Bia.Az

"Hədəf milli sərvət sayılan azadlığa qovuşmaqdır" - Güney Azərbaycan Milli Dövlətçilik Şurası

Gündəm
 11-05-2023, 11:51     309

Güney Azərbaycan Milli Dövlətçilik Şurası 7 May 2023-cü il tarixdə keçirdiyi təsis yığıncağında qətnamə qəbul edib.

Musavat.com xəbər veir ki, qətnamədə deyilir:

Zəngin dövlətçilik mədəniyyətinə sahib Azərbaycan türkləri minilliklər boyu dövlətçilik ənənəsini nəsildən- nəslə ötürməklə dünyaya yeni dəyərlər qazandırmışlar. Lakin düşmənlərimiz müxtəlif dövrlərdə Azərbaycan türkünün dövlətçilik mədəniyyətinin yeni aşamaya keçidinin qarşısını almaq məqsədilə apardıqları hiyləgər siyasətlə Azərbaycanın tarixi torpaqlarını parçalayaraq, işğallara məruz qoymuş, dövlətçilik ənənəmizi sarsıtmağa çalışmışlar. Bu maneələrə baxmayaraq, Azərbaycan Türkləri milli dövlətçilik şüuru əsasında müxtəlif zamanlarda tarixi fürsətləri doğru dəyərləndirməklə, öz dövlətçiliyini bərpa etmişdir.
1-1.jpeg (78 KB)
Milli-siyasi mübarizə nəticəsində öz müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikası bu gün dövlətçilik təməlini möhkəmləndirməklə yanaşı, ərazi bütövlüyünü bərpa etmək istiqamətində də müdrik və müstəqil siyasət aparır. Yaranmış əlverişli tarixi şəraitdə Güney Azərbaycanın starteji və geopolitik mövqeyi, milli azadlıq mübarizəsi və potensial qaynağları ona imkan verir ki, İran adlanan ölkədə farsçı molla rejimi tərəfindən dözülməz milli-mədəni, siyasi, iqtisadi ayrısekiliyə məruz qalan 40 milyona yaxın Azərbaycan türkü rejimin farsçı-irançı ideologiyasının işğal və əsarətinə son versin və vahid milli gücünü təşkilatlandıraraq, Güney Azərbaycanda milli dövlətçilik hədəfi doğrultusunda hər bir millətin milli sərvəti sayılan azadlığına qovuşsun.

Belə bir həssas tarixi dönəmdə 7 May 2023-cü il tarixdə Güney Azərbaycan Milli Dövlətçilik Şürasının yaradılması məqsədilə keçirilən təsis toplantısının iştirakçıları MDŞ-nin fəaliyyət prinsiplərinə dayanaraq, öhdəliklərinə götürdükləri məsuliyyətlərində qərarlı olduqlarını bəyan edir və millətimizin dövlətçilik uğrunda quruculuq fəaliyyətini dəstəkləyərək, aşağıdakı qətnaməni qəbul edirlər:

1. Güney Azərbaycan milli hərəkat fəallarının bundan sonrakı mərhələdə fəaliyyətlərinin daha mütəşəkkil olmasını və təşkilatlanmanın bütün sahələrdə genişləndirilməsini zəruri hesab edirik.

2. Güney Azərbaycanda qadın hüquq və azadlıqlarının rəsmiyyətə tanınan azad bir cəmiyyətin qurulmasını milli mücadiləmizin ayrılmaz tərkib hissəsi olaraq qəbul edirik.

3. Milli dövlətçilik uğrunda aparılan mübarizəmizdə müasir imkanlardan faydalanmaqla, Azərbaycan gənclərin milli-mədəni və siyasi fəaliyyətlərinin genişləndirilməsini, onların əsas aparıcı güc olaraq rolunun artırılmasını vacib hesab edirik.

4. Milli dövlətçiliyimizin bərpası doğrultusunda Güney Azərbaycan Milli Azadlıq Hərəkatının milli-mədəni və siyasi istəklərini dünya ictimaiyyətinə çatdırmaq və onların dəstəyini qazanmaq üçün milli-demokratik quvvələri lobbiçilik istiqamətində fəalliyyətlərini gücləndirməyə çağırırıq.

5. Biz MDŞ olaraq, Güney Azərbaycana qarşı fars-irançı mərkəzli siyasi rejimin apardığı kültürəl soyqırım siyasətinin, talan edilən yeraltı və yerüstü sərvətlərimiz, həmçinin ətraf mühitlə bağlı aparılan məqsədyönlü çevrə terrorizminin yaratdığı sorunların bütün milli qurum və təşkilatlarımızın fəaliyyətinin mərkəzində yer almasını önəmli sayır, bu sorunların gündəmə gətirilməsi və həlli məqsədilə müxtəlif tədbirlərin keçirilməsini, beynəlxalq qurumların və mətbuatın gündəmində saxlanılmasını fəaliyyətimizin əsas istiqaməti hesab edirik.

Qətnamə Güney Azərbaycan Milli Dövlətçilik Şurasının 7 May 2023-cü il tarixdə keçirdiyi təsis yığıncağında qəbul edilib.скачать dle 12.1