Bia.Az

İranın cəllad hakimləri – “Vaşinqton Post”

Dünya
 7-02-2023, 13:36     144

İranda etiraz hərəkatının üzvlərinə qarşı uzunmüddətli həbs cəzalarını və ölüm hökmlərini ölkənin dini rəhbərliyi və xüsusi xidmət orqanları ilə bağlılığı olan bir qrup hakim çıxarır. Novator.az-ın məlumatına görə, ABŞ-ın “Vaşinqton Post” qəzeti belə yazır.

Bildirilir ki, sözügedən qrupa yeddi hakim daxildir: Əbdülqasim Salavati, Məhəmmədrza Əmuzad, Hadi Mənsuri, Musa Asif əl-Hüseyni, Əli Məzlum, İman Əfşari və Murtuza Bərati.
Son həftələrdə bu hakimlərin ən azı 17 nəfərə ölüm hökmü çıxardığı ehtimal olunur. Niyə ehtimal? Ona görə ki, bəzi ölüm hökmlərini hansı hakimlərin çıxardığı ictimaiyyətə bəlli deyil. Ancaq böyük ehtimalla həmin hökmlərin də arxasında adı bəlli bədnam hakimlər qrupunun üzvləri dayanır.
“Vaşinqton Post” ümumiyyətlə İran rejiminin önəm verdiyi, əhalini vahimələndirən əsas məhkəmə proseslərinin çoxunun arxasında bu hakimlər qrupunun dayandığını yazır: “Birləşmiş Ştatlar ölümcül repressiyalarda əli olanlara qarşı sanksiyaları artırmağa söz verib. 2019-cu ildə ABŞ İran rejiminin məhkəmə şoularında ədalətsiz qərarların başında durduğuna görə “ölüm hakimi” ləqəbini almış Əbülqasim Salavatiyə sanksiya tətbiq edib.
2022-ci ilin sonunda isə ABŞ prezidenti Cozef Baydenin administrasiyası insan hüquqları sahəsindəki pozuntulara görə İranın baş prokuroru Məhəmməd Cəfər Müntəzirini qara siyahıya salıb.
Sanksiyalar İrandan kənara səyahətlərin sərt şəkildə məhdudlaşdırılması və xaricdəki aktivlərin dondurulması ilə nəticələnə bilər”.
“Ölüm hakimləri” qrupundan olan digər altı hakim (Məhəmmədrza Əmuzad, Hadi Mənsuri, Musa Asif əl-Hüseyni, Əli Məzlum, İman Əfşari və Murtuza Bərati) hələ ki, ABŞ-ın sanksiyaları altına düşməyib. ABŞ-ın Maliyyə Nazirliyinin nümayəndəsi həmin hakimlərə sanksiya tətbiq olunub-olunmayacağı məsələsini hələlik “Vaşinqton Post”a şərh edə bilməyəcəyini söyləyib.
“Vaşinqton Post” xatırladır ki, “ölüm hakimləri”ndən üçü – Məhəmmədrza Əmuzad, Əli Məzlum və İman Əfşari 2022-ci il dekabrın 9-dan Böyük Britaniyanın sanksiyası altındadır. Britaniya hökuməti sanksiya qərarını İranda etiraz aksiyası iştirakçılarının edama və digər ağır cəzalara məhkum olunması ilə əsaslandırıb.
İranda Məhbusların Monitorinqi Komitəsinin (mühacirətdə fəaliyyət göstərən bu komitə könüllülərdən ibarətdir) Şiva Nəzərhari “Vaşinqton Post”a deyib ki, Əbülqasim Salavati, İman Əfşari, Məhəmmədrza Əmuzad və Əli Məzlum Tehran İnqilab Məhkəməsinin 15, 26, 28, 29-cu bölmələrinin hakimləridir və etiraz aksiyası iştirakçılarına ən sərt hökmlər vermiş hakimlər kimi tanınırlar.
2022-ci ilin sentyabrında gənc qadın Məhsa Əmininin hicab qaydalarını pozma ittihamı ilə tutulandan üç gün sonra dünyasını dəyişməsi İranda kütləvi etiraz aksiyalarına səbəb olub.
Aksiyaları yatırmaq cəhdləri zamanı 500-dən çox adamın öldürüldüyü, 20 minə yaxın adamın tutulduğu bildirilir. Ən azı 17 nəfərə ölüm hökmü çıxarılıb, onlardan 4-ü barədə hökm artıq icra edilib. 100-dən çox etirazçının ölüm hökmü ilə cəzalandırılan cinayətlərdə ittiham olunduğu deyilir.скачать dle 12.1