Bia.Az

Hökumət səhv etdi, Ərdoğana bu qədər dəstək olmazdı...

Gündəm
 14-05-2023, 15:00     235

Qardaş Türkiyədəki seçkilərə Azərbaycan ictimayyətində ciddi maraq olması doğaldır, orqanikdir, çünki doğma ölkədir, gələcəyimiz birdir, çivisindən çıxmış, beynəlxalq hüququn qətl edildiyi, fraqmentallaşan dünyada birgə addımlamaq, bir-birimizə dayaq, hayan olmaq strateji varolma məsələmizdir.

Bizim cəmiyyətdə Türkiyə seçkilərinə azarkeşlik var, amma prosesləri dərindən analiz etmək məsələsi hələ ki, yoxdur. Azərbaycan iqtidar nümayəndələri çox səhv yanaşma ilə seçkilərdə tərəf oldu, bununla da dövlət ərkanına yaraşan təmkinli davnanış qaydalarını pozdular – “Türkiyə ilə qardaşlığımız AKP-dən, Ərdoğandan asılıdır” tezisini yaymağa başladılar. Təbii ki, Ərdoğana bizim xalq olaraq bir minnət borcumuz var – 44 günlük savaş zamanı, ondan öncəki və sonrakı diplomatik həmlələrdə Ərdoğanın dəstəyi əvəzsizdir, unutmaq olmaz, hətta bu gün baş tutan seçkilərin nəticələrindən asılı olmayaraq, Ərdoğanın adının gələcəkdə Bakıda prospektlərin birinə verilməsi, əbədiləşdirilməsi doğru olardı. Amma bizim hökumətin yanlışı ondadır ki, dövlətlərarası onilliklərə yayılmalı olan münasibətləri şəxslərə indeksləşdirir – doğru deyil, lap Ərdoğan seçkidə qalib gəldi, amma fani dünyadır, hamımızın sonu var, bəs Ərdoğan həyatdan köçəndən sonra Türkiyə - Azərbaycan münasibətləri bitəcəkmi, zəifləyəcəkmi?! Təbii ki, yox, belə olmayacaq – olmamamlıdır.
Bizdə şərti olaraq adlandırsaq, bəzi müxalif kəsimin yanlışı da ondadır ki, “Tükiyədə iqtidar dəyişikliyi olsa, həmən Azərbaycanda da olacaq” tezisinə inanıblar, digərlərini də inandırıblar. Çox yanlış təsəvvürdür, eyni yanlışa Gürcüstanda, Ukraynada iqtidar dəyişikliyi olanda, Ermənistanda demokratik seçkilər baş verəndə də düşmüşdülər – gah narıncı qalstuk taxtılar, gah əllərinə gül aldılar, halbuki etməli olduqları bircə iş var idi: Azərbaycanda əhalini seçkiyə inandırmaq, səsləmək və kökləmək – vəssalam.
Məmləkətdə onillərdir YAP seçkiləri saxtalaşdırmaq yolu ilə bu prosesə inamı sarsıtmaqla məşğuldur, özlərini YAP-a rəqib sayanlar da müxtəlif bəhanələrlə eyni işlə məşğul idilər – beləliklə də “YAP-Cəbhə Boykot İttifaqı” 30 ildir eyni iş üçün çalışdılar və nəticədə ölkədə seçkilərə inam zəiflədi.
Özlərinə müxalif deyən kəsim seçkiləri gözdən salmaq üçün hər şey etdi – müxtəlif tezislərlə bunu pərdələməyə çalışdı. Absurd o dərəcəyə çatdı ki, avtoritar sistemdən, Əliyevdən tələb edirdilər ki, əla şərait yarat, biz də gələk seçkidə sizləri udaq – olmur belə, ədalətli seçki daha çox seçicidən, onun mövqeyindən asılıdır. 30 ilə yaxın əsas tezislərindən biri o oldu ki, seçki komissiyaları paritet əsaslarla olsun – gəlin sadə dildə bu tezisin bəhanə olduğunu sübut edim: Məsələn, DSK üzv sayı 9 nəfərdən ibarət olmalıdır, 3 nəfəri iqtidar partiyası, 3 nəfəri müstəqil deputatlar təmsilçiləri, 3 nəfəri də müxalifət verəndə paritet olur, deməli, bəri başdan 6 nəfər artıq hökumətin adamı olur, 3 nəfər müxalif partiya üzvləri istəlilən sənədin əlehinə səs versələr də, artıq heç nə dəyişmir. Ya da 3 nəfər müxalif partiya üzvündən bəzən elə üçünü də, bəzən də birini-ikisini əla almaq iqtidar üçün bəyəm çoxmu çətindir?! Pulla, hədə-qorxu ilə, şirin dillə ala bilərlər, alıblar da - 2000-2005 seçkilərində onlarla belə faktlar var – hətta o zaman müxalifətin MSK təmsilçisini belə alıblar: Rəhmətlik Elçibəy öz yaxınları haqqında nə demişdi – “tankın qabağında duruş gətirənlər pulun qarşısında duruş gətirə bilmədilər”. Beləliklə, indiki sistemdə paritet komissiya üzvləri məsələsi bəhanədən başqa bir şey deyil.
Həzarət, çıxış yolu ancaq və ancaq seçki-seçici aktivliyidir, ölkə vətəndaşlarının, seçicilərin 70-80%-i seçkiyə gəlsə, saxtalaşdırmaq riyazi olaraq çətin, siyasi olaraq isə hakimiyyət üçün təhlükəli olacaq.
Bu gün qardaş Türkiyədə “Cümhur İttifaqı” ilə “Millət İttifaqı” yarışır, bizdə də “YAP-Cəbhə Boykot İttifaqı” buna azarkeşlik edir – çıxış yolu isə seçicilərin seçkilərdə iştirak uğrunda quracaqları İttifaqdan keçir. Çox şadam ki, məhz REAL Partiyası zərərli və yanlış “boykot” taktikasının gündəlikdən çıxmasında önəmli rol oynayır-oynayacaq. Azarkeşlikdən iştirakçılığa yol seçkidən keçir...
Natiq Cəfərliскачать dle 12.1