Azərbaycanın tarixi addımı Ermənistanı SİLKƏLƏDİ - SON DƏQİQƏ açıqlaması
“Azərbaycanın Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurması strateji və tarixi əhəmiyyət kəsb edir. Çünki 10 noyabr 2020-ci il tarixində imzalanmış birgə bəyanatdan sonrakı zaman kəsiyində Ermənistan bu yol vasitəsilə silah-sursat, texnika, mina və canlı qüvvənin daşınmasını həyata keçirib”.
Bu sözləri Musavat.com-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
Politoloq xatırladıb ki, təqribi hesablamalara görə, 11 min nəfərdən ibarət terrorçu bir ordu hələ də Azərbaycan ərazisində qalmaqdadır:
“Azərbaycan tərəfinin təkidli tələblərinə baxmayaraq, həmin ordunun bizim ərazimizdən çıxarılması həyata keçirilmir. Bununla da Ermənistan üçtərəfli birgə bəyanatın 4-cü maddəsini pozmaqda israrlıdır.
Laçın yolu üzərində nəzarətin həyata keçirilməsi müstəsna əhəmiyyət kəsb edirdi. Digər tərəfdən, Ermənistanın Azərbaycan ərazisinə daşıdığı minalar can almaqda davam edir. Azərbaycanın yüzlərlə hərbi qulluqçusunun, mülki şəxslərinin Ermənistanın mina terrorunun qurbanına çevrilməsi halı baş verib. Təəssüf ki, Ermənistan tərəfi əldə olunan razılaşmaları pozur və diversantlarla mina sxemlərinin və xəritələrinin dəyişdirilməsində də saxtakarlıq edib, hiyləgərliklə yanlış xəritələri Azərbaycana təqdim edib. Bu kontekstdə sərhəd-buraxılış məntəqəsinin qurulması tələbini cənab Prezident Münhen Təhlükəsizlik Konfransı çərçivəsində bildirib və bu təşəbbüs konstruktiv, regionda sülhün, təhlükəsizliyin, sabitliyin əldə olunmasında önəmli bir addım kimi qiymətləndirilir.
Digər tərəfdən, Ermənistan Soçi və Praqa görüşləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təsdiqləyib, tərəflərin Almatı Bəyannaməsinə və BMT Nizamnaməsinə uyğun birgə hərəkət etməsi qeydə alınıb. Eyni zamanda Ermənistan baş naziri Nikol Paşinyan bu yaxınlarda parlamentdə çıxışı zamanı Azərbaycanın ərazi bütövlüyünə dair Soçi və Praqa görüşlərinin əhəmiyyətini vurğulayıb. Ona görə də Azərbaycanın Həkəri çayı üzərində Ermənistanla Laçın rayonunu birləşdirən kommunikasiya xəttində sərhəd-buraxılış məntəqəsini qurması ədalətlidir, beynəlxalq hüquqa söykənir, Azərbaycanın suveren hüququdur. Beynəlxalq hüququn fundamental norma və prinsipləri də Azərbaycanı bu hərəkəti etməyə vadar edir. Bölgənin təhlükəsizliyi üçün bu cür adekvat addımlar mühüm aktuallığı ilə seçilir”.