Bia.Az

1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində dövlətin pulu belə hesablanır - Emin Əmrullayevin nəzərinə

Fakt
 29-04-2021, 15:39     412

Redaksiyamıza Təhsil Nazirliyinin 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi ilə bağlı ilginc məlumatlar daxil olub. Məlumatlarda Mərkəzin maliyyə hesablaşmalarından, dövlət satınalmalarından, Mərkəzin fəaliyyət dairəsində olan təhsil müəssisələrində dərs bölgüsündə müəllimlərin (Xüsusi ilə yaşı 65-dən yuxarı olan) diaqnostik qiymətləndirmə ballarının nə dərəcədə nəzərə alınmasından və s. bəhs olunur...

ZƏRURİ QEYD: 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi Mərkəzləşdirilmiş maliyyələşdirilməyə mərhələlərlə keçirilməni təmin etmək məqsədilə 2016-cı ilin yanvarın 1-dən Sumqayıt şəhərində Sumqayıt şəhəri, Abşeron, Xızı, Qubadlı, Şuşa və Zəngilan rayonları əhatə olunmaqla yaradılıb. Məqsəd isə "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli Fərmanının 12-ci və 13-cü bəndlərinə əsasən təhsil sahəsində maliyyə və inzibati resursların idarə edilməsini təkmilləşdirmək və mərkəzləşdirilmiş maliyyələşdirilməyə mərhələlərlə keçmək olub...

***

Beş ildən artıqdır ki, fəaliyyətdə olan 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin maliyyə hesablaşması ilə bağlı həm ictimai arenanın, həm də aidiyyatı dövlət orqanlarının diqqətini çəkəcək maraqlı bir fakt: Bu Mərkəz təhsil müəssisələrində deratizasiya, dezinseksiya və dezinfeksiya işlərinin görülməsi ilə bağlı 14.04.2021-ci il tarixdə tender elan edir. Amma nədənsə bitmə tarixi 31.12.2021-ci il olan müsabiqə baş tutmur... Cəmi beş gün sonra-19.04.2021-ci ildə 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi "AVRO DEZİNFEKSİYA" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə dəyəri nə az, nə çox-140000 manat olan müqavilə bağlayır(?)

Bu işlərin alınması barədə məlumat dövlət satınalma portalı vasitəsilə ictimaiyyətə açıqlanıb. Amma,... 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi bu tələbat və satınalmalarda bir mənbədən istifadə edilməsi metodunun səbəbləri barədə məlumat vermir(?)

1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi həm də görüləcək işlərin həcmini açıqlamır(?) Qısası, Mərkəz bu müqavilə və görüləcək işlərlə bağlı məlumatları gizlin saxlayıb... Baxmayaraq ki, dövlət qurumu olaraq büdcə vəsaitinin xərclənməsində şəffaflığı təmin etmək, ölkə ictiamiyyətinə dəqiq, dolğun məlumat vermək bu dövlət strukturunun da vəzifə borclarından biridir...

***

Ekspertlərin, millət vəkillərinin və müxtəlif iş adamlarının bu mövzudakı tənqidi yanaşmalarına mediada tez-tez rast gəlinir. Büdcə vəsaitinin xərclənməsi ilə bağlı cənab prezidentin də, baş nazirin də iradları və tövsiyələri də unudulası deyil... Xüsusi ilə ölkəmizin indiki məlum maliyyə-iqtisadi durumunda bu məsələ dövlət yetkililərinin məsuliyyətini birə beş artırmış olmalıdır.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2002-ci il tarixli, 668 saylı Fərmanı ilə qüvvəyə minmiş “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən 5000 manatadək olan satınalmalar müqavilə, 5000-50000 manat arası satınalmalar kotirovka sorğusu metodu, qiyməti 50000 manatdan çox olan işlərin, malların və xidmətlərin satınalınması istisna yoxdursa, açıq tender üsulu ilə həyata keçirilir...

Elə isə sual olunur, 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi nədən bu qanunu “unudub”? 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin əhatə dairəsində olan təhsil müəssisələri üçün bu işlərin alınması nə dərəcədə təcili və əhəmiyyətlidir ki, açıq tender olmadan hansısa şirkətlə birbaşa müqavilə bağlansın? Burada hansı bir istisna mümkündür ki?

Bildiyimiz qədəri ilə bütün dövlət strukturlarında olduğu kimi 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi də hər il növbəti ilin proqnozunu hazırlamalıdır və güman ki, belə də, var. Yəni bu təhsil müəssisələrində vaxtaşırı dezinfeksiya işlərinin görüləcəyi gözləniləndir. Və bir il əvvəldən proqnozlaşdırılmalıdır. Nəzərə alsaq ki, bir ildən artıqdır ki, ölkədə COVİD 19-la bağlı pandemiya hökm sürür, onda 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi qabaqcadan-aylar, hətta bir il öncə-dezinfeksiya işlərini proqnozlaşdırmalı və gərəkən ehtiyatını əldə etməli idi. Başqa sözlə 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin "AVRO DEZİNFEKSİYA" MMC ilə dezinfeksiya işləri ilə bağlı “qaçaraq” müqavilə bağlaması yumşaq desək anlaşılan deyil...

Biz belə bir anlaşılmazlığın hansı səbəbdən doğması və digər faktorlara aydınlıq gətirilməsi məqsədi ilə 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi hörmətli Elxan Süleymanova sorğu ünvanladıq. Elxan müəllim ilk gün sorğumuzu cavablandıracaqlarını desə də, sonrakı günlərdə məktubumuzu Təhsil Nazirliyinə göndərdiklərini və özlərinin cavab verməyəcəklərini bildirdi(?)

Təhsil Nazirliyi demişkən, yenixeber.org-a daxil olan məlumata görə 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzində maliyyə əməliyyatları Elxan müəllimin nazirlikdə şöbə müdiri işləyən yaxın qohumunun birbaşa rəhbərliyi ilə gerçəkləşir. Hətta cənab Süleymanovun bu vəzifəyə təyinatının da həmin qohumunun sayəsində baş tutduğu deyilir... (Hələlik bu şəxsin adını açıqlamağı uyğun bilmirik. Red.)

***

Emin Əmrullayevin təhsil naziri təyinatından doqquz ay ötür. Bu bir o qədər böyük zaman olmasa da, hansısa problemlərin həlli istiqamətində real addımların atılması üçün az müddət də deyil. Ölkə təhsilinin bu sferasında (Büdcə vəsaitinin xərclənməsi və dərs bölgüsündə diaqnostik qiymətləndirmə ballarının nəzərə alınması) köhnə, həm də kifayət qədər ciddi problemlər olduğu kimi qalmaqdadır. Təəssüf ki,...

***

Hələlik geniş yaza bilmədiyimiz məlumatlarla bağlı digər tərəf-"AVRO DEZİNFEKSİYA" MMC ilə də əlaqə yaratmaq cəhdlərimiz nəticəsiz oldu. Səbəb isə bu qədər dövlət vəsaitinə iddialı bir şirkətin inernet üzərindən heç bir əlaqə kordinatının olmamasıdır(?) Ümüd edək ki, qarşıdakı günlərdə hər iki tərəf 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin fəaliyyət dairəsində olan təhsil müəssisələrində dezinfeksiya işlərinin detallarına aydınlıq gətirəcəklər.
//yenixeber.org//скачать dle 12.1