Qaluzin Putinin dili ilə Ermənistanı hədələdi

“Ermənistan hakimiyyəti Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi xəttilə Rusiya ilə təmaslarda maraqlı olmağı dayandırıb ki, bu da Qərbin təzyiqinin nəticəsidir”.
“Cebhe.info”-nun məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Mixail Qaluzin bildirib.
2023-cü ilin noyabr ayından bəri Ermənistanın və Rusiyanın xarici işlər nazirləri arasında görüşün keçirilmədiyini bildirən Qaluzin bəyan edib ki, Moskvanın xarici siyasət idarələri arasında məsləhətləşmələr proqramını hazırlamaq və imzalamaq təklifində onların tərəfdaşı maraqlı deyil.
“Müdafiə qurumları arasında əlaqələrin dinamikasının nəzərəçarpacaq dərəcədə azalması bizim günahımız deyil. Hərbi-texniki əməkdaşlıq da zəifləyib. Biz bunu İrəvanı Moskva ilə əlaqələri minimuma endirməyə məcbur etməyə çalışan Qərb dövlətlərinin təzyiqinin nəticəsi kimi görürük”, - nazir müavini qeyd edib.
“Ümid edirik ki, Ermənistan hakimiyyətinin problemli və qıcıqlandırıcı məqamların aradan qaldırılması üzərində açıq şəkildə səsləndirdiyi əhvali-ruhiyyə praktiki olacaq. Buna hazırıq", - Qaluzin deyib.
Qeyd edək ki, Qaluzinin açıqlaması Ermənistan iqtisadi sahədən daha çox xarici siyasət və hərbi əməkdaşlıq sahəsində Rusiyadan uzaqlaşdığını göstərir. Bu isə Ermənistanın Rusiyanın geosiyasi və hərbi təsir dairəsindən çıxmaq cəhdləri ilə bağlıdır.
Qaluzin Nikol Paşyan hakimiyyətinin Rusiyanın siyasi orbitindən uzaqlaşaraq Avropa İttifaqı, ABŞ və NATO ölkələri ilə yaxınlaşmasını Qərbin Ermənistan qarşısındakı tələbi hesab edir.
Yəni Ermənistanın xarici siyasətdə Avrointeqrasiya kursuna üstünlük verməsi, eyni zamanda KTMT-dən çıxaraq Qərbin təhlükəsizlik sisteminə daxil olmaq istiqamətində atdığı addımlar Rusiyanın Cənubi Qafqazdakı strateji maraqlarına zərbə vurur.
Qaluzinin yaranmış vəziyyəti Qərbin Paşinyan qarşısında siyasi öhdəliyi kimi şərh etməsi də bununla bağlıdır. Xarici işlər nazirinin müavini dolayısı ilə Rusiyanın regiondakı maraqlarından imtina etməyəcəyinə dair mesaj verir.
Hazırda Ermənistanda Nikol Paşinyan hakimiyyətinə qarşı keçirilən etiraz aksiyaları fonunda baş verən hadisələr Qərbin bölgədə artan geosiyasi fəallığına qarşı Rusiyanın müqavimətindən xəbər verir.
Lakin Qaluzinin Ermənistana xarici siyasət və müdafiə sahəsində əməkdaşlığı əvvəlki səviyyəyə qaytarmağı təklif etməklə çox güman ki, Rusiyanın Paşinyana mesajını çatdırır.
Yəni Moskva Qaluzinin dili ilə Ermənistanın xarici siyasət və hərbi sahələrdə münasibətləri bərpa edəcəyi təqdirdə, Paşinyana təzyiqləri dayandırmağa, onunla işləməyə hazır olduğunu çatdırır