Bia.Az

Saxta xəbərlərin gücü: bir cəmiyyət necə qütbləşdirilir?

Cəmiyyət
 19-06-2025, 10:16     323

İnformasiya – bu söz gündəlik həyatımızın hər anında qarşımıza çıxan, qərarlarımızı və davranışlarımızı istiqamətləndirən ən vacib resurslardan biridir. Texnologiyanın inkişafı ilə birlikdə informasiya artıq sadəcə məlumat yığını deyil, güc və təsir vasitəsinə çevrilib. Bizim əlimizdə olan məlumatlar dünyanı anlamağımıza, hadisələri dəyərləndirməyimizə və gələcəyimizi formalaşdırmağımıza kömək edir.

Lakin informasiya eyni zamanda iki üzü olan bir məfhumdur. O, həm insanların maariflənməsinə xidmət edə bilər, həm də manipulyasiya və dezinformasiyanın vasitəsi kimi istifadə oluna bilər. İdeoloji təsirlər, siyasi manipulyasiyalar və sosial münasibətlər informasiyanın necə təqdim olunduğu və qəbul edildiyi ilə sıx bağlıdır. Bu səbəbdən bu gün doğru, dəqiq və etibarlı mənbələrdən gələn məlumatlara sahib olmaq hər zamankından daha vacibdir.
İdeoloji təsirlər saxta məlumatların ən qabarıq nəticələrindən biridir. Sosial media platformalarında yayılan bu növ informasiyalar fərdlərin dünyagörüşünə təsir etməklə yanaşı, geniş cəmiyyətlərdə qütbləşməyə, qarşıdurmaya və hətta sosial parçalanmaya gətirib çıxara bilər.
Saxta məlumatların ideoloji təsiri onların məzmunundan və yayılma məqsədindən irəli gəlir. Sadə yanlış məlumat, yəni fərdin və ya qrupun yanlış anladığı, səhv ötürdüyü faktlar təsadüfi ola bilər və əsas məqsədi zərər vermək deyil. Amma dezinformasiya – yəni qəsdən yayılan, müəyyən ideoloji məqsədlə yaradılmış yanlış informasiyalar siyasi, dini, etnik və ya sosial münaqişələri gücləndirmək üçün istifadə olunur.
Məsələn, müəyyən qruplar və ya dövlətlər saxta məlumatlardan istifadə etməklə rəqiblərinin nüfuzunu zədələməyə, daxili etimadı sarsıtmağa və ya seçki proseslərini manipulyasiya etməyə çalışırlar. Bu cür məlumatlar bəzən çox mürəkkəb psixoloji və ideoloji taktikalarla “zənginləşdirilir”, insanların qorxu və qəzəbini oyadır, stereotipləri möhkəmləndirir, mövcud fərqlilikləri dərinləşdirir.
Sosial media platformaları öz dizaynları və alqoritmləri ilə saxta məlumatların yayılmasını təbii şəkildə gücləndirir. Alqoritmlər istifadəçilərə onların maraq və baxışlarına uyğun məzmun təqdim edir, bu da filtr balonlarının yaranmasına səbəb olur. İstifadəçi yalnız öz ideoloji baxışlarına uyğun xəbərlər və paylaşımlar görür və bu, onun dünyagörüşünü daha da qütbləşdirir. Bu, ideoloji bölünmənin sürətlənməsinə və möhkəmlənməsinə gətirib çıxarır. İnsanlar isə fərqli baxışları eşitməkdən uzaqlaşır, beləliklə, onların mövqeləri daha da sərtləşir. Bu proses sosial media platformalarında yayılan saxta məlumatların ideoloji qütbləşmədə mühüm rol oynadığını göstərir.
Saxta məlumatların ideoloji təsirləri cəmiyyətlərdə ciddi fəsadlara səbəb olur. İlk növbədə, onlar ictimai etimadın zəifləməsinə yol açır. İnsanlar informasiya mənbələrinə, hətta dövlət qurumlarına və demokratiya institutlarına inamını itirir. Bu etimadsızlıq isə siyasi sabitliyi və ictimai sabitliyi təhlükəyə atır.
Digər tərəfdən, ideoloji saxta məlumatlar etnik, dini və siyasi qruplar arasında qarşıdurmaları artırır. Onlar bir-birinə qarşı qəzəb və düşmənçiliyi artıraraq sosial parçalanmanı sürətləndirir. Nəticədə cəmiyyətlərdə sosial dayanıqlılıq zəifləyir və zorakılıq halları çoxalır.
Qlobal səviyyədə baxdıqda, ABŞ-da seçkilərə müdaxilə, Avropada mühacirət və islamofobiya, Rusiya və Ukrayna münaqişəsində informasiya savaşları və Yaxın Şərqdə ideoloji qarşıdurmalar saxta məlumatların ideoloji təsirinin ən bariz nümunələridir.
44 günlük İkinci Qarabağ müharibəsi həm də bu baxımdan diqqət çəkirdi. Müharibə yalnız cəbhədə deyil, eyni zamanda informasiya məkanında da aparılan sərt mübarizə ilə yadda qaldı. Bu müharibə bir daha sübut etdi ki, müasir müharibələrin əsas xüsusiyyətindən biri təkcə silahla deyil, informasiya ilə döyüşməkdir. Bu baxımdan, Qarabağ müharibəsi də bir informasiya savaşı şəklində paralel olaraq aparıldı. Bu dövrdə saxta məlumatların geniş şəkildə yayılması həm əhali arasında çaşqınlıq yaratmağa, həm də beynəlxalq ictimaiyyətin rəyini manipulyasiya etməyə yönəlmişdi.
Ermənistan informasiya müharibəsinin bir hissəsi olaraq beynəlxalq rəyə təsir etmək və daxili auditoriyanı ruhlandırmaq məqsədilə müxtəlif vasitələrdən istifadə edirdi. Özü də bu sistemli və məqsədyönlü şəkildə həyata keçirilirdi.
Ermənistan sosial mediada, diaspor təşkilatları vasitəsilə və bəzi beynəlxalq media platformalarında Azərbaycanı “mülki əhaliyə qarşı zorakılıq törətməkdə”, “erməni mədəni irsini məhv etməkdə”, “muzdlularla döyüşməkdə” ittiham edən saysız-hesabsız saxta xəbərlər yaydı. Bu məlumatların bir çoxu  beynəlxalq yoxlamalardan keçdikdən sonra təkzib edildi.
Xüsusilə “Facebook”, “X” və “Telegram” kimi platformalarda saxta videolar, təhrif olunmuş şəkillər, manipulyativ başlıqlarla yayımlanan paylaşımlar müharibənin informasiya cəbhəsini formalaşdırırdı. Ermənistan tərəfi bir çox hallarda başqa ölkələrdə baş vermiş dağıntı və ölüm səhnələrini Qarabağda baş verdiyi iddiası ilə təqdim edir, bu görüntüləri dünya ictimaiyyətinə yaymağa çalışırdı. Hətta bəzi hallarda Suriyada və ya Liviyada çəkilmiş görüntülər “Azərbaycan ordusunun törətdiyi vəhşiliklər” adı ilə təqdim edilirdi.
Təbii ki sual yaranır: Saxta məlumatlarla mübarizədə nələr etmək olar?
Fakt yoxlaması bu məsələ də mühüm rol oynayır. Xüsusi təşkilatlar və media platformaları dezinformasiyanı aşkar edib ifşa etməyə çalışır. Digər tərəfdən, media savadlılığının artırılması da uzunmüddətli həll yolu kimi önə çıxır. İnsanların informasiya mənbələrini düzgün qiymətləndirməsi, tənqidi düşünmə qabiliyyətinin gücləndirilməsi saxta məlumatların təsirini azaldır.
Azərbaycan da bu qlobal tendensiyanın içərisindədir. Dövlət və ictimai təşkilatlar bu sahədə mübarizə aparır, fakt yoxlama platformaları fəaliyyət göstərir, sosial media istifadəçiləri maarifləndirilir.
Son illərdə Azərbaycan hökuməti informasiya sahəsində yaranan çağırışlara cavab olaraq bir sıra qanuni və texnoloji yeniliklər həyata keçirib. Bu yeniliklər əsasən informasiya təhlükəsizliyinin gücləndirilməsi, media sahəsinin tənzimlənməsi və rəqəmsal  mühitin inkişafına yönəlib.
Misal üçün, Azərbaycanda kibertəhlükəsizliyin artırılması məqsədilə 2019-cu il iyulun 9-da “Kibertəhlükəsizlik haqqında” qanun qəbul edilib. Bununla dövlət və özəl sektorun kibertəhlükəsizlik səviyyəsinin yüksəldilməsi, informasiya sistemlərinə qarşı hücumların qarşısının alınması və onlara qarşı mübarizə mexanizmlərinin yaradılması, kiber hücumların nəticələrinin aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsi təmin edir.
Bu sahədə atılan digər bir mühüm addım isə 30 dekabr 2021-ci il tarixli 471-VIQ nömrəli “Elektron informasiya resursları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbuludur. Bu qanun, dövlət orqanlarının və digər hüquqi şəxslərin elektron informasiya ehtiyatlarının  yaradılması, idarə edilməsi və istifadəsi ilə bağlı hüquqi əsasları müəyyən edir. Qanunun qəbul edilməsi ilə elektron informasiya resurslarının səmərəli idarə olunması və dövlət xidmətlərinin rəqəmsal mühitdə daha şəffaf və əlçatan olması məqsəd qoyulub.
Azərbaycanda media sahəsinin şəffaflığı və peşəkarlığının artırılması məqsədilə isə 2021-ci il dekabrın 30-da “Media haqqında” Azərbaycan Respublikasının Qanunu Milli Məclisdə qəbul edilib. 2022-ci il fevralın 8-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən bu qanun təsdiqlənib. Yeniliklərə əsasən media subyektlərinin qeydiyyatı sadələşdirilib, məlumatların yayılmasında etik standartların tətbiqi gücləndirilib, saxta xəbərlərə qarşı mübarizə üçün məsuliyyət artırılıb, Jurnalistlərin hüquq və vəzifələri daha dəqiq tənzimlənib.
Bu və bu kimi digər qanuni yeniliklər informasiya məkanında şəffaflıq və təhlükəsizliyin artmasına xidmət edir. Eyni zamanda, cəmiyyətdə media savadlılığının artırılması və ictimaiyyətin maarifləndirilməsi üçün yeni imkanlar yaradır.
Bütün bunlara baxmayaraq hələ də informasiya təhlükəsizliyi sahəsində irəliləyişlərə ehtiyac var. Xüsusi ilə dezinformasiyaların qarşısının alınması üçün həm texnoloji, həm də sosial yanaşmaların gücləndirilməsi vacibdir.
İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində qanunlar var, lakin texniki baxımdan bu qanunların tam yerinə yetirilməsi üçün kifayət qədər müasir infrastruktur və peşəkar kadrlar mövcud deyil. Bu, xüsusilə internet məkanında yayılan saxta və zərərli məlumatların vaxtında aşkar edilməsində problem yaradır.
Bundan başqa insanların informasiya mənbələrini düzgün qiymətləndirməsi və tənqidi düşünmə qabiliyyətinin inkişafı üçün kifayət qədər təhsil və maarifləndirmə proqramları da yoxdur. Bu boşluq saxta məlumatların yayılmasını asanlaşdırır, insanların manipulyasiyaya məruz qalma riskini artırır.
Yuxarıda qeyd edilən hüquqi islahatlara baxmayaraq hələ də internet istifadəçilərinin hüquqları və məsuliyyətləri qanunvericilikdə aydın və dolğun təsbit olunmayıb. Bu, istifadəçilərin hüquqlarının pozulmasına və sosial media mühitində etik davranışın zəifləməsinə səbəb olur.
Nəticə etibarilə saxta məlumatlar və onların ideoloji təsirləri müasir cəmiyyətlər üçün ciddi təhlükədir. Bu, təkcə yanlış informasiyanın yayılması deyil, həm də daxili sabitliyin pozulması, ictimai etimadın azalması və siyasi stabilliyin təhdid olunmasıdır.
Bu məsələdə fərdi istifadəçilərin üzərinə böyük yük düşür. Onlar informasiya məkanında məsuliyyətli davranmalı, fərqli mənbələrdən məlumat almalı və analitik düşüncələrini inkişaf etdirməlidirlər. Yalnız bu halda saxta məlumatların ideoloji təsirlərini minimuma endirmək və sağlam informasiya mühitini qorumaq mümkün olacaq.
Məqalə Qlobal Media və Siyasət Araşdırmaları İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ənənəvi və rəqəmsal mediada ideoloji təxribatlar əleyhinə ” adlı layihə çərçivəsində dərc olunub.
Qeyd: Müsahibədə əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.скачать dle 12.1