“Növbəti addım Xankəndiyə giriş olmalıdır” -AÇIQLAMA
“Laçın dəhlizində Nəzarət Buraxılış Məntəqəsinin qurulması çoxdan gözlənilən bir addım oldu. Müqavimət göstərənlər çox idi. Azərbaycan səbrlə hədəfə doğru getdi. Ermənilə indi hay-küy salır, Rusiyadan 10 noyabr bəyannaməsinin təmin olunmasını, məntəqənin fəaliyyətinin dərhal dayandırılmasını xahiş, bəzən də tələb edirlər”.
Musavat.com bildirir ki, bu fikirlər Azad Vətən Partiyasının sədri Akif Nağıya məxsusdur. Partiya rəhbəri Laçın dəhlizində Nəzarət Buraxılış Məntəqəsinin qurulmasını tam qələbəyə doğru ciddi addım olaraq qiymətləndirir: “Hər şeydən öncə deməliyyik ki, Azərbaycan öz ərazisində istənilən qərarı qəbul etmək, istənilən hərəkəti həyata keçirmək haqqına malikdir. Bunun üçün kiminsə razılığına ehtiyac yoxdur. Başqa tərəfdən, ermənilər 10 noyabr bəyannaməsinə istnad edirlər. Biz də həmin sənədə müraciət edək: sənədin 6-cı maddəsində göstərilir ki , Azərbaycan Laçın dəhlizi ilə vətəndaşların, nəqliyyat vasitələrinin, yüklərin hərəkətinin təhlükəsizliyini təmin edir. Bu gün Laçın dəhlizi ilə silah-sursat, terrorçu daşınırsa, orada və ətraf ərazilərdə mina basdırılır, insanlar bu minaların partlamasından həyatını itirir, yaralanırsa, deməli, Azərbaycan həmin razılaşmadan irəli gələn öhdəliyini yerinə yetirməli, təhlükəsizliyin təmin olunması üçün tədbirlər görməlidir. Məntəqənin yaradlması bu tədbirlərdən biridir. Azərbaycan 10 noyabr razılaşmasına uyğun olaraq, bu məntəqəni quraşdırıb. Buna görə vicdanı olan hər kəs, o cümlədən beynəlxalq qurumlar Azərbaycana təşəkkür etməlidir”.
Akif Nağı
A.Nağı digər məqama da diqqət çəkib: “Onu da qeyd etməliyik ki, öhdəliyini yerinə yetirməyənlər Rusiya və Ermənistandır. Laçın dəhlizi boyunca baş verən bütün cinayət hadisələrinə, mina partlamalarına, silahlı insidentlərə görə məsuliyyəti məhz onlar daşıyırlar. Ona görə də onların susmaları məsləhətli olardı. Azərbaycan həm öz öhdəliklərini, həm də yekun hədəfini nəzərə almaqla düzgün addım atıb. Növbəti addım Xankəndinə giriş olmalıdır. Belə görünür ki, o da uzaqda deyil”.