Bia.Az

Xankəndi üçün 355 milyon dollar - Laçın koridorunu bağlamalı...

Gündəm
 3-11-2022, 01:07     269

Ermənistanın Qarabağdakı Azərbaycan torpaqlarında məskunlaşmış ermənilər üçün maliyyə ayırması birmənalı şəkildə ölkəmizin  suverenliyinə təhdiddir

Ermənistanın 2023-cü il dövlət büdcəsindən Qarabağdakı Azərbaycan torpaqlarında məskunlaşmış ermənilər üçün 355 milyon dollar ayrılıb. Bunu Ermənistanın maliyyə naziri Tiqran Xaçatryan deyib.

O əlavə edib ki, “qarabağlı ermənilər bu vəsaitdən infrastrukturun bərpası və mənzil tikintisi ilə yanaşı, başqa məqsədlər üçün də istifadə edə bilərlər”.

Onun sözlərinə görə, Ermənistanın Maliyyə Nazirliyi Xankəndi ilə “sürəkli, fasiləsiz əlaqədədir və zərurət yaranarsa, büdcədən ayrılmış maliyyə dəstəyinin həcmini artıra bilər”.

Tiqran Xaçatryanın açıqlaması bilavasitə olaraq, birmənalı şəkildə Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və sərhəd toxunulmazlığına təhdiddir. Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin bu ilin sonunadək imzalanacağını nəzərə alsaq, rəsmi İrəvanın 2023-cü ildə də Azərbaycandakı erməniləri, yəni Qarabağda yaşayan erməniləri maliyyələşdirmək niyyəti faktiki olaraq müharibə elanı sayıla bilər. Dövlətlərarası münasibətlər məcmusunun və beynəlxalq hüququn çox kobud pozuntusu olan bu qərar bir dövlətin başqa dövlət ərazisindəki separatizmə üz tutmuş müəyyən vətəndaş qrupunu maliyyələşdirməsi deməkdir. İrəvanın ayırdığı vəsaitin total şəkildə inşaata, yol tikintisinə və ya kommunal xərclərə sərf olunmasını düşünmək sadəlövhlükdür. Çünki sözügedən məbləğin, yəni 355 milyon dolların əhəmiyyətli qisminin Qarabağdakı ermənilərə silah-sursat göndərilməsi üçün nəzərdə tutulması şübhə doğurmur.(Milli.az)  Belə də, İrəvanla Xankəndi arasında hazırda humanitar dəhliz olan Laçın yolunun qapadılması gündəmə gələ bilər. Həmin nəqliyyat dəhlizində indi fəaliyyətdə olan Rusiya sülhməramlı kontingentinin səlahiyyətlərini necə icra etməsi bəllidir. İkinci Qarabağ müharibəsi başa çatandan bəri Laçın dəhlizi ilə Ermənistandan Xankəndinə hərbçilər, silah, sursat, xüsusilə də piyada və tank əleyhinə minalar daşınıb. Ermənistan Qarabağ bölgəsinə maliyyə vəsaiti ayırmaqla sülh prosesində imitasiya etdiyini etiraf edir. Əgər İrəvan Qarabağ ermənilərinə “Bakı ilə danışsınlar” mesajı verirsə, bu həm də o deməkdir ki, onların maliyyələşməsindən də imtina etməlidirlər. Bu maliyyəni Azərbaycan qanunlarının işlədiyi andan hər bir erməni alacaq.

Babaoğlu hesab
YAP-çı deputat Hikmət Babaoğlu hesab edir ki, belə davam edərsə, Azərbaycan qəti addımlar atacaq: “Ermənistanın 2023-cü il dövlət büdcəsindən Azərbaycanın Qarabağ İqtisadi rayonunda yaşayan erməni əsilli icmaya 355 milyon dollar ayırması beynəlxalq hüququn pozulması və maliyyə cinayətidir. Eyni zamanda oktyabrın 30-da Xankəndidə Azərbaycanın müstəqilliyi və suverenliyinə qarşı şüarlar səsləndirən təxribatçı separatçıların dəstəklənməsidir. Ermənistanın maliyyə naziri Tiqran Xaçatryanın bu dəstəyin davam etdiriləcəyi ilə bağlı səsləndirdiyi fikirlər isə Ermənistan hökumətinin qonşu ölkə ərazisində yaşayan erməni əsilli icma nümayəndələrinin etnik separatçılığa təşviq edilməsinin etirafıdır. Ona görə də Azərbaycan bunun qarşısının alınması barədə düşünməlidir. Çünki bu cür mövqe iki ildir davam edən postmüharibə dövründə sülhün əldə edilməsinə mane olan əsas səbəblərdən biridir. Əgər belə davam edərsə, Azərbaycan bir sıra qəti addımlar atmağa məcbur olacaq. Bunlardan ən təsirlisi, şübhəsiz, Laçın yolunda nəzarət-keçid məntəqəsinin yaradılması ola bilər. Ancaq nəzərə almaq lazımdır ki, bu, sadəcə, Ermənistanla Azərbaycan arasında olan kommunikasiyalardan biridir. Azərbaycan digər kommunikasiyaları da məhdudlaşdıra bilər. Məsələn, Ermənistandan ərazimizə qeyri-qanuni daxil olan enerji kommunikasiyalarını kəsə bilər. Yəqin ki, alternativ təminat kommunikasiyaları hazır olduqda bunu edəcəyik. Hələliksə Azərbaycan humanist mövqedən çıxış edərək sülh gündəmi müəyyən edir. Ancaq bütün bunlara rəğmən Ermənistan bu fürsəti qiymətləndirə bilməsə, bir azdan maliyyə vəsaiti ayırmaq üçün Azərbaycanda erməni tapmaya bilər”.
Asif Nərimanlı: "Bu, vəziyyəti yenidən gərginləşdirə bilər"
Asif Nərimanlı
Siyasi analitik Asif Nərimanlının fikrincə, Ermənistanın Xankəndidəki separatçılara maliyyə yardımı ayırmasının hədəfləri var: “Birincisi, İrəvan Azərbaycanla danışıqlarda Qarabağ kartını rıçaq olaraq əlində saxlamaq və digər məsələlərdə, xüsusilə kommunikasiya və sərhəd məsələsində istifadə etmək niyyətindədir. İkincisi, Azərbaycanın ərazi bütövlüyünü tanıdıqdan sonra Qarabağda qalan ermənilərin qondarma "öz müqəddəratını təyinetmə" məsələsinin aktuallığını qorumaq, məsələni “etnik amilə” çevirməkdir. Bu amil göstərir ki, Ermənistan sülh prosesində səmimi deyil. Lakin fikrimcə, bütün bu proseslərdən xəbərdar olan Bakının öz hədəfi var. Azərbaycan sülh müqaviləsinin imzalanması ilə Qarabağı tamamilə daxili məsələmizə çevirəcək. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdıqdan sonra İrəvanın Xankəndinə hər hansı bir yardımının qarşısı alınacaq. Çünki Qarabağda qalan ermənilər ya Azərbaycan vətəndaşı olacaqlar, ya da separatçı olaraq tanınacaqlar. Ermənistanın oyundan çıxarılması və separatçılara maliyyənin kəsilməsi Qarabağda Azərbaycan hakimiyyətinin qəbul edilməsi prosesini sürətləndirə bilər. Faktiki olaraq, orada qalan ermənilərin həyatı İrəvanın ayırdığı pullar hesabına təmin edilir, Rusiya müəyyən qədər maliyyə ayırsa da, yaxud erməni milyarderlər ianələr versə də, bununla gələcək qurmaq mümkün deyil. “Sülh müqaviləsi”ndən sonra Ermənistanın maliyyəsinin, ümumiyyətlə, Qarabağla əlaqələrinin kəsilməsi istiqamətində addımlar ata bilərik. Bu addımların nəticəsi olaraq, təminatsız qalan ermənilər Azərbaycan vətəndaşlığını daha tez qəbul edə bilər. Çünki nə separatçı rejimin, nə də Rusiyanın onların təminatını sona qədər həyata keçirməsi çətindir. Zamanla oradakı ermənilər Rusiya üçün də yükə çevriləcəklər".
Təhminə - Kənan Novruzov yazır
Kənan Novruzov
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov bu fikirləri gözlənilən sayır: “Ermənistan baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putinin görüşündən və ya üçtərəfli təmaslardan sonra adətən belə destruktiv məlumatlar yayılır, yaxud təxribatlar baş verir. Bu mənada Xaçatryanın fikirləri əslində təəccüblü deyil. Əksinə, gözlənilən idi. Kimsə iddia edə bilməz ki, bu, Putinin Paşinyana verdiyi tapşırığın tərkib hissəsi deyil. Xaçatryan rəsmi İrəvanı təmsil edir. Bu isə o deməkdir ki, Ermənistan hərbi-siyasi hakimiyyətində ikitirəlik var. Çünki dediyiniz kimi, daha əvvəl Paşinyan, Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan bildirmişdilər ki, bu ilin sonuna kimi Azərbaycanla yekun sülh müqaviləsi imzalana bilər. Yaxşı, əgər yekun sülh müqaviləsi imzalanacaqsa, Xankəndinə maliyyə vəsaiti ayırmaq nəyə hesablanıb? Bəlkə də qarşı tərəf Xankəndinin Ermənistanda qalacağını düşünür və indidən buna zəmin yaradır. Lakin şərt aydındır: Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Xankəndi isə Azərbaycanın suveren bir hissəsidir. Yaxın gələcəkdə Ermənistan rəsmilərinin Xankəndi ilə bağlı sərsəm bəyanatları təkrarlaması istisna deyil. Qeyd etdiyim kimi, onlar bu yolla ictimai şüur formalaşdırmaq istəyə bilərlər. Lakin bu, mənasızdır. Belə məkrli açıqlamalar Ermənistan iqtidarının onsuz da çətin olan vəziyyətini daha da mürəkkəbləşdirir. Xankəndi müzakirə mövzusu deyil, olmamalıdır. Əgər Ermənistan Xankəndini müzakirə masasına çıxarmaq istəyirsə, biz nəinki Laçın dəhlizini bağlaya, həm də növbəti antiterror əməliyyatına başlaya bilərik”./“Yeni Müsavat”/скачать dle 12.1