Bia.Az

Kriminal aləmə çevrilən təhsil ocağı: - Şagirdlər məktəbə niyə bıçaqla gəlir?

Cəmiyyət
 26-01-2024, 16:06     176

Hər ötən gün məktəbli yeniyetmələrin üzərində bıçaq gəzdirmələri adi hala çevrilir. Şagirdlər bunu özlərini böyük, "ağır" göstərmək üçün etsələr də, sonda soyuq silah cinayət alətinə çevrilir. Gəncədə 11-ci sinif şagirdi Raul Rəhimovun həmyaşıdı tərəfindən öldürülməsi kimi... Ardınca Bakıda Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən 188 saylı orta məktəbdə şagirdlər arasında kütləvi dava xəbəri gəlir. Yenə məktəbdə şagirdin bıçaq gəzdirməsi gündəm olur. Bir sözlə məktəb təlim-tərbiyə müəssisəsi olmaqdan çox hansısa kriminal məkana çevrilir.
Bəs bu problemlər hansı səbəblərdən və boşluqlardan qaynaqlanır? Burada məktəb, valideyn, müəllim və məktəb psixoloqu nə dərəcədə məsuliyyət daşıyır?

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova AzVision.az-a açıqlamasında şagirdin məktəbə soyuq silahla getməsində birbaşa valideynin günahı olduğunu vurğulayıb. Onun sözlərinə görə, belə hadisələrə görə ilk növbədə valideyn məsuliyyət daşıyır.

- Təəssüflər olsun ki, məktəblərdə həmin əşyaları yoxlamaq üçün xüsusi avadanlıqları yoxdur. Məktəb müəllimləri bir neçə minlik şagirdin çantalarını, üstlərini yoxlamaq imkanına malik deyillər. Qanunla da onlara belə bir səlahiyət verilməyib. Bu, bir qayda olaraq valideynlərin işidir. Sinif rəhbəri, müəllimlər sadəcə nəzarət funksiyasını həyata keçirə bilər. Valideynlər evdən çıxan uşaqların üstünü yoxlamalı, çantasına baxmalı, nəzarət etməlidir", Şura sədri qeyd edib.

Məktəb psixoloqlarının məsuliyyətinə gəlincə G.Səfərova bildirib ki, onların individual işləmə məsuliyyətləri iş planlarında yoxdur. "Lakin onlar sinfin psixoloji xəritəsini çıxarda və orada baş verən hadisələrlə bağlı ayrı-ayrılıqda tədbirlər görə bilərlər. Bunun üçün də təəssüflər olsun ki, bəzən kifayət qədər vaxt ayrılmır və yaxud dərsdən kənar həyata keçirmək xeyli zaman alır".

G.Səfərova əlavə edib ki, şagirdlərin özlərini aparması, davranış qaydalarına riayət etməsi məktəbəqədər təhsil müəssisələrindən öyrədilməlidir. "Yeni şagird davranış qaydalarının məktəblərdə tətbiqinə başlanılması isə zənnimcə belə problemlərin həllində mühüm rol oynayacaq. Lakin qeyd edim ki, qaydaların müzakirəsi zamanı elə valideynlər onun əleyhinə çıxırdı. Amma praktika göstərir ki, davranış qaydalarına nə dərəcədə ehtiyac var. Hətta onun bəzən sərtləşdirilməsi məqbuldur".

Təhsil eksperti Elçin Sleymanov bildirib ki, şagirdlərin kobud rəftarının, üzərlərində bıçaq gəzdirmələrinin məsuliyyətini təkcə məktəbə atmaq düzgün deyil. Onun sözlərinə görə, bir şagirdin şəxsiyyətinin formalaşmasında ailə, məktəb, müəllim üçbucağı olmalıdır.

"Çünki şagird günün 5-6 saatını məktəbdə olur. Digər saatlarını evdə və ya küçədə keçirir. Son illərdə bütün dünyada yeniyetmələr arasında aqresiya, şiddət meyilləri artır. Bunu da daha çox sosial şəbəkələr, "Tik-Tok", müxtəlif oyunlar tətikləyir. Eyni zamanda cəmiyyətimizdə "oğru aləminə" meyillilik kimi sovet dövründən qalma mənfi bir tendensiya var. Onun təbliği isə müəyyən boşluqlardan olub. Bəzən avara, dərsi zəif bilən uşaqlar kriminal aləmi təqlid etməyə, onlara özlərini oxşatmağa çalışırlar".

Məktəbdə nəzarət sisteminin vacibliyini qeyd edən ekspert vurğulayıb ki, direktor və məsul şəxslər məsuliyyəti üzərindən ata bilməzlər.

"Bir yaşlı gözətçi və ya müəllim 4-5 minlik məktəbə nəzarət edə bilməz. Burada növbətçi müəllimlər olmalı, "Məktəblinin dostu" kimi layihələr həyata keçirilməlidir. Şagirdlər arasında münasibət pozulması, illərlə davam edən anlaşılmazlıq varsa, mütləq valideynlər məktəb rəhbərliyini xəbərdar etməli, psixoloqlarla iş aparılmalıdır. Əgər ciddi təhlükə varsa, sahə polis müvəkkəli məlumatlandırılmalı və bu cür şagirdlər nəzarətə alınmalıdır.

Şagirdin və ya vətəndaşın üstündə bıçaq, soyuq silah gəzdirməsi cinayət məsuliyyəti daşıyır. Zaman-zaman reydlər keçirilərək, müəyyən yaşlarda olan şagirdlərin üzərində bıçaq gəzdirməsi halları pislənilməli və ictimai qınaq formalaşmalıdır. Valideynlər də övladlarının nə ilə məşğul olmasına, boş vaxtını necə keçirməsinə, kiminləsə problemin olub-olmamasına nəzarət etməlidir. Uşaqların başıboş buraxılması həm bu cür kriminal hadisələrə gətirib çıxardır, həm də zərərli vərdişlərə meyli artırır".

E.Süleymanov qeyd edib ki, şagird davranış qaydalarının hazırlanması belə hadisələrin qarşısının alınmasında mühüm addımdır. Belə ki, davranış pozuntusu olan şagirdlərin məktəbdən uzaqlaşdırılmalı və çətin tərbiyə olunan uşaqların məktəbinə yönəldilməlidir
скачать dle 12.1