Xərclədim gəncliyi qara pul kimi... - Əliağa Kürçaylının şeirləri

Xərclədim gəncliyi qara pul kimi...
Xərclədim gəncliyi qara pul kimi
Yerini bilmədən, əsirgəmədən.
Vardan-yoxdan çıxan bir yoxsul kimi
Onu axtarıram, axtarıram mən.
Kefdəmi, nəşələr qucağındamı
Getdi o illərim, getdi gəncliyim?
Gözəl xanımların dodağındamı
Soyuq öpüş kimi itdi gəncliyimi?!
Xatirə...
Burda min şövq ilə biz
Görüşərdik o zaman.
Burda gənc qəlblərimiz
Keçirib min həyəcan.
Bu yaşıl kürsülərin
Oturardıq üstə.
Anıram mən,
O sənin
Tutduğun güldəstə —
Toxunarkən üzümə
Sən gülərdin ucadan.
Burda gənc qəlblərimiz
Keçirib min həyəcan.
Yadımdadır yenə də
O yaşıl yarpaqlar.
Çox tanışdır sənə də
O söyüdlər, o çinar.
Onların gövdəsinə
Yazardıq eşqimizi.
Quşlar öz nəğməsinə
Valeh etmişdi bizi.
Burda idik hər yaz,
Yay, payız – son ayacan,
Burda gənc qəlblərimiz
Keçirib min həyəcan.
O gözəl günlər hanı?
Hardasan indi de sən?
Burda keçmiş bir anı
Qaytaraydım geri mən!
Qaytaraydım səni də;
Elə gənc, sadə, gözəl!
Və deyəydim: yenə də
Bu yaşıl bağçaya gəl.
Bağ həmin bağdır, inan,
Necə görmüşdük biz.
Burda bir sən yoxsan,
Bir də ilk gəncliyimiz!
Yadıma sən düşürsən
Hər çiçəyin öz ətri,
hər gülün öz rəngi var,
Hər qəlbin öz istəyi,
öz sözü, ahəngi var.
Hər insan öz ömrünə
dost seçir, həmdəm seçir.
Mənimsə ürəyimdən
qəmli bir nisgil keçir,
Yadıma sən düşürsən.
Göydə bulud dolaşır
axşam düşür, yel əsir,
Heç bilmirəm nədəndir
könlüm belə tələsir.
Yollarına baxıram,
nə gələn var, nə gedən.
Qəlbimdəki intizar
nədir, düşünürəm mən.
Yadıma sən düşürsən.
Təklik üz verir mənə,
çıxıram otağımdan,
Sevgililər küçədə
deyib-gülür mehriban...
Onları belə xoşbəxt
belə məsud görəndə
Duyğular dalğa kimi
çırpınır bu sinəmdə,
Yadıma sən düşürsən.
Bir ovuc günəş
İlk dəfə anamdan eşitdim bunu:
Bir ovuc günəşin nə olduğunu.
Naqafil səsdən, bir gurultudan
Bizi bür üyərdi qorxu, həyəcan.
Faşist təyyarəsi gəlir sanardıq,
Torpaq qazmalarda daldalanardıq.
Eləki qaranlıq qazmaya girdik,
Anam söylənirdi, gileylənirdi:
"Bir ovuc günəş də qəhət bizə,
Qaranlıq yazılıb taleyimizə..."
O gündən bir ovuc günəş sözünü,
Bir ovuc günəşin,nurun özünü
Gəzdirdim qəlbimdə öz qanım kimi.
Nəmli daxmaların dərmanı kimi.
Bildim o həyatdır, güldür. çiçəkdir.
Hamıya hər yerdə günəş gərəkdir.
Gərəkdir barmaqlıq arxasında da,
Laləli düzlərin yaxasında da.
Ya bir ovuc olsun, ya da bir qətrə-
O gərək nurunu salsın hər yerə.
Al günəş parlayır indi elimdə,
Bütöv bir günəş var mənim əlimdə.
Lakin gizləyərək öz həsrətini,
Bir ovuc günəşin hərarətini
Gözləyən xalqlar var, qəbilələr var.
Günəşsiz açılan neçə səhər var.
Günəşsiz günləri açıram bu gün,
Anamın sözləri keçir qəlbimdən.
Bir ovuc günəşi gətirmək üçün
Bir ömür piyada yol gedirəm mən.
İzlər
Dünən qarın üstündə mən
Gördüm ayaq izlərimi;
Bəs o izlər itdi nədən
Bugün günəş doğankimi?
Üzərində qarlı yerin
İz salmaq çox asan olur.
Asan düşən o
izlərin
Ömrü,eydost, biran olur!
Çətin olsa belə, çalış-
İzin düşsün daş üstünə;
Min odlu yay, min qarlı qış
Poza bilməz onu yenə!
Əliağa Kürçaylı