Putində beş rəsm əsəri olan dünya şöhrətli azərbaycanlı rəssam: "Sizə bir sirr açım" - MÜSAHİBƏ
.jpg)
YUNESKO Rəssamlar İttifaqının üzvü, Avropa Təbii Elmlər Akademiyasının həqiqi üzvü, Vatikan Heraldika Akademiyasının qrafı, Ümumdünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, Rusiya İmperial Rəssamlıq Akademiyasının fəxri üzvü, Roma Müasir İncəsənət Akademiyasının fəxri üzvü, Dünya İncəsənət Akademiyasının həqiqi üzvü, "Türk Dünyası" Akademiyasının həqiqi üzvü, Xalq rəssamı, professor Sakit Məmmədov "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Sakit müəllim, belə bir fikir var ki, ötən əsrin 70-80-ci illərində Neftçalada rəssamlığın xüsusi dövrü olub, həmin illərdə bu bölgədə bir neçə tanınmış rəssam yetişib. Bu məsələdə rayonda fəaliyyət göstərən rəngkar Adil Hacıyevin rolu qeyd edilir. Bu barədə siz nə deyərdiniz?
- Fikrimcə, bu məsələ bir az şişirdilib. Öncə deyim ki, Adil Hacıyevi həyatımda iki, yaxud üç dəfə görmüşəm. Hazırda dünyasını dəyişib. Gördüm, heç kimin yadına düşmür, mən də belə bir təşəbbüsdə oldum. Mənə qədər heç kim Adil Hacıyevin adını qeyd etməmişdi. İlk dəfə mən verilişdə onun adını açıqladım.
Başqa rəssamlar Adil Hacıyevin yanına çox gediblər. Mən Pionerlər evində olan zaman ilyarım rəssamlıqla məşğul olmuşam və Adil Hacıyevi orada bir neçə dəfə görmüşəm. Mən Neftçalada 8-ci sinifə qədər yaşamışam. Sonra Əzim Əzimzadədə (Əzim Əzimzadə adına Rəssamlıq Məktəbi-red.) təhsil almışam. Ardınca da İlya Repin adına Leninqrad Rəssamlıq Akademiyasında oxudum.
Yəni söhbət həqiqətin üzə çıxarılmasından gedirsə, Adil Hacıyevin tələbəsi olmağım haqqında məlumat səhvdir. Mən Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində İbrahim Rzayev, Eyyub Məmmədovdan, Leninqradda Yevsey Yevseyeviç Moiseeyenkodan dərs almışam. Adil Hacıyevin yanında isə karandaşla heykəl çəkməyi öyrənmişəm. Bu, sənətin sirləri deyil.
- Hər halda Neftçaladan bir neçə tanınmış rəssamlarımız var...
- Neftçaladan Xalq rəssamı yalnız mənəm. Əməkdar rəssamlar Məmmədhüseyn Hüseynov, Həsənağa Məmmədov isə Adil Hacıyevin tələbəsi deyillər.
- Hər halda belə bir sual öz aktuallığını saxlayır: təxminən eyni vaxtda məhz bir rayondan, bir bölgədən bir neçə rəssamın çıxmasının səbəbi nədir?
- Birincisi, hər rəsm çəkən də rəssam deyil. Biri var rəssam, biri də var şəkilçəkən. Rəssam - özünəməxsus üslubu olan, yaratmağı bacaran, ortaya fərqli iş qoyan sənətkara deyirlər. Bölgələrimizə qalanda, elə bilirsiniz ki, məsələn, Qubada, yaxud Lənkəranda istedadlı rəssamlar yoxdur? O qədər var ki... Tutalım, Lənkərandan Fərman Qulamov kimi böyük rəssamımız çıxıb.
Neftçaladan üç-dörd rəssamın ad-san qazanması normaldır, çox deyil. Allah insana istedadı kəndə, şəhərə görə vermir, insanın özünə verir. Afrikada da doğulsaydım mənə istedad veriləcəkdi. Bakının mərkəzində uşaqlarımızı hazırlığa göndəririk, amma Yardımlının ucqar kəndində lampa işığında oxuyan uşaq 700 bal toplayır. Rəssamlıq da elədir.
O vaxt, mən hələ Neftçalada yaşayanda problem çox idi, tez-tez işıqlar sönürdü. Düşünürdüm ki, nə vaxt işləyəcəm. Axı, lampa işığında şəkil çəkmək olmurdu.
Bu çətinliklərlə Əzim Əzimzadəyə daxil oldum. Sovet vaxtında Pioner evləri rəsm çəkən uşaqlarla dolu olurdu. O demək deyildi ki, hamısı rəssam olacaqdı, yaxud olmalıydı.
Bir də görürəm ki, kimsə deyir, mən Sakit Məmmədovla rəsm dərnəyinə getmişəm. İstəyirəm, xatırlayam, vallah, yadıma düşmür. Yaxşı, bəs, sonra nə oldu?! Rəsm çəkirdin, sonra başqa sahəyə getdin. Sözümün canı odur ki, dərnəyə getmək, Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olmaq, hətta Rəssamlıq Akamediyasını bitirmək də adamı rəssam eləmir.
Bu dəqiqə Azərbaycan Rəssamlar İttifaqının 2000-dən yuxarı üzvü var. Sual versək ki, Azərbaycandan on-on beş rəssam adı çəkin, ondan artıq rəssamın adı yadımıza düşməyəcək. Yaxud sovet dövründə fəaliyyət göstərmiş on rəssamın adını xatırlayın, çətinə düşürlər.
Əsl rəssam üslubu ilə seçilməlidir. Məsələn, Tahir Salahovun, Səttar Bəhlulzadənin, Rasim Babayevin, Mikayıl Abdullayevin işini o dəqiqə ayırd etmək olur. İnsanda ilk növbədə professionallıq olmalıdır, professionallıq ruhu ortaya çıxarır, ruh isə şəxsiyyəti formalaşdırır.
Şəxsiyyətin də içində hər şey olmalıdır - istedad, ruh, savad, ziyalılıq, tərbiyə, davranış qaydaları...
- Əvvəl rəssam tələbələr Əzim Əzimzadədən sonra indiki Sankt-Peterburqda təhsillərinə davam edirdilər. Rəssamlıq sahəsində hazırkı təhsil sistemi qənaətbəxşdirmi? Sizcə, təhsil sistemimiz yaxşı rəssam yetişdirilməsinə imkan verirmi?
- Xeyr, imkan vermir. O vaxtkı Əzim Əzimzadə indiki Rəssamlıq Akademiyasından təhsil baxımından qat-qat üstün və güclü idi. Elə Xalq rəssamlarımız var ki, Əzim Əzimzadəni bitirib, ali təhsil almayıblar, amma çox peşəkar rəssamdırlar. Rəssamlıq yalnız ali təhsil almaqla deyil, istedadla yanaşı zəhmət də çox rol oynayır.
- Ustadınızı harada tapdınız, Sankt-Peterburqda yoxsa Bakıda?
- Mən başda ilk müəllimim Adil Hacıyev və Moiseeyenko olmaqla, hamısına borcluyam. Moiseeyenko çox böyük sənətkar idi, SSRİ Xalq rəssamıydı. Leninqrad Rəssamlıq Akademiyasında müəllimim olub. Moiseeyenko ikinci-üçüncü kursdan ən yaxşı tələbələri özü sinifinə qəbul edirdi və akademiyanı bitirənə qədər orada davam edirdik. Seçimi isə şəxsən özü aparırdı. Təsəvvür edin, bu, ali məktəbə təzədən qəbul olunmaq kimi bir şey idi. Cəmi beş nəfəri seçirdi. O xoşbəxt tələbələrdən biri də mən oldum.
O vaxt tələbələr arasında Moiseeyenkonun təsiri altına düşənlər çox idi. Sənət belədi, güclü rəssamın təsiri altına düşənlər həmişə çox olur. Mənim tərzimdə işləyən nə qədər tələbələrim var. Təsirdən çıxa bilmirlər. Mən Moiseeyenkonun sinfinə düşəndə fikirləşdim ki, ya onun kimi olmalı, ya da Ermitajı seçməliyəm. Ermitajda Rembrandt, Vinsent van Qoq, Leonardo da Vinçi kimi dahilərin əsərləri vardı. Mən Ermitajı seçdim! Orada öyrənirdim və günümü orada keçirdim.
Yadımdadı, Moiseeyenko mənim adımı Holland rəssamı qoymuşdu. Görürdü ki, məndə Rembrandtın və başqa klassik rəssamların təsiri var. Sonra sinifdəki o biri uşaqlar da mənim kimi işləməyə başladılar. Mən sona qədər belə davam etdim. Hətta Moiseeyenko haqqımda deyirdi ki, bu bizim üçün tapıntıdır. Məni Leninqrad Rəssamlıq Akademiyasında saxlamaq istəyirdilər. Amma mən Vətənimi seçdim.
Mənə ruh, istedad Vətənimdə verilib. Leninqradda təhsil alan vaxtlarda da bütün yuxularımı Neftçalada görürdüm. İndi də belədir. Hansı ölkəyə gedirəmsə-gedim, yuxu görürəmsə, Neftçalanı görürəm... Halbuki orada cəmi 15 il yaşamışam. İstedad mənə Neftçalada verilib. İstedadımı, ruhumu Leninqradda zənginləşdirib, Vətənimə döndüm.
- Ən yaxşı əsərinizi məkan olaraq harada çəkmisiniz?
- Bütün əsərlərimi Bakıda emalatxanada çəkmişəm. Əsər bir ananın dünyaya uşaq gətirməsi kimidir. Ona görə deyirlər ki, rəssamın əsəri onun övladıdır. Rəsm əsəri çəkməyə "Bismillah"la başlayıram. Hətta ustadlarımdan Tahir Salahov, Moiseeyenko yanımda olsa, rəsm əsəri çəkərkən onlardan icazə alaram. Ən böyük rəssam Allahdır. Mən ondan icazə almalıyam ki, onun işinə qarışıram. Nəsimidə belə bir beyt var: "Surətin nəqşində hər kim görmədi nəqqaşını, Vahibi-surət onun gözsüz yaratmış başını".
Əsərlərimi emalatxanada dünyaya gətirir, formalaşdırır, sonra sərgilərə göndəririk. Ana bətnində uşaqla necə rəftar edirsənsə, o, elə doğulacaq. Tərbiyə oradan başlamalıdır. Rəssamlıq da elədir. Bəzi rəssamlar içindəki neqativ enerjisini əsərə yükləyir, sonra deyir, əsərlərimi alan yoxdur. O, anlamır ki, əsərindən neqativ enerji gəlir. Neqativ enerji sərgiyə gələnlərə də pis təsir edir.
Əsərə yaxşı enerji ötürəndə hər şey yaxşı olur. Mənim emalatxanamın enerjisi çox yüksəkdir. Siz də içəri daxil olanda burada çox müsbət enerji olduğunu qeyd etdiniz. Kim gəlibsə, hamı eyni şeyi deyir.
- Ən çox sevdiyiniz rəng hansıdır?
- Bu, əsərin yaradıcı gedişatından, koloritindən asılıdır. Əsər var ki, görürsən, nəsə çatmır, ona qırmızı, sarı və ya ağ rəng vuranda tamamilə dəyişir. Bütün rəngləri sevirəm.
- Bütün rəsm əsərlərinizdəki xanımlar təxəyyülünüzün məhsuludu?
- Mənə sual vermişdilər ki, kimlərin portretini çəkirsiniz? Cavab verdim ki, gözəl xanımların, ağıllı kişilərin... Dedilər, axı, kişi portretiniz azdır. Cavab verdim ki, görünüz ağıllı kişi azdır. (Gülür).
Bizim xanımlarımızdan dünyada yoxdur. Onlar alicənab, zəhmətkeş, ana kimi qayğıkeş, öz həyat yoldaşına sadiqdirlər. Rayonlarımıza gedəndə görürəm ki, insanların üzündən nur tökülür. Amma əfsus ki, getdikcə insanların üzündə nur azalmağa başlayıb. Bəlkə də yaşam tərzi, maddi çətinliklər insanlara təsir edir. Məsələn, sovet dövründə hamı eyni idi. Maaşına uyğun hərəkət edirdi. Amma indi kasıb toy mərasimini varlı kimi etməyə çalışır. Sonra borc içində üzür, bu hal əsəblərinə də təsir edir.
- Ən çox sevdiyiniz əsəriniz?..
- İnsanın on uşağı olsa da, onları ayırmır, hamısını sevir. Bütün əsərlərim mənim üçün qiymətlidir. Amma həmişə ən son çəkdiyin əsər sonbeşik kimi əzizlənir.
Mən əsərlərimi qız övladına bənzədirəm. Çünki bir qapıdan başqa qapıya, bir mədəniyyətdən başqa mədəniyyətə köçürülür. Əsəri alıb aparırlar. Artıq əsərlərinlə necə davranacaqlarını bilmirsən. Elə şey var, əvvəl onun yüz faizini bilirdin, indi isə 80 faizini bilmirsən. Tablo da elədir, sabah aparıb elə bir otaqda saxlayarlar ki, rütubətdən rəngləri tökülər. Və ya küncdə bir yerə qoyarlar. Əsərin əsl yeri muzeydir. Bu, mənəvi zəngin, elit insanlar üçündür. Bəzən də cibi zəngin insanlar alırlar.
Mən əsərlərimi satarkən ayrı-seçkilik edirəm. Məsələn, alıcısı əsəri ürəkdən sevirsə, aşağı qiymətə də satıram. Bəzən əsərə yüksək məbləğ təklif ediblər, amma satmamışam. Çünki o adam əsəri aparıb dustaq edəcək.
- Ən bahalı əsərinizin qiymətini deyə bilərsiniz?
- Deyə bilmərəm. Mənim əsərimlərim Vatikan Dövlət Muzeyində, Vindzor sarayında var. Eləcə də məşhurlardan Mirey Matye, Monika Belluççi, Patrisiya Kaasda əsərlərim mövcuddur. Mirey Matye və Monika Belluççi ilə görüşmüşəm. Rusiya prezidenti Vladimir Putində beş əsərim var.
- Rusiya prezidenti Vladimir Putinlə görüşmüşünüzmü?
- Ulu Öndər Heydər Əliyev şəxsən iki əsərimi Moskvada Vladimir Putinə hədiyyə edib. Üç əsərimi də özü alıb. Onun keçmiş həyat yoldaşı əsərlərimlə maraqlanırdı, təxminən 2000-2001-ci illər idi. Prezident Vladimir Putinlə Moskvada tədbirdə görüşmüşəm. Mən yaxınlaşıb, salam verdim, qısa bir təmas oldu.
- Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşünüz olub?
- Bəli, Ərdoğan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri olanda, 1994-cü ildə Taksim Sənət Qalereyasında sərgimi təşkil etmişdi.
- Prezident olduqdan sonra da görüşdünüz?
- Şəxsən yox, amma tədbirdə onu görmüşəm. Qazaxıstanın prezidenti Nursultan Nazarbayev ilə görüşümüz olmuşdu.
- Monika Belluççi ilə görüşünüzlə bağlı müsahibənizdə qeyd etmisiniz ki, o, gözəldir, amma deyilən qədər yox...
- Xeyr, elə deməmişəm. Onu düzgün təqdim etməyiblər. Mən demişəm ki, hamı deyir, Monika Belluççi gözəldir, amma bizim xanımlar da gözəldir. Öz xanımlarımızı aşağı tutmamalıyıq.
- Dünya liderlərinin zövqlərini necə müəyyən edirsiniz?
- İngiltərə kraliçası İkinci Elizabet ilə üç dəfə görüşmüşəm. O, rəsm əsərlərinin vurğunu idi. Kimsə əsərə baxanda hiss edirəm ki, o, hansı səviyyədə görür, əsəri necə qavrayır... Baxışdan baxışa fərq var. Baxışından tuturam ki, bu insanın sənətdən başı çıxır, ya yox. Məşhur rejissor Yeqor Konçalovskiy mənim yaxın dostumdur, onunla dəfələrlə görüşmüşəm. Bu, emalatxanada da olub. Konçalovskiy Holivvud səviyyəsində filmlər çəkib. O, kimsə haqqında danışmağı sevmir, amma yarım saatlıq verilişdə xəbərim olmadan mənim haqqımda danışıb. Dünyada bir çox şəxsiyyətlərlə görüşmüşəm. Bizi bağlayan bir əsas amil olub - sənət!
Məsələn, Şimali Kipr Türk Cümhuriyyətinin sabiq prezidenti Rauf Denktaşla dostluq əlaqəm olub. Portretini də çəkmişəm.
Şimali Kiprin sabiq rəhbəri Mehmet Əli Tələt ilə isə görüşüm olub. Bir dəfə tədbir idi, məni masasında oturmağa dəvət etdi. Ona sual verdim ki, məni haradan tanıyırsınız? Bildirdi ki, Avropa Şurasının baş katibi Volter Şvimmer ilə görüşəndə onun kabinetində bir rəsm gördüm, soruşdum ki, müəllifi kimdir? Dedi ki, əsər azəbaycanlı rəssam Sakit Məmmədovundur. Burada siyahıda sizin də adınızı gördüm. Həmin əsər "Baba dağ" idi, Heydər Əliyev Volter Şvimmerə hədiyyə edibmiş.
Roma Papası II İohan Pavellə görüşəndən sonra onun da portretini çəkmişdim. Əsəri Prezident İlham Əliyev Roma Papasına hədiyyə eləmişdi.
- Dostluq etdiyiniz nazir, məmur, millət vəkilləri varmı?
- Düzünü deyim ki, mən dost ola bilmirəm. Mənim, demək olar ki, dostum yoxdur. Çünki dostluq etməyə vaxtım çatmır. İki dəqiqədən bir kiməsə zəng edim, elə bir xarakterim yoxdur. Ərkim çatan insana zəng edə bilərəm. Özümə yaxın hesab etdiyim beş nəfər var. Onlarla görüşürəm, söhbət edirəm. Belə şeylərə çox soyuq adamam...
- Dünya rəssamlığında Opalizm cərəyanının yaradıcısı hesab olunursuz. Bu sənət axımı yaradıcılığınızın hansı mərhələsində meydana çıxdı?
- Mən əvvəllər heç opal daşı görməmişdim. Avstraliyadan bir xanım gəlmişdi, əsərlərimə baxırdı. Onun üzərində bir medalyon gördüm. Medalyona baxdım, elə bildim ki, indiyə qədər çəkdiyim əsərimdir. Bundan sonra bu daşlardan almağa başladım, mənə hədiyyə də etdilər. Opal daşı mənə çox yaxşı təsir etdi. Hazırda bütün dünyada Opalizm haqqında kitab nəşr edirlər. Bu cərəyanın banisi mənəm, dünya bunu qəbul edir. Sənətdə cərəyan yaratmaq çox çətindir.
- Rəssamlıqda davamçılarınız varmı?
- Davamçılarım var, amma düzünü deyim, istərdim Opalizimdən istifadə etsinlər, amma məni təkrarlamasınlar. Təbii rənglərdən istifadə etsinlər, məni köçürməsinlər.
- İnsanda ən çətin çəkilən üzdü, sifətdi deyirlər...
- Bəli, əl isə ikinci portret sayılır. Bir insanın əlini başqa adamın əlinə oturtmaq çox çətindir, hətta qeyri-mümkündür. Hər insanın özünəməxsus əli var. Üçüncüsü ayaqları çəkməkdir. Amma çox vaxt ayaq görünmədiyinə görə ikinci portret sayılır. Hər bir insanın əl-ayağı özünəməxsusdur. Məsələn, portretdə gözün işığını düz qoymasan, oxşamayacaq.
Sənətdə Məcnun kimi olmalısan. Emalatxananın qapısından bayıra çıxdınsa, normal adama çevrilməlisən, normal geyinməlisən. Elə rəssam var, emalatxanada necə işləyir, o libasda da, boyanın içində küçədə gəzir. Belə halları sevmirəm.
- Hazırda dünyada sünii intellekt həyata, cəmiyyətə sürətlə nüfuz edir. Bu haqda nə düşünürsünüz? Sünii intellekt sənəti məhv edə bilərmi?
- Əslində, sənəti məhv etməyə gedir. Sünii intelektlə insanlığı məhv etməyə çalışırlar. Sünii intellektlə nə qədər əsərlər yaradırlar, amma boş şeydir. İnsanın yaratdığını yarada, rəssamın hissiyatını verə bilməyəcək. Müəyyən mənada insanda şeytani hisslər meydana gəlir. Hər sahəyə müdaxilə var. Bununla hara gedirik?! O zaman Allah insanı niyə yaradıb?
Hərdən mənə elə gəlir, biz Yer kürəsinə başqa planetdən gəlmişik. Dünyada baş verənlərin müharibələrin səbəbini isə yediyimiz ətdə görürəm...
- Heç vaxt ət yeməmisiniz?
- Xeyr. Mən heç vaxt ət yeməmişəm, doğulandan. Mənə ət yedizdirə bilməyiblər. Nə yaxşı ki, ət yedizdirə bilməyiblər. Ona görə daxilimdə bir mərhəmət hissi var. Heyvanları kəsməyi düzgün hesab etmirəm. Quzuya baxın, onu kəsməyə adamın əli gələr? Onun ətini necə yemək olar? Mən ət yemirəm və orqanizmimdə hər şey yaxşıdır. Deməli, insan hər şeyə öyrəşir.
İnanmıram ki, Allah heyvanları kəsməyə izn versin. İndi qınayacaqlar ki, niyə Allahın işinə qarışırsan? Bu, mənim fikrimdir. Bu qədər qan tökmək olmaz. Heyvanların da orqanizmi, ürəyi, balası var.
- Ailə üzvləriniz də ət yemirlər?
- Ailə üzvlərim ət yeyirlər, mən onları ətdən imtinaya məcbur edə bilmərəm. Nəfsi çəkirsə, yesin, özü bilər.
- Bu, hinduizm vegeterianlığı deyil ki?
- Xeyr. Yəni ətdən imtina bir dünyagörüş, bir fəlsəfi prinsip kimi həyatıma daxil olmayıb. Mən doğulandan ət yemirəm. Qırğızıstana, rəssam dostumun evinə qonaq getmişdim. Bir də gördüm, həyətə qara quzu gətirdilər. Dostum dedi, bunu sənin üçün kəsəcəyik. Cavab verdim ki, bu quzunu kəssəniz mən buradan çıxıb gedəcəm. Quzunu kəsmədilər. Ət yeyən də, yeməyən də öləcək. Hər kəs özünə cavabdehdir.
Sizə bir sirri açım, uşaq vaxtından, elə bir hissiyyatım var ki, hansısa bir qüvvə məni daim qoruyur, mənə çox kömək olur. İstədiyim bir şey eynilə yuxuma girir. Ailəm də, dostlarım və tələbələrim də məəttəl qalırlar. Allah məni neçə çətinliklərdən xilas edib. Qəbul imtahanında biletin suallarını yuxuda görmüşdüm.
- Bəs, əsərlərinizi yuxunuzda görmüsünüz?
- Yuxuda gördüyüm əsərlərim çox olub. Dostum Azər Turan Qəbulə xanım haqqında bir roman yazıb. Bu haqda kiçik yazı oxudum, sonra arzu etdim ki, kaş gözümün qarşısına gələydi. Yatdım, yuxuda Qəbulə sarı paltarda gözümün qarşısına gəldi. Qəbulə haqqında rəsm çəkdim, yaxın günlərdə təqdimat mərasimi olacaq.
Azər Turan bu yaxınlarda mənə zəng edib dedi, bir alman səyyahı Qəbulə haqda yazıb ki, "qızıl sapdan toxunmuş paltar geyərdi". Bu sözü mənə portreti çəkdikdən sonra dedi.
Sənətkar kimi yaratsa, orada onun özündən, özünün fiziki varlığından nəsə var. Bir tanıdığım rəssam var, kiçik boyludur. Çəkdiyi bütün əsərlərdə insanların boyu balacadı. Mən isə kiçik bir insanı çəkəndə də istər-istəməz əl-ayağı uzun alınır. Bu da mənim fiziki varlığımla bağlıdı. Deyirlər, Leonardo da Vincinin çəkdiyi "Cokonda" onun özünə oxşayır. Təbii ki, oxşayacaq.
- Öz portretinizi çəkmisinizmi?
- Bəli, çəkmişəm.
- Övladlarınız da rəssamdırlar...
- Bəli oğlanlarım və qızım rəssamdırlar. Qızım Dillər Universitetini qırmızı diplomla bitirib. Sevinə-sevinə mənə dedi ki, ata, universiteti qırmızı diplomla bitirdim. Üzünə baxdım, dedim, lap yaxşı. Qayıtdı ki, deyəsən, sevinmədin. Ona cavab verdim ki, qızım, ingilis dilini İngiltərədə çoban da bilir. İkinci təhsil kimi Rəssamlıq Akademiyasına daxil ol və bizim sənətimizi bütün dünyaya çatdır. Hazırda doktorantura pilləsindədir.
- Övladlarınızı rəssam kimi necə dəyərləndirirsiniz?
- Bunu zaman göstərər. Mən övladlarımı, şüşənin digər tərəfini necə görürəmsə, onları elə görürəm. Nə vaxt ki, şüşənin digər üzünü görə bilməyəcəm, onlar özlərini tapmış olacaqlar. Axtarışdadırlar.
- Asudə vaxtınızı necə keçirirsiniz?
- Mənim musiqiçi dostlarım var, onlarla otururam. Musiqi ifa edirəm, şeir yazıram. Amma şeirlərimi çap etdirmirəm... Heç vaxt dünyada vaxt itirmirəm.
- Gələcəklə bağlı nə arzularınız var?
- Arzu edərdim ki, dünyada ədalət olsun. Ədalətsizliyə, haqsızlığa dözə bilmirəm. İstedadsızın istedadlının yerində oturmasına dözümüm yoxdu. Ən böyük arzum odur ki, öz dilimizdə danışaq, kadrları hər yerdə öz dilimizlə işə götürək. Öncə öz dilimizi sevək, amma başqa dilləri də bilək.
- Rəssamlıqda təhsil səviyyəsini necə dəyərləndirirsiniz?
- Rəssamlıqda təhsilin səviyyəsi ilə heç razı deyiləm. Biz ali təhsilimizi bitirdikdən sonra institutda dərs deyə bilərdik. İndi bakalavr dörd ildir. Rəssamların hamısı tarix, ədəbiyyat oxumur. Güclə bakalavr pilləsini bitirirlər, sonra magistraturaya daxil ola bilmirlər. Ona görə də onların heç birini Rəssamlıq Akademiyasında dərs deməyə buraxmırlar.
Təhsilimiz acınacaqlı vəziyyətdədir. Məsələn, Rəssamlıq Akademiyası, konservatoriya Elm və Təhsil Nazirliyinə yox, Mədəniyyət Nazirliyinə tabe olmalıdır. Elm və Təhsil Nazirliyinin rəssamlıqdan başı çıxmır. Ona görə də yaradıcı insanla düzgün rəftar edə bilmirlər. Hazırda sərgilər çox az keçirilir. Əvvələr sərgilər çox təşkil edilirdi.
- Sərgiləri Mədəniyyət Nazirliyi, yoxsa Rəssamlar İttifaqı təşkil edirdi?
- Rəssamlar İttifaqının adını çəkməyin, oranın adı yox dərəcəsindədir.
Müəllif: Qurban Yaquboğlu, Rəqsanə Həsənova