Gətmək istəyirsən, bəhanəsiz get... - Nüsrət Kəsəmənlinin şeirləri

Nüsrət Kəsəmənli... Azərbaycan gəncliyinin bütöv bır nəsli öz sevgililərinə onun şeirlərini göndərməklə hisslərini, duyğularını ifadə etdilər. Dünyaya şair kimi gəlib, dünyadan şair kimi gedən Nüsrət Kəsəmənlinin sehrli söz aləmində yumşaq, həlim və səmimiyyətlə qovuşuq ürəklərə axan işıqlı duyğular isindirir, düşündürür. Poeziyamızın ənənəvi və yeni şeir formalarına istinad edərək həmişə maraqlı və orijinal lövhələr yaratmış şairin bu kitabında onun həyat, insan və cəmiyyət haqqında oxucu ilə səmimi, poetik söhbətləri toplanmışdır. Bu əsərlərində gənclik səmimiyyətini yaradıcılığı boyu qorumuş şairin mənəvi dünyası bütün zənginliyi ilə görünür. Bu şeirlər ürəyi sevgi həsrətindən yananlar üçün, ümidi yorulmuşlar üçün, başını əlləri arasına alıb bu dünyanı götür-qoy edənlər üçün, inciyib-küsənlər üçün və bir də sadəcə sevənlər üçündü...
BİR SEVDA AĞLAYIR
İÇİMDƏ MƏNİM
Bir sevda ağlayır içimdə mənim
Gəl dedim, köksümə yaralı düşdü,
Əl açdım, əllərim aralı düşdü.
Ona bu ağ dünya qaralı düşdü,
Bir sevda ağlayır içimdə mənim.
Qədri bilinmədi, ömrü qırıldı,
Həsrət boyun bükdü, hicran yoruldu.
O hər gün incidi, hər gün vuruldu,
Bir sevda ağlayır içimdə mənim.
Min gül solduranlar, min gül dərdilər,
Yüngül çiçəkləri yüngül dərdilər,
Mən ürək açanda baxıb gördülər,
Bir sevda ağlayır içimdə mənim.
Dünəni bükülü xatirəsinə,
Vurğundur bu günü xatirəsinə,
Qısılıb mürgülü xatirəsinə
Bir sevda ağlayır içimdə mənim.
Bacara bilmədim özüm-özümlə,
Dil tapa bilmədi işim sözümlə,
Mənim fəryadımla, mənim gözümlə,
Bir sevda ağlayır içimdə mənim.
Mənəm daş daşıyan o məhəbbətə,
İtmiş qaş-daşıyam o məhəbbətə,
Özüm baş daşıyam o məhəbbətə,
Bir sevda ağlayır içimdə mənim.
Gec oldu qədrini mən biləndə də,
Sevinci yaşayıb, qəm böləndə də,
Üzümə baxmayın mən güləndə də,
Bir sevda ağlayır içimdə mənim.
DÜNƏN TOYUN İDİ...
Sağlıqlar deyildi çığır-bağırla,
Üşüyən qəlbinə girən oldumu?
Gözündən qəlbinə düşən cığırla,
Axan göz yaşını görən oldumu?
Sağlıqlar uzandı... səhərə kimi,
Çalıb-oynadılar, kef eylədilər
Çırpıb pillələrə son ümidimi
"Vağzalı" üstündə dəfn eylədilər
Son ümid! O mənim gərəyim idi...
Yoluna şam tutdu necə qız-gəlin,
Şam deyil! O mənim ürəyim idi:
Son dəfə yanırdi yolunda sənin.
Getdin... O köhnə yol nur yolu idi.
Izin düşən yerdə gül acmadı ki?
Özgəylə kecirdin o yolu indi,
Ayağın altından yer qaçmadı ki?
Bu yollar nə yaman vəfasız imiş,
Niyə çiliklənib tökülmədilər
Düşüb qədəminə hər eniş, yoxuş,
Niyə ürəyimə cəkilmədilər...
Başına gül-çicək səpdilər o gün,
Alışan qəlbinə su səpmədilər.
"Get" deyib alnından öpdülər o gün,
Sınıq taleyini düzəltmədilər....
Güldün... Gülüşünün ömrü cox qısa
Bir həsrət axırdı qanında sənin.
Orda bütün yerlər tutulmuşdusa
Yerim görünürdü yanında sənin
Dünən toyun idi... Xoşbəxt olasan!
Görünür bu bizə qismət deyilmiş
Unut! Elə bil ki sevdiyin oğlan
Getdiyin oğlanmış. Nüsrət deyilmiş...
GETMƏK İSTƏYİRSƏN
BƏHANƏSİZ GET...
Gətmək istəyirsən, bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən, səsin də yad olsun barı...
Sən dəniz qoynuna tullanmış çiçək,
Üstünə dalğalar atılacaqdır.
Saxta məhəbbətin saxta sənəd tək
Nə vaxtsa üstündə tutulacaqdır.
Döşənib yollar tək ayaqlarına
Sənə yalvarımmı?.. Bü mümkün deyil!
Qoymaram qəlbimtək vüqarım sına
Alçalıb yaşamaq ömür-gün deyil.
Demirəm sən uca bir dağsan, əyil,
Demirəm qalıbdır əlacım sənə.
Nə səndə məhəbbət qara pul deyil,
Nə mən dilənçiyəm, əl açım sənə...
Getmək istəyirsən... O yol, o da sən...
Bir cüt göz baxacaq arxanca sənin.
Getdinmi... Nə vaxtsa dönmək istəsən
Tikanlı yastığa dönəcək yerin.
Getmək istəyirsən... Nə danış, nə din!
Yox ol uzaqlar tək dumanda, çəndə...
Nəyimi sevmişdin?Deyə bilmədin,
Indisə yüz eyib görürsən məndə.
Getmək istəyirsən, bəhanəsiz get,
Oyatma mürgülü xatirələri.
Səsin həmin səsdir, baxışın ögey,
Gedirsən, səsin də yad olsun barı...MƏNDƏN BAŞQA
Nəyin qaldı çəndən başqa?
Bir sevgi var ürəyimdə
Bilən yoxdu məndən başqa.
Məhəbbətin yurd yerində,
Bir həsrət var, lap dərində,
Bu sevginin əllərində
Nə qaldı ki, qəmdən başqa?
Bir demişəm, yenə deyim,
El sözünü elə deyim,
Qoy dərdimi sənə deyim
Kimim var ki, səndən başqa?
Yana-yana söndü odum,
Dildən-dilə düşdü adım,
Yox, sən məni tanımadın,
Zilim də var, bəmdən başqa.
Bir uğurlu çağ görmədim,
Dağım kimi dağ görmədim,
Qara gördüm, ağ görmədim
Saçımdakı dəndən başqa.
QAYIT...
Sən getdin ömrümdən ilk bahar kimi.
Çiçəklər çəmənə çıxanda qayıt!
Həsrətin leysanı tükənməz daha,
Buludlar gözünü sıxanda qayıt,
Bir sevgi görmədim qəmsiz, cəfasız,
Hicranın ağırdı, dərdin dəvasız,
Bilmədin qədrimi, sən ay vəfasiz,
Həsrətin sonuma çıxanda qayıt!
Boylandım arxanca mən sözlü-sözlü,
Gah aşkar ağladım, gah da ki gizli,
Yerini boş görüb, bir mələküzlü
Sevgiylə üzümə baxanda qayıt!
Uyma, hər nadannın sözünə, uyma,
Apar ürəyimi kəs qıyma-qıyma.
Məni yurdsuz qoyma, yuvasız qoyma,
Ayrılıq evimi yıxanda qayıt.
Adım ki, adınla qoşadır sənin,
Bilməzdim ürəyin daşdandır sənin,
Hələ ki, ümidlər yaşadır məni,
Tənhalıq qəlbimi sıxanda qayıt.
Nüsrət KƏSƏMƏNLİ