"Amerikada vətəndaşların "əvvəl"dən səs vermək hüququnun olması seçkinin şəffaflığına kölgə salır"

"Bu il dünyanın bir çox ölkələrində hakimiyyət uğrunda seçkilər keçiriləcək. Bu seçkilərdə ən diqqət çəkəni Amerikada noyabrın 5-nə təyin olunmuş prezident seçkiləridir. Bu seçkilərdə Demokratlar partiyasından hazırkı Prezident Cozef Bayden (Joseph Robinette Biden) və Respublikaçılar partiyasından keçmiş prezident Donald Tramp namizəddir. Amerika Birləşmiş Ştatlarında prezidentlər 1789-cu ildən seçilirlər. Bu, ABŞ tarixində 60-cı prezident seçkiləri olacaq. Əgər hazırkı Prezident Cozef Bayden qələbə qazana bilməsə 47-ci prezident seçiləcək. Ardıcıl seçilmələr eyni hakimiyyət dövrü kimi qəbul olunur. ABŞ Konstitusiyasının 2-ci maddəsinə əsasən, prezident seçilmək üçün namizədin anadangəlmə ABŞ vətəndaşı olması, ən azı 35 yaşı olması və 14 il ölkədə yaşaması lazımdır. Namizədlər öz siyasi partiyaları tərəfindən praymerizin nəticələrinə əsasən irəli sürülür".
Bu barədə Bizimyol.info xəbər portalına “Ana Vətən” partiyasının sədr müavini Yalçın Hacızadə danışıb. O, qeyd edib ki, Amerikada 1856-cı ildən bəri seçkilərdə əsasən 1824-cü ildə yaradılmış Demokratlar və 1854-cü ildə qurulmuş Respublikaçılar Partiyaları iştirak edirlər.
Amerikada seçki sistemi iki pilləlidir. Yəni namizədlər birbaşa seçicilər tərəfindən seçilmir. Prezidenti və vitse-prezidenti seçilmiş nümayəndələr seçir. Bu qaydaya əsasən vətəndaşlar hər ştatdan seçilmiş konqres üzvlərinin sayına bərabər nümayəndə seçir. Ən çox nümayəndə seçən ştat 55 nümayəndə ilə Kaliforniyadır.

Yalçın Hacızadə
“Seçilmiş nümayəndələr seçki günü namizədlər arasından seçim edirlər. Nümayəndələrin sayından, yəni hansı namizədə yaxın şəxslərin seçilməsindən ilkin olaraq seçkilərin nəticələri bəlli olur. Yəni məsələn, ştatlarda nümayəndə seçimi zamanı “X” namizədi dəstəkləyən şəxslər nümayəndə olaraq seçilirsə, bu, artıq həmin şəxsin qələbə əldə edəcəyinə işarədir. Çünki hər ştatda xalq faktiki olaraq birbaşa namizədi deyil, ümumi seçkilərdə bu namizədlərin nümayəndələrini seçir.
Amerika qanunlarına görə namizədin seçkilərdə qalib gəlməsi üçün seçilmiş nümayəndələrin yarısından çoxunun (538 nümayəndənin 270-nin) səsini qazanmalıdır. ABŞ tarixində 17 dəfə seçicilərin səsini qazanmayan şəxsin prezident olduğu bilinir.
Demokratiyanın əsas prinsipi hakimiyyətin birbaşa xalq tərəfindən seçilməsidir. Amma demokratiyanın “carçısı” kimi çıxış edən Amerikada mövcud olan siyasi sistemdə prezident birbaşa xalq tərəfindən deyil, ayrı-ayrı nümayəndələr tərəfindən seçilir”-deyə politoloq izah edib.
Yalçın Hacızadə bildirib ki, ABŞ-da seçki prosesi uzun sürür. Bunun da əsas səbəbi səsverməni bir neçə həftə əvvəldən başlamasıdır. Yəni, əslində seçki günü kimi təyin edilən tarix səs vermək üçün nəzərdə tutulmuş axırıncı gün və səslərin sayılması günüdür.
“Amerika qanunları vətəndaşlara poçt vasitəsi ilə də əvvəldən səs vermək hüququ verir. Bu da haqlı olaraq seçkilərin şəffaflığına kölgə salan hal kimi qiymətləndirilir. Çünki poçt məntəqələrində səsvermə bületenlərinin dəyişdirilməsi faktları dəfələrlə ortaya çıxıb”-deyə Yalçın Hacızadə əlavə edib.