Bia.Az

"“MEDİA HAQQINDA” QANUNDA DÖVRÜN TƏLƏBLƏRİ NƏZƏRƏ ALINIB..." - Professor Qulu Məhərrəmli

Cəmiyyət
 13-12-2021, 14:21     343

Dünən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrində “Media haqqında” qanun layihəsinin müzakirəsi başlayıb. Media təmsilçilərinin, ekspertlərin deputatlarla birgə apardıqları müzakirə, habelə KİV-də, sosial şəbəkələrdə bu ətrafda başalayan diskusiyalar layihəni gündəmin əsas mövzularından birinə çevirib.

Bakı Dövlət Universitetinin professoru, tanınmış televiziya mütəxəssisi Qulu Məhərrəmli layihə ilə bağlı fikirlərini “AzPolitika.info” ilə bölüşüb.

O, bildirib ki, indiki halda “Media haqqında” qanunun hazırlanması, ictimaiyyətə təqdim olunması müsbət hadisədir.
Professor müsbət məqamlardan biri kimi layihənin müasir, texnoloji cəhətdən yenilənən, konvergensiya, qloballaşma şəraitində olan mediada hüquqi münasibətlərin tənzimlənməsinin nəzərə alınaraq hazırlandığını qeyd edib: “Qanunda bir çox yeni müddəalar var. Belə ki, layihəyə onlayn, yazılı, elektron medianın tənzimlənməsi ilə bağlı günün, dövrün reallıqlarını nəzərə alan maddələr daxil edilib. Bunlar çox lazımlı və vacib məqamlardır. Bütövlükdə qanunun ümumi fəlsəfəsi media-hakimiyyət, media-dövlət, media-cəmiyyət arasında hüquqi münasibətləri tənzimləmək, müəyyən sərhədləri qoymaqdan ibarətdir”.
Q.Məhərrəmli vurğulayıb ki, layihə hazırlıq mərhələsindədir, parlamentin iki komitəsində işçi qrupları ilə müzakirə ediləcək, səslənən təkliflər və iradlar nəzərə alınacaq.
Professorun sözlərinə görə, bunlarla yanaşı layihədə nəzərə alınması vacib olan bir sıra nüanslar var: “Birinci növbədə, biz çalışmalıyıq ki, qanunda söz və mətbuat azadlığına zərər verəcək heç bir müddəa olmasın. Layihədə Avropa Konvensiyası ilə uyğun gəlməyən bir sıra müddəalar var. O cümlədən, informasiyanın alınıb işlənməsi və çatdırılması ilə bağlı. Burada ümumi müsbət cəhət media reyestrinin hazırlanmasıdır. Bunu ona görə müsbət qarşılayıram ki, proseslər sürətlə gedir, yeni media qurumları yaranır, bağlanır və s. Bununla bağlı lazımi bilgiləri əldə etmək bəzən çətinləşir. Amma jurnalistlərin reyestrdən keçirilməsi ağlabatan deyil. Ona görə də, o maddə layihədən çıxarılmalıdır.
İkinci ciddi bir məsələ internet mediası ilə bağlıdır. Yəni internetin media profilinin tənzimlənməsinin qoyulmasıdır. Düzdür, qanunda açıq şəkildə “Youtube” kanalları ilə bağlı məsələ yoxdur. Bunlar layihədə “platforma yayımçısı” kimi adla göstərilir və onların lisenziyalaşdırılması tələbi qoyulur. Məncə, cəmiyyətdə narahatlıq yaradan məqamlardan biri budur, o maddəyə yenidən baxmaq lazımdır. Dünyanın heç yerində internet mediası, “Youtube” kanalları bu şəkildə tənzimlənmir”.
Qulu Məhərrəmli qeyd edir ki, layihədəki bəzi anlayışlara da yenidən baxmaq lazımdır: “Jurnalist kimdir, onun hansı hüquqi statusu var, bu çox məhdud şəkildə izah olunur. Bu anlayış yalnız əmək, hüquq müqaviləsinə bağlanır. Bugünkü jurnalistika fəaliyyəti daha geniş spektri əhatə edir. Bununla bağlı YUNESKO-nun hələ 30 il əvvəl verdiyi təkliflər var. Orada azad media fəaliyyəti ilə məşğul olanlar - frelanserlər, blogerlər də jurnalist adlandırılır. Ümumiyyətlə, KİV-də çalışan, yaradıcı fəaliyyətlə məşğul olan hər kəs, o cümlədən müstəqil şəkildə məlumatın alınması, işlənməsi, yayılması ilə məşğul olan peşə sahibləri jurnalist hesab olunur. Yəni söhbət cəmiyyəti məlumatlandırma kontekstində fəaliyyətdən gedir. Jurnalist anlayışını dar çərçivədə qəbul etmək olmaz”.
Professor qeyd edib ki, önəmli məsələlərdən biri də qanunda Avropa Konvensiyasına və ölkə Konstitusiyasına uyğun olmayan maddələrin aradan qaldırılmasıdır: “Ümid edirəm ki, bizim hüquqşünaslar bu qanun layihəsinin daha yaxşı cilalanmış variantını ictimai müzakirəyə çıxara biləcəklər. Həmçinin, burada gizli çəkilişlərin aparılması ilə bağlı maddə də mübahisə yarada bilər. Eləcə də, başqa məsələlər var ki, onların hamısına baxmaq lazımdır”.скачать dle 12.1