Sabir Rüstəmxanlı yenidən meydanda: 80 illik yubileyə minlərlə insan qatıldı
MEYDANA QAYIDAN SÖZ, MEYDANDAN YUXARI QALXAN XALQ
Dünən Xətai rayonundakı Heydər Əliyev Parkının böyük amfiteatrında Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyinə həsr olunmuş növbəti geniş tədbir keçirildi.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və Xətai Rayon İcra Hakimiyyətinin təşkil etdiyi tədbir son aylarda Sabir Rüstəmxanlının yubileyi münasibətilə keçirilən silsilə tədbirlərin davamı olsa da, formatına görə digərlərindən seçilirdi. Bundan əvvəl Ankarada TÜRKSOY, Türkiyə-Azərbaycan Vəqfi və digər qurumların iştirakı ilə geniş proqramlar təşkil olunmuş, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında dövlət səviyyəsində möhtəşəm yubiley tədbiri keçirilmiş, müxtəlif görüşlər, konfranslar və ədəbi gecələr baş tutmuşdu. Xətai rayonundakı tədbirin fərqi isə onun açıq havada, hər kəsin iştirak edə biləcəyi məkanda təşkil olunması idi.
Təxminən 2 min nəfərlik amfiteatrın oturacaqları demək olar ki, tam dolmuşdu. Tədbiri izləməyə gələnlərin bir hissəsi isə keçidlərdə və pilləkənlərdə dayanaraq proqramı izləyirdi.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev çıxışında Sabir Rüstəmxanlının Azərbaycan ədəbiyyatında, ictimai fikrində və milli düşüncənin formalaşmasında xüsusi yer tutduğunu vurğuladı. Bildirdi ki, onun 80 illik yubiley tədbirlərindən birinin məhz Xətai rayonunda keçirilməsi rayon üçün də əlamətdar hadisədir.
Daha sonra millət vəkilləri çıxış edərək Sabir Rüstəmxanlının ictimai-siyasi fəaliyyəti, milli azadlıq hərəkatındakı rolu, azərbaycançılıq ideyasının təbliğindəki xidmətləri, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasındakı fədakarlıqlarından danışdılar.
Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri İlqar Fəhmi və Əsəd Cahangir də çıxış edərək Sabir Rüstəmxanlının yaradıcılığından, Azərbaycan ədəbiyyatındakı yerindən və ictimai fəaliyyətindən bəhs etdilər.
“Əgər onun dedikləri hava olsaydı, onu udardıq, su olsaydı, içərdik. Meydan Hərəkatı vaxtı Sabir Rüstəmxanlının sözləri insanlar üçün hava və su qədər vacib idi”, – deyə Əsəd Cahangir bildirdi.
Şair Rüstəm Behrudi isə çıxışında Sabir Rüstəmxanlı ilə bağlı xatirələrini bölüşdü. Bildirdi ki, həyatında və yaradıcılığında ona kömək edən yeganə adam Sabir Rüstəmxanlı olub:
“Həyatımda və yaradıcılığımda mənə kömək edən yeganə adam Sabir Rüstəmxanlı olub. Bu şəhərdə mənə ilk işi verən də o olub. Görüşlərə, tədbirlərə gedəndə çox vaxt özündən əvvəl mənə söz verib. Həmişə istəyib ki, mən qabaqda olum, mən tanınım”.
Yubiley gecəsinin bədii hissəsi də geniş proqramla yadda qaldı.
Şeirləri səsləndirildi, şeirlərinə yazılmış mahnılar ifa olundu, müxtəlif kompozisiyalar nümayiş etdirildi.
Maraqlı məqamlardan biri də bir çox məşhur mahnıların söz müəllifinin məhz Sabir Rüstəmxanlı olması ilə bağlı xatırlatmalar idi. Tədbirin aparıcısı, jurnalist Günay Firudinqızı qeyd etdi ki, hər Novruz bayramında səslənən və artıq xalq mahnısı kimi qəbul olunan “Şəkərbura-Paxlava” mahnısının sözlərinin müəllifinin də Sabir Rüstəmxanlı olduğunu bir çox insan bilmir. Vaxtilə Məmmədbağır Bağırzadənin ifasında məşhurlaşan mahnını tədbirdə Əməkdar artist Vasif Məhərrəmli səsləndirdi.
Tədbirdə Sabir Rüstəmxanlıya daha bir beynəlxalq mükafat da təqdim olundu. Qazaxıstandan gələn nümayəndələr tərəfindən TÜRKSOY xətti ilə Abay Beynəlxalq Akademiyasının qızıl medalı yubilyara təqdim edildi.
Qeyd olundu ki, mükafat türk dünyasının ortaq mədəni və mənəvi dəyərlərinin təbliğində, türk xalqları arasında ədəbi-mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə verilib.
Sabir Rüstəmxanlı çıxışında son aylarda yubileyi münasibətilə gördüyü diqqətdən danışaraq bunun onun üçün xoş sürpriz olduğunu bildirdi. O qeyd etdi ki, yubiley tədbirlərinin salonlardan çıxaraq açıq məkanda keçirilməsi xüsusi məna daşıyır:
“Bu gün özümü yenidən meydanda hiss edirəm”.
Bu fikir tədbir boyu bir neçə dəfə müxtəlif formalarda səsləndi. Hiss olunurdu ki, açıq havada, insanların sərbəst şəkildə qatıldığı belə bir görüş Sabir Rüstəmxanlı üçün də fərqli ovqat yaradıb.
Çıxışında Prezident İlham Əliyevin ona “Şərəf” ordeni təqdim etməsini də xüsusi vurğulayan yubilyar göstərilən diqqətə görə təşəkkürünü bildirdi. O qeyd etdi ki, milli azadlıq hərəkatının başladığı illərdə meydanlarda səslənən arzuların böyük bir qismi, əsas ideyaların mühüm hissəsi artıq gerçəkləşib. Sabir Rüstəmxanlı bildirdi ki, torpaqların işğaldan azad olunmasını təmin etdiyinə görə Prezident İlham Əliyevi qəhrəman hesab edir.
Bununla yanaşı, Sabir Rüstəmxanlı çıxışında ölkənin iqtisadi vəziyyəti və insanların sosial rifahı ilə bağlı narahatlıqlarını da dilə gətirdi. Azərbaycanın son illərdə qazandığı uğurları xatırladaraq, bu problemlərin də zamanla həllini tapacağına inandığını bildirdi.
Şair daha sonra milli kimlik məsələlərinə toxundu. O qeyd etdi ki, hələ də rus təsirinin müxtəlif formalarda hiss olunması, soyadlarda “-ov”, “-yev” sonluqlarından imtina edilməməsi, rusdilli məktəblərə marağın qalması və bəzi hallarda xarici dillərə həddindən artıq üstünlük verilməsi onu narahat edən məsələlərdəndir.
Sabir Rüstəmxanlı vurğuladı ki, bu problemlərin həllində yalnız dövlətin deyil, cəmiyyətin özünün də üzərinə böyük məsuliyyət düşür. Onun fikrincə, milli dəyərlərin qorunması və gücləndirilməsi ilk növbədə insanların öz təşəbbüsündən və münasibətindən asılıdır.
Çıxışının sonunda isə şair Vətən müharibəsindən sonra qazilərin yaşadığı problemlərlə bağlı yazdığı ən təsirli şeirlərindən birini səsləndirdi.
Şeir bitəndən sonra Əməkdar artist, şəhid atası Əli Nur yaxınlaşaraq şeirin yazıldığı vərəqi götürdü və onu ürəyinin üstünə qoydu.
Şeiri diqqətlə dinləyənlərdən biri də Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev idi. Elə həmin vaxt öyrəndik ki, rayon rəhbərinin özü də qazidir.
Tədbirin sonunda diqqət çəkən başqa bir məqam da vardı.
Meydan Hərəkatı illərində Sabir Rüstəmxanlı tribunada dayanır, aşağıda toplaşan yüz minlərlə, bəzən milyonlarla insana müraciət edirdi. Heydər Əliyev Parkındakı yubiley tədbirində isə mənzərə tamam fərqli idi.
Bu dəfə nə tribuna vardı, nə də yüksək kürsü.
Sabir Rüstəmxanlı heç səhnəyə də çıxmadı. Amfiteatrın ən aşağı hissəsində, birinci sıranın önündə dayanmışdı. Qarşısında isə pillələr boyu yuxarıya doğru yüksələn insanlar əyləşmişdi.
1989-cu ildə tribunadan aşağı baxan Sabir Rüstəmxanlı bu dəfə aşağıdan yuxarı baxırdı.
Milləti yüksəldən təkcə amfiteatrın pillələri deyildi, həm də 40 illik yol idi…









