcəyə doğru addımlamaqdır. 3 Mayınız mübarək!

Dilimiz bir, qəlbimiz bir, yolumuz bir! 3 May Türkçülük Gününü qürurla qeyd edirik.

Türklük bir mədəniyyətdir, şüurdur, sivilizasiyadır. Biz bu böyük irsə 3 May Türkçülük Günündə qucaq açırıq.

Keçmişdən aldığımız ilhamla türk millətinin böyüklüyünü gələcəyə daşımaq hamımızın borcudur.

Türkəm deyən nə xoşbəxtdir! 3 May türk millətinin diriliş və oyanış günüdür.

3 May Türkçülük Günündə əcdadlarımızın yolu ilə millətimizin xidmətindəyik!

Birlikdə güclüyük, birlikdə türkük! 

Türk Milliyyətçilik Gününü coşğu ilə...






Arifə Hüseynova,
Turan Dövlətləri Təşkilatının
Azərbaycan üzrə təmsilcisi, professor




BİA.az

скачать dle 12.1