Bia.Az

Qərb düyməyə basıb, Rusiyanı təbdən çıxaracaq addımlar atılır… - Paşinyan təhlükəli oyuna başladı

Dünya
 29-02-2024, 01:08     294

Ermənistan hakimiyyəti uzunmüddətli “artilleriya hazırlığından” sonra hücuma keçdi. Baş nazir Nikol Paşinyanın ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəaliyyətini dondurması barədə Parisdə dedikləri, ardınca Fransa müdafiə nazirinin İrəvana səfəri, müdafiə sahəsində sıx əməkdaşlıqla bağlı birgə bəyanat, daha sonra parlamentin spikeri Alen Simonyanın “rus sərhədçilər İrəvanın Zvartnots beynəlxalq hava limanında fəaliyyətini dayandırmalıdır” bəyanatları bundan xəbər verir.


Daha bir məsələ Ukrayna lideri Volodimir Zelenskinin Ermənistana səfər edəcəyi ilə bağlıdır. Hakim partiyanın deputatları bildiriblər ki, Zelenksi arzulasa, onu məmnuniyyətlə İrəvanda qəbul edəcəklər.

Bunlar ölkənin Beynəlxalq Cinayət Məhkəməsinə üzvlüyündən sonra Paşinyan hökumətinin Qərbyönlü bəyanatları fonunda Ermənistanın Rusiya maraqlarına qarşı ilk real addımlarıdır. Buna qədər gündəm ancaq ritorikadan ibarət idi, Baş nazir və digər dövlət rəsmilərinin çıxışları, Moskvadan onlara verilən cavablar realpolitikada özünə yer etməyib.

Ermənistan hazırda Rusiyanın nəzarətində olan Avrasiya İqtisadi İttifaqının (Aİİ) sədridir, ölkənin xarici ticarətində bu təşkilatın payı 80 faizə çatır. Ayrıca Ermənistanın Rusiya ilə xarici ticarət dövriyyəsi 7.5 milyard dolları keçməklə bütün dövrlərin rekordunu qırıb. Müqayisə üçün qeyd edək ki, Ermənistandan qat-qat böyük resurslara malik olan Azərbaycan və Türkiyə arasında ötən il ticarət dövriyyəsi 7.4 milyard dollar olub.

Beləliklə, Ermənistan Rusiya və Avrasiya İttifaqı ilə iqtisadi tərəfdaşlığını yüksək səviyyədə saxlamaqla, Qərb strukturlarına inteqrasiya istiqamətində real addımlara başlayıb. Xarici işlər naziri Ararat Mirzoyanın Brüssel ziyarətindən, Nikol Paşinyanın ötən həftəki Fransa səfərindən sonra sanki düyməyə basılıb. İrəvan Qərbə inteqrasiya kursunda səmimi olduğunu nümayiş etdirmək istəyir, bu da Rusiyanın Ermənistanda əl-qolunu yığışdıracaq qərarların verilməsindən keçir. Qərbdə də Paşinyandan performans gözləyirlər, çünki “Rusiyanın dəstəyi ilə Azərbaycan bizə hücuma keçəcək, Rusiya xüsusi xidmət orqanları məni devirməyə çalışırlar” bəyanatları kəsərini itirib. Görünür, Azərbaycanın izahatlarından sonra Qərbdə Baş nazirin bu bəyanatlarına o qədər də inanmırlar. Həm də kəşfiyyat məlumatları vəziyyəti daha düzgün analiz etməyə imkan verir…

KTMT-də fəaliyyətin dondurulması faktiki olaraq bu təşkilatda fəaliyyətin dayandırılması anlamına gəlir, bir ilə yaxındır ki, Ermənistan təşkilatın işini sabotaj edir, imzalanmış sənədləri ratifikasiya etmir. Amma Paşinyan hökuməti özündə cəsarət tapıb hərbi ittifaqdan ayrıldığını deyə bilmir və qeyri-müəyyən situasiya yaradaraq, Rusiyanın ehtimal olunan aqressiv cavabını korşaltmağa çalışır.

Paralel olaraq, Rusiya hərbi bazalarının ölkədən çıxarılması məsələsini də qaldırmır. Bu barədə növbəti mərhələdə, daha uyğun şərait yarandıqda müzakirə açıla bilər.

Ermənistanın Rusiya hərbi sənaye kompleksindən asılılığı azaltmaq cəhdləri, Fransa və Hindistandan hərbi texnika, silah alması da Kremldə xoş qarşılanmır. Bu addımlar KTMT-dən uzaqlaşma qərarı ilə paralel atılır ki, Moskvada bu trayektoriyanı hələ ki, sadəcə müşahidə edirlər…

Spiker Alen Simonyanın “rus sərhədçilər İrəvanın Zvartnots beynəlxalq hava limanında fəaliyyətini dayandırmalıdır” bəyanatı da cəsarətsiz açıqlamadır. Spiker açıqlamada iki dəfə təkrar edib ki, bu, onun şəxsi fikridir:

– Rusiya sərhədçilərinin “Zvartnots” aeroportundan çıxarılması müzakirə olunurmu?

– Mən belə bir müzakirədə olmamışam, ola bilsin ki, hüquq-mühafizə orqanlarının əməkdaşları və aidiyyatı qurumlarla müzakirə olunub, amma mən iştirak etməmişəm. Şəxsən mən hesab edirəm ki, onların oradan çıxması düzgün olardı. Bu, mənim şəxsi fikrimdir.

– Niyə?

– Çünki biz öz dövlətimizin sərhədlərini qoruyacağıq, lakin onların ölkəmizin sərhədlərini qoruyacaqlarına əmin deyiləm. Sən əminsən? Bu, artıq dəfələrlə olub və onlar müdafiə etməyiblər və mən hətta bir çox hallarda sərhədlərin daha həssas olması üçün etdiklərini demirəm. Onlar Dağlıq Qarabağa gələndə nə etdilər? Erməni xalqının çıxmasını müşayiət etdilər? Hadisələr bitəndən bir neçə saat sonra bir neçə rus “sülhməramlısı” öldü və dedilər: görün biz necə işləyirdik, “sülhməramlılarımız” da öldü… Hadisələrin bitməsindən beş saat sonra!!! Yəni gəlib erməniləri yola salıblar? Bu müdafiə idi? Onlar hava limanında qalmağa davam etməlidirlər ki, hər gün “Zvartnots”dan sizi və məni müşayiət etsinlər? Düşünürəm ki, onların mövcudluğu lazımsızdır!

Rusiya hələ ki, spikerin bəyanatına reaksiya verməyib, çox güman ki, Putinin köməkçiləri ona ikitərəfli müqavilələrin qüvvədə olduğu tarixləri xatırladacaq. Moskva İrəvanın təzyiqi altında bu addımları ata bilməz, bu, onun regiondakı hərbi-siyasi təsirlərinə ağır zərbə ola bilər.

Yeri gəlmişkən, Ermənistan İkinci Qarabağ müharibəsi zamanı Rusiya sərhəd qoşunlarının Ermənistandakı fəaliyyət dairəsinin genişləndirilməsi ilə bağlı 1992-ci il sazişinə Əlavə imzalayıb. Anlaşmaya görə, Rusiya Sünikdə 3 yeni zastava, İran-Ermənistan yolunun üzərində – Kərki kəndi yaxınlığında və Qazax-İcevan sərhədinə yaxın, Ermənistan-Gürcüstan yoluna yaxın ərazidə müşahidə məntəqələri tikib. Baş nazirin sərəncamı ilə Rusiya sərhədçilərinə 3.4 hektar ərazi ayrılıb.

Alen Simonyan rusların Ermənistanın dövlət sərhədlərini qoruyacağına əmin deyilsə, ilk növbədə Nikol Paşinyandan yuxarıda bəhs olunan sərəncamını ləğv etməyi xahiş etməlidir.

Ukrayna lideri Zelenskinin səfərinə gəlincə, onun reallaşması mümkündür. Əvvəla, xatırladaq ki, müharibə dövründə Zelenski, Pribaltika ölkələri istisna olmaqla, heç bir postsovet ölkəsinə getməyib. Hətta qonşu, onunla bir yolu gedən Moldovaya da ayaq basmayıb. Şübhəsiz, bu səfərlər Rusiyanın qəzəbinə gəlməmək üçün həmin ölkələr tərəfindən arzu edilməyib. Ermənistan bu addımı atacaq ilk dövlət olmaqla, Kremli hədsiz qəzəbləndirər. Sual oluna bilər ki, Zelenski kimi sıx qrafiki olan liderin Ermənistan kimi “heç nəyə yaramayan” ölkəyə getməkdə marağı nə ola bilər? Ermənistan hələ də beynəlxalq siyasi sistemdə Rusiyadan asılı, onun hərbi-siyasi vassalı olan ölkə kimi qəbul olunur. Sərhədləri Rusiya tərəfindən qorunur, ərazisində Rusiya hərbi bazaları var. Belə bir dövlətin Zelenski kimi Rusiya düşməninə qucaq açması Moskvanın regionda təsir imkanlarının zəifləməsinin əlaməti kimi qəbul oluna bilər.

Yekun olaraq qeyd edək ki, Ermənistan hakimiyyəti Qərb tərəfdaşlarına səmimiyyətini sübut etmək cəhdləri risklərlə doludur. Şübhəsiz, bütün qərarlar ölçülür-biçilir, məsləhətləşilir, Rusiyanın mümkün reaksiyası proqnozlaşdırılır. Qeyd olunan məsələlərin hər biri Kremli təbdən çıxarmaq üçün kifayətdir.

Ermənistanın yaxın tarix göstərir ki, Rusiya orada qərarları qəfil icra etməyə başlayır. 1997-ci ilə Azərbaycanla anlaşmaya meyllənən siyasi liderlərin parlamentdə güllələnməsinı xatırlatmaq kifayətdir…скачать dle 12.1