Bia.Az

"Ermənistan-Türkiyə sərhəddində "dayanan" məsələ, Zəngəzurun açılması və Azərbaycanla sülh müqaviləsidir"

Gündəm
 29-01-2024, 12:57     141

“Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması 2024-cü ildə mümkündür, Ərdoğan Bakını gözləyir”. Bu sözləri Cənubi Qafqazın problemləri ilə maraqlanan britaniyalı tədqiqatçı Tomas de Vaal söyləyib. Britaniyalı tədqiqatçı ötən il “Karnegi Fondu”nun saytında dərc olunmuş “Ermənistanda təhlükəsizlik ili” başlıqlı məqaləsində 2023-cü ilin nikbin ssenariləri sırasında Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını önə çəkib. De Vaal deyib ki, Ərdoğan Azərbaycanı gözləyir. Onun fikrincə, illər keçdikcə Türkiyənin ilkin şərtləri dəyişib. “Yadınızdadırmı: 10-15 il əvvəl Türkiyə rəsmiləri deyirdilər ki, "Ermənistan qoşunlarının oradan çıxarılması kifayətdir. Ancaq yeddi rayon itirildi, Qarabağ əldən getdi. Məncə, Bakı ilə İrəvan arasında kiçik bir səhifəlik müqavilə imzalansa belə, bu, Ankaraya kifayət edərdi. Amma bu, çox optimist ssenaridir və təəssüf ki, həqiqətən də Bakıdan asılıdır”, - deyə ekspert yekunlaşdırıb.

"Əslində bu reallığı hər kəsin görməsi çox önəmlidir. İndi keçmişə bir nəzər salaq: 1991-ci ildən əvvəl köhnə dünya nizamı adlanan dövrdə Türkiyə ilə Ermənistan arasında heç bir sosial-iqtisadi əlaqələr yox idi. Bu vəziyyət dünya siyasi və iqtisadi nizamının tələbi idi. Lakin 1991-ci ildə SSRİ-nin dağılması ilə “Köhnə Dünya Nizamı” adlanan sistem başa çatdıqdan sonra Türkiyə ilə Ermənistan arasında sosial-iqtisadi münasibətlərin qurulması mühiti yarandı. 1991-ci ildən sonrakı dövrdə Türkiyə özünü vicdanlı apardı, sanki Ermənistanla tarixi problemləri unutmuşdu. Ermənistan 1991-ci ildə müstəqilliyini elan etməmişdən əvvəl Moskva səfiri Volkan Vuralın İrəvana göndərilməsi Türkiyənin ilkin xoş niyyətini göstərən mühüm addımlardan biridir".
Bu barədə Bizimyol.info xəbər portalına Türkiyənin Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi müəllimi, professor Kərəm Qarabulud danışıb. Onun sözlərinə görə, Ermənistan müstəqilliyini elan etdikdən sonra heç bir ilkin şərt olmadan Ermənistanı tanıyan ilk dövlətlərdən biri də Türkiyə olub ki, bu da bu xoş niyyətin davamı idi. Bundan başqa, Ermənistanın Qara dənizdə sahili olmamasına baxmayaraq, 1992-ci il iyunun 25-də imzalanmış Qara Dəniz Əməkdaşlıq Təşkilatına təsisçi üzv kimi dəvət olunması da eyni münasibətin göstəricisi idi. Türkiyənin hava dəhlizini açıq saxlaması və Ermənistana humanitar yardım göstərməsi müstəqilliyin ilk illərində də davam edib.
Atatürk Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsi müəllimi, professor Kərəm Qarabulud
 Kərəm Qarabulud

Professor bildirib ki, Ermənistan Azərbaycan ərazilərinin 20%-ni işğal etdikdən və 1992-ci ilin fevralında Xocalıda soyqırım törətdikdən, Türkiyəni soyqırımda ittiham etdikdən, torpaq və təzminat tələb etməkdə davam etdikdən sonra Türkiyə sərhədlərini bağladı və bu ölkə ilə diplomatik əlaqələri kəsdi.
“2020-ci ildə 44 günlük Qarabağ zəfəri ilə əldə edilən ən mühüm nəticə, Ermənistanın Zəngəzur dəhlizinin açılışını qəbul etməsidir. Bu kontekstdə qapılarının açılması həyati əhəmiyyət kəsb edən Ermənistan Türkiyə və Azərbaycana qarşı yanlış siyasət və təcrübələrindən əl çəkərsə, Türkiyənin yaxın gələcəkdə sərhəd qapılarını açması mümkün olacaq. 2011-ci ildə tərəfimizdən apardığımız “Türkiyə-Ermənistan Sərhəd Qapısı Problemi - İqtisadi Təhlil” adlı araşdırmada və mövzu ilə bağlı digər elmi araşdırmalarda sərhəd qapılarının açılması rasional görünməmişdir. Çünki Ermənistanın Qarabağı işğalı davam edirdi. Onlar Türkiyə və Azərbaycana qarşı haqsız və əsassız iddiaları ilə dünya ictimai rəyini çaşdırmağa çalışırdılar. Biz o zamankı araşdırmalarımızda müəyyən etmişdik ki, Türkiyə sərhəd qapılarını açsa, illik xalis gəliri 40-60 milyon dollar rəqəminə uyğun olacaq. Türkiyə bu qədər kiçik bir qazanc üçün qapıları açsaydı, Ermənistanın özünə qarşı yanlış siyasətini beynəlxalq müstəvidə haqlı göstərə bilər, bütün Türk Dünyasında milyardlarla dollarla ölçülə bilməyəcək dərəcədə inam və nüfuz itkisinə səbəb ola bilərdi”-deyə Kərəm Qarabulud əlavə edib.
Professor bildirib ki, Qarabağ zəfərindən sonra bu vəziyyətin Orta Asiya Türk Dövlətləri və Azərbaycan üçün nə qədər əhəmiyyətli olduğu sübuta yetirildi. Bugünkü mərhələdə, yuxarıda deyildiyi kimi, Zəngəzur dəhlizinin açılması və Ermənistanın diasporun təsiri ilə tarixdən bəri yürütdüyü yanlış siyasətdən əl çəkməsi şərti ilə; Türkiyənin sərhəd qapılarını açması məqsədəuyğundur. Sərhəd qapıları açılsa, Türkiyə regionun ən güclü ölkəsi olduğu üçün təxminən 2,5 milyonluq Ermənistan bazarına hakim olacaq. Zəngəzur dəhlizi açıldıqca bölgədə “yeni dövr” başlayacaq. Uzunmüddətli regional sülh və sabitlik təmin ediləcək. Çünki elmi araşdırmalar göstərir ki, iki ölkə arasında xarici ticarətin iki dəfə artırılması münaqişələri 20 faiz azaldır. Ermənistanın Türkiyə ilə sərhəd qapılarını açması, Türkiyə və Azərbaycanla ticarət imkanı əldə etməsi həyati əhəmiyyət kəsb edir. Beləliklə, bu yolla Türkiyə və Azərbaycanla münasibətlərə müsbət təsir göstərəcək. Ancaq Türkiyənin sərhəd qapılarını açması üçün şərtlər 2020-ci ilə qədər Ermənistanın işğalı altında olan Qarabağı tərk edərək, Türkiyə və Azərbaycana qarşı əsassız iddialarından əl çəkməsi, bu gün Qarabağ zəfəri ilə verdiyi sözə əməl etməsidir. Yəni Zəngəzur dəhlizinin tez bir zamanda açılmasını təmin etməli, söz verdiyi məsələlər üzrə addım atmalı, əsassız iddialarından əl çəkməlidir. Demək olar ki, Zəngəzur dəhlizinin açılması ilk addım olacaq və bunun müqabilində Türkiyə də Azərbaycanın razılığı ilə xoşməramlılıq əlaməti olaraq sərhəd qapılarını açacaq. Gələcəkdə digər məqsədlərə nail olmaq üçün səylər göstəriləcəkdir. Bu inkişaflardan Türkiyə və Azərbaycanın qazandığı, Ermənistanın beynəlxalq səviyyədə Türkiyə və Azərbaycana qarşı apardığı əsassız təbliğat nəticəsində dəymiş maddi və mənəvi itkilərin qarşısı alınmaqla regionda sabitlik və təhlükəsizlik təmin olunacaq.
Professorun fikrincə, tezliklə və ya Zəngəzur dəhlizi açılan kimi gündəmə gələcək bu məsələ ilə bağlı Türkiyə və Azərbaycanın indidən birgə fəaliyyətə başlaması və gələcək üçün təsirli strategiyalar işləyib hazırlaması faydalı olar.
“Şuşa bəyannaməsindəki vurğu da bu vəziyyəti dəstəkləyir. Yalnız regionun iki mühüm gücü olan Türkiyə və Azərbaycan beynəlxalq münasibətlərdə “əbədi dostluq və düşmənçilik” olmayacağının şüuru ilə digər regional aktorlarla birgə hərəkət edərək bu problemi həll edə bilər”-deyə Kərəm Qarabulud vurğulayıb.скачать dle 12.1