Rusiya 5 müttəfiqinə yox, ona güvəndi: Yardım istəyinə gözlənilməz cavab

ABŞ Müdafiə Nazirliyinin sözçüsü Sabrina Sinq Şimali Koreyanın Rusiyaya 10 min əsgər göndərdiyini açıqlayıb. Pentaqon rəsmisi koreyalı hərbçilərin yaxın həftələrdə Ukrayna yaxınlığında döyüşən rus ordusuna qoşulacağını bildirib.
Qısa müddət öncə isə Qərb mətbuatında Pxenyanın Mosvkaya dəstək üçün 12 min əgər göndərdiyinə dair məlumat yayıldı. Rusiyanın xarici işlər naziri Sergey Lavrov sözügedən iddia ilə bağlı açıqlamasında iki ölkə arasında müttəfiqlik razılaşmasının olduğunu və qərarların ona uyğun verildiyini qeyd etdi.
Minlərlə koreyalı hərbçinin döyüşlərə cəlb olunması Ukrayna müharibəsinin gedişatında necə bir dönüş yarada bilər?
Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Rusiya və Şimali Koreya arasında müxtəlif sahələr üzrə, xüsusilə də hərbi müstəvidə geniş əməkdaşlıq mövcuddur:
“Moskva artıq Pekini belə ötərək Pxenyanın faktiki ən böyük müttəfiqinə çevrilib. Rusiya öz balaca tərəfdaşına kömək etməklə yanaşı, lazım gələndə ondan yardım alır. Normalda Moskva hərbi yardıma ehtiyacı yaranarsa, üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) yardım istəməlidir. Ancaq bu, Kreml üçün asan məsələ deyil, çünki dünyanın əsas hegemon ölkələrindən biridir. Həmçinin KTMT-yə üzv olan beş ölkə arasında öz avtoritetini təmin edib. Əgər o təşkilatdan bu cür yardım istəyərsə, nüfuzu çox aşağı düşəcək. Bunun üçün də qeyri-rəsmi formada başqa ölkədən dəstək aldı.
Zeynal Əmrəliyev
Şimali Koreya qapalı ölkədir, Qərblə heç bir münasibəti yoxdur. Çəkinmədən Rusiyaya kömək edə bilər. Əsas maraqlı məqam bu yardımın nəyin qarşılığında göstərilməsidir. Yaxın gələcəkdə Moskva Pxenyana müdafiə sənayesi ilə bağlı yardımlar edə bilər. Şimali Koreya ordusu ciddi nizam-intizamı ilə seçilir. Bu baxımdan koreyalı əsgərlərin müharibəyə qoşulması Ukraynanın vəziyyətinə mənfi təsir göstərəcək”.
Politoloq bildirib ki, Şimali Koreyanın kommunist rəhbərliyinin Ukraynaya xüsusi təyinatlı qüvvələr göndərdiyi iddia olunur:
“Yəqin ki, Pxenyanın qüvvələrindən xüsusi əməliyyatlarda istifadə ediləcək. Kreml “Vaqner” və “Axmat” kimi xüsusi təyinatlı dəstələri Şimali Koreya hərbçiləri ilə əvəz etmək istəyir. Onların müharibəyə qoşulması Rusiyanın ciddi şəkildə resurs çətinliyi yaşadığını göstərir. Bu hadisə müharibənin gedişatına mənfi təsir edəcək. Həmçinin yaxın bir neçə ay ərzində Ukraynada Rusiyanın daha da fəallaşmasına səbəb olacaq. Qərb Kiyevin bunun qarşısını ala bilməsi üçün ona daha çox dəstək göndərməlidir. Görünür, sülh məsələsi Ukrayna üçün hələ uzaqdadır”.
Turan Rzayev
Globalinfo.az