Bia.Az

Avropadan artan pressinqin pərdəarxası

Gündəm
 23-01-2024, 14:55     236

Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyasının ilk günündə deputatlar "təşkilatın prinsiplərini pozduğuna görə" Azərbaycanın nümayəndə heyətinin səlahiyyətlərinin məhdudlaşdırılmasına səs veriblər.

Qərar layihəsi Almaniyalı deputat Frank Şvavenin təşəbbüsü ilə ortaya çıxıb. Formal səbəblər kimi Azərbaycanda "insan hüquqlarının pozulmaqda davam etməsi, siyasi məhbusların sayının artması və 7 fevral prezident seçkilərini qiymətləndirmək üçün Avropa Şurası Parlament Assambleyasının nümayəndələrinin dəvət olunmaması" göstərilib.

Bu, Fransa Senatının Azərbaycan əleyhinə bu günlərdə qəbul etdiyi məlum qətnamədən sonra Avropadan gələn növbəti pressinq cəhdidir. Eyni zamanda Avropa İttifaqı xarici işlər nazirlərinin toplantısında da Azərbaycanla Ermənistan arasında sülh prosesi gündəliyə çıxarılır.
Avropa bütün cəbhəboyu Azərbaycana qarşı pressinqə başlayıb. Daha doğrusu, təzyiqləri artırıb.

Bu, Azərbaycanın 2020-2023-cü illərdə hərbi və siyasi yollarla öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən sonra Avropa İttifaqının, eləcə də, Avropanın aparıcı dövlətlərinin Cənubi Qafqaza girişinin böyük ölçüdə bloklanması ilə bağlıdır.

Fransa, məsələn, Yaxın və Orta Şərqdə, eləcə də, Qərbi və Şimali Afrikada itirdiyi mövqelərini Cənubi Qafqazda, sonrakı perspektivdə isə Mərkəzi Asiyada kompensasiya etmək niyyəti güdür. Prezident Makron "Ermənistanın xilası" strategiyasını bəyan edir. Ancaq reallıqda özünün və təmsil etdiyi dövlətin ləkələnmiş siyasi simasını xilas etməyə uğursuz cəhdlər göstərir.

Fransanın, eləcə də, Avropa strukturlarının formalaşdırmağa çalışdığı vahid mövqe Azərbaycanda seçkilərlə də sıx bağlıdır. Makron və onun kimi Avropa siyasətçiləri (böyük dövlətlərin şəxsiyyətcə kiçik miqyaslı rəhbərləri) əvvəllər verdikləri qərarları təkrar edirlər. Bu dəfə daha irəliyə gediblər; Azərbaycanda növbədənkəbar prezident seçkilərinin nəticələrini tanımamaq üçün bir siyasi mühit qurmağa çalışırlar.

Bunu əvvəllər başqa dövlətlərə münasibətdə də sınaqdan keçiriblər və nəticə, demək olar ki, bütün hallarda uğursuz olub. Kimi prezident kimi tanımayıblar, hələ də prezidentdir. Hansı parlamentin seçilməsini qəbul etməyiblərsə, hələ də parlamentdir.

Hətta Corc Soros kimi adam da sağlığında Avropa nəşrlərinə müsahibələrindən birində Avropada partiya sisteminin çökdüyünü, ümumilikdə, Avropa siyasətinin qürub etdiyini demişdi. Bir sıra başqa Qərb analitikləri də Sorosun bu fikirləri ilə sinxron mülahizələr irəli sürürlər. Onlar Avropanın lokomativi olan dövlətlərin, xüsusilə, Fransa və Almaniyanın liderlərinin özlərinin daşıdıqları siyasi məsuliyyət miqyasına uyğun olmadıqlarını qeyd edirlər. Eyni zamanda Çin və Rusiya kimi güc mərkəzlərindən fərqli olaraq Avropada qərar qəbuletmə mexanizmlərinin ləng, adekvat olmadığını önə çəkirlər.

Ən əsas səbəblərdən biri, Qərbin universal dəyərlər altında maraq siyasəti yürütməyə çalışmasıdır. Məsələn, əvvəlcə bir ölkədə insan hüquqlarının pozulmasından narahatlıq keçirdiklərini deyirlər, sonra isə tənqid etdikləri hökumətlə masa arxasında oturub guya müdafiə etdikləri insanları hüquqları ilə birlikdə maraqlarına satırlar. Bu da dünyada Qərbin obrazını artıq çoxdan zədələyib. Və verilən qərarların, bəyanatların təsiri heçə enir.

Konkret olaraq indiki halda Azərbaycana gəldikdə, 7 fevral seçkilərinin şəksiz favoriti var və Qərb strukturlarının bu seçkinin nəticələrini tanımaqdan yolu yox idi. Çünki heç bir sorğu keçirmədən də məlumdur ki, seçicilərin əksəriyyəti kimi prezident seçəcək. Bu qaçılmaz nəticəni şübhə altına almaq çətin olduğundan seçkiqabağı mühitin adekvat olmadığına dair ortaq mövqeni indidən formalaşdırmağa cəhd edirlər. Avropada çox yaxşı bilirlər ki, hazırkı prezident cəmiyyətin əksəriyyətindən yenidən hakimiyyət mandatı alacaq və pressinq qarşısında daha da dözümlü olacaq. Xüsusilə, Ermənistanla sülh müqaviləsini bəhanə edərək regiona nüfuz etmək istəyənlər üçün Azərbaycanda yeni seçkidən yenidən və daha da güclənərək çıxmış bir prezident arzuolunan deyil. O üzdən təzyiqlər artıb və daha da artacaq. Bu səbəbdən 7 fevral seçkiləri bir nəfərin mandat alması məsələsi deyil, bütövlükdə ölkənin müstəqil varlığı və gələcəyi məsələsidir. Bu xarici təzyiqlərə ən tutarlı cavab, 7 fevral günü səsvermə zamanı seçici fəallığının çox yüksək olmasıdır. 34 il əvvəl xalq bir nəfər kimi küçələrə çıxıb öz müstəqilliyi üçün mövqeyini, hətta canını ortaya qoymuşdu və bu, tarixə düşən qəhrəmanlıq nümunəsi oldu. İndi isə bu seçkidə xalqın hamılıqla səsini - vətəndaş mövqeyini ortaya qoyması gərəkdir. Bu, Azərbaycanı qara - qaranlıq keçmişə sürükləmək istəyən bütün qüvvələrə ən tutarlı cavab olacaq.
Bahəddin Həzi


Bahəddin Həzi,

Bizimyol.infoскачать dle 12.1