Bia.Az

Göylərdə ayaqyalın ruhum səni axtarır... - Ədalət Qarabuludun yeni şeirləri

Ədəbiyyat
 10-06-2025, 01:25     1 505

Sənin səssizliyinə doğru...

Min ildi, milyon ildi,
uçurumun qulağında
bir dua kimi dayanmışam —
nəfəsim Tanrının
adını pıçıldayır,
səssizliyini oyatmamaq üçün
səssiz danışıram.
Göylərdə ayaqyalın
ruhum səni axtarır,
küləklər yorulub yolumda,
dağlar ayaqlarım altına
sükutla sərilib,
çünki bilir,
yolun sonu Sənsən.
Qaçıram sənə sarı —
daşlar yumşalır,
göy üzündə izim görünür,
qara buludlar mənimlə danışır,
"o gəlir" — deyə pıcıldayır
mələklərə.
Ayaqlarım sevinir,
sanki torpaqla danışır,
onun dərinliyində gizlənmiş
min illik dualar
ayaqlarımın izində
cavab tapır.
Allah, bu necə çağırışdır?
Hər nəfəsdə adın var,
hər daşda izin,
hər yerdə sən!
Yolum sevinir,
çünki yol da bilir ki,
bu gedən öz evinə dönür.
Ruhum, səfərdən qayıdan bir quş kimi
qanadlanır,
heç toxunmadan
uçurumun üzərindən süzür.
Hər səhər,
sənin göyünə mismarlanıram —
ruhumun çarmıxında
sənin adına qurban verirəm
sözlərimi.
Dincəlirəm...
baxışlarımda sükut var,
bu sükutda sən danışırsan.
Hər göz yaşı bir ayə,
hər ağrı bir dua,
hər ah bir səcdə olur.
Qolum sevinir,
çünki artıq daş daşımır, yox
qolu sevindirmək
yalnız sənə sarılmaqla mümkün...
Allahım,
məni bu yoldan ayırma,
qoy sənin qapına aparsın- 
orda yanım, donum, üşüdüm...
Qoy bu sükutda,
səni lap yaxından eşidim...

Səssiz ölüm...

(Şair Vəli Dərvşə)

Artıq sükut da danışır,
amma eşidən yox...
Çünki qulaqlar da satılıb —
bir az rütbəyə,
bir az quzu ətinə,
bir az da kimlərinsə yalancı şöhrətinə...

Qələm qana batmır daha,
sadəcə imza atır –
əmrə, qərara, fərmana.
Vicdanı bahalı kostyumla dəyişən
dövlət masasından
bir stəkan çay içir,

hökm eləyir cahana...

Özü yerin, ədası göyün olur
unutduğu bütün həqiqətlər
boğazında düyün olur.

Nə oldu o dağlara ki,
Koroğlunun nalası ucalardı?
Nə oldu o dodaqlara ki,
Nəsimi “ənəl-Həqq” deyəndə
cild-cild dərilər soyulardu,
amma söz — soyulmazdı!

İndi dərimiz toxdu,
ruhumuz çılpaq.
Şairlər sağdır...
amma sükut içində
nəfəs ala bilmir.

Həqiqət — bir vaxtlar meydan idi,
indi kabinetdə məhbus.
Gözlər pəncərəyə yox,
telefon ekranına dikilib.
Tarixin kölgəsində
özünə bənzəməyən bir xalq
selfi çəkir
babalarının məzar daşları önündə.

Ey Nəsimi!
Dərini soydular,
sözünü yox!
Amma bu gün
sözsüz dəri daşıyanlar
səni oxuyur sinələrində,
amma oxumurlar yolunu.

Ey Xətai!
İndi tacı olan səndən utanar,
taxtı olan səndən gizlənər.
Çünki şeirin sərkərdə idi,
indisə sətiraltı təbliğat.
Şeir susanda
millət danışmaz.
Tarix lal olur,
qəbirdaşları da utanc içində
səssizcə çatlayar.

Bir millət ki,
dilini unutdu,
o millət
əvvəl ruhunu itirər,
sonra adını.

Var-dövlət uğrunda
qaranlıqda gözünü itirənlər,
vicdanı saxta ordenə dəyişənlər —
nə Tanrıya yaxın,
nə xalqa layiqdir.

Bəzən bir söz
bir döyüşə bərabərdir.
Bəzən bir şair
bir milləti dirildir.
Amma indi
şairləri güllələmirlər —
çünki
onlar özləri
sözü qətlə yetirir.

Daha misralardan qan iyi gəlmir,
qanad da acmır...
Söz — yerə düşüb,
üstündən alqışlarla keçir
ayaq səsləri.

 Bu da yazılsın o sözün başdaşına:
“Burada bir zamanlar
həqiqət yatırdı.
İndi isə... 

yüz ilin ölüsü...”


Bu da bir ölümdü, qardaş...

Ağrım-acım içimdə dərin,
soyum-köküm
min ilin sızıltısıyla danışır mənə.
Yaralarım göyüm-göyüm çiçək açır —
göy üzündə deyil,
yerin altında,
bir məzar başında,
ana göz yaşının düşdüyü torpaqda...
Qəm ağacı bitirməz bu yer,
çünki onun kökü od içində,
gövdəsi sükut,
yarpaqları dua.
Bu da bir ölümdü, qardaş —
qışqırıq deyil,
dan yerinin susqunluğu kimi
qəfil,
ağır,
ucalıqla iç-içə.
Tanrıdan yuxarı,
göydən yuxarı
bir yerdə durur adın,
şəhidlik deyirlər ona —
biz isə
müqəddəslik deyirik.
Qanlı göynəyini çıxarıb
bayraq kimi yelləyəcəyəm
dağ başında.
Qoy o bayraq
küləyə öz dərdini danışsın,
qoy öyrənsin bu torpaq
azadlıq necə qazanılır.
Sən gedəndən bəri
göy daha mavi deyil,
dağlar daha qururlu,
çaylar daha səssiz.
Çünki sən bir cümlə idin —
yazılmayan,
çoxlarının anlamadığı,
bizim isə ürəyimizə həkk etdiyimiz.
Bir mərmi düşəndə səngərə,
sən düşürdün torpağa —
torpaq bir and içdi o gün:
"Unutmaram səni..."
Şəhid ruhu
çiçəklərin üzərində oturur indi,
o çiçəkləri qoparan külək
əllərini yandırar,
çünki onlar
qanınla sulanıb.
Bu yollardan keçən hər kəs
əvvəl baş əyər,
sonra düşünər:
“Bəs mən nə etmişəm?”
Bir silah, bir dua, bir vətən.
Vətənin gül açması üçün
özünü torpağa çevirdin.
Uşaqlar səni rəngləyir indi —
qırmızı, yaşıl, mavi...
Amma ən çox
qələm titrəyir əllərində,
çünki hər rəngdə
bir ölüm yatır.
Bu da bir ölümdü, qardaş —
amma ölüm deyil əslində.
Bu — həyatın
ən uca nöqtəsidi,
ölçülə bilməz heykəllərlə,
yazıla bilməz dərsliklərə.
Bizi qoruyan səssizlik var indi
adının altında.
Bütün dualar,
bütün bayraqlar,
bütün sükutlar səni anır.
Gözlərimizi yumanda
görürük səni —
başımızın üstündə deyil,
ürəyimizin içində.
Sən torpağa yox,
tarixə gömüldün,
bir Tanrı bicimində...

Ədalət Qarabulud

BİA.az
скачать dle 12.1