Bia.Az

Tanış səltənətin sultanı

Cəmiyyət
 15-12-2021, 18:11     214

Uğurlu Fəxri

Hörmətli Azər Abdulladan Ramiz Rövşən haqda  xüsusi buraxılışa yazı yazmaq təklifi alanda Çexovun ən çox sevdiyim hekayələrindən olan «Rotşildin skripkası»nı, bilmirəm, neçənci dəfə oxuyurdum. Hekayənin qəhrəmanı tabutqayıran Yakov ömrü boyu əlləşib-vuruşub tabut düzəltməklə, arabir məclislərdə skripka çalmaqla baş girləsə də, evində içməli çaya belə qənaət eləsə də, yenə bu həyatdən nəf götürə bilmir ki, bilmir, hər dəfə gəlir-çıxarını hesablayanda filan qədər ziyana düşdüyünü görüb qəzəblənir. Bu adam hətta qürbətdə ölüb özgə bir ustanın düzəltdiyi tabuta qoyulan ölüləri, skripkasında çalınmamış mahnıları, çayda çoxdan bəri üzməyən gəmiləri, qarmağa düşməmiş balıqları, ovlanmamış qazları-ördəkləri də öz ayağına yazıb zərərini oracan böyüdür ki, axırda belə bir məntiqi nəticəyə gəlir: yaşamaq yalnız ziyan, ölməksə mənfəət gətirir, çünki yaşadıqca insanın itirdiklərinin də sayı artır, itkiləri artırsa, deməli, insan bir az da yoxsullaşır, bir az da müflisləşir; əksinə, ölməklə insan, Vahid demiş, bu dərdin çarəsini asan eləyir, itirmək qorxusundan azad olur, çünki ölüm həyata qənaətin zirvəsidi, qənaətsə bolluq deməkdi, sərvət deməkdi, dövlət deməkdi…
Böyüklər yerüstü ömürlərini də ölümdən sonrakı həyat kimi yaşayırlar: su kimi yumşaq, sel kimi güclü, dünyadan təmənnasız, amma əbədiyyətə iddialı. İnsan həyatdan nə qədər çox umarsa, özünü bir o qədər kasıb bilər, çünki tabutqayıran Yakov kimi onun da qazancı hər zaman qazanmadıqlarının yanında dənizdə damla kimi görünər. Dünyanın ən varlı adamı qənaətin ən uca zirvəsində oturan, kainatın cismiylə yox, ruhuyla qəlbinin ünsiyyətini, «alverini» quran kəsdi. Bu mənada mən Azərbaycanda Ramiz Rövşəndən varlı adam tanımıram.
Ramiz Rövşən məndən ötrü yalnızca bir şair deyil – «şair» sözü onun ruhani gücünü, əzəmətini tam ifadə eləmir. Filoloq da, filosof da desən, sənətkar da, mütəfəkkir də desən, yenə nəsə çatışmayacaq. Ramiz bütün bu dəyərləri öz şəxsində əritməklə yanaşı onların fövqündə duran insandı. Məncə, o, taleyinmi, təsadüfünmü bu başıbəlalı yurdumuza, naçar millətimizə qismət elədiyi bir haqq elçisi, əbədiyyət carçısıdı.
Gizlətmirəm: Ramiz Rövşənin dünyagörüşündə, fəlsəfi baxışlarında məndən ötrü mübahisəli görünən çoxlu məqam var, bu yöndə vaxtaşırı özüylə də söhbətlərimiz olub. Ancaq onunla polemikaya girmək qətiyyən onun böyüklüyünü görməyə mane olmur, olmalı da deyil. Həm də belə mübahisələr, qiyabi də olsa, kimlə aparılmayıb ki – Platonla, Mövlanayla, Hegellə, Dostoyevskiylə, Tolstoyla, Nitsşeylə, Freydlə… Nəticədə udan yalnız həqiqət olur. Onunla söhbət zamanı adamın beyninin ən yuxulu, ən tənbəl hüceyrələri də qeyrətə gəlir, ruhun, sinirlərin nəhəng enerji axını qarşısında duruş gətirmək üçün özünə dayaq axtarır. O, dünyanı belə bir güclə zəbt eləyir, adamları qəlbindən tora salır. Onunla mübahisəyə girişərsən, bir də baxarsan verdiyin sual-cavablardan bütöv bir sistem yaranıb. Onun elminə qarşı elmlə gedən kəs də düz yola çıxır. Bu da ilahi elmin möcüzələrindən biridi.
Ramiz Rövşənlə bağlı fikirlərimi, duyğularımı sözə gətirmək üçün mənə çoxlu vaxt, çoxlu da kağız gərəkdi. Həm də onun haqqında deyə biləcəklərim demək istədiklərimdən qat-qat az çıxar. Yenə deyirəm, mən Ramiz Rövşən fenomeninə şeirin, nəsrin, bütövlükdə ədəbiyyatın hadisəsi kimi baxmıram – Ramiz miqyaslı adam belə dar təsnifatlara sığmaz; mən ona, Hegelin təbirincə desəm, Dünya Ruhunun, bütün bəşəriyyət üçün ümumi olan mənəviyyat tarixinin bir hadisəsi kimi baxıram. Nəzm də, nəsr də, traktat da… sözü demək üçün bir vasitədi, beyinə yol tapmaq üsuludu, necə deyərlər, texniki məsələdi; əsas nə deməkdi. Mətləb nə qədər böyük olarsa, özünə layiq formanı da tapacaq. Bir zaman Cəlaləddin Rumi də şeir yazmağın əsla ona xoş gələn məşğuliyyət olmadığından, ancaq fikrini ifadə eləmək üçün bundan daha yaxşı üsul da tapmadığından gileylənirdi. Dünyada pis dillə deyilmiş, pinti dona salınmış gözəl fikir olmadığı kimi gözəl geyindirilmiş zəif fikir də ola bilməz. Bu mənada Ramiz Rövşənin yazdıqlarının forması məzmununa, məzmunu da formasına yaraşır. Onun təkcə şeiri, nəsri yox, esseləri, məqalələri, müsahibələri də bütöv bir sistemin ayrı-ayrı görüntüləridi.
Var poeziya, var din. Mən bu anlayışlara özünün indiki dar mənasında yanaşmağın tərəfdarı deyiləm. Məndən ötrü din təkcə Tövrat, İncil, Quran deyil; Platonun dialoqları, Sənayinin, Əttarın, Mövlananın poeziyası, Nizaminin “Xəmsə”si, Füzulinin «Leyli-Məcnun»u, Dantenin «İlahi komediya»sı, Servantesin «Don Kixot»u, Kantın, Hegelin fəlsəfi sistemləri, Hötenin «Faust»u, Hüqonun «Səfillər»i, Dostoyevskinin «İdiot»u, Tolstoyun «Hərb və sülh»ü, Nitsşenin  «Zərdüşt…»ü, Berqsonun «Yaradıcı təkamül»ü, Yunqun arxetiplər nəzəriyyəsi, Novalisin, Rilkenin poeziyası, Bulqakovun «Master və Marqarita»sı, Platonovun «Can»ı, Aytmatovun «Cəllad kötüyü», İsa Hüseynovun «Məhşər»i də dindi. Bu baxımdan mən Ramiz Rövşənin yaradıcılığından təqribən on beş-iyirmi şeir, poema adı çəkə bilərəm ki, bu əsərlərin müəllifi həmin yazılarla poeziyanın, poetik təfəkkürün hüdudlarını aşıb-keçib dini ucalığa, mistik təfəkkür mərtəbəsinə yetişib: «İlan balası», «Ayrılıq», «Addım», «Göy üzü daş saxlamaz», «Lal», «Nəfəs», «Mən küsüb gedirəm…», «Süd dişinin ağrısı», «Canavar ovu», «Toz»… Əgər bu yazıların din mərtəbəsinə çatdığını qəbul eləsək, onda bu yazıları yazanın da millətimizi dinə-imana çağıran peyğəmbərlərdən biri olduğuna inanarıq. Ancaq yazıqlar olsun, bizim gözdən mayıf məmləkətimiz yaxını görmək vərdişini çoxdan yadırğayıb…
Ana dilimizin, doğma türkcəmizin imkanlarından bu qədər ustalıqla bəhrələnən şairləri qorxuram heç barmaqla da saymaq olmasın. Onun ustalığı sözdən cürbəcür oyunlar qurub alliterasiyalar, alogizmlər yaratmaqda, linqvistik fokuslar göstərməkdə, yaxud da ayrı-ayrı dialektlərdən, qohum dillərdən sözləri yerli-yersiz daşıyıb-gətirib şprislə dilin damarına yeritməkdə deyil, yazılı dilimizi el dilinə, bayatı dilinə mümkün olduğu qədər yaxınlaşdırmaqda, ən adi sözləri urvata mindirməkdə, sözlərə indiyəcən daşımadığı vəzifələri tapşırmaqda, sıravi kəlmələrin rütbəsini ilahi mərtəbəyə qaldırmaqdadı.
Hər böyük sənətkar dünyanı öz müəllifliyilə yenidən qurur, bununla da dünyanı yaradan, həyata təkan verən yaradıcı qüvvənin işini bir növ təkrar eləyir. Hər kəs də çalışır onun modeli gerçək dünyayla üst-üstə düşsün, Varlığın sirri məhz onun əlində açılsın. Ramiz Rövşən də belə böyük sevdayla yaşayan fikir adamıdı. Onun qurduğu dünyanın daşı-divarı mənə yaxşı tanışdı, mənim oralara güzarım çox düşüb. Mən onun səltənətində çox tanış üzlər görüb tanış səslər eşitmişəm, cənnət tamlı duyğuların dadı damağımdan getməyib. Mən onun şeirlərini illər boyu dilimin altında həb kimi gəzdirmişəm, dosta-tanışa, qarıya-qocaya, qıza-gəlinə, alimə-çobana, anlayana-anlamayana söyləmişəm. Hər kəs ondan öz qədərincə, öz tutumunca götürüb, hətta «İlan balası»nda söhbətin bala ilandan getdiyini düşünən adamdan da o sətirlər yan ötməyib.
Mən də ondan aldığımı almışam. O, öz şeirini hansı reseptə bükür büksün, mən o şeirləri həyatımın ağrıyan yerinə qoymuşam, onun sözlərini yıxılan fikrimə dayaq eləmişəm. O, fikrini hansı niyyətlə deyir desin, mən o fikri öz mənzilinə can atan niyyətimin yolunda çıraq eləmişəm.
Mən onun sağlığında özünə verdiyi ehsanı özümə halal eləmişəm.
Sizə də halal olsun!
17 oktyabr 2004скачать dle 12.1