Putinlə bağlı proqnoz Rusiyanı heyrətə gətirdi: İki tarix verildi
Rusiya Prezidenti Vladimir Putinin yaxın aylarda hakimiyyətdən gedəcəyi ilə bağlı iddialar yenidən gündəmə gəlib. Bu dəfə müzakirələrə səbəb Ukraynalı astroloqun səsləndirdiyi proqnozlar olub. O, Putinin hakimiyyətinin sonunun yaxınlaşdığını, Rusiyada ümumi səfərbərliyin Kremlin süqutunu sürətləndirəcəyini və Ukrayna müharibəsində dönüş nöqtəsinin yaxınlaşdığını iddia edib.
Müharibənin taleyi ilə bağlı belə proqnozların məhz hərbi və diplomatik proseslərin intensivləşdiyi bir dövrdə gündəmə gətirilməsi isə müxtəlif suallar doğurur.
Bu cür açıqlamalar sadəcə fərdi mülahizədir, yoxsa Rusiya cəmiyyətinə və siyasi elitasına psixoloji təsir göstərməyə hesablanmış informasiya müharibəsinin tərkib hissəsidir?
"Bakupost" xəbər verir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Cavanşir Abbaslı liderlər ətrafında vaxtaşırı müxtəlif iddiaların, proqnozların və sensasion xəbərlərin yayılması yeni hal olmadığını bildirib:
“Bu cür məlumatlar, adətən, həmin ölkələrin ictimai rəyinə təsir göstərmək, cəmiyyətdə çaşqınlıq yaratmaq üçün informasiya müharibəsinin tərkib hissəsi kimi istifadə olunur. Vladimir Putinlə bağlı da son illərdə dəfələrlə oxşar iddialar irəli sürülüb. Lakin indiyədək səsləndirilən proqnozların heç biri öz təsdiqini tapmayıb.
Hazırda Rusiya-Ukrayna müharibəsi fonunda informasiya savaşı da ən az hərbi əməliyyatlar qədər intensiv şəkildə davam edir. Müxtəlif şəxslərin dilindən səsləndirilən belə bəyanatlar da məhz bu informasiya mübarizəsinin elementlərindən biridir. Ona görə də bu tip iddialara həddindən artıq ciddi yanaşmağın doğru olmadığını düşünürəm.
Rusiyanın daxilində vəziyyətə nəzər saldıqda görünür ki, müharibənin başlanğıcından bu günə qədər hakimiyyət daxilində ciddi parçalanma müşahidə olunmayıb. Eyni zamanda, cəmiyyətin əhəmiyyətli hissəsinin müharibəyə dəstək verməsi Kremlin hələ də müəyyən daxili birliyi qoruyub saxladığını göstərir. Bu birliyin nə qədər davam edəcəyini isə yalnız zaman göstərəcək”.
Siyasi şərçi bildirib ki, sözügedən astroloq 16-17 iyul tarixləri ilə bağlı da müxtəlif iddialar səsləndirib:
“Halbuki 2022-ci ilin fevralından bəri buna bənzər saysız-hesabsız tarixlər göstərilib, müxtəlif ssenarilər irəli sürülüb. Lakin nə müharibə dayanıb, nə də səsləndirilən proqnozlar gerçəkləşib. Böyük ehtimalla, bu iddialar da qısa müddət sonra gündəmdən çıxacaq və onların yerini yeni sensasion fikirlər tutacaq.
Mən bu tip şəxslərin nə belə mövzuda, nə də digər məsələlərdə səsləndirdiyi proqnozlara ciddi yanaşıram. Bunlar daha çox fərziyyələr və diqqət çəkməyə hesablanmış iddialardır. Uzun müddətdir davam edən bu müharibə təkcə iki ölkəyə deyil, bütün dünyaya siyasi, iqtisadi və humanitar baxımdan ciddi təsir göstərib. Müharibənin sona çatması həm Azərbaycanın yerləşdiyi regionda, həm də qlobal miqyasda sabitliyin və əməkdaşlığın güclənməsinə, müsbət dəyişikliklərin baş verməsinə şərait yarada bilər”.










