Bia.Az

108 yaşlı qadından Eldar Həsənov müraciəti

Cəmiyyət
 1-11-2021, 09:18     276

Kəlbəcər rayonunun 108 yaşlı nümayəndəsi Xeyransa Baxşəliyeva prezident İlham Əliyevə müraciət edib.

Müraciət 2020-ci il avqustun 13-dən həbsdə olan, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəməsi gedən dövlət xadimi, sabiq baş prokuror, sabiq səfir Eldar Həsənovla bağlıdır.

Müraciət mətninin fotosurətini “Facebook” şəbəkəsində paylaşan kəlbəcərli naşir, əməkdar jurnalist Əlövsət Ağalarov yazır: “Xeyransa nənəmizin başçılığı ilə Baxşəliyevlər ailəsi hər zaman dövlətimizə şərəflə xidmət edib, Heydər Əliyevə və onun layiqli davamçısı cənab Prezidentimizə sədaqət nümunəsi olub”.

Novator.az-ın məlumatına görə, Xeyransa Baxşəliyeva dövlət başçısına müraciətində bildirir: “108 illik ömrümdə ən böyük sevinci bir il öncə yaşamışam. Bu sevinci bizə Siz yaşatdınız. 30 il erməni işğalında qalan torpaqlarımızı azad etməklə ölmüş ümidlərimizi yenidən diriltdiniz.
Cənab Prezidentim, mən 108 illik ömrümün 50 ildən çoxunu böyük Heydər Əliyevin və onun layiqli davamçısı Sizin rəhbərliyiniz altında keçirmişəm. Ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasını isə həyatımın ən xoş günü kimi xatırlayıram.
Yaşımın çoxluğuna baxmayaraq bütün prezident seçkilərində iştirak etmişəm və övladlarım, nəvə-nəticələrimlə birlikdə səsimi böyük Heydər Əliyevə və onun layiqli davamçısı İlham Əliyevə vermişəm. Bütün ətrafıma vəsiyyət etmişəm ki, gələcək seçkilərdə də Sizi dəstəkləsinlər. Çünki Siz bizim sınmış qürurumuzu bərpa etdiniz.

Əziz Prezidentim, mənim Sizə müraciətim həmyerlimiz Eldar Həsənovun taleyinə görə keçirdiyim narahatlıqla bağlıdır. Mən Eldar Həsənovu həmişə Ümummilli liderimiz Heydər Əliyevin sadiq silahdaşı və əsgəri kimi tanımışam.

Eldar Həsənov qaçqınlıq illərində bizə çox dayaq olub və hər dəfə bu köməyi mərhum Prezidentimiz Heydər Əliyevin göstərişi ilə etdiyini bildirib. Bu gün Eldar Həsənov yaşlı bir insandır və eşitdiyimə görə, sağlamlığı da yerində deyil. Xahiş edirəm ki, yaşlı azərbaycanlı ana kimi mənim səsimi eşidib Eldar Həsənovu azadlığına qovuşdurasınız”.

Eldar Həsənov 1955-ci il oktyabrın 10-da Kəlbəcər rayonunun Laçın kəndində doğulub. Mühəndis və hüquq ixtisasları üzrə iki ali təhsili var. 1977-ci ildən Daxili İşlər Nazirliyi sistemində çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub.
1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib. Ədliyyə general-leytenantı, hüquq elmləri doktoru, professordur.

2001-ci ildən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu ildən ölkəni həmçinin Serbiyada, 2010-cu ildən eyni zamanda Monteneqroda, Bosniya və Herseqovinada təmsil edib. 2013-cü ildə onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib. 2020-ci il avqustun 17-də Eldar Həsənov Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri vəzifəsindən azad edilib.
Eldar Həsənov ailəlidir, iki qızı, bir oğlu, altı nəvəsi var.
скачать dle 12.1