Bia.Az

Çünki şairdir - Oktay Şamil haqqında

Ədəbiyyat
 15-05-2024, 01:09     399

Şeir nədən doğulur? Sevgidən?
Əlbəttə, belə olmasaydı, Füzuli Füzuli olmazdı.

Şeir nədən doğulur? Qəmdən, kədərdən, ağrıdan?
Əlbəttə, belə olmasaydı, Füzuli Füzuli olmazdı.


Oktay Şamil, şübhəsiz, Füzuli deyil. Heç bir iddiası da yoxdur. Lakin Oktay Şamil çağdaş şeirimizin ən istedadlı nümayəndələrindəndir. Ən istedadlı və ən iddiasız…

"Azərbaycan" jurnalının 3-4-cü nömrələrində dərc edilmiş şeirlər silsiləsi bunun əyani sübutudur.

Oktay Şamil də öz "Şikayətnamə"sini yazır, dövrandan, daha doğrusu, yaşadığımız günlərin bəzi əcaib-qəraib təzahürlərindən narazılığını ifadə edir:

Söz azaddı!
Vaxt amma minorlaşıb
özgə laddı!
Meydan pulun meydanıdı
aldananlar mələkləşib,
aldadanlar — şeytandı!

Duyğusala «salam» yoxdu.
Salam versə,
alan yoxdu!


Yaxud, bu ruhda başqa şeirindən misralar:

Bu qrupu qurucudu,
tikib-qurur.
Qürur duyur,
beynindəki ədalətdi!

Digər qrup yırtıcıdı,
qırıcıdı
ürəyində ədavətdi,
xəyanətdi,
cinayətdi!

Şər atanlar,
Şarlatanlar,
ara qatanlar
sakit durmaz,
dinc oturmaz.

İncə ruhlu insanların
gözü toxdu,
nəfsi yoxdu.


Bu təzadlı dünyada şair yenə xilası, pənahı, ümidi sevgidə tapır. Bu sevgidə sevgili "nəfəsiylə gizlədir sevdiyinin səsini, gözlərinin qara çərçivəsinə salır sevdiynin əksini".

Ümid içində nigaranlıq çalarları da var, "mən elə bilirdim dənizə dönüb çəkilmişəm" təlaşı da.

Başqa bir sevgi şeiri:

Sevgidən başqa hər şey
məzarlıqdı.
İnanmazdım,
sən inandırdın.
Sevgi bürcündən aşağıdakılar
bazarlıqdı.

Oktay Şamil Şuşamızın azad edilməsinə sevindiyi kimi, çağdaş insanları yadlaşdıran, canlı ünsiyyəti əvəz etmiş cib telefonlarının əyləncəsinə də acıyır, "namərdin mərdlə, mərdin namərdlə görüşməsinə, düşmənlə dostun, dostla düşmənin öpüşməsinə" dözə bilmir. Çağdaş əlaqələrin deformasiyası baxımından, Oktayın bəzi gənclərdən şikayəti də anlaşılandı:

"Sosial şəbəkələrdə dil pəhləvanları" qocalığımızı başımıza qaxanda və özlərinin  "səbətə nə qoyduqlarını" soruşanda "dəvə nalbəndə baxan kimi baxırlar". Oqtay soruşur: "Bu cavanlar da haçansa qocalacaqlar. Öz arxivlərinə baxanda nə tapacaqlar?"

Çünki şairdir - Oktay Şamil haqqında

Əziz Oktay, bəyəm bilmirsən ki, indi yalan-palan, şər-böhtan da bədii yaradıcılığın bir janrı sayılır! Bir də ki, bəzi cavanlar qətiyyən qocalmır. İyirmi-iyirmi beş il bundan qabaq necə ümid verən cavanlardısa, hələ də ümid verən cavanlardır. Xoşbəxtlikdən əsl cavanların əksəriyyəti elə gənc yaşlarından onlara olan ümidlərimizi doğruldurlar, yaşa dolduqca daha da püxtələşirlər, yetkinləşirlər. Çünki şöhrətə yox, poeziyaya bağlıdılar.

Poeziya — qısqanc qadındır. Ona şöhrətlə xəyanət edənlərdən üz döndərir…

Oktayın nəcib və xəfif gileyini də anlayıram. Oğluna müraciətdə deyir:

"Bizim elə bəxtimiz var, övladım,
Sudan ötrü dənizə getsək, quruyar..."


Fevral ayında Oktay Şamilin 80 yaşı tamam oldu. Suçumuzu etiraf edirəm. Bu yubileyi layiqincə qeyd etmədik. Amma, hökmən edəcəyik. İl uzundur.

İl uzundur, lakin fevral qısadır. Başqa aylarla müqayisdə fevral kəm aydır. Şeirlərinin birində şair bunu belə mənalandırır:

Doğulub fevrala düşdüm.
Boyum — fevral,
dilim -fevral,
əlim qısa — fevral kimi.


Əlbəttə, elə deyil. Boyu, əli qısa deyil. Dili də heç qısa deyil, şirin-şəkər azəri türkcəsidir. İntəhası, dilli-dilavər deyil.

Və yaxşı ki, deyil. Yaradıcı insanın ən böyük mükafatı onun Allah verən istedadıdır. Məhz istedaddan yanıq olanlar şöhrət tamarzılarıdır…

Əlbəttə, Oktay Şamil də səmimi yubiley tədbirinə layiqdir. Amma, Oktay yubileyi üçün, fəxri ad üçün qapının dabanını çıxaranlardan, hər şeyi alıb, yenə gözü doymayanlardan deyil.

Yaxşı ki, deyil.
Çünki — şairdir.


"Ədəbiyyat" qəzeti,
6 may 2024-cü il.
скачать dle 12.1