Bia.Az

Beyni “nüvə ilə zəhərlənmiş” Putini kim durduracaq - bəşəriyyət təhlükənin ağuşunda...

Gündəm
 23-02-2023, 09:49     250

Şahin Cəfərli: “Bir il əvvəl Putin qorxulu görünürdü, sözlərinin çəkisi və təsiri var idi, indi isə öz-özünə eyni şeyləri təkrarlayır...”

Asif Nərimanlı: “Putinin etdiyi hələ də ”strateji çəkindirmə” taktikasına oynamaqdır, Rusiya START-da iştirakını dayandırsa da, sazişdən çıxmır”

 
Rusiya lideri onu da bəyan etdi ki, Avropa ölkələri Ukrayna münaqişəsini Rusiya ilə qlobal münaqişəyə çevirməyə çalışır və Rusiyanın varlığı təhlükə altına düşür: “Buna uyğun reaksiya verəcəyik. Qərb cinləri şüşədən çıxarıb. İnsanların burada yaşadığı faciə onları maraqlandırmır. Onlar demokratiya pərdəsi altında özlərini ifadə etməyə çalışırlar... Meydanda Rusiyaya qalib gəlmək mümkün deyil. Ukraynaya nə qədər çox uzaqmənzilli silahlar göndərilsə, biz təhlükəni sərhədlərimizdən bir o qədər uzaqlaşdıracağıq”.
Beləliklə, Putin anons edib ki, Rusiya Ukraynadan sonra Şərqi Avropa ölkələrini də vura bilər. Ən təhlükəli məsələ isə Putinin dünyanı nüvə silahı ilə açıq şəkildə təhdid etməsidir. “Vaşinqton nüvə silahının təbii sınağı haqqında düşünür, belə məlumatlar var. ABŞ bunu ilk etsə, Rusiya Müdafiə Nazirliyi və Rosatom Rusiyanın nüvə silahlarını sınaqdan keçirməyə hazır olduğunu təmin etməlidir. Rusiya strateji hücum silahlarının azaldılması və məhdudlaşdırılması müqaviləsində iştirakını dayandırır”, - deyə Putin qərarını açıqladı. Sözügedən müqavilə təkcə ABŞ-la yox, həm də NATO ilə bağlanmışdı. Faktiki olaraq Putin ən aqressiv davranışlar sərgilədi və dünyanı atom bombası ilə təhdid etdi.  Ekspertlər iddia edir ki, Baydenin Kiyev səfərindən sonra İtaliyanın baş naziri Ciorcia Meloninin də Ukraynaya gəlməsi Rusiyaya qarşı radikal bir planın hazırlanması kimi xarakterizə olunur. Rusiya güman edir ki, müharibə bu dəfə onun öz ərazisində davam edə bilər və ona görə də ən aqressiv formada davranışlar sərgiləyir.
Digər bir ehtimal isə odur ki, Putin nüvə silahına əl atacağını bəyan etməklə, Qərbi, Ukraynanı danışıqlar masasına oturtmaq, güzəştlərə sövq etmək məqsədini güdür. Belə bir rəy də var ki, tərəflər heç bir halda güzəştə getməyəcək və müharibənin coğrafiyası genişlənəcək. Bu prosesdə Rusiyanın ərazisi olan Kalininqrada, bir neçə il əvvəl özünə ilhaq etdiyi Krıma da hücumlar edilə biləcəyindən danışılır. Bu gedişatda nüvə silahının işə düşəcəyi ehtimalı isə böyükdür. Bütün hallarda görünən budur ki, Putinin beyni nüvə silahı ideyası ilə “zəhərlənib”. Faktiki olaraq bəşəriyyət böyük bir fəlakətin astanasındadır. Bütövlükdə Avrasiya üçün böyük bir təhlükə, insanlıq əleyhinə cinayətlər planı var. Dünya Putinin qarşısını almaqda, Rusiyanı neytrallaşdırmaqda acizdirmi? RF bu qədər sarsılmaz, basılmazdırmı ki, bütün dünya onunla bacarmır? Bu yunu pozmaq üçün hansı addımların atılması effektiv ola bilər?
Serbiya Prezidenti Aleksandr Vuçiç isə deyib ki, Putinin xalqa müraciəti və Baydenin Kiyev səfərindən sonra Ukraynada müharibə gedən ərazilərdə yaxın üç gün ərzində vəziyyət kardinal şəkildə dəyişəcək. ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın strateji hücum silahlarının azaldılması müqaviləsində (START) iştirakını dayandırmasına münasibət bildirib. Blinken Yunanıstanda jurnalistlərə açıqlamasında danışıb ki, Rusiyanın yeni START-da iştirakını dayandırması ilə bağlı açıqlaması çox təəssüfləndiricidir və məsuliyyətsiz addımdır. “Rusiyanın əslində nə etdiyini görmək üçün biz vəziyyəti diqqətlə izləyəcəyik. Əlbəttə ki, hər bir halda öz ölkəmizin və müttəfiqlərimizin təhlükəsizliyi üçün lazımi mövqedə olduğumuza da əmin olacağıq”, - ABŞ dövlət katibi bildirib.
“Ümid edirik ki, Putin Rusiyanın "New START Müqaviləsi"ndə iştirakını dayandırmaq barədə tələsik qərarını yenidən nəzərdən keçirə bilər". Bunu isə Böyük Britaniyanın baş naziri Rişi Sunakın sözçüsü deyib. O bildirib ki, silahlara nəzarət planetimizin təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edir. Qeyd edək ki, 2010-cu ildə ABŞ Prezidenti Barak Obama və Rusiya Prezidenti Dmitri Medvedyev tərəfindən imzalanmış “New START Müqaviləsi” hər bir ölkənin arsenalını 1550 nüvə başlığı, 700 qitələrarası ballistik raket və ağır bombardmançı təyyarə ilə məhdudlaşdırır. Müqavilə uyğunluğu yoxlamaq üçün yerində yoxlamaların aparılmasını nəzərdə tutur.
Elxan Şahinoğlu: “Kreml Türkiyə prezidentinin nəbzini yoxlamaq istəyirdi”
Elxan Şahinoğlu: “Keçmiş SSRİ indiki Rusiyadan güclü dövlət idi, o belə ”soyuq müharibədə” məğlub oldu”
Politoloq Elxan Şahinoğlu xatırladır ki, “Biz qələbə qazanacağıq” deyən Putin o biri tərəfdən ABŞ-ın dünyada yüzlərlə hərbi bazasının olduğunu vurğulayıb: “Planet Amerikanın hərbi bazalarıyla əhatə olunub, heç bir dövlətin bu qədər hərbi bazası yoxdur”. Belə olan halda Amerikanı necə məğlub edəcəksən? Həqiqət ondan ibarətdir ki, Qərb Ukraynanın Rusiyaya məğlub olmasına imkan verməyəcək, çünki bu həm də Amerikanın müharibəsinə çevrilib. Keçmiş SSRİ indiki Rusiyadan güclü dövlət idi, o belə “soyuq müharibədə” məğlub oldu".
Təhlilçi Şahin Cəfərlinin sözlərinə görə, bir il əvvəl Putin qorxulu görünürdü: “Sözlərinin çəkisi və təsiri var idi.  İndi isə öz-özünə eyni şeyləri təkrarlayıb duran qoca marazmatik kimi görünür, sözlərinin əvvəlki çəkisi və təsiri qalmayıb. Bir il əvvəl Putin ABŞ-a və NATO-ya ultimatum vermişdi: NATO-nun genişlənməsini dayandırın! Keçmiş sovet respublikalarının NATO-ya qəbulundan və bu dövlətlərlə ikitərəfli hərbi əməkdaşlıqdan imtina edin! Rusiyanın quru və dəniz sərhədləri yaxınlığında ağır bombardmançı təyyarələrin uçuşunu, bütün siniflər üzrə hərbi gəmilərin hərəkətini dayandırın!
Bu tələblər o vaxt da absurd görünürdü, indi isə həm də komik sayıqlama təsiri bağışlayır. NATO-nun genişlənməsi davam edir, bu hərbi blok Peterburqa 150 km məsafədə yerləşən və Rusiya ilə 1200 km quru sərhədi olan Finlandiyaya qədər gəldi. NATO-nun Rusiyanın dəniz və quru sərhədləri yaxınlığındakı hərbi mövcudiyyəti və hərbi infrastrukturu daha da genişləndi, təkcə Avropadakı ABŞ qoşunlarının sayı 100 mini ötdü. Bir il əvvəl Ukraynanın avroatlantik inteqrasiyası tamamilə qeyri-müəyyən mövzu kimi görünürdü: NATO-ya yaxın gələcəkdə qəbul olunmayacağı aydın idi, Avropa Birliyi isə ümumiyyətlə, üzvlük perspektivi (yəni “gələcəkdə, nə vaxtsa sizi qəbul edə bilərik” vədi) verməkdən imtina edirdi. Ukrayna artıq AB üzvlüyünə rəsmi namizəddir və müharibədən sonra qısa müddətdə üzv qəbul olunacaq".
İran-Azərbaycan münasibətləri zahirən düzəlsə də, qarşılıqlı etimad  olmayacaq” - Şahin Cəfərlidən fərqli baxış - VİDEO
 
Şahin Cəfərli
Ş.Cəfərli hesab edir ki, Ukrayna sürətlə NATO silah sistemləri ilə silahlanır, yəni ittifaqın hərbi infrastrukturuna inteqrasiyası başlayıb: “Müharibədən sonra Ukrayna qısa müddətdə (böyük ehtimalla AB üzvlüyündən də əvvəl) NATO-ya qəbul olunacaq, bunu artıq NATO baş katibinin və aparıcı üzv dövlətlərin rəhbərlərindən də eşidirik. Rusiya rəhbərliyi bu qış Avropanın Rusiya qazı olmadan donacağını bildirir və bu mövzuda videoları çəkib yayırdı. Qış qurtarır və heç kim donmadı. Üstəlik, Avropa Rusiyanın enerji asılılığından xilas oldu. Rusiya Ukraynanın enerji infrastrukturuna yüzlərlə raket atdı: güman edirdi ki, bununla Ukraynada yaşayışı dözülməz edəcək və insanlar ya kütləvi şəkildə Avropaya axışacaq, ya da Zelenskiyə qarşı üsyana qalxacaq. Amma Rusiya Ukraynanın enerji infrastrukturuna zərər vursa da, onu məhv edə bilmədi, insanlar qaçmadı və ya hökumətə qarşı etirazlara başlamadı. Heç nə "plan üzrə" getmir və getməyəcək..."
Asif Nərimanlı: "Avropanı “qazla boğmaq” və..."
Asif Nərimanlı
Siyasi təhlilçi Asif Nərimanlının sözlərinə görə, Rusiyanın bu gedişi nüvə silahından istifadə ediləcəyini də aktuallaşırır, hərçənd Putinin etdiyi hələ də “strateji çəkindirmə” taktikasına oynamaq və Qərbin Ukrayna müharibəsinə müdaxiləsinin qarşısını kəsmək, ən azı azaltmaqdır: “Birincisi, Rusiya START-da iştirakını dayandırsa da, sazişdən çıxmır. İkincisi, Putin "nüvə silahı sınaqlarının bərpa edilməsinə hazırlıq" tapşırığını verib, lakin sınaqlar ABŞ bunu edəcəyi təqdirdə, keçiriləcək. Beləliklə, Putin praktiki addıma getmir, Qərbə Rusiyanın edə biləcəklərinin mesajını verir. Ukraynanın silahlandırılmasının sürətlənməsi fonunda təsadüfi deyil və görünür, müharibə mərhələsindən danışıqlar mərhələsinə keçidə çalışan Rusiyanın indi edə biləcəyi hələ ki bundan ibarətdir. Bu, Ukraynaya işğalçı hücumun bir illiyi ərəfəsində, o cümlədən Baydenin Kiyev səfərinə cavab olaraq, Rusiyaya “əzələ nümayişi” baxımından da lazımdır".
Siyasi şərhçinin fikrincə, Rusiyanın bu addımı Soyuq müharibə şərtlərini yenidən aktullaşdıra və Soyuq müharibədən sonrakı beynəlxalq təhlükəsizlik sisteminin yenidən qurulmasına zəmin yarada bilər: “Birinci (Soyuq müharibə şərtləri) ABŞ-a sərf edir, bununla "azad dünya" üçün Amerikanın xilaskarlıq rolunu gücləndirə bilər, ikincisi, (yeni sistemin qurulması) Rusiyaya sərfəlidir, çünki ruslar Soyuq müharibədən sonrakı şərtlərin dəyişməsini, “qlobal güc” olaraq qəbul edilməsini istəyir.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”скачать dle 12.1