Bia.Az

Cənubi Qafqaz və Mərkəzi Asiya region dövlətlərinin radar sistemləri – TƏHLİL

Dünya
 11-02-2024, 19:07     124

Müasir dövrdə orduların təchizatında müxtəlif növ radiolokasiya stansiyaları (RLS) istifadə olunur. Bu stansiyalar əsasən Hərbi Hava Qüvvələrində (HHQ) və Hava Hücumundan Müdafiə (HHM) Qoşunlarında, Raket və Artilleriya Qoşunlarında (RAQ) geniş tətbiq edilir. Radiolokasiya stansiyaları əsasən radiotexniki birləşmə və bölmələrdə, artilleriya kəşfiyyatı və radiotexniki kəşfiyyat bölmələrində silahlanmada yer alır.
Ümumilikdə radiolokasiya dedikdə, radiodalğalardan istifadə etməklə müxtəlif obyektlərin yerinin müəyyən edilməsi (koordinatların aşkarlanması və ölçülməsi) və xassələrinin təyin edilməsi üsul və vasitələrini birləşdirən elm və texnologiya sahəsi başa düşülür. Radiolokasiyanın əsas texniki qurğusu isə radiolokasiya stansiyasıdır.
RLS və ya radar (ingiliscə radar – “radio detection and ranging” anlayışından götürülüb, radio aşkarlama və məsafəölçmə mənasını verir) – hava, dəniz və yerüstü obyektləri aşkar etmək, habelə onların məsafəsini, sürətini və həndəsi parametrlərini təyin etmək üçün nəzərdə tutulmuş radiotexniki sistemdir. Sistem radiodalğaların şüalanmasının və onların obyektlərdən əks olunmasının qeydiyyatına əsaslanan radiolokasiya metodundan istifadə edir.
Qoşunların radiotexniki bölmələri radiolokasiya sahəsi daxilində düşmənin radar kəşfiyyatını aparmaq, düşmən haqqında radar məlumatlarını emal etmək və onu tabe olduqları qüvvə və qoşun növlərinin, həmçinin Silahlı Qüvvələrin digər qüvvə və qoşun növlərinin idarəetmə orqanlarına, habelə sülh və müharibə dövrünün vəzifələrinin həlli zamanı zenit-raket qoşunlarının, raket-artilleriya birləşmələrinin və bölmələrinin, radioelektron mübarizə birləşmə və bölmələrinin döyüş vasitələrini idarəetmə məntəqələrinə ötürmək üçün təyin edilib.
Silahlı Qüvvələrin qüvvə və qoşun növlərinin radiotexniki kəşfiyyat bölmələri düşmən haqqında radar məlumatlarının əsas mənbəyidir. Onlar radar kəşfiyyatını aparır və yuxarı komanda məntəqələrinin, həmçinin aviasiya, zenit-raket, raket-artilleriya və radioelektron mübarizə birləşmələrinin, hərbi hissələrinin və bölmələrinin komanda məntəqələrini radar məlumatları ilə təmin edirlər.
Radiotexniki kəşfiyyat birləşmələrinin və bölmələrinin radioelektron texnikalarla təchiz edilməsində əsas diqqət bölmələrin manevr qabiliyyətinin, onların yeni mövqe rayonunda ən qısa müddətdə döyüş əməliyyat məlumatı vermək qabiliyyətinin artırılmasına verilir.
SSRİ-nin süqutundan sonra bütün postsovet respublikalarının silahlı qüvvələrinin təchizatına çoxsaylı, lakin köhnə və uzun müddət istismar olunmuş metrik diapazonlu P-14, 5N84 və 55J6, desimetrik və santimetrik diapazonlu P-35, P-37, ST-68, P-80 və 5N87, yük avtomobilinin şassisində yerləşdirilmiş mobil P-15, P-18 və P-19 müşahidə radiolokasiya stansiyaları, habelə bu və ya digər dərəcədə mobilliyə malik radarlara əlavə olaraq, stasionar P-70, P-90 və ST-67 radiolokasiya kompleksləri keçmişdir. Bununla əlaqədar olaraq, XXI əsrin əvvəllərindən başlayaraq bütün ordularda olduğu kimi, müstəqillik əldə etmiş həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya regionu dövlətlərinin ordularında da radiotexniki bölmələrin radioelektron texnikalarla təchiz edilməsinə böyük diqqət yetirilməyə başlanmışdır.
Cənubi Qafqaz dövlətləri – Gürcüstan Respublikası
Ground Master 403
“Ground Master 403” hava hədəflərini uzun mənzildə aşkarlayan mobil radar stansiyası
Müstəqilliyin ilk dövrlərində Gürcüstan HHM Qoşunlarının radiotexniki bölmələri keçmiş SSRİ Silahlı Qüvvələrindən qalmış P-18, P-19, P-37, P-14, 5N87 və 19J6 kimi radiotexniki vasitələrlə təchiz olunmuşdur. Demək olar ki, 2003-cü ilə qədər Gürcüstan HHM döyüş növbətçiliyində miras qalmış radarlardan istifadə etmişdir.
2003-cü ildən sonra Gürcüstanda silahlı qüvvələrin sürətləndirilmiş gücləndirilməsi kursuna keçilmişdir. Quru Qoşunlarını və mühüm obyektlərini himayə etmək üçün Gürcüstanda müasir HHM sistemlərinin aktiv alınmasına və mövcud olanların təkmilləşdirilməsinə başlanmışdır. 2007-ci ildə dörd ədəd P-18 “Terek” radarı Ukraynanın “Aerotexnika MLT” Elmi-İstehsalat Müəssisəsi” (Kiyev şəhəri) tərəfindən təkmilləşdirilərək P-18OU “Oskamıt” səviyyəsinə qədər yüksəldilib. Təkmilləşdirmə sayəsində Gürcüstanın HHM Qoşunları passiv və aktiv maneə şəraitində fəaliyyət göstərə bilən hava hədəflərini aşkar etmək üçün müasir element bazalı dörd yeni iki koordinatlı radar əldə edib.
Son illərdə ölkənin Müdafiə Nazirliyi hava məkanının etibarlı müdafiəsi istiqamətində mühüm addımlar atmışdır. Belə ki, Gürcüstan ordusu HHM bölmələrinin radiotexniki kəşfiyyat imkanlarının genişləndirmək məqsədi ilə ABŞ-Fransa birgə “ThalesRaytheonSystems” (TRS) şirkətindən bir dəst “Ground Master 403” hava hədəflərini uzun mənzildə aşkarlayan mobil radar stansiyasını və iki dəst “Ground Master 200” hava hədəflərini orta mənzildə aşkarlayan mobil radar stansiyalarını alıb. GM403 radarı 470 kilometrə qədər məsafədə və 30 kilometrə qədər yüksəklikdə hava məkanına nəzarət etmək qabiliyyətinə malikdir.
Bundan başqa, Gürcüstan Quru Qoşunlarının HHM birləşmələrinin silahlanması üçün hələ 2008-ci ildə Ukraynanın “Topaz” Dövlət Səhmdar Holdinq şirkəti”ndən (Donetsk şəhəri) dörd ədəd “Kolçuqa-M” passiv radiotexniki kəşfiyyat avtomatlaşdırılmış kompleksini almışdır. “Kolçuqa-M” kompleksi üç stansiyadan ibarətdir. O, ərazinin 600 km-ə qədər dərinliyində və cəbhə boyu 1000 km-ə qədər məsafədə yüksək dəqiqliklə yerüstü və suüstü hədəflərin koordinatlarını, onların hərəkət marşrutlarını təyin edir. 10 km-dən yuxarı hündürlükdə uçan hava hədəflərini 800 km-ə qədər məsafədə yüksək dəqiqliklə müəyyən edə bilir.
“Kolçuqa-M” kompleksi ilə yanaşı Gürcüstan hökuməti Ukraynadan “İskra” Elmi-İstehsalat Kompleksi”nin istehsalı olan üç ədəd 36D6-M RLS də alıb. Bu stansiyalar Tbilisi üzərində hava məkanına nəzarəti təmin etmək üçün nəzərdə tutulub. Radar rejimlərdən asılı olaraq minimal 3,5/7/14 km və maksimal 90/180/360 km məsafələrdə fəaliyyət göstərir.
Sadalanan komplekslərdən başqa Gürcüstan Ukraynanın “Aerotexnika MLT” EİM”dən üç ədəd uzun mənzilli metrik diapazonlu iki koordinatlı təkmilləşdirilmiş P-180U “Oskamıt” radarı alıb. RLS hədəfləri minimal 2,5 km və maksimal 360 km məsafələrdə aşkar edə bilir. Eləcə də, 2010-cu ildə ABŞ suüstü şəraitə nəzarət üçün dörd ədəd sahil radar stansiyasının quraşdırılmasını maliyyələşdirib. Dəniz hədəflərini aşkaretmə radarları Qonio, Anakliya, Supsa və Çakvidəki hərbi dəniz bazalarında yerləşdirilib.
Ermənistan Respublikası
Армении модернизирована РЛС П 18M
“Patneş” QSC tərəfindən təkmilləşdirilən P-18M radar stansiyası
Ermənistan Respublikasının HHQ və Quru Qoşunlarının HHM birləşmələrində keçmiş SSRİ Silahlı Qüvvələrindən qalmış radarlarla yanaşı, sonradan Rusiyadan, Hindistandan alınma, eləcə də yerli müdafiə sənayesi müəssisələrinin gücü ilə təkmilləşdirilmiş stansiyalar istifadə olunur. Ermənistanın hava məkanına nəzarət və HHM sistemlərinə hədəf təyinatının verilməsi keçmiş sovet istehsalı P-12M, P-14, P-15, P-18, P-19, P-35, P-37, P-40, 19J6 (ST-68U) və 22J6M “Desna-M” sovet istehsalı radarları ilə həyata keçirilirdi. Bunlardan P-18 və 19J6 (ST-68U) radarları sonradan yerli müdafiə sənayesi müəssisələri tərəfindən təkmilləşdirilərək istismara verilib. Həmçinin HHM radiotexniki hissə və birləşmələrində 36D6, 5N84A “Oborona-14”, “Nebo-SV” və 57U6 “Periscop-VM” radar kompleksləri mövcuddur.
Yerli “Patneş” QSC tərəfindən təkmilləşdirilən P-18M radar stansiyasında hərəkət edən hədəflərin seçilməsi (seleksiyası) üçün yeni rəqəmsal sistem, RLS antenalarının istiqamətinin qeydə alınması üçün blok, yüksək tezlikli cərəyan kollektoru və asinxron mühərrikdən istifadə edərək antena fırlanma ötürücü sistemi tətbiq olunub.
“Patneş” QSC tərəfindən təkmilləşdirilən santimetrik-desimetrik diapazonlu 19J6 (ST-68U) üç koordinatlı RLS “Qarni” adı ilə silahlanmaya təhvil verilib. Sözügedən radarın təkmilləşdirilməsi istiqamətlərindən biri də stansiyanın analoq bloklarının rəqəmsal bloklarla əvəz edilməsi olub. Təkmilləşdirmə müasir elektron bazasından istifadə edilməklə həyata keçirilib. Digər rəqəmsallaşdırılmış HHM sistemləri ilə yanaşı, 19J6 radarının rəqəmsallaşdırılması Ermənistan Silahlı Qüvvələrində avtomatlaşdırılmış HHM sistemini yaratmağa və tətbiq etməyə imkan vermişdir.
Bundan başqa, “İrəvan Rabitə Vasitələri Elmi-Tədqiqat İnstitutu” (İRVETİ) QSC Ermənistan Ordusunun ehtiyaclarını qarşılamaq üçün üç müxtəlif radiolokasiya stansiyası hazırlayıb. Bunlara metrik diapazonda işləyən MŞR-200, santimetrik-desimetrik diapazonda işləyən MES-3 və MES-5 radarları aiddir.
Habelə, Litvanın “Litak-Tak”, Ermənistanın İRVETİ və Ukraynanın “Aerotexnika-MLT” şirkətlərinin birgə əməkdaşlığı ilə AMBER-1800 adlı radar hazırlanıb. İRVETİ radar antenası və komponentlərinin yaradıcısı və təchizatçısı, “Aerotexnika-MLT” radiolokasiya ekstraktorlarının və avtomatlaşdırılmış sistemin yaradıcısı və təchizatçısıdır. “Litak-Tak” isə radarın bütün komponentlərinin yığımına məsuldur. AMBER-1800 radarının fəaliyyət zonası 360 km-dir.
2020-ci ilin əvvəllərində Ermənistan Hindistandan 4 ədəd “Swathi Weapon Locating Radar” (WLR) konrtbatareya radiolokasiya stansiyasının alınması barədə dəyəri 40 milyon ABŞ dolları olan müqavilə imzalayıb. “Swathi WLR” kontrbatareya radarı atəş və ya buraxılış faktı üzrə minaatanların, artilleriya toplarının, yaylım atəşli reaktiv sistemlərin və taktiki raket qurğularının koordinatlarını müəyyən etmək üçün təyin edilib. Radar dağlıq ərazidə, 4900 m-ə qədər yüksəklikdə fəaliyyət göstərə bilir.
Azərbaycan Respublikası
P 19MA
P-19 “Dunay” radarı P-19MA səviyyəsinə qədər təkmilləşdirilib
HHM sistemi ölkənin təhlükəsizliyi və suverenliyi üçün o qədər vacib faktordur ki, onun formalaşmasına qənaət etmək və ya “ikinci eşelon”dan texnoloji nümunələri qəbul etmək məqsədəuyğun hesab edilmir. Çətin hərbi-siyasi vəziyyəti, regionda müasir silahların çoxluğunu nəzərə alsaq, Azərbaycanın HHM, əsasən də radiolokasiya stansiyaları sahəsində müdafiə qabiliyyətinin gücləndirilməsi təcrübəsi mənalı və özünəməxsusdur.
SSRİ-nin süqutundan sonra Azərbaycan Silahlı Qüvvələri Sovet Ordusunun 97-ci HHM diviziyasının əmlakını qəbul edib. SSRİ-nin dağılması zamanı Azərbaycanda yerləşən radiotexnika bölmələri P-12, P-14, P-15, P-18, P-19, P-35, P-37, P-40, P-80, 5N84A, 19J6, 22J6 “Desna”, 44J6 mobil və stasionar RLS ilə silahlanmışdı. Sovet dövründən indiyədək P -18, P-19, P-37, P-40, 5N84A, 19J6, 22J6 “Desna” radarları gəlib çıxıb. Qoşunlarda olan P-18, P-19, 5N84A və 19J6 radarları müxtəlif dövrlərdə xarici mütəxəssislərin köməyi ilə təmir edilərək təkmilləşdirilib. Sovet istehsalı metrik P-18 “Terek” və desimetrik P-19 “Dunay” radarları Ukraynaanın “İskra” Elmi-İstehsalat Kompleksi” Dövlət Müəssisəsində P-18MU və P-19MA səviyyəsinə qədər təkmilləşdirilib. Təkmilləşdirmə nəticəsində stansiyaların istismar müddətini uzatmaq, enerji sərfiyyatını azaltmaq və imtinaya qədər işləmə vaxtını artırmaq mümkün olub. Həmçinin aşkaretmə xüsusiyyətləri yaxşılaşdırılıb, hava obyektlərinin hərəkət trayektoriyalarının avtomatik izlənilməsi imkanı tətbiq edilib.
Köhnəlmiş və artıq resursunu başa vurmuş sovet istehsalı radiolokatorların əvəz edilməsi məqsədi ilə 2000-ci illərin əvvəllərində Ukraynanın “İskra” EİK-indən üç ədəd 36D6-M hava məkanının müşahidəsi üç koordinatlı radiolokasiya stansiyaları alınmışdır. 36D6-M radarının aşkaretmə məsafəsi 360 km-ə qədərdir. Qeyd etmək lazımdır ki, indiyədək 36D6-M radarı müasir tələblərə uyğundur və öz sinifində “dəyər-effektivlik” kriteriyası üzrə ən yaxşılardan biridir.
Bundan başqa S-125M(M1) ZRK-nin 2010-2013-cü illərdə S-125-TM “Peçora-2T” səviyyəsinədək təkmilləşdirilməsi çərçivəsində P-18 “Terek” radiolokasiya stansiyaları P-18Т (TRS-2D) səviyyəsinə qədər təkmilləşdirilib. Radarın maksimal aşkaretmə məsafəsi 390 km, aşağı sürətli hədəflərdən siqnalların seçilmə ehtimalı 0,97, müşayiət olunan hədəflərin maksimal sayı 250 və bir baxışla nəzərdən keçirilən işarələrin maksimal sayı 1000-dir.
2010-2011-ci illərdə Rusiya Federasiyasından S-300PMU-2 zenit-raket sistemi alınan zaman onun tərkibində 64N6E2 aşkaretmə radarı da alınıb. 64N6E2 radarı, sistemin komanda məntəqəsini 300 km radiusda hava obyektləri haqqında yüksək keyfiyyətli məlumatla təmin edən ikitərəfli “S” diapazonlu fazalı antena şəbəkəsinə malik tam avtomatik üç koordinatlı müşahidə radarıdır. O, 1000 km məsafəyə qədər ballistik obyektlərlə işləmək qabiliyyətinə malikdir.
2012-ci ildə Ukraynanın “İskra” Elmi-İstehsalat Kompleksi”ndən təkmilləşdirilmiş 80K6M radarları alınıb. Radar zenit-raket komplekslərinə və hava hərəkətinin avtomatlaşdırılmış idarəetmə sistemlərinə nəzarət və hədəf təyinatı məlumatlarının verilməsi məqsədi ilə HHQ və HHM Qoşunlarının tərkibində istifadə üçün təyin edilib. Hava hədəflərini aşkaretmə məsafəsi 400 km-dir.
EL M 2288 11
Üç koordinatlı mobil EL/M-2288 radarı
Azərbaycan qeyd olunan radarlardan başqa, İsrailin “ELTA Systems” şirkətindən üç koordinatlı mobil EL/M-2288 AD-STAR, EL/M-2106NG, EL/M-2248 və EL/M-2080 “Green Pine” radarlarını da alıb. EL/M-2288 AD-STAR və EL/M-2106NG radarları ikili təyinatlıdır, ZRK heyətlərinin fəaliyyətlərini idarə etmək və qırıcı təyyarələri istiqamətləndirməkdən başqa, hava hərəkətinə nəzarət üçün istifadə edilə bilir. EL/M-2288 AD-STAR radiolokasiya stansiyası 480 km-ə qədər məsafədə yüksək hündürlükdəki hava hədəflərini aşkar etmək qabiliyyətinə malikdir. EL/M-2106NG radarı 90 km-ə qədər məsafədə alçaqdan uçan təyyarələri, helikopterləri və pilotsuz uçuş aparatlarını (PUA) aşkar etmək üçün təyin edilib. Eyni vaxtda müşayiət edilən hədəflərin sayı 60-a bərabərdir. Aşkarlama, izləmə və istiqamətləndirmə üçün təyin edilmiş EL/M-2248 çoxməqsədli radarı “Barak 8” ZRK-ini idarə etməklə yanaşı, digər HHM bölmələrinin fəaliyyətlərini koordinasiya etməyə qadirdir.
Habelə, Azərbaycan İspaniyanın “Indra Sistemas, S.A.” şirkətinin istehsalı olan LTR-25 LANZA 3D orta mənzilli radiolokasiya stansiyası alıb. LTR-25 LANZA 3D radar sistemi 111-333 km məsafədə fəzaya effektiv şəkildə nəzarət edir. LTR-25 radarının maksimal müşahidə hündürlüyü 30,5 km-dən çox, yer bucağı üzrə baxış sahəsi isə 40°-dən çox deyil, 360° üfiqi müstəvidə müşahidə aparır.
Qeyd olunanlarla yanaşı güman edilir ki, Azərbaycan səmasının mühafizəsində ABŞ-ın “Northrop Grumman Corporation” tərəfindən istehsal olunan AN/FPS-130 üç koordinatlı radarının stasionar versiyası olan ARSR-4 hava marşrutlarına nəzarət radarı da yer alır. ARSR-4, əsasən “L” diapazonunda nəzarətsiz işləyən, yarımkeçiricilər texnologiyası üzrə qurulmuş 3 ölçülü genişzolaqlı kogerent radardır. Bu radarın böyük yüksəkliklərdəki hədəfləri aşkaretmə məsafəsi 450 km-ə qədərdir. ARSR-4 stansiyası qanadlı raketlər də daxil olmaqla 800-ə qədər hava hədəfinin uzaq məsafədən aşkarlanması, eləcə də onların aşağı və həddindən artıq aşağı hündürlüklərdə koordinatlarının müəyyən edilməsi üçün təyin edilib. ARSR-4 üç koordinatlı radar olduğundan, təyyarənin hündürlüyünü təyin etmək qabiliyyətinə malikdir.
ELM 2084
EL/M-2084 MMR aktiv fazalı antena şəbəkəli çoxməqsədli radar
Azərbaycan Ordusunda HHM radarları ilə yanaşı Raket və Artilleriya Qoşunları tərəfindən EL/M-2084 MMR aktiv fazalı antena şəbəkəli çoxməqsədli radarın mobil variantı da istifadə olunur. Radar həm HHM, həm də artilleriya tapşırıqları üçün nəzərdə tutulub və “S” diapazonda işləyir. Müşahidə rejimində o, 474 km-ə qədər məsafədə 1100-ə qədər hədəfi emal edir. Artilleriya mərmilərini aşkar edərkən stansiyanın ötürmə qabiliyyəti dəqiqədə 200 hədəf, təyyarə və raketləri aşkar edərkən isə təxmini yüklənmə 1200 hədəfdir.
Hazırda respublikanın ərazisi üzərində müxtəlif tipli radarlar tərəfindən dəfələrlə örtülmüş bütöv radar sahəsi mövcuddur. Bundan başqa, bu radarlar respublikanın hüdudlarından çox-çox uzaqlara baxmaq imkanına malikdir. Ümumiyyətlə, Azərbaycanda potensial təcavüzkara ciddi itkilər verməyə qadir, mühüm hərbi və inzibati-siyasi obyektləri və özünün hərbi hissələrini hava zərbələrindən himayə edən kifayət qədər balanslaşdırılmış və təkmil HHM sistemi mövcuddur.
Mərkəzi Asiya dövlətləri – Qazaxstan Respublikası
Upgraded 5H84M Radar kazak
Təkmilləşdirilmiş 5N84M radioloksiya stansiyası
SSRİ-nin süqutundan sonra ərazisində saxlanılan hərbi texnikanı nəzərə alaraq, Qazaxıstan çoxlu sayda müxtəlif silahlar, ehtiyat hissələri və döyüş sursatları almışdır. Sovet Ordusunun hərbi irsi çox təsiredici idi və nominal olaraq Qazaxıstan Rusiya və Ukraynadan sonra postsovet məkanında üçüncü hərbi güc oldu. Keçən əsrin 90-cı illərinin sonlarında Qazaxıstanda HHQ və HHM Qoşunlarını birləşdirilərək Hava Müdafiə Qüvvələri (HMQ) yaradılıb. Müstəqilliyin ilk illərindən 2000-ci illərin əvvələrinə qədər respublikanın hava məkanına nəzarət, qırıcıların istiqamətləndirilməsi və ZRK-nə hədəfgöstərmə P-18, P-37, 5N59 və 5N84 tipli sovet istehsalı radioloksiya stansiyaları tərəfindən həyata keçirilirdi. Bunlardan başqa Qazaxstanda o dövrün 5U75 “Periskop-V”, 35D6 (ST-68UM) və 22J6M “Desna-M” kimi ən müasir radiolokasiya stansiyaları var idi. Lakin, sonradan Qazaxıstanda qalan ən yeni radarlar tezliklə müxtəlif səbəblərdən nasaz vəziyyətə düşmüşlər.
Fiziki aşınma, həmçinin etibarlılıq və maneələrdən qorunma meyarları baxımından müasir tələblərə uyğun gəlməməsi, eləcə də ehtiyat hissələrinin olmaması Qazaxıstanı növbətçi rejimdə olan SSRİ istehsalı 5N84 və P-18 “Terek” radarlarının təkmilləşdirilməsi üzərində işə başlamağa məcbur etmişdir. Bunun üçün lazım olan texniki və kadr bazası respublikada mövcud idi. P-18 metrik diapazon radar əsasında Alma-Ata şəhərində yerləşən “Qranit” xüsusi konstruktor-texnologiya bürosunun (XKTB) mütəxəssisləri təkmilləşdirilmiş taktiki-texniki xüsusiyyətləri və uzadılmış xidmət müddəti ilə radarın P-18M versiyasını hazırlamışlar. 2003-2006-cı illərdə Ukraynanın “Proqress” dövlət müəssisəsinin vasitəçiliyi ilə “Aerotexnika-MLT” Elmi-İstehsalat Müəssisəsi və “Kazakhstan Engineering” milli şirkətinin iştirakı ilə Qazaxıstan P-18 radarlarının təkmilləşdirilməsini, həmçinin onlar üçün ehtiyat hissələrinin və təmir dəstlərinin təchizatını başa çatdırmışdır. 2007-2013-cü illərdə “Qranit” XKTB tərəfindən hazırlanmış və istehsal edilmiş radioelektron avadanlıq dəstləri əsasında 27 ədəd P-18M radarı təkmilləşdirilmişdir.
2014-cü il may ayının 22-də Qazaxıstan “ThalesRaytheonSystems” şirkəti ilə 20 ədəd GM403 radarlarının tədarükü haqqında memorandum imzalayıb. Qazaxıstanda KamAZ avtomobilinin şassisində quraşdırılmış GM403 radiolokasiya stansiyasına “NUR” adı verilmişdir. İlk 4 ədəd “Nur” radarı 2014-cü ilin sonunda radiotexniki birləşmələrin silahlanmasına daxil edilib.
Qazaxstanda S-125-2TM “Peçora-2TM” ZRK-ləri divizionunun tərkibində təkmilləşdirilmiş P-18T (TRS-2D) hava hədəflərini aşkaretmə radarları ilə təchiz edilib. HHM Qoşunlarının silahlanmasında olan S-300PS ZRS tərkibində isə 76N6  RLS-dən istifadə olunur. 76N6 RLS 360° üfiqi müstəvidə 500 m hündürlükdə 90 km-ə qədər, 1000 m hündürlükdə 120 km-ə qədər məsafələrdə uçan hava hədəflərini aşkar edə bilir.
Türkmənistan Respublikası
YLC 18 turkmen
YLC-18 üç koordinatlı yüksək mobil radarı
SSRİ-nin dağılmasından sonra Türkmənistanda qalan sovet ordu qruplaşması silahların kəmiyyət və keyfiyyət baxımından Tacikistana, Qırğızıstana və Özbəkistana veriləndən qat-qat üstün idi. SSRİ-nin dağılmasından sonra digər hərbi birlik və birləşmələrlə birlikdə 17-ci HHM diviziyası da müstəqil Türkmənistanın yurisdiksiyasına keçmişdir. Radiotexniki hərbi hissələrdə yüzə yaxın P-15, P-14, P-18, P-19, P-35, P-37, P-40 və P-80 radarı var idi. Hazırda iyirmiyə yaxın radiolokasiya postu hava şəraitinə nəzarət edir.
Qeyd etmək lazımdır ki, Türkmənistan çox qapalı ölkədir və orada olan radiolokasiya stansiyaları ilə bağlı vəziyyətin necə olduğunu söyləmək çətindir. Bununla belə, açıq mənbələrdə bəzi məlumatlara rast gəlmək mümkündür.
Türkmənistan Çindən DWL002 passiv radiotexniki kəşfiyyat stansiyası alıb ki, bu da respublikanın HHM sistemini gücləndirməlidir. DWL002 passiv stansiyası özü siqnal vermir, lakin hava, quru və dəniz şüalanma mənbələrini aşkar etmək üçün aşağı dalğada mülki tezlikləri, ilk növbədə televiziya və radio kanallarını tutur və emal edir. Sistem avtomobil şassisi üzərində bir-birindən müəyyən məsafədə yerləşən bir əsas və iki köməkçi stansiyadan ibarətdir.
Türkmənistan bundan başqa Çindən aşağı hündürlüklərin monitorinqi üçün YLC-18 üç koordinatlı və YLC-2V üç koordinatlı yüksək hündürlüklü radarlarını da alıb. Bu, Türkmənistanın qonşularının ona heç bir hərbi təhlükə törətməməsinə rəğmən, rəhbərliyin belə alışlar hava məkanına nəzarət sistemlərinin sərəncamında olması istəyini nümayiş etdirir. YLC-18 üç koordinatlı yüksək mobil radar 3 GHs-dən 4 GHs-ə qədər tezliklərdə işləyir və növündən asılı olaraq 130-dan 300 km-ə qədər məsafədə hava hədəflərini aşkaretmə qabiliyyətinə malikdir. YLC-2V orta və yüksək hündürlüklərdə müxtəlif sinif ballistik və aerodinamik hədəfləri aşkar etmək və izləmək üçün nəzərdə tutulmuş mobil üç koordinatlı döyüş rejimli radiolokasiya stansiyasıdır. Radarın hədəfləri aşkaretmə məsafəsi 500 km-dir.
Türkmənistanın HHM sisteminin bərpası və modernləşdirilməsi proqramı çərçivəsində “Ukroboronservis” Dövlət Müəssisəsi 2005-2006-cı illərdə Ukraynanın bir sıra ixtisaslaşmış müəssisələri ilə birlikdə radiolikasiya texnikalarının qismən təmirini və təchizatını həyata keçirməyə nail olub. Ukraynalı mütəxəssislərin, müəssisə və institutların köməyi ilə Türkmənistanın bütün HHM sisteminin radiotexniki vasitələrinin, o cümlədən radar və radiotexniki avadanlığın bərpası üzrə işlər yerinə yetirilib. Köhnəlmiş sovet radarlarını əvəz etmək üçün Ukraynadan müasir 36D6 və “Kolçuqa-M” radiolokasiya stansiyalarının tədarükü həyata keçirilib. Türkmənistan Müdafiə Nazirliyi 2014-cü ildə “Ukroboronservis” Dövlət müəssisəsi vasitəsilə ehtiyat hissələri və nəzarət-ölçmə aparatları dəsti ilə birlikdə 80K6M radarını idxal edib.
Özbəkistan Respublikası
HQ 9 TELsHT 233 Engagement Radar 1S
HT-233 çoxfunksiyalı işıqlandırma və tuşlama radarı
Hələ Sovet dövründə Özbəkistan ərazisində hava məkanına nəzarət on beşə yaxın çox köhnəlmiş P-15, P-18, P-37 və 5N62 radarları ilə həyata keçirildi. Müstəqillik əldə etdikdən sonra Rusiya Əfqanıstanla sərhəddə və Daşkənd yaxınlığında yerləşdirmək üçün bir neçə müasir radiolokasiya stansiyasını Özbəkistana verib. Açıq mənbələrdə Özbəkistanın HHM Qoşunlarının radiotexniki hissələrinin silahlanması və vəziyyəti haqqında çox az etibarlı məlumat var. Özbəkistanın Silahlı Qüvvələri Mərkəzi Asiyada ən güclü ordulardan biridir. Bununla belə, Özbəkistan Silahlı Qüvvələrinin HHM baxımından imkanları çox zəifdir, qoşunlar həddindən artıq köhnəlmiş və işlənmiş texnikaya malikdir.
Radiolokasiya stansiyalarını yeniləmək məqsədi ilə Özbəkistan Rusiyadan “Liazanov elektromexaniki zavodu”nun istehsalı 12A6 “Sopka-2” radar kompleksini almaqda maraqlıdır. Həmçinin planlara radiotexniki qoşunların silahlanmasında olan bütün P-37 radarlarının 12A6 “Sopka-2” səviyyəsinədək təkmilləşdirilməsi də daxildir. 12A6 “Sopka-2” tras radar kompleksi hava hərəkətlərini idarəetmə sistemləri və hava məkanına nəzarət üçün radar məlumat mənbəyi kimi istifadə edilməkdən ötrü təyin edilib. Radar 350/450 km məsafədə, 360° üfiqi müstəvidə və 35 km hündürlükdə işləyə bilir.
Son illərdə həyata keçirilən tədbirlər nəticəsində HHM sisteminin möhkəmləndirilməsi və yenilənməsi üçün Çindən alınan HQ-9 (“HongQi-9”, ixrac adı FD-2000) ZRK tərkibində HT-233 çoxfunksiyalı işıqlandırma və tuşlama radarı və Type-120 alçaqdan uçan hədəfləri aşkaretmə radarı da alınmışdır. HT-233 çoxfunksiyalı işıqlandırma və tuşlama radarının hədəf aşkarlama məsafəsi 120 km və izləmə məsafəsi 90 km-dir. Type-120 alçaqdan uçan hədəf aşkaretmə radarı mürəkkəb maneə şəraitində aşağı hündürlükdə uçan hava hədəflərinin koordinatlarını aşkar etmək və ölçmək üçün istifadə olunur. Type 120 radarı 200 km məsafədə eyni vaxtda 72 hədəfi izləyə bilən JY-29 / LSS-1 2D-nin daha da inkişaf etdirilmiş versiyasıdır.
Qırğızıstan Respublikası
P 18 2qirgiz orjinal
Təkmilləşdirilmiş P-18-2 radiolokasiya stansiyası
Sovet dövründə Qırğızıstan ərazisində Sovet Ordusunun nisbətən az hərbi hissələri mövcud olub. Bölgü zamanı Qırğızıstana P-18, P-37 və 5N62 radarları çatıb. Hazırda Qırğızıstanın hava məkanına nəzarət yalnız Rusiya Silahlı Qüvvələrinə məxsus radiolokasiya stansiyaları ilə yanaşı P-18 və P-37 stansiyaları ilə təchiz olunmuş altı radar postu tərəfindən həyata keçirilir. Ən müasir 36D6 radarı Kant aviabazasında Rusiya hərbçilərinin sərəncamındadır.
Bu radarlarla yanaşı HHM radiotexniki bölmələrində S-125M ZRK tərkibində SNR-125M raketləri tuşlama stansiyası da istifadə olunur. SNR-125M raketləri tuşlama stansiyası santimetrik diapazonda fəaliyyət göstərir, 82 km-ə qədər məsafələrdə hədəfin aşkarlanmasını və onların müxtəlif məsafələrdə 20 m-dən 18000 m-ə qədər yüksəkliklərdə müşayiət edilməsini təmin edir.
2019-cu ildə Rusiya Qırğızıstana təmənnasız olaraq təkmilləşdirilmiş P-18-2 radiolokasiya stansiyalarını verib. Bu yaxınlarda isə Qırğızıstanın HHM sisteminin modernləşdirilməsi planları açıqlanıb. İlk növbədə, respublikada mövcud olan müşahidə radarlarının dəyişdirilməsi və imkan daxilində təkmilləşdirilməsi nəzərdə tutulur. Gələcəkdə isə qısa və orta mənzilli ZRK və onların RLS-nin tədarükü mümkündür. Bununla belə, konkret silah növlərinin adı çəkilmir. Burada söhbətin bir sıra Mərkəzi Asiya respublikalarında mövcud olan təkmilləşdirilmiş S-125 “Peçora-2M” ZRK-dən və onun SNR-125M radarından getdiyini ehtimal etmək olar.
Tacikistan Respublikası
Low Blow Pechora 2M Mobile 1S
S-125 “Peçora-2M” ZRK və onun SNR-125-2M radiolokasiya stansiyası
Rəsmi olaraq 23 fevral 1993-cü ildə yaradılan Tacikistanın Silahlı Qüvvələri Mərkəzi Asiyanın yeni müstəqillik əldə etmiş digər dövlətlərindən fərqli olaraq, keçmiş Sovet ordusundan minimal miqdarda silah almışdır. Sonradan Rusiya Tacikistan ordusunun silahlanmasında fəal iştirak edib. Keçən əsrin 90-cı illərinin ikinci yarısında ölkəyə S-75M3 və S-125M ZRK, həmçinin P-19, P-37 və 5N84A radarları verilib. 2009-cu ildə isə Rusiyadan təkmilləşdirilmiş S-125 “Peçora-2M” ZRK və onların SNR-125-2M (xüsusiyyətləri yuxarıda açıqlanıb) radiolokasiya stansiyaları gətirilib.
Hazırda öz radarlarına malik iki S-125 “Peçora-2M” ZRK Düşənbənin şərqində və qərbində döyüş mövqelərindədir. İki modernləşdirilmiş kompleks və RLS yerli hərbçilərin fəxridir. Bəlkə də bunlar Tacikistanda mövcud olan ən yüksək texnologiyalı silahlardır. HHM və başqa qoşun növlərinin radiotexniki bölmələri digər radiolokasiya stansiyalarına malik deyillər. Bundan irəli gələrək söyləmək olar ki, Tacikistan radar sistemləri cəhətdən son dərəcə zəif təmin olunub və onların sayı olduqca məhduddur. Müşahidələr göstərir ki, əgər Tacikistan nəzəri cəhətdən KTMT-nin üzvü olmasaydı və müdafiə sahəsində Rusiya ilə əməkdaşlıq etməsəydi, həmçinin respublikanın ərazisində Rusiya Silahlı Qüvvələrinin Düşənbə və Kurqan-Tübedə yerləşən 201-ci hərbi bazası, həmçinin Hindistanın HHQ-nin Farxorda yerləşən ön hərbi hava bazası olmasaydı, bu ölkə üçüncü dövlətin mümkün hərbi təcavüzünə, xüsusən də havada tab gətirə bilməyəcəkdi.
Sadalananları müqayisə edərək qısa nəticə çıxarmaqla söyləmək olar ki, hazırda Azərbaycan Respublikasının ərazisi istisna olmaqla həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya dövlətlərinin heç birinin ərazisi davamlı fasiləsiz radiolokasiya sahəsi ilə örtülməyib. Bu isə o deməkdir ki, Azərbaycan HHQ HHM qoşunları respublikanın hava məkanına tam nəzarət edir. Bu fakt isə özünü 44 günlük Vətən müharibəsində də sübut etmişdir. PJ

Əhəd Əzizov
POLİQON JURNALIскачать dle 12.1