Bia.Az

“Moskva indi nə Parislə, nə də Ankara və Bakı ilə dava etməlidir” - Rusiyalı ekspert

Dünya
 8-10-2020, 23:19     330

Qarabağdakı müharibə Azərbaycana çox mətləbləri əyan etdi. Xüsusilə, müəyyən ölkələrin beynəlxalq hüquqa, Azərbaycanın ərazi bütövlüyü məsələsinə münasibətini üzə çıxardı. AYNA-nın mövzuya dair suallarını rusiyalı hərbi-siyasi ekspert Aleksandr Sıtin cavablandırıb.

- Qarabağ münaqişəsindəki son kəskinləşməni necə qiymətləndirirsiniz?

- Əgər söhbət mənim qiymətləndirməmdən gedirsə, şübhəsiz ki, mən Azərbaycanın tərəfindəyəm. Prinsipcə, mədəni və sivilizasiya baxımından, bu, qətiliklə mənim müharibəm deyil, həm coğrafi, həm də mənəvi baxımdan mənim üçün uzaqdır. Amma:

1. Azərbaycan, birbaşa anti-Rusiya potensialının olmamasına baxmayaraq, mənim üçün mənfur olan rus dünyasından, bu dünyaya daxil olan və onu bütün mənəvi qüvvəsi ilə dəstəkləyən Ermənistandan daha çox uzaqdır;

2. Azərbaycan Krımın ilhaqını tanımadı;

3. Beynəlxalq münasibətlərin hüquqi əsasları barədə deyilənləri çox da yüksək qiymətləndirmirəm, amma hüquqi baxımdan Qarabağ bu təşkilata necə münasibət bəsləsən də, BMT tərəfindən tanınan Azərbaycan ərazisidir;

4. Mövcud şəraitdə bu münaqişə Rusiya üçün ciddi çətinliklər yaradır və bölgədəki imperiya mövqelərini və münaqişənin nəticələrindən tamamilə asılı olmayaraq sarsıdır. Prinsipcə, bu səbəblər kifayətdir, amma eyni zamanda bir neçə şəxsi mülahizəm də var.

Gəncliyimdə tarixlə maraqlanır və Osmanlı İmperiyasına böyük maraq və rəğbətlə yanaşırdım. Türkiyənin indi Azərbaycanı belə dəstəkləməsi mənim bu mövqeyim güclənməsi üçün əlavə əsas oldu. Buna baxmayaraq, peşəkar bir şərqşünas-türkoloq olmadan, öz fikirlərimdə Makkartinin “Türklər və ermənilər: Osmanlıda millətçilik və qarşıdurma” kitabına əsaslanaraq, Türkiyə-Ermənistan münasibətləri tarixinə söykənirəm. Yeri gəlmişkən, bu kitabı qondarma “erməni soyqırımı”nın tarixi ilə maraqlanan hər kəsə tövsiyə edirəm. Bir neçə fikir daha var, amma dediklərim kifayətdir.

- Rusiyadan fərqli olaraq, Qarabağ məsələsində Fransa bu gün daha aktivdir. Niyə, məhz indi Fransa danışıqlar prosesində fəal davranır?

- Fransada çox əhəmiyyətli bir erməni diasporu var və Makronun onun səsinə və mənəvi dəstəyinə ehtiyacı var. Bundan əlavə, özünü böyük siyasətçi sayan adam “vasitəçilik və sülhməramlı” missiyası imkanını əldən verə bilməz. Sülh və demokratiya uğrunda mübarizə əsla dəbdən düşmür.

- Kremlin rəsmi mövqeyini necə dəyərləndirirsiniz?

- Kreml indi münaqişədə birbaşa iştirakdan qurtulmaq üçün hər şeyi edir, özünü sülhməramlı ritorika ilə məhdudlaşdırır. Kreml Makron və Ərdoğanla danışıqlarda bütün məsələləri həll etməyə çalışacaq. Bunun səbəbi, ilk növbədə, bu gün Rusiyanın təcavüzkar potensialının tükənməsi ilə əlaqədardır: Moskva təzəlikcə bu və ya digər şəkildə Balarusun anşlyüzü üzərində aktiv bir işə başladı, diktatorun tərəfini tutdu və bununla da Rusiya iqtisadiyyatı üçün son dərəcə ağır olan növbəti sanksiya porsiyasını üzərinə götürdü.

SSRİ-nin bərpasına yönəlmiş daha bir aqressiv kurs aparmaq ittihamına yol vermək olmaz. Başqa bir sual, sağlam düşüncənin hər zaman hər şeyə müdaxilə etmək üçün idarəolunmaz imperiya instinktindən üstün olub-olmayacağıdır, amma bunu çox yaxın gələcəkdə görəcəyik. Putin indi heç bir halda nə Parislə, nə də Ankara və Bakı ilə dalaşmalıdır.

Nəhayət, hərbi əməliyyatları müstəsna olaraq “mübahisəli” ərazidə aparan və Ermənistan ərazisinə toxunmayan Azərbaycanın həssas siyasətini qeyd etmək lazımdır. Bu, Rusiyaya KTMT-dəki öhdəliklərini yerinə yetirməkdən çəkinməyə imkan verir. Erməni tərəfi Rusiyanı münaqişədə öz tərəfinə sürükləmək üçün azərbaycanlıların erməni ərazilərinə hücumunda son dərəcə maraqlıdır. Buna görə də Ermənistan tərəfinin müvafiq təxribatlara əl atacağı qaçılmazdır.
скачать dle 12.1