OKTAY ŞAMİL - KİÇİCİK BİOQRAFİYAMA BƏZİ İRİ PROYEKSİYALAR (tərcümeyi-hal əvəzi)

Mən avam azərbaycanlı, fəqir Oktay Şamil 1943-cü ilin oktyabrında hələlik Şamaxı rayonu sayılan Sanqalan dağının ətəyindəki Bico kəndində dünyaya göz açdım. 4 ay 14 gün qeydiyyatsız (havada!) qaldım. Sonra yenicə yaradılan Ağsu rayonunda qeydə alındım.
Uşaqlıq və yeniyetməlik çağlarım dağ döşündə keçdi. Sərin bulaqlardan su içdim. Bərkə-boşa düşdüm, hamını sınadım və dünyaya bu yersiz gəlişimi qınadım.
Gəlib nə gətirdim bu dünyaya mən,
Dünyada elə bil yamaq kimiyəm.
Beynim yorğun düşüb düşüncələrdən,
Fikrimin qoynunda yumaq kimiyəm.
Dağlar danışmayır, dərələr susur,
Onların qəlbinin dağı var axı.
Dağlardan gəlmədir bəlkə bu qüsur,
Dərdli olanların belə susmağı...
“Sanqalan”-“sak qala”, “Bico” peçoy-hun tayfalarıdı. “Bico” adına Türkiyədə də (doğu üzündə) rast gələ bilərsiniz. Ağsu-Şamaxı-Bakı magistralından kənarda, Bakı-Qazax-Tiflis dəmir yolundan 50 km-lik məsafədə, əyalət dərinliyində böyüdüyümə yalanı ayırıb ayırd edə bilməmişəm. Demə böyük şəhərlərdə, meqapolislərdə yaxşılıq edən ona görə edirmiş on qat əvəzini qazansın. Siqaretini bir dəfə yandıran 10 əvəzini gözləyirmiş. İpiqırıq alverçi bazar adamları hər yerdə məni aldadıblar.
II qan qrupuma görədi bəlkə, bilmirəm, heç zaman birinciliyə can atmamışam.
O il kamal attestatını bizə gec verdilər. Bekar qalmayım deyə 2 illik ticarət məktəbini oxuyub bitirdim. Amma heç kəsi aldatmadım, heç nəyi satmadım. Bir kimsəyə atmadım.
Hər yerdə gözəllik vurğunu oldum. Böyük şairimiz Məhəmməd Hadi demişkən, “Lakin uzaqdan!..”. Məncə, bütün bu gözəlliklərin fövqündə qadın gözəlliyidi. Dünyanı rəngdən rəngə salan, əlvan boyalarla boyayan qadınlardı. Avtobusda, metroda ayağa qalxıb yer vermə ənənəsi ədəbdən olduğu qədər də gözəlliyə təzim əlamətidir.
Dumanlı-çiskinli bir aprel havasında o gün “pilotsuz süni intellekt” düşüncələrimlə başılovlu evə qayıdarkən başı kapşonlu bir qızcığazla qarşılaşdım. Dünyadan xəbərsiz, etinasız bu uşaq özünün (sonsuz və intihasız) öz gözəllik poeziyasını yaşamaqdaydı. O ilahi qaş-göz, çiskinli havadan islanan o almacıqlı yanaqlar, azca aralı tər dodaqlar sanki səmalarda sevgi nəğmələri oxumaqdaydı. Qınamayın, o gözəllik bu yaşımda məni lal etdi, halbahal etdi, daş pillələri enəndə əlimdən tutdu yıxılmayım, ötüb getdi. Sonra aramızdakı dəniz uzunu məsafəni anladım, öz özümü uşaq kimi qabağıma qoyub danladım. Daxilən amma bu misranı pıçıldadım. “Ayrılıq bir dənizmiş, sən uzaq, yaşıl ada”!.. “Sevgimiz elə bu qədərmiş, Məhəbbət qürbətə gedərmiş...”. Bu dünyanı “tərəzi bürcündə” tərsinə görən a avam, bilmirsənmi, bu yaşda qızcığazların hamısı qundaq körpəsi kimi gözəldi.
Həyatımız bəzən təsadüfdən qurulur. İndi oturub fikirləşirəm, o zaman mən o qıza rast gəlməsəydim, sevgi şeirləri yazıb həqiqi iztirab yoluna düşməsəydim, mərhum Vidadi Paşayev bir şeirimi AzTv-də o vaxt şöbə müdiri işləyən, hamının xeyirxahı Anara təqdim edib məni Anarla tanış etməsəydi və Anar da həmin yazını aparıb atası Rəsul Rzaya göstərməsəydi tale məni görəsən haralara aparardı?
Eləcə də Universitetə qəbul imtahanını xatırlayıram. O zaman sərbəst mövzulu inşa yazıb “ədəbiyyat”dan qiymət almasaydım, tarix imtahanında komissiya sədri təsadüflə gəlib imtahan verdiyim auditoriyaya daxil olmasaydı və məni əlavə suallarıyla sıxma-boğmaya salan müəllimlərə – “niyə bu uşağı incidirsiniz, qiymətini yazın getsin də” – deməsəydi Allah bilir sonrakı taleyim necə olacaqdı. Nəhayət, məni “təkər altında qalmış bir “üç”lə yola saldılar. Tər-qan içində dəhlizə çıxıb qapı ağzına yığışan abituryentlərdən o qadının kim olduğunu soruşdum. Dedilər, komissiya sədri Səidə İmamzadə idi. Ürəyimdə anamın dualarından ona dualar etdim. Və beləcə “perspektivli” arzuların həndəvərinə yaxınlaşıb yetdim.
İclasdan və iclasbazlardan qaçdım. Dedi-qodunu, qer-qeybəti adlayıb üstündən keçdim. Onunçun da bəlkə uzun-uzadı, “uzundərə” danışa bilmirəm. Bu xarakterimlə də dünyanın, insanların etibarsızlığına alışdım və elə bil gedib min illərin ölülərinə qarışdım.
Süni intellekt allergiyamız olan Donald Trampla İlon Mask hakimiyyətə gələndən bəri yarasa misallı yaramaz və anlamaz məmur tayfası artıb çoxalıb. O ona, bu buna “mız qoyur”, “qoz qoyur”, hətta diaqnoz qoyur, türməyə salıb çürütdürür, dəlixanaya saldırıb öldürtdürür, üstün örtdürür... Kasıb-kusubu, fəqir-füqaranı soyur...
“Qrand-həyat”dakı mənzil-məişət qrupu üzvlərinin açıqlamasına görə kompleksdə 100-dən çox “yekəqurşaq” yaşayır və heç biri də işıq pulu, qaz pulu, su pulu, mənzil pulu ödəmir. Kompleksin rəhbərliyi də o kəslərə “gözün üstündə qaşın var” deyə bilmir.
Bir qədər də gəlirəm bu üzə.
Türkiyəli ədib Ziya Paşa deyir, “Şairin bəlli olur rütbeyi-əqli əsərindən!”. Şeiri-şeiriyyatı, məntiq və mənəviyyatı azanlar, “hekayə” adına “hekayət” yazanlar, “süni in-tellekt” – yapı-zəka-“sazan”lar mənim bu dediklərimi çətin ki anlar! Onlar ekrana, efirə ədəbi hədyanlar üfürür, milli-mədəni-mənəvi dəyərlərə tüfürür... Görünür biz bilməmişik, dünya elə əzəldən beləymiş. Biri, bir parası əkə-ükə, qalanları miskin-küskün, itkin-köçkün-köləymiş...
...O gün dünya futbolu ulduzu, danılmaz dahi Dieqo Maradonanın tabutunu yuxuda gördüm. Milyonlara qoşulub mən də gedib mafəsinə girdim və sonra ölüm mələyinə xəbər göndərdim:
Dedim, “Bu dünyayla mən barışa bilmirəm,
Özüm-özümləyəm,
heç kəslə danışa bilmirəm.
Səni doğrudan mən
özümə dost bilmişəm.
Aç qapını,
Al canımı,
gəlmişəm!..”