Qarabağla bağlı “gizli sənəd” iddiası – 19 oktyabrda hansı “qərar” verilib?

Ermənistanda artıq məhv olmuş qondarma rejimin oyuncaq “başçısı” Savmvel Şahramanyana qarşı inzibati iddia qaldırılıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Separatçıların başçısına qarşı Ermənistanın Baş nazir Aparatının Beynəlxalq Hüquq Məsələləri İdarəsinin keçmiş əməkdaşı İqor Mirzəxanyanın iddia qaldırdığı bildirilir. Məlumata görə, hüquqşünas Şahramanyandan 19 oktyabr 2023-cü il tarixində imzalanmış “fərmanın” ləğv olunmasını tələb edib.
Diqqətçəkən məqam isə ləğvi tələb olunan “fərmanın” tamamilə başqa bir sənəd olması, mahiyyətinin açıqlanmamasıdır.
İ.Mirzəxanyan deyib ki, hazırda “fərmanın” ictimailəşdirilməsini doğru hesab etmir.
“İndi bu barədə danışmaq düzgün deyil. Zamanı gələndə açıqlanacaq”, – o vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Qarabağda suverenliyini tam bərpa etdiyi üçün artıq separatçıların və Ermənistanın bu məsələ ilə bağlı qərar və həmlələri heç bir əhəmiyyət daşımır.