Bia.Az

Yığılan nəzirlərlə bağlı Dini Komitə 6 aydır niyə hesabat vermir? - İki ilahiyyatçı arasında ZİDDİYYƏT

Cəmiyyət
 26-09-2022, 11:56     202

“Dini etiqad azadlığı haqqında” qanuna bu ilin əvvəlində edilən dəyişikliklərə əsasən məscid və ziyarətgahlardakı nəzir qutularına nəzarət Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verildi.

Nəzərə alaq ki, nəzir qutuları bütün zamanlarda ciddi müzakirə mövzusu olub. Çünki, məscid və ziyarətgahlarda yığılan külli miqdarda vəsaitin xərclənməsində heç zaman şəfvaflıq olmayıb.

Hətta bu sahədə ciddi korrupsiya faktının olması tez-tez gündəmə gəlib. Bu sahəyə nəzarətin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilməsindən sonra belə bir inam yaranmışdı ki, nəhayət bu sahədə şəfvaflıq yaranacaq.

Lakin, ötən 6 ay ərzində Dini Qurumlarla İş üzrə DK məsələ ilə bağlı hər hansı bir açılama və hesabat verməyib. Bu isə haqlı olaraq ortaya müəyyən suallar çıxarır.

BİA.AZ xəbər verir ki, ilahiyyatçı Elşad Miri Bizim.Media-ya açıqlamasında bu məsələnin vaxtında ictimai müzakirəyə gətirildiyini bildirdi:

“Onlayn ödəniş olsun, nəzir qutuları olsun, bu qədər vaxt ötməsinə baxmayaraq nə bir məlumat əldə eləmişik, nə də bir hesabat görmüşük. Nə də bu məsələ gündəmə gətirilib. Sağ olun ki, ilk dəfə bu məsələni gündəmə gətirmisiniz.

Dövlət Komitəsi hazırda hansısa məscidə, ziyarətgaha axund təyin etməklə camaatın başını qatır. Təbii ki, hesabat versələr yaxşı olar. Amma təəssüflər ki, bu vaxtadək bu hesabatı görmürük. Bu da müəyyən şübhələr oyadır.

Belə çxıır ki, məqsəd sadəcə nəzir qutularını Qafqaz Müsəlmanları İdarəsinin əlindən almaq imiş. Çünki, mexanizm eynidir. Son 6 ayda dəyişən heç nə yoxdur”.

Digər ilahiyyatçı Tural İrfan nəzir məsələlərinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə verilməsini təqdirəlayiq hal hesab edır.

DİA.AZ-ın məlumatına görə, Bizim.Media-ya açıqlamasında o bildirdi ki, əvvəllər bu məsələdə o qədər dolaşıqlıq vardı ki, düşünürəm hələ 6 ay tezdir ki, Dini Komitə bu məsələni tam nəzarətə götürsün və hesabat versin.

“Ona görə də o məsələ barədə nəsə demək tez olardı. Ancaq bildiyim odur ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti, nəzarəti daha obyektiv, daha ciddidir. Yəni, yığılan nəzir və ianələrin əvvəlki kimi ciblərə və məlum olmayan yerlərə yönəldilməsi hallarının indən belə baş verməsini güman etmirəm.

Bu kimi toplanan vəsaitlər dini icmaların büdcəsi hesab olunur və o vəsaitlə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə hesabat vermək şərti ilə qanunauyğun şəkildə təmir - bərpa işləri, imkansızlara, şəhid ailələrinə yardım kompaniyaları aparıla bilər və aparılır da. Məscidlərə və ziyarətgahlara nəzarət, təyinat Dini Komitəyə keçəndən sonra din sahəsində kifayət qədər milliləşmə, irəliləyiş hiss olunur”.

Tural İrfan onu da əlavə etdi ki. xarici ölkələrdə məsələn, qardaş Türkiyədə nəzir anlayışı yoxdur:

“Vəqflərə toplanan ianələr var. Bir neçə məscidi özündə birləşdirən vəqflər var, o vəqflərə toplanan vəsaitlər də tədris və maarifləndirmə işlərinə, imkansız insanlara yardıma sərf olunur.

Amma onların bizdən üstünlüyü ondadır ki, Türkiyədəki dini vəqflərə toplanan vəsaitlər təkcə din sahəsinə xərclənmir. Məsələn, dünyəvi məktəblər açmağa, orduya da kömək edilir. Əslində belə də olmalıdır. Tutaq ki, bizdə bəzi adamlar elə düşünür ki, məscidə toplanan ianələr ancaq dini sahəyə xərclənə bilər.

Lakin belə bir şey yoxdur. Dövlət üçün, xalq üçün, təhsilimiz üçün də xərclənə bilər. Tutaq ki, şəhidlərin adına bulaq tikmək, yol çəkmək kimi işlərə də sərf oluna bilər”.

Ötən 6 ay müddətində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ziyarətgah və məscidlərdə nə qədər vəsait toplandığını və hansı istiqamətlərə xərcləndiyini öyrənmək istədik. Lakin, Dövlət Komitəsindən sorğumuza yaxın günlərdə cavab verilicəyi bildirildi. Ona görə də məsələ diqqətimizdə qalır.
скачать dle 12.1