Bia.Az

Azərbaycana və Ermənistana “yol xəritəsi”: Avropa İttifaqı nələri təklif edir? - İNCƏLƏMƏ

Dünya
 3-03-2024, 12:55     300

ShareFacebookTwitterOdnoklassnikiEmailVKWhatsAppTelegram
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın III Diplomatiya Forumu çərçivəsində Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı çıxışında mühüm siyasi açıqlamalar verib.

“Cənubi Qafqazda sülh, inkişaf və kommunikasiya” mövzusunda panel müzakirəsində Toivo Klaar Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına dair Avropa İttifaqının siyasi mesajlarını çatdırıb.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin çıxışı zamanı Avropa İttifaqının mülki missiyasının fəaliyyətinə etirazına münasibət bildirən Klaar onların regionu tərk etməsi üçün siyasi şərti açıqlayıb.

“Sülh bərqərar olanda Avropa İttifaqının müşahidəçiləri Ermənistan sərhədini tərk edəcəklər”, - deyən diplomat Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bu il imzalanacağına ümid etdiyini bildirib.

Bundan başqa, Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Avropa İttifaqı adından Avropanı Cənubi Qafqazı da əhatə etməklə Mərkəzi Asiya və Çinlə birləşdirən “Orta Dəhliz”in tezliklə fəaliyyətə başlayacağını və həmin marşrut üzrə yüklərin daşınacağını da bildirib.

Toivo Klaar bildirib ki, Türkiyə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasında mühüm rol oynaya bilər və bununla da bütün Cənubi Qafqaz regionunun sabitləşməsinə güclü təkan verə bilər.

“Vurğulamaq istəyirəm ki, Aİ, Almaniya daxil olmaqla, Avropa ölkələri münasibətlərin normallaşdırılmasına dair təklifləri dəstəkləyib və bundan sonra da dəstəkləməyə hazırdır. Biz sülhə nail olunması üçün Türkiyəni və onun bu regionda liderlik potensialını da nəzərdən keçiririk”, - o qeyd edib.

Klaar hesab edir ki, Ermənistan və Azərbaycan sərhədlərin müəyyənləşməsindən söz açıb.

Onun sözlərinə görə, 1991-ci ildə Azərbaycanın və Ermənistanın sərhədlərinin bölünməsi zamanı Alma-Ata Bəyannaməsi də daxil olmaqla yekun iki ölkə arasında yekun sazişlərə etibar etmək lazımdır.

Klaar əlavə edib ki, saziş insanların və yüklərin Ermənistanın cənubundan keçməklə Azərbaycanın əsas hissəsindən Naxçıvana keçməsi üçün sərhədin açılmasını ehtiva etməlidir.

Göründüyü kimi, Toivo Klaarın çıxışı sülh prosesinin perspektivi ilə bağlı bir sıra mesajları özündə əks etdirir. Əslində, bunu Avropa İttifaqının adından Azərbaycana və Ermənistana təqdim edilən təkliflər paketi və ya “yol xəritəsi” adlandırmaq daha doğru olar.

Toivo Klaarın irəli sürdüyü “yol xəritəsi”nin məzmunu Azərbaycan və Ermənistan arasında kompromis variantı nəzərdə tutur. Yəni hazırda sülh müqaviləsinin mətni üzrə tərəflər arasında əsas mübahisə predmeti olan məsələlərə dair qarşılıqlı güzəştlərə əsaslanan təkliflərin verildiyini görmək olar.

Söhbət xüsusilə kommunikasiyaların açılması və sərhədlərin müəyyənləşməsi üzrə xarici işlər nazirlərinin Berlin görüşündə də açıq qalan məsələlərin həllindən gedir.

Toivo Klaarın çıxışının analizi göstərir ki, Avropa İttifaqı kompromis variant kimi delimitasiya və demarkasiya prosesinin 1991-ci il Alma-Ata Bəyannaməsi imzalanan vaxt Azərbaycanla Ermənistan arasında mövcud olmuş sərhəd xətti üzrə aparılmasını təklif edir. Ermənistan rəsmiləri də son vaxtlar sərhədlərin Sovet səalhiyyətləri orqanları tərəfindən təsdiq edilmiş və 1991-ci ilə dair xəritələr əsasında müəyyənləşməsində israr edir.

Yəni Klaar Azərbaycana sərhədlər məsələsində Ermənistanın mövqeyini qəbul etməyi təklif edir. Əvəzində, Toivo Klaar Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistanın kompromisə getməsini təklif edir və bu məsələdə Avropa İttifaqının Azərbaycana dəstək vəd edir. Diplomatın verdiyi digər mesajdan aydın olur ki, qeyd edilən mövzular üzrə tərəflər razılığa gələrsə, 2024-cü ilin sonuna qədər Avropa İttifaqının dəstəyi ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalana bilər.

Hətta sözügedən “yol xəritəsi”nin reallaşması üçün Avropa İttifaqı regionda fəaliyyətini və maraqlarını Türkiyə koordinasiyalı şəkildə həyata keçirməyə hazırdır. Klaarın sülh prosesində regionun lider dövləti kimi Türkiyənin mühüm rol oynaya biləcəyi barədə dedikləri ifadələr isə çox güman ki, ilk növbədə, rəsmi Ankaranın vasitəsilə Azərbaycanı Avropa İttifaqının “yol xəritəsi”nə razı salmağa hesablanıb.

Eyni zamanda, Brüssel Zəngəzurdan keçməklə Çinlə Avropanı birləşdirəcək nəqliyyat-kommunikasiya dəhlizinin yaranmasında maraqlı tərəf olduğunu bildirməklə özünün sülh təkliflərinə Türkiyədən dəstək istəyir. Bunun qarşılığında isə Avropa İttifaqı Cənubi Qafqazda Türkiyənin maraqlarını tanımağa və birgə əməkdaşlığa hazır olduğunu nümayiş etdirir.

Çünki sülh müqaviləsinin imzalanması Ermənistanın Türkiyə sərhədlərinin açılması deməkdir. Bu isə həm “Orta dəhliz”dən istifadə etməklə, həm də Türkiyə vasitəsilə Ermənistanın Qərbə inteqrasiyasını sürətləndirə bilər.

Toivo Klaarın açıqlaması göstərir ki, Avropa İttifaqı qeyd edilən şərtlər müqabilində sülh müqaviləsi imzalanarsa, Azərbaycana Ermənistandakı müşahidə missiyasını geri çağıracağını vəd edir.

Lakin Klaarın dilə gətirdiyi təkliflərin həyata keçirlməsi ilə bağlı bir sıra cavabsız qalan suallar var. İlk növbədə, 1991-ci ildən sonra Ermənistan Azərbaycan ərazilərini işğal etməklə Alma-Ata Bəyannaməsindən və Sovet dövründə mövcud olmuş inzibati sərhədlərdən imtina edib. Ona görə də sərhədlərin yenidən müəyyənləşməsi üçün delimitasiya və demarkasiya prosesi aparılmalıdır.

Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyən edilməsinə dair hüquqi öhdəlik yaradan hər hansı müqavilə yoxdur. Bu halda, Azərbaycanın Ermənistana güzəştə getməsinin siyasi və hüquqi əsası yoxdur. Çünki əgər delimitasiya və demarkasiya prosesində Sovet dövrünə aid xəritələr əsas götürülərsə, Azərbaycan SSRİ-nin tərkibində olduğu istənilən dövrün xəritələrə müraciət edə bilər.

Hətta Azərbaycan Konstitusiyası 1918-1920-ci illərin xəritələrində əksini tapmış sərhədlərin bərpası təklifi ilə çıxış etməyə hüquqi əsas yaradır. Çünki müasir Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir. Bu səbəbdən, yalnız 1991-ci ilin xəritələrinin əsas götürülməsi sərhədlər məsələsində Ermənistanın maraqlarına üstünlük verildiyini təsdiq edir.

Azərbaycanın qərb rayonları ilə Naxçıvan MR arasında dəhlizin açılmasına görə hər hansı güzəşt şərtinin qoyulması siyasi və hüquqi baxımdan, düzgün deyil. Çünki Ermənistan 2020-ci il 10 noyabr Bəyanatına uyğun olaraq, Zəngəzurdan dəhlizin açılmasına dair öhdəlik götürüb. Rəsmi İrəvan bu öhdəliyi yerinə yetirməməklə Ermənistanın bolkadasını uzadır.

Toivo Klaar Ermənistan ərazisindən dəhlizin açılmasını təklif etsə də, həmin ərazinin təhlükəsizliyini hansı dövlətin təmin edəcəyi məsələsinə aydınlıq gətirməyib. Yəni bu məsələ açıq qalır. Ermənistan Rusiya sərhəd qoşunlarının Zəngəzur dəhlizinə nəzarət erməsini istəmir. Rusiya da öz növbəsində, bu məsələdə geri çəkilmək niyyətində deyil.

Son vaxtlar dəhlizin mühafizəsinin Avropa İttifaqının müşahidə missiyasına həvalə edilməsi üçün Ermənistanda məxfi planların hazırlandığına dair məlumatlar var. Bu da Zəngəzurda Rusiya və Qərb arasında qarşıdurmanın kəskinləşməsinə səbəb ola bilər.

Həmçinin, Toivo Klaarın “yol xəritəsi”ndə Ermənistanın Konstitusiyasında və digər qanunvericilik aktlarında həm Azərbaycana, həm də Türkiyəyə qarşı ərazi iddialarının qalması ilə bağlı məsələyə aydınlıq gətirilmir. Çünki Azərbaycanla sülh sazişi imzalanmazdan öncə Ermənistan Konstitusiya islahatı keçirməli, bütün hüquqi normativ aktlarda ərazi iddiları, separatçılığa dəstək, terrorizmə çağırış hallarının təsbit edildiyi sənədlərə xitam verməlidir. Əks halda, Türkiyə ilə münasibətlərin normallaşması da mümkün olmayacaq.

Müşfiq Abdulla
“Cebhe.info”скачать dle 12.1