Bia.Az

Şuşadan dünyaya mesajlar: Niyə ona bu qədər güvənirik...

Gündəm
 Dünən, 09:20     150

Onu yenidənmi kəşf etdim?

Bir insanı illərlə izləyirsən, çıxışlarını dinləyirsən, fəaliyyətini müşahidə edirsən, haqqında yazılar, təhlillər yazırsan, amma elə bir məqam gəlir ki...
Mənimçün o unudulmaz məqam, an IV Şuşa Qlobal Media Forumunda yaşandı...
Forumda Prezident İlham Əliyevin müxtəlif ölkələrdən gələn jurnalistlərlə açıq dialoqu, zənnimcə, sadəcə növbəti mətbuat konfransı deyildi. Bu, Azərbaycanın dövlət başçısının siyasi təfəkkürünün, dövlət idarəçiliyi fəlsəfəsinin, yüksək diplomatik məharətinin və şəxsi xarakterinin nümayişi idi...
Şuşa - yalnız işğaldan azad edilmiş coğrafi ərazi deyil. O, Azərbaycanın siyasi özünəinamının, milli qürurunun və gələcəyə baxışının simvoludur. Buna görə də bu müqəddəs məkanda səslənən hər bir fikir, verilən hər bir mesaj qlobal miqyasda rezonans doğurur.
Konfrans boyunca diqqətimi çəkən ilk məqam Prezident İlham Əliyevin heç bir mövzu və sualdan yayınmaması idi. Regional təhlükəsizlik və Cənubi Qafqazın gələcəyi, Ermənistanla münasibətlər və Zəngəzur dəhlizi, İran, Rusiya, ABŞ və Avropa Birliyi ilə balanslaşdırılmış əlaqələr, Türk dünyasının birliyi və enerji təhlükəsizliyi, COP29-un tarixi irsi, media və süni intellektin gələcəyi və s. kimi müxtəlif mövzular müzakirə olundu.
Ən həssas, mürəkkəb və bəzən də məqsədli/hədəfli suallar belə cavabsız buraxılmadı. Bu rahatlığın və təmkinin arxasında dayanan tək səbəb uzun illərin siyasi təcrübəsi deyildi; bu, öz arqumentlərinə, dövlətinin haqlı mövqeyinə və həyata keçirdiyi müstəqil siyasətə sarsılmaz inamın təzahürü idi.
Prezident İlham Əliyevin cavablarında hiss olunan ən güclü xüsusiyyət böyük inam və dərin məntiq idi. O, emosiyalarla deyil, faktlarla danışırdı. Tarixi hadisələri səbəb-nəticə əlaqəsi ilə izah edir, beynəlxalq hüquqa istinad edir, arqumentlərini konkret nümunələrlə əsaslandırırdı. Hətta ən tənqidi tezisləri belə siyasi nəzakət çərçivəsində, lakin soyuq məntiqlə darmadağın edirdi. Emosiyalar dinləyicini bir anlıq təsirləndirə bilər, lakin yalnız dəmir məntiq və təkzibolunmaz faktlar insanı inandırır. Məhz buna görə də onun cavabları dərin siyasi təhlilin məntiqi nəticəsi idi.
Prezident İlham Əliyevin siyasi portretini formalaşdıran ən mühüm cizgilərdən biri milli maraqlara bağlılığıdır. Bir həqiqət özünü növbəti dəfə aydın göstərdi: onun xarici siyasətinin mərkəzində dayanan güc hər hansı bir geosiyasi qütb deyil, məhz müstəqil Azərbaycan dövlətidir. Dostluqlar da, tərəfdaşlıqlar da, qlobal enerji layihələri də yalnız milli maraqlar prizmasından qiymətləndirilir. Məhz bu fundamental prinsip Azərbaycanın həm Şərq, həm Qərb, həm Türk dünyası, həm də İslam aləmi ilə eyni vaxtda bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qura bilməsinin əsasını təşkil edir. Şuşadakı bəyanatlar göstərdi ki, bu xətt situativ maraqların deyil, illərlə formalaşmış və sınaqdan çıxmış strateji baxışın nəticəsidir.
Dövlət başçısının digər diqqətçəkən xüsusiyyəti isə mövzulara dərindən hakim olması və heyranedici yaddaşı idi. Tarixi faktlar, beynəlxalq sənədlərin bəndləri, müxtəlif liderlərin illər öncə səsləndirdiyi bəyanatlar, rəqəmlər və statistik göstəricilər... O, bütün bunları heç bir qeydə və ya qarşısındakı vərəqə baxmadan, heyrətamiz ardıcıllıqla sadalayırdı.
Eyni zamanda, onun jurnalistlərlə ünsiyyət tərzi də xüsusi qeyd olunmalıdır. Sualın hansı ölkənin nümayəndəsi tərəfindən verilməsindən asılı olmayaraq, Prezident hər kəsə eyni hörmətlə yanaşırdı. O, nə xoşuna gələn suallarda xüsusi bir məmnunluq nümayiş etdirir, nə də məqsədli suallardan narahat olurdu. Əksinə, ən qalmaqallı sualları belə Azərbaycanın həqiqətlərini dünyaya çatdırmaq üçün fürsətə çevirirdi.
Ən unudulmaz anlar isə rəsmi hissə başa çatdıqdan sonra yaşandı. Adətən belə tədbirlərdə dövlət başçıları çıxışlarını bitirən kimi zalı tərk edirlər. İlham Əliyev isə protokolları, rəsmiyyəti kənara qoyaraq jurnalistlərin yanına gəldi. Onlarla səmimi söhbət etdi, hər birini dinlədi və xatirə şəkilləri çəkdirdi, jurnalistlərlə aradakı “rəsmi məsafə”ni tamamilə aradan qaldırdı.
Mətbuat konfranslarında sualları cavablandırmaq dövlət başçısının missiyasıdır. Lakin tədbir bitdikdən sonra insanlara vaxt ayırmaq, onların təəssüratını dinləmək artıq şəxsiyyətin ucalığından və səmimiyyətindən xəbər verir.
Onun nitqində tez-tez səslənən "Azərbaycan", "xalqımız", "biz" kəlmələri təsadüfi işlənmir. Bu, özünü hadisələrin fövqündə görən bir liderin deyil, öz taleyini və mövcudluğunu rəhbərlik etdiyi ölkənin taleyi ilə tamamilə eyniləşdirən əsl dövlət adamının düşüncə tərzidir.
Şuşadan danışarkən isə onun gözlərində və səsində tamam başqa bir ovqat hiss olunurdu. Səsindəki qürur, gözlərindəki işıq və şəhərin bərpasından bəhs edərkən duyulan xüsusi həssaslıq göstərirdi ki, Şuşa onun üçün sadəcə xəritədəki bir nöqtə deyil. Bu şəhər onun ömrünün, siyasi fəaliyyətinin və tarixi missiyasının tacıdır. Yenidən ucalan minarələr, bərpa edilən küçələr, yeni tikilən məktəblər haqqında danışarkən, sanki öz doğma evindən, illər sonra qovuşduğu yurdundan bəhs edən bir insanın sevgisi hiss olunurdu...
IV Şuşa Qlobal Media Forumu bir daha sübut etdi ki, Prezident İlham Əliyev şəxsiyyəti yalnız diplomatik uğurların və ya iqtisadi göstəricilərin quru cəmindən ibarət deyil. Bu portretin təməlində strateji düşüncə, intellektual hazırlıq, milli maraqlara sədaqət, siyasi cəsarət, faktlara söykənən ardıcıllıq və sarsılmaz təmkin dayanır.
Həmin gün Şuşada təkcə jurnalistlərin sualları cavablandırılmadı. Həmin gün dünyaya Azərbaycanın necə düşündüyü, hansı prinsiplərlə hərəkət etdiyi və gələcəyi necə layihələndirdiyi nümayiş olundu. Və bir daha aydın oldu ki, güclü lider təkcə qəbul etdiyi qərarlarla deyil, insanlarda yaratdığı etimad, ünsiyyətindəki səmimiyyət və davranışındakı təvazökarlıqla ürəklərdə taxt qurur...
Mən bir azərbaycanlı olaraq həmin gün Şuşada bir daha dərindən anladım ki:
- biz öz Liderimizi niyə bu qədər çox sevirik...
- niyə Ona bu qədər güvənirik...
- və məşhur həmkarımız Qordon niyə İlham Əliyev kimi lideri olduğuna görə Azərbaycan xalqını şanslı sayır...скачать dle 12.1