Qafqazda sabitlik pozuldu-Ölümcül silahlar meydanda

Rusiya-ABŞ münasibətləri kritik həddə gərginləşib. ABŞ-ın Sevastopoldakı terror aktında iştirakı, Dağıstandakı silahlı basqında rolu Rusiya tərəfindən şübhə doğurmur. Artıq Rusiya xarici işlər naziri Sergey Lavrov bu barədə açıqlama verib. ABŞ Ukraynaya verdiyi silahlarla Rusiyanı vurur. Kreml isə buna nüvə silahı ilə cavab verəcəyini bildirib.
Rusiya ən kritik vaxtda ABŞ-ın və NATO-nun Avropadakı obyektlərini vura bilərmi? İki supergüc arasında gərginlik nə vəd edir? ABŞ artıq Qafqaza kimi gəlib?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Natiq Miri deyib ki, Rusiyanın iddia etdiyi məsələlər görüntü xarakterlidir:
“Bu fikirlərin arxasında konkret dəlillər yoxdur. Sevastopolda çimərliyə atıldığı iddia edilən ATACMS raketlərini hələ rəsmi formada sübut kimi göstərilməyib. Rusiyanın təqdim etdiyi videolara, hərbi ekspertlərin araşdırmalarına nəzər salsaq görərik ki, Sevastopola atılan raket Rusiya istehsalı olan TOP-2 zenit raket sistemindən olan M tipli raketlərdir. Bunlar da 12-15 km-lik məsafə üçün nəzərdə tutulur. Ona görə Moskva ABŞ və Ukraynanı ittiham etməmişdən əvvəl ortaya konkret dəlillər qoymalıdır.
Dağıstanda baş verən terror aktını da Rusiyaya sərf edən formada verilir. Hadisənin arxasında ABŞ-ın dayandığını söyləmək çətindir. Söhbət ABŞ-ın doğru, Rusiyanın yalançı olmasından getmir. Əgər bir ittiham varsa, konkret dəlillər olmalıdır. Dağıstanda baş verən terrordan bir müddət əvvəl Rusiyanın Şimali Qafqazla həmsərhəd olan ölkələrindəki həbsxanada qiyam baş verdi. Rusiya zabitləri və həbsxanada qiyam qaldıranlar qətlə yetirildi. Bunu da ABŞ hazırlamışdı? Rusiya belə bir ittiham irəli sürmədi.
Görünür, Rusiyanın xüsusi xidmət orqanları, Federal Tədqiqatlar Xidmətində rəhbər dəyişikliyi məsələsi gündəmdədir. 5-ci idarənin rəisi vəzifəsindən azad edilib. Bu qurum daxilində ciddi mübarizə var. Quruma keçmiş KQB-nin əməkdaşlarını aid etmək olar. KQB-də heç vaxt əməliyyat məhdudiyyəti yoxdur. Həbsxana ilə bağlı yaradılan süni ajiotajın özü də bilavasitə Rusiyanın xüsusi xidmət orqanları tərəfindən törədilən qətliam idi. Bir sözlə, bu nümunələrdən də aydın olduğu kimi, əsaslı sübutlar göstərmədən irəli sürülən iddialar absurd hesab edilməlidir”.
Politoloqun fikrincə, Rusiyanın ABŞ və NATO-nun Avropadakı obyektlərini vurması onun boyunu aşan məsələdir:
“Rusiya NATO obyektlərini vurduğu anda Alyansa daxil olan ölkələr Moskvanın bütün obyektlərini legitim hədəfə çevirəcək. Rusiyanın buna cavab verib-verə bilməyəcəyi də müəmmalıdır.
Nüvə silahı təhdidi isə çəkindirici xarakterlidir. İstifadə etmək üçün yararlı deyil. Çünki bunu istifadə edən ölkə qarşısındakı ölkənin də eyni cavabı verəcəyini anlamalıdır”.
Globalinfo.az xatırladır ki, Qərb Rusiyanı daxildən sarsıtmaq üçün hərəkətə keçib. Şimali Qafqazda sabitlik pozulub. Rusiyanın ayrı-ayrı şəhərlərinə vaxtaşırı raketlər atılır. Qərbin istəyi də zatən Rusiya xalqının gözünü qorxutmaq, onu təlaşlandırmaq. Çünki ABŞ, Aİ yaxşı bilir ki, Putinin ən böyük gücü rus xalqının dəstəyidir. Bu dəstək davam etdikcə, onu məğlub etmək çətin görünür. Şimali Qafqaz kimi mürəkkəb bir bölgənin hədəf götülürməsi də təsadüf sayılmamalıdır.
Əksər analitiklərin hesablamalarına görə, hələ dəhşətli müharibə qarşıdadır. Bu prosesin qarşısını heç bir gücün ala bilməyəci deyilir.