Bia.Az

Rus ekspertdən İrəvana sitəm – “Sədaqətin satın alınması” siyasətinin sonu

Dünya
 16-12-2023, 01:16     399

Rusiyanın populyar qəzetlərindən biri olan “Nezavisimaya qazeta” nəşrində “Ermənistan öz gələcəyini özü seçdi” başlıqlı yazı dərc olunub. Məqalənin müəllifi müstəqil hərbi ekspert Aleksandr Xramçixindir.

Təhkiyəsində və təsbitlərində Ermənistana, eləcə də İsrailə qarşı acıqlı olduğu sezilən ekspertin yazısındakı bir sıra tezis və fikirlərin oxucularımız üçün maraqlı olacağını nəzərə alaraq yazını kiçik ixtisarla dərc edirik.
***
“Ermənistan və İsrailin son uğursuzluqlarının ortaq cəhətləri çoxdur.
Hər iki ölkə əvvəlki hərbi qələbələrdən sonra arxayınlıq içində yaşayır, eyni zamanda düşmənə qarşı dərin nifrət hissi bəsləyir, onu zəif, axmaq və heç nəyə qadir olmayan hesab edirdi.
Hər iki ölkə öz tarixini və mədəniyyətini çox yüksək qiymətləndirirdi. (Qədim tarixin bugünkü geosiyasətlə nə əlaqəsi var?).
Hər iki ölkə böyük dövlətlərlə münasibətlərinə və böyük dövlətlər daxilində diasporlarının təsirinə həddən artıq inanırdı.
Hər iki ölkədə istehlak cəmiyyəti inkişaf edib və bu da avtomatik olaraq müdafiə şüurunun kəskin şəkildə zəifləməsinə gətirib çıxarıb.
Nəticədə, İsrail son dərəcə ağrılı bir zərbə aldı və əvvəlki zəfərləri təkrarlamaq perspektivi olmadan çətin bir müharibəyə girdi.
Ermənistanda isə vəziyyət daha pisdir.
Keçmiş ümumi ölkəmizlə bağlı bir əsr əvvəl məşhur poetik ifadəni təkrar ifadə etsək, deyə bilərik ki, “erməni qartalı döyüşdə huşunu itirməyib, acınacaqlı, alçaldıcı bir şəkildə həlak olub”.
Dağlıq Qarabağ uğrunda birinci müharibədə ermənilərin qələbə çaldığını xatırlayanlar bunu gözləyə bilməzdilər. Hətta Azərbaycanın 3 il öncəki zəfəri də “DQR”-in süqutunun bu qədər tez və tam olacağı təəssüratını yaratmırdı (hərçənd münaqişənin ümumi nəticəsi göz qabağında idi). Hadisəyə səbəb yuxarıda göstərilən bütün amillər olub.
kocaryan_sarkisyan.jpg (62 KB)
Xüsusilə 1992-1994-cü illər müharibəsində qələbədən sonra Qarabağ hərbi-siyasi klanı nəinki Ermənistanın özünün siyasətinə böyük təsir göstərməyə başladı, hətta faktiki olaraq İrəvanda hakimiyyətə gəldi. Təsəvvür edin ki, Gürcüstandan qopandan sonra Cənubi Osetiya liderləri Moskvada, ya da ən azı Şimali Osetiyada, Vladiqafqazda hakimiyyətə gəlirlər. Heç gülməli deyil. Amma Ermənistanda məhz belə olub. Bu isə getdikcə İrəvanda daha çox qıcıq yaratmağa başladı. Qarabağ klanının hakimiyyətdən uzaqlaşdırılması bütövlükdə “DQR”-ə münasibətə də təsir etdi.
Bundan başqa, Ermənistanın demoqrafik, siyasi, iqtisadi, elmi, texnoloji və hərbi potensialı İsraildən xeyli aşağıdır. Ermənistanın geosiyasi mövqeyi də daha pisdir. Hər iki ölkə düşmən mühitdədir, lakin İsrailin ən azı dənizə çıxışı var, Ermənistanın isə yoxdur. Ermənilərin diaspor potensialı da xeyli aşağıdır. Nədənsə istənilən böyük dövlətdə yəhudi diasporu həmişə erməni diasporundan qat-qat nüfuzlu olur.
Müasir tarixinin əvvəlində İsrail ABŞ və SSRİ arasında seçim etdi. Amerika yəhudi diasporunun maliyyə və siyasi gücü qalib gəldi. Bu seçim hələ də qüvvədədir. Düzdür, ABŞ Demokrat Partiyasının İsrailə qarşı çoxdan son dərəcə qeyri-müəyyən münasibəti var. Lakin respublikaçılar hələ də onun maraqlarını sarsılmaz şəkildə qoruyurlar. Bütövlükdə Vaşinqton hələ də sarsılmazdır.
yeltlev.JPG (32 KB)
           Ermənistan prezidenti Levon Ter-Petrosyan və RF prezidenti Boris Yeltsin
Postsovet tarixinin başlanğıcında Ermənistan Rusiyaya arxalanırdı. Bu seçim uzun müddət düzgün idi. Təəssüflər olsun ki, Moskva Ermənistandakı mövcud hakimiyyətlə işləyirdi. Buna cavab olaraq onlar daim Rusiyaya sevgi və dostluq andı içirdilər.
Halbuki, qarabağlı ermənilər həqiqətən də həmişə ermənilərin özündən qat-qat rusiyapərəst olublar. Lakin Qarabağ erməniləri hakimiyyətdən sıxışdırıldıqca, müxtəlif Qərb, ilk növbədə Amerika strukturları Ermənistanda artan fəaliyyət azadlığı əldə etdilər. Təəssüf ki, Moskvanın nümunələrindən daha təsirli olduğu ortaya çıxan öz nümunələri ilə hərəkət etdilər.
İrəvanda Rusiya əleyhinə nümayişlər tədricən normaya çevrildi. Sonra faktiki çevriliş nəticəsində hakimiyyətə Nikol Paşinyan gəldi. Formal olaraq o, Tiflis və Kiyevdən fərqli şəkildə Moskvadan tamam qopmadı. Amma əslində hər şey dərhal aydın olmuşdu.
Son iki ildə erməni həmsöhbətlər bir çox heyrətamiz şeylər danışırlar, deyirlər ki:
-Paşinyan bütün postsovet tarixində Ermənistanın ən rusiyapərəst lideridir;
-Rusiya sanksiyalar altında o qədər boğulur ki, nəyin bahasına olursa-olsun Türkiyəyə çıxmaq üçün ona Zəngəzur dəhlizi lazımdır;
-Ermənistan 2020-ci il müharibəsini rus silahları və rus üsulları ilə apardığı üçün uduzdu;
-Ermənistan yeni silahlar üçün Rusiyaya külli miqdarda pul ödədi, amma Rusiya onlara bu silahları vermədi;
-Qərb KTMT-nin üzvü olduğu üçün Ermənistana müasir silahlar satmır;
-Rusiya indi Qarabağı və Ermənistanı sözün əsl mənasında Azərbaycan və Türkiyəyə satıb.
russsilah.jpg (60 KB)
Burada bəlkə də yalnız silahlarla əlaqəli məqamlar şərhə layiqdir. Ermənistan rəsmiləri (son vaxtlar Paşinyan da daxil olmaqla) uzun müddətdir ki, Ermənistanın silah üçün pul ödədiyi, lakin Rusiyanın onu vermədiyi barədə danışır. Amma ödənilən məbləğlər, alınan silahların növləri və miqdarı, onların çatdırılma vaxtı barədə heç bir məlumat verilmir - heç bir konkretlik yoxdur. Ona görə də bu açıqlamalara inanmaq çətindir.
Bu gün NATO-nun üzvü olan Fransa İrəvanın KTMT-də mövcudluğundan əziyyət çəkmədən Ermənistana silah satmağa başlayıb.
2020-ci il müharibəsinə gəlincə, “bayraktar”ların əhəmiyyəti sırf siyasi səbəblərdən – Bakı ilə Ankaranın böyük dostluğunu vurğulamaq üçün “bir az” şişirdildi. Reallıqda Azərbaycanın qələbəsində əsas töhfəni İsrail və müasir Rusiya silahları (?) verib. Bakı bu silahları külli miqdarda pulla alıb. İrəvanın eyni silahları KTMT-nin xüsusi qiymətlərinə almasına nə mane olurdu? Bu, Ermənistanın “ən rusiyayönlü” liderinə, əslində isə onun rusiyapərəst olan (və ya elə görünən) sələflərinə ünvanlanacaq sualdır.
İndi bir çox ermənilər hər şeydə Rusiyanı günahlandırırlar. Bəlkə də hamı deyil, amma Rusiyanı günahlandırmayanların səsi eşidilmir. Rusiya sadəcə olaraq Ermənistanın özündən daha böyük Ermənistana çevrilməli imiş – “DQR-i İrəvandan tez tanımalı, ən əsası isə erməni qoşunlarının əvəzinə rus qoşunlarını onun uğrunda ölməyə göndərməliymiş. Bununla belə, qismən Rusiyanın özü də günahkardır ki, o, bütün tarixi boyu həmişə əks effekt verən milli ucqarların “sədaqətini satın almaqla” məşğul olub. Nəticədə və bu günə kimi bir çox postsovet ölkələri (tək Ermənistan deyil) ciddi şəkildə əmindirlər ki, Rusiya onları bir ölkə olaraq qaldığımız kimi qidalandırmaq və qorumaq məcburiyyətindədir. Amma eyni zamanda, təbii ki, onlar öz daxili və xarici siyasətlərini tamamilə müstəqil aparacaqlar - çünki müstəqildirlər.
Düzdür, etiraf etmək lazımdır ki, ermənilərin heç də hamısı öz ölkələrinin məğlubiyyətində təkcə Rusiyanı günahlandırmır. Bəziləri hesab edir ki, Fransa və ABŞ da Ermənistanın özündən daha böyük erməni olmalı idilər - yəni onlar da İrəvandan əvvəl “Dağlıq Qarabağ”ı tanıyıb, sonra ermənilərin əvəzinə onun uğrunda ölməyə getməliydilər.
“Müqəddəs” Avropa İttifaqının müşahidə missiyasının nəinki Azərbaycanın hər hansı zorakı hərəkətlərinin qarşısını almaması, hətta ən azı şifahi qınaq belə ifadə etməməsi Ermənistan əhalisinin əhəmiyyətli bir hissəsi üçün çox xoşagəlməz sürpriz olub.
view_new565756765756756.jpg (90 KB)
                             İrəvanda yəhudi sinaqoquna qarşı vandalizm
İndi İsrail də Ermənistanın düşmənləri sırasına düşüb, çünki onun silahları Azərbaycan ordusunun əlində çox təsirli olub. Təəccüblüdür ki, indi bir çox erməni fələstinliləri və ən əsası İranı dəstəkləyir. Çünki Tehran İrəvanın az qala son ümidinə çevrilməkdədir. Avropaya gedən yolda gözlənilməz dönüş.
Nəhayət, müəyyən sayda ermənilər Nikol Paşinyanı satqın hesab edirlər. Yəqin ki, çox haqlıdırlar. Sadəcə, aydın deyil ki, xain 2020-ci ilin biabırçı hərbi məğlubiyyətindən sonra niyə azad və demokratik seçkilərdə ikinci dəfə qalib gəldi.
1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində Ermənistan “Rusiyanın imperiya zülmündən” xilas olmaq üçün xüsusilə fəal şəkildə mübarizə aparan SSRİ respublikalarının sırasında idi. Ermənistan özünü Qafqazdakı qonşularından, eləcə də Baltikyanı ölkələrdən, ukraynalılardan və moldovalılardan daha “ağıllı” aparırdı, lakin onun istəkləri göz qabağında idi.
1991-ci ilin payızında Ermənistan seçicilərinin 99%-i müstəqilliyə səs verdi. Onlar anlayırdılar ki, düşmən əhatəsində, dənizə çıxışı olmayan, təbii sərvətlərdən yoxsul, güclü sənaye və kənd təsərrüfatından məhrum, çox məhdud demoqrafik potensiala malik ölkə təcrid vəziyyərinə düşəcək. Amma görünür, böyük tarixə, güclü diaspora və Qərb nağıllarına inam çox güclü idi. Bundan əlavə, o dövrdə hələ qələbələrlə müşayiət olunan Qarabağ müharibəsi milli özünüdərkin artmasına öz töhfəsini verirdi.
İmperiya zülmünə son qoyulması nəticəsində ölkə əhalisi 1992-ci ildəki 3,6 milyondan 2022-ci ildə 2,9 milyona qədər azalıb. Qarabağ qaçqınları bu itkini bağlamayacaq və onların Ermənistanda qalması fakt deyil.
Ermənistan kiçik bir ölkə üçün formal müstəqilliyin hər kəsdən real asılılığı əhəmiyyətli dərəcədə artırdığını göstərən nümunədir. “Böyük dövlətlər özlərini quldur, kiçik ölkələr isə fahişə kimi aparır” ifadəsinin müəllifliyi müxtəlif siyasətçilərə aid edilsə də, bu, onun həqiqət olmasına mane olmur.
Böyük bir ölkənin daxilində Ermənistan nəinki zərrə qədər təzyiqə məruz qalmırdı, hətta bu ölkənin ən imtiyazlı hissələrindən biri idi. Amma ermənilər kiçik bir ölkə olmaq qərarına gəldilər. Və bu seçimin bütün təbii və qaçılmaz nəticələrini aldılar.
769914.jpg (156 KB)
“DQR”-in süqutundan sonra İrəvanın bircə KTMT-dən çıxması və Rusiyanın 102-ci hərbi bazasını ölkədən çıxarması qalıb. Ümid etmək istərdim ki, bu, tezliklə baş verəcək, çünki indiki anti-Rusiya ovqatlı Ermənistan bizim üçün ağır, mənasız bir yükə çevrilir.
Bundan sonra o, heç kim üçün maraqlı olmayacaq. Yaxın vaxtlara qədər Stepanakert olan Xankəndidə Azərbaycan bayraqlarından sonra İrəvanın üzərində də bir ölkənin - NATO üzvünün bayraqları görünəcək. Xeyr, bu, Fransa və ya ABŞ-ın yox, Türkiyənin bayrağı olacaq. Ermənilərin seçiminin son və ədalətli nəticəsi belə olmalıdır”.
Araz Altaylı, Musavat.comскачать dle 12.1