Bia.Az

Üçüncü Dünya Müharibəsinin addım səsləri... - AKTUAL

Dünya
 4-03-2024, 17:55     262

Rusiyanın sərhədlərində NATO-nun görünməmiş hərbi təlimləri başlanıb. İsveç, Norveç və Finlandiyanın şimal ərazilərini əhatə edən təlimlərdə Alyansa üzv olan 13 ölkədən 20 mindən çox hərbi qulluqçu iştirak edir. "Nordic Response" adlanan təlimlər Rusiya hakim dairələrində narazılıqla qarşılanıb. Moskvada bəzi siyasətçilər, jurnalistlər və ekspertlər baş verənləri şimaldan Rusiya əleyhinə ikinci cəbhə açmaq planı kimi şərh edirlər. Qərb ordularının aktivliyi şimali Avropa ilə məhdudlaşmır, eyni vaxtda Uzaq Şərqdə ABŞ və Cənubi Koreya ordularının birgə hərbi təlimləri keçirilir. Bu, Şimali Koreyanın sərhədləri yaxınlığında baş verir. Təlimdə BMT komandanlığının üzvü olan 12 dövlətin hərbçiləri iştirak edir. O cümlədən, Avstraliya, Filippin, Tailand, Böyük Britaniya da burda Amerika-Koreya təlimlərinə dəstək verənlər arasındadır.
Proses Uzaq Şərqlə də qalmır; Qərb dairələri Rusiya-Çin-İran üçbucağına qarşı təzyiqləri Cənubi Qafqaza, buradan da Mərkəzi Asiyaya daşımağı planlayırlar. Bu planlar Azərbaycanı, təbii ki, yaxından ilgiləndirir.

2020-ci ildə Azərbaycanın məğlub etdiyi Ermənistan bunu bəhanə edərək Rusiyadan uzaqlaşıb Qərbə üz tutub. Rəsmi İrəvan Rusiyanın patronajlığı altında olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatınım (KTMT) 2020-ci ildə Ermənistanı Azərbaycandan müdafiə etmədiyini "əsas" gətirir. KTMT, təbii ki, Ermənistanın tələb etdiyi kimi, Azərbaycanın Qarabağda və Şərqi Zəngəzurda keçirdiyi hərbi əməliyyatları pisləyə bilməzdi. Çünki Azərbaycan öz ərazisini işğaldan azad edirdi və etdi də. KTMT Ermənistanı o halda müdafiə edə bilərdi ki, Azərbaycan onun - Ermənistanın ərazisinə müdaxilə etmiş olsun. Belə bir müdaxilə isə, təbii ki, edilmədi. Əksinə, Ermənistan Azərbaycana müdaxilə cəhdlərini davam etdirməyə çalışmışdı. Nizami ordusu darmadağın edildiyi üçün, Ermənistan Azərbaycanın artıq azad etdiyi bölgələrə təxribat qrupları sızdıraraq, əraziləri və yolları minalamışdı. Bunu sübut edən təkzibolunmaz faktlar, dəlillər var.

KTMT Ermənistan-Azərbaycan sərhəddinə öz müşahidə missiyasını göndərməklə bağlı təklif versə də, Ermənistan hökuməti bunu rədd edərək, Avropa İttifaqının müşahidə missiyasını həmin bölgəyə yerləşdirdi. Bu, Ermənistanın təhlükəsizlik sahəsində Rusiya ilə tərəfdaşlıqdan imtina etmək idi. Sonrakı mərhələdə Ermənistan rəhbərliyi KTMT çərçivəsində tədbirlərdə iştirakdan da imtina etdi. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edir ki, 2020-ci ildə Ermənistanın silah idxalında Rusiyanın payı 96 faizdən 2023-cü ildə 10 faizə düşüb. Onun yerini Fransa, Hindistan kimi ölkələr tutur. İndi də Yunanıstanın müdafiə naziri Dendias İrəvana gəlib. Ermənistan NATO-nun bir sıra başqa üzv dövlətləri ilə də danışıqlar aparır. Beləliklə, Rusiya Ermənistanın silah bazarından da çıxarılır. Eyni zamanda rəsmi İrəvan Rusiya Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının "Zvartsnots" hava limanından çıxması məsələsini də qoyur. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalyadakı Diplomatik Forum çərçivəsində keçirdiyi mətbuat konfransında Nikol Paşinyan hökumətinin bu addımlarını şərh edərkən, Moskvanın İrəvanla münasibətlərə yenidən baxa biləcəyini deyib. Münasibətlərin səviyyəsinin aşağı salına biləcəyinə işarə edib.

Əlbəttə, Ermənistan-Rusiya münasibətlərinin inkişafı və ya tənəzzülü Azərbaycanı yaxından maraqlandırmaya bilməz. Ancaq bu kontekstdə Bakını ən çox narahat edən məsələ Ermənistanın regiona dəxli olmayan dövlətləri bölgəyə cəb etmək cəhdidir. Qərbin İrəvan küçələrində "becərib", erməni hakimiyyətinə transfer etdiyi Nikol Paşinyan və onun qrant qruplaşması ölkəsini faktik böyük güclərin siyasi və hərbi qarşıdurma poliqonuna çevirir. Qərbin bəzi dövlətləri və qurumları dil boğaza qoymadan Azərbaycanın guya Ermənistana hücum edəcəyi ilə bağlı bəyanatlar verirlər. Burda məqsəd həm Ermənistanı qorxudub, Qərbə qucaq açmağa təhrik etməkdir, həm də Ermənistanın Rusiya mərkəzli KTMT-dən, eləcə də, gələcəkdə başqa çoxtərəfli formatlardan qopmasını sürətləndirməkdir. Beləliklə də, Rusiyanı Ermənistana qarşı güc tətbiqinə təhrik etməklə, Ukraynadakı irəliləyişini çətinləşdirmək istəyirlər. Ukrayna prezidenti Volodimir Zelenski də məhz buna görə İrəvana səfər planlayırdı.

Əgər bu plan baş tutsa, o zaman Şimali Avropa və Uzaq Şərqlə yanaşı Cənub cinahından - Cənubi Qafqazdan da Qərbin Rusiyaya qarşı alternativ cəbhə açması mümkün olar. Bu, Rusiya ətrafında yanan halə yaratmaq və həlqəni getdikcə daraldaraq, Moskvanı boğmaq niyyətlərindən xəbər verir. Bu isə Azərbaycanı, eləcə də, bütün Qafqazı Üçüncü Dünya Müharibəsinin döyüş meydanına çevirmək və bölgəni çox çətin duruma sürükləmək olardı. İndi nəzərlər istər-istəməz Bakıya, Moskvaya, Ankaraya çevrilir. Hər üç paytaxtda hadisələrin mümkün inkişaf ssenariləri izlənilir. ABŞ-Çin qlobal savaşının Rusiya-Ukrayna cəbhəsinə bir də Rusiya-Ermənistan cəbhəsi əlavə olunsa, bu, Azərbaycanı, Türkiyəni, eləcə də, Türk Dövlətləri Təşkilatını yaxından əlaqədar edəcək. Bu baxımdan, Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin tarixi önəmi və çox mühüm gündəliyi olacaq. Türkiyə Rusiya-Ukrayna danışıqları üçün öz platformasını təklif edib. Türkiyə xarici işlər naziri Hakan Fidan bəyan edib ki, Rusiya və Ukrayna hərbi güc tətbiq etməklə gedə biləcəkləri yerə qədər gediblər; münasibətlərin hərbi yolla ayırd edilməsində hər biri öz limitinin sərhəddinə çatıb. Bundan sonra müharibəni davam etdirmək onun illərlə uzanması və bu ölkələrlə yanaşı dünyanı və bölgəni daha miqyaslı və daha amansız qarşıdurma perspektivləri ilə üz-üzə qoyur. Türkiyə tezliklə atəşkəsə nail olmağa çalışır. Ankara bilir ki, Rusiya Ukraynada qalib gəlib, ölkəni işğal, bir hissəsini ilhaq etsə, bu müharibə NATO-Rusiya qarşıdurmasına keçəcək və o halda Türkiyənin Alyans üzvü olaraq neytral qalması mümkünsüz hala gələcək. Hazırda müharibə NATO üzvü olmayan ölkələr arasında getdiyi üçün Türkiyənin manevr imkanları var. Rusiya Polşaya, yaxud Baltik ölkələrinə hücum edərsə, belə manevr meydançası yox dərəcəsində daralacaq. O halda Qərb Türkiyəni Rusiyaya qarşı çevirmək üçün Ankaraya davamlı və intensiv pressinq edəcək. Bu, baş verərsə, Azərbaycana da təsirsiz ötüşməyəcək. Buna görə Türkiyə Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına yönəlik aktiv diplomatiya aparır. Nəticəsi necə olacaq? Bu təşəbbüs Rusiya-Ukrayna müharibəsini dayandıracaqmı? Yaxud ən azı qalıcı atəşkəs əldə oluna bilərmi?

Bu sualların cavabı Türkiyə-Rusiya zirvə görüşündən sonra aydınlaşa bilər.

Bahəddin Həzi, Bizimyol.info
скачать dle 12.1