Bia.Az

Tehran təhlükənin astanasında - GƏLİŞMƏ

Dünya
 4-03-2024, 01:19     232

Bələdiyyə, parlament və prezident seçkiləri dövlətin idarə edilməsində vətəndaşın iştirakını təmin edən siyasi kampaniyadır. Bu zaman seçici öz iradəsi ilə idarəetmədə, qanun yaradıcılığında iştirak hüququnu könüllü olaraq kiməsə ötürür.

Martın 1-də İran İslam Respublikasında parlament və Dini Ekspertlər Şurasına seçkilər keçirilib. Bu siyasi kampaniya ilə bağlı bəzi statistik göstəriciləri diqqətinizə çatdıraq. Bu il İran İslam Respublikasının yaranmasının 45 ili tamam oldu. Sonuncu parlament seçkisi sayca 12-ci, Şuraya isə 6-cı çağırışdır.

İran parlamenti 290 yerdən ibarətdir. Hər 10 ildən biri 20 deputat sayı artırılır. Konstitusiyaya əsasən, 5 yer dini azlıqların (xristian, yəhudi və zərdüşti) nümayəndəsi üçün nəzərdə tutulur.

Ekspertlər Şurasına 8 ildən bir seçki keçirilir. İranın ali rəhbərini müəyyən edən bu qurum 88 müctəhiddən formalaşır.

Bu seçkidə 61 milyon 87 min İran vətəndaşının səsvermə hüququ olub. 15 mindən çox vətəndaş deputatlığa namizədliyə namizəd olmaq üçün Daxili İşlər Nazirliyinə müraciət edib. Onların 75 faizinin namizədliyi qeyd alınıb. Mindən çox qadın deputatlığa namizəd olub. Şura üzvlüyünə isə 144 iddiaçı namizədliyinin irəli sürüb.

Xaricdə fəaliyyət göstərən müxalifət təşkilatları İran seçicilərini siyasi kampaniyanı boykot etməyə çağırıblar.

İran polisi ölkə əhalisinə xəbərdarıq edərək, boykota istənilən çağırışı cinayət əməli kimi qiymətləndirəcəyini bildirmişdi. Müxtəlif əyalətlərdə həbs edilənlərin olduğuna dair məlumat yayılıb. Xaricdə yaşayan iranlı mühacirləri Tehranın diplomatik missiyası qarşısına toplanaraq, seçkilərə etirazını bildiriblər. Onlar bu kampaniyanı “gülünc” adlandırıblar.

Məlumatlara əsasən, səsvermədə seçicilərin 15-20 faizi iştirak edib. Bu da hərbçilər, dövlət məmurları, müəllimlər, həkimlər və başqa büdcə təşkilatlarında çalışanların payına düşür. Bildirilib ki, dövlət xəstəxanasından həkimləri güc yolu ilə, hədələyərək səsverməyə aparıblar. Səsverməyə qatılmayanlar işdən çıxarılmaqla hədələnib.

Təbrizdə “Advin plastik” zavodunun rəhbərliyi isə işçilərini məcbur ediblər ki, onların istədikləri namizədə səs versinlər. Onlara bildirilib ki, əks halda, işdən qovulacaqlar. İşçilərə səs verdikləri bülletenin fotolarını çəkib göndərmək tapşırılıb. Güney Azərbaycanın bir sıra şəhərlərində posterlərdə simvolik olaraq “Mənim səsim Azərbaycan” yazılmaqla Azərbaycan milli hərəkatının əsas tələbinin “Azadlıq! Ədalət! Milli hökumət!” olduğu qeyd edilib.

Elan olunmamış hərbi-polis rejimi tətbiq edilsə də oxşar boykot aksiyaları ölkənin müxtəlif əyalətlərində keçirilib.

İran hakimiyyəti Ekspertlər Şurasına, prezident, parlament və yerli şuralara seçkilər keçirməklə demokratiyanın karikaturasını nümayiş etdirir. Əslində bu siyasi kampaniya ilə Tehran demokratiyaya lağ edir. Çünki prezidentlik, parlament kimi ali icraedici və qanunverici orqanlar hazırda İranda “danışıb dağılışmaq”, simvolik təmsilçilik funksiyalarını yerinə yetirir. “Dəvədən böyük fil var” prinsipi ilə onlardan üstün ali rəhbərin (indiki halda ayətullah Seyid Əli Xaməneinin tutduğu vəzifə) yanında Nəzarət Şurası və qurumlar fəaliyyət göstərir. Nəzarət Şurası və ali rəhbərin təsdiqləmədiyi qanunlar, qərarlar icra oluna bilməz. Bu baxımdan, seçkili orqanlar “arabanın 5-ci təkəri” sayılır.

Ekspertlər Şurası ali rəhbəri seçən seçkili orqandır. Ancaq bu quruma indi 97 yaşlı ayətullah Əhməd Cənnəti başçılıq edir. Bu da həmin qurumun əhəmiyyətinin göstəricisi sayıla bilər.

Müşahidəçilərin sözlərinə görə, əhəmiyyət dərəcəsinə baxmayaraq, hakimiyyət bu seçkidə də azad, ədalətli və şəffaflıq prinsiplərini gözləməyib.

Bu o deməkdir ki, Tehran əhalinin istək və etirazlarını qarşılamayıb. Daha doğrusu, onlara məhəl qoymayıb. Ötən 45 il ərzində cəmiyyətin tələblərini nəzərə almayan hakimiyyət ölkəni indi üzləşdiyi faciəvi duruma gətirib çıxarıb.

Siyasi, iqtisadi, sosial və mədəni sahələrdə islahatların aparılmaması, İranın 45 il öncəki kimi idarə edilməsi yeni böhrana yol aça bilər. Son illər ölkədə iqtisadi tələblərlə etiraz aksiyaları artıb. İran əhalisinin 65 faizi yoxsulluq həddindədir. Son iki ildə 11 milyon insan bu vəziyyətə düşüb. Bu tendensiya qarşıdan gələn ilin İran üçün ağır olacağını ehtimal etməyə əsas verir. Üstəlik, regiondakı proseslər də ziyanına işləyir. HƏMAS-İsrail cəbhəsində birincilərin məğlubiyyəti Tehranın Yaxın Şərqdən qovulmasının başlanğıcı ola bilər.

Əvvəlki seçkilərdə olduğu kimi, Qərb bu dəfə də seçkilərin demokratik prinsiplərə uyğun keçirilməyəcəyini əvvəlcədən proqnozlaşdırmışdı. Bu baxımdan, mövcud hakimiyyətin təşkil edəcəyi istənilən seçkilərin azadlıq prinsiplərinə uyğun keçirilməyəcəyi aydın idi. Çünki onun təmin olunması mövcud rejimin sonuna doğru addım olar bilər.

İranda parlamentarizmin əsası Qacarlar dövründə, 1905-1911-ci illərdə baş vermiş Məşrutə hərəkatı nəticəsində qoyulub. Başqa yeniliklər kimi, bu mütərəqqi hadisənin də müəllifi türklərdir. Ancaq təəssüf ki, bu orqana seçkilər indiyədək demokratik şəkildə keçirilməyib. Əslində, İranda bütün hərəkatlar demokratiyanın reallaşmaması, onun imitasiyası səbəbindən baş verir. Seçkilərlə legitimliyi təmin etmək istəyən hakimiyyət, əksinə, yeni problem yaradır. Bu da yeni hərəkatlar, inqilablar doğurur. Odur ki, bu seçkilərdən sonra da “ənənənin” davam edəcəyi ehtimalı gündəlikdədir.
Sədrəddin Soltan - pressklub.azскачать dle 12.1