Bia.Az

DİM gəncləri məhv etməyin yolunu tapıb: - "Söhbət insan həyatından gedir"

Cəmiyyət
 3-09-2022, 11:05     329

Dövlət İmtahan Mərkəzi 2022-ci ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 4-də əlavə imtahan keçirəcək.
Təkrar imtahanın keçirilməsinin bu qədər yubadılması isə birməanlı qarşılanmır. Çünki bu üzrlü səbəblərdən ilkin buraxılış imtahanında iştirak edə bilməyən şəxslərin bu il xarici universitetlərə daxil olma imkanlarının da qarşısını kəsir. Bu zaman abituriyent bir ilini itirmiş olur. Amma görünən odur ki, Dövlət İmtahan Mərkəzini məsələnin bu tərəfi ya maraqlandırmır, ya da bu məsələ xüsusi maraqlar daxilindədir. Bia.az-ın məlumatına görə, təhsil məsələləri üzrə ekspert Elşən Qafarov Bizimyol.info xəbər protalına açıqlamasında bildirib ki, buraxılış imtahanlarına gedə bilməyənlər üçün Nazirlər Kabinetinin 12 dekabr 2016-cı il tarixli 498-saylı qərarına uyğun olaraq, Dövlət İmtahan Mərkəzi o imtahanda itirak edə bilməyən təhsil alan və yaxud onun valideyninin müraciəti və yaxud təhsil aldığı məktəbin müraciəti əsasında yenidən imtahan keçirir.

O qeyd edir ki, əgər üzrlü səbəbdən abituriyent imtahanda iştirak etmirsə, DİM bu imtahanı keçirir. Pandemiya dövründə DİM bir neçə dəfə keçirdi. Amma adi zamnlarda da hər hansı bir səbəbdən belə imtahan keçirilə bilər.

“Təbii ki, DİM bu imtahanı tezləşdirə bilər. Amma görünən odur ki, xaricdə təhsilin qarşısını almağa çalışırlar. Bunu “beyin axını” adlandırırlar. Amma əslində gündən-günə xaricdə təhsil almaq istəyənlərin sayı artmaqdadır. DİM istəsə, imtahnı daha erkən keçirə bilərdi”,- deyə ekspert bildirib.

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, pandemiya dövründə belə bir hal baş vermişdi.

“Pandemiya ilə bağlı buraxılış imtahanları gecikirdi, xeyli valideyn narahat idi. Bununla bağlı İctimai Şuraya valideynlər müraciət etmişdi. O zaman Təhsil Nazirliyinə müraciət edib bildirdim ki, xarici universitetlərdə müəyyən bir qəbul vaxtı var. Bizdəki kimi qəbul imtahanları vahid dövrdə keçirilmir. Bütövükdə beynəlxalq imtahanda nəticə qazanmısansa belə, sənin atestatın yoxdursa, səni o imtahanın nəticəsinə görə heç bir ali məktəb qəbul edə bilməz. Çünki sənin atestatın da olmalıdır. Həmin dövrdə bu məsələ dərhal həll edildi. Mən xatırlayıram təxminən 50 minə yaxın abituriyent bundan yararlandı”,- deyə İ. Orucov qeyd edib.

Onun sözlərinə görə, bu il də üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməyənlər olub. Ekspert qeyd edib ki, təkrar buraxılış imtahanının bu qədər gec keçirilməsi insanların haqqına girməkdir. Çünki xarici universitetlərə girmək istəyən abituriyentlər imtahanın gec keçirlməsi səbəbindən bu imkanı buraxmış olur.

“Sentyabr ayının 3-dən sonra demək olar ki, universitetlər qəbul həyata keçirmirlər. Sənəd qəbulunu xarici universitetlər daha tez edirlər. Və onlara da izah etmək olmur ki, mən buraxılış imtahanına üzrlü səbəbdən girə bilməmişəm, atestatım bu səbəbdən gecikir. Təbii ki, atestat yoxdursa, heç bir xarici universitet tələbənin sənədini qəbul etməyəcək. Burada söhbət insan həyatından, həyatın müəyyən zamanını itirməkdən gedir”,- deyən ekspert bildirib ki, təkrar imtahanların vaxtının bu qədər gecikdirilməsini düzgün addım hesab etmir.

İ.Orucov qeyd edib ki, bu məsələyə baxılmalıdır: “İctimai Şuraya bu məsələ ilə bağlı müraciət olsa, gələn il bununla bağlı biz Təhsil Nazirliyinə müraciət edərək, ictimaiyyətin fikrini çatdıra bilər”.

P.S. Ümid edək ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə gələn il bu məsələnin həllinə baxacaq və biz də bu vəziyyətin qəsdən yaradılmadığına inanacağıq.
скачать dle 12.1