Bia.Az

Navalnının qızı Avropa Parlamentində nələr dedi?

Dünya
 20-12-2021, 12:51     307

“Mənim atam həbsdədir. Həm də təkcə mənim atam yox. Saxarov adına mükafatın başqa laureatları haradadır? Əksəri həbsxanada. 2010-cu ildə Nobel sülh mükafatı alan Lyu Syaobo haradadır? Həbsxanada ölüb”. 

Novator.az-ın məlumatına görə, Rusiyanın müxalif lideri Aleksey Navalnının qızı Darya Navalnaya Avropa Parlamentindəki 15 dekabr çıxışında belə deyib.

Həmin gün Avropa Parlamentində Aleksey Navalnının layiq görüldüyü Andrey Saxarov adına “Azad düşüncə mükafatı”nın təqdimat mərasimi keçirilib. Aleksey Navalnı həbsdə olduğuna görə mükafatı onun qızı qəbul edib.
Mərasimdə ingiliscə çıxış edən Darya Navalnaya suallar qoyub: “Maraqlıdır, görəsən, insan haqları uğrunda mübarizə aparanları azad etmək niyə bu qədər çətin işə çevrilib? Niyə 21-ci əsrdə dünyanın hər yerində, hətta Avropa ölkələrində də hüquq müdafiəçiləri həbsxanalara salınır?
Avropa qüdrətlidir, Avropa böyükdür. Avropa Parlamentinin qətnamələri obyektiv, düzgün, ədalətlidir. Bu qətnamələr Böyük Britaniyada, ABŞ-da, İsraildə, Yeni Zelandiyada, dünyanın azad hissəsində tam dəstəklənir.
Amma yenə də mənim atam kimi insanlar həbsxanada qalıblar, üstəlik, neçə-neçə tərəfdaşının ard-arda həbsə salındığını eşidirlər.
Mənə dəfələrlə deyiblər ki, Darya, başa düş, biz real həyatda daha praqmatik olmalıyıq.
Yox, mən bu gün burada – Avropa Parlamentində belə praqmatizmin əleyhinə çıxış etmək istəyirəm.
Bəziləri özünü inandırmağa çalışır ki, var gücü ilə hakimiyyətdən yapışmış bir sərsəm güzəşt görsə, bu nəzakətə cavab olaraq özünü ləyaqətli aparacaq. Xeyr, bu heç vaxt belə olmayacaq.
Avtoritar hakimiyyətin bütün mahiyyəti öz qiymətini artırmaq üçün oyunbazlıq etməkdən, təcavüzkarlıqdan və yeni düşmən axtarışına çıxmaqdan ibarətdir.
Mən atamın layiq görüldüyü mükafatı alıram. Bu mükafat Saxarovun adını daşıyır. Andrey Saxarov ən qeyri-praqmatik insanlardan olub. Başa düşə bilmirəm ki, niyə diktatorlarla praqmatik münasibətləri təbliğ edənlər tarix kitablarını açıb baxmırlar? Bu, daha praqmatik addım olardı. Onlar tarix kitablarını oxusaydılar anlayardılar ki, diktatorların, tiranların nazıyla oynamaq heç vaxt müsbət nəticə verməyib.
Belarus prezidenti adamları döyüb dəmir barmaqlıqlar arasına atır, amma deyirlər: “Gəlin Lukaşenkoya təzyiq etməyək”. Onunla dialoqu davam etdirənlər nəyə nail olublar? Lukaşenkonun bir nəfəri tutdurmaq üçün sərnişin təyyarəsini göydən yerə endirməsinəmi?
“Üstünə getməyin, onları qəzəbləndirmək olmaz, ehtiyatla davranmaq lazımdır” – praqmatik belə deyir. Sabahısı gün isə diktator minlərlə miqrantı yığıb Avropa İttifaqının sərhədlərinə tökür, qadınları, uşaqları hasarları söküb-dağıtmağa vadar edir. Hələ bir ürəyindən keçirir ki, onlardan bəzisi güllələnsin, ya da basabasda ayaq altında qalıb ölsün.
İllərlə Putinin nazıyla oynandı, bu, onun öz reytinqini artırmaq üçün müharibəyə başlamasına rəvac verdi. Ukraynada müharibə Avropaya neçəyə başa gələcək? Heç bir praqmatik ticarət sazişi müharibə itkilərinin əvəzini ödəyə bilməz. Hələ avropalı siyasətçilərin bu problemlərlə bağlı danışıqlara nə qədər vaxt sərf etdiyini dilə gətirmirəm.
Rusiya müxalifətinin liderlərindən biri Boris Nemtsov Kremlin yaxınlığında kürəyindən güllələndi. Sonra da praqmatik insan gəlib deyir: “Bu işdə əlimizdən bir şey gələn deyil, gəlin tənqidi bəyanat yayaq və dialoqu davam etdirək”.
Onlar Berlinin mərkəzində ikincini, üçüncünü, dördüncünü, Böyük Britaniyada beşincini də öldürəcəklər. Sonra Avropada hansısa anbarları partladacaqlar. Sonra kimyəvi silahla öldürməyə başlayacaqlar.
Biz indi xəbər tuturuq ki, sui-qəsdə uğursuz cəhdlər də olub. Görəsən, sayı nə qədərdir, bilən varmı?
Onlar mənim ölkəmin vətəndaşlarını məhkəməsiz, istintaqsız öldürürlər. Onlar az qala mənim anamı öldürəcəkdilər. Atamı isə demək olar məhv ediblər.
Heç kim zəmanət vermir ki, sabah avropalı siyasətçilər eləcə qapının dəstəyinə toxunanda yıxılıb ölməyəcəklər. Siz zəhərli maddələri müəyyən edə bilmək üçün polisin büdcəsini artırırsınız, xüsusi xidmət orqanlarına əlavə pul ayırırsınız, milyonlar xərcləyirsiniz. Praqmatizmin nəticəsi budur”.
Mənbə: Europarl.europa.euскачать dle 12.1