Qanlı plan: Milyonlarla dollar İrəvana göndərildi - NƏ BAŞ VERİR?

Zorakılığa çağırış edən keşiş Baqrat Qalstanyan və digər din adamları toxunulmaz deyil, polis lazım olanı etməlidir.
Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Arutyun Mkrtçyan deyib.
“Azsaylı bir qrup hər şeyi iflic etməyə və ölkədə gündəmi diktə edənin o olduğu illüziyası yaratmağa çalışır. Amma bu qüvvələri Rusiya maliyyələşdirir, arxalarında müəyyən cinayətkar ünsürlər (Robert Köçəryan və Serj Sərkisyan) dayanır, seçdikləri leksika və lüğəti də nəzərə alsaq, sayıqlığı itirmək olmaz”, - ekspert bildirib.
Mkrtçyan qeyd edib ki, Ermənistanda hakimiyyət çevrilişi etmək üçün kənardan revanşistlərə maliyyə vəsaitləri ötürülüb: “Aldıqları bir neçə milyon xərclənməlidir, insanlara (aksiyaya gələnlərə) 3000 dram verirlər. Məncə, o bir neçə on milyon kifayət qədər uzun müddətə bəs edəcək, ya da ola bilsin, qiymət artacaq, proses qısalacaq. Xaricdən aldıqları bir neçə milyon dollarla Ermənistanda inqilab etmək üçün konkret sifariş alıblar, amma yuxarıdan gələn əmri yerinə yetirə bilmədilər, indi də öz simalarını qorumağa çalışırlar”.
Politoloq söyləyib ki, hazırkı məqamda təxribatçı prosesin başında katalikos II Qaregin dayanır, hərbi cinayətkarlar Sərkisyan və Köçəryanın dəstəklədiyi planda qan tökülməsi də var:
“Məncə, kulminasiya nöqtəsi hələ qabaqdadır. Qarşılarına məqsəd qoyublar ki, keçmiş hakimiyyətlər kimi, Baş nazir Paşinyanın rəhbərlik etdiyi iqtidarı da ittiham etmək üçün hansısa yolla qan tökülsün. Qan axıdıb bunu hakimiyyətin üstünə atmaq istəyirlər. Bu cəhdlər kulminasiya nöqtəsi olacaq və patriarx (II Qaregin) bunun açıq dəstəkçisi və baş verəcəklərdən bir nömrəli cavabdehdir”.
Mkrtçyan hesab edir ki, polis qırmızı xətti keçən, özlərini adi fəal kimi aparan, təhqir, söyüş və rüşvətə əl atan din xadimlərinə qarşı sərt davranmalıdır: “Din xadimləri ilə bağlı “toxunulmazlıq məsələsi” hüquq müstəvisində həll olunmayana qədər prosesi münaqişəyə gətirib çıxaracaqlar. Küçəni bağlayan, zorakılığa çağıran din xadimi necə toxunulmaz ola bilər?”.
Analitik revanşistlərin heç bir yolla məqsədlərinə - hakimiyyət dəyişikliyinə nail ola bilməyəcəklərini vurğulayıb.