Bia.Az

Millət vəkilinə qarşı sui-qəsdi təşkil edən danışdı: "Fazil Mustafanı öldürmək yox, cəzalandırmaq istəyirdik, ona görə başından yox, çiynindən vurulub"

Cəmiyyət
 22-01-2024, 21:53     164

Bakı Ağır Cinayətlər Məhkəməsində Milli Məclisin üzvü Fazil Musatafaya qarşı sui-qəsddə ittiham olunan 5 nəfərin – Azər Səricanov, Rəşad Əhmədov, Elşad Əsgərov, Səbuhi Şirinov və Emin Əliyarovun işi üzrə məhkəmə istintaqı başlayıb.

Bizimyol.info xəbər verir ki, yanvarın 22-də hakim Elnur Nuriyevin sədrliyilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslər zərərçəkmiş Fazil Mustafanın iştirakının təmin olunmasını istəyiblər. Hakim bildirib ki, budəfəki məhkəmə iclasını zərərçəkmişin iştirakı olmadan keçirəcəklər. Lakin gələcək iclaslarda lazım olsa, prosesi təxirə salıb, onun iştirakını təmin edəcəklər.

Daha sonra dövlət ittihamçısı Orxan Kəngərli ittiham aktını elan edib.

İttihama görə, Azər Səricanov və digər təqsirləndirilən şəxslər İranda “Hüseyniyyun” qrupunun üzvlərilə Fazil Mustafanın dini baxışlarına görə onun siyasi fəaliyyətinə son qoymaq, bu fəaliyyətə görə ondan qisas almaq üçün həyatına sui-qəsd etmək planını müzakirə ediblər. Bu məqsədlə sosial şəbəkədə millət vəkilinin fəaliyyəti barədə məlumatlar toplayıblar. Daha sonra sui-qəsdi icra eləmək üçün “Kalaşnikov” avtomatı əldə ediblər.

İttihama əsasən, millət vəkilinə qarşı hazırlanmış planı həyata keçirmək üçün İrandakı dəstə üzvləri təqsirləndirilən Rəşad Əhmədova 30 min ABŞ dolları verib. O isə həmin Qaradağ rayonu ərazisində yerləşən evində təqsirləndirilən Azər Səricanova verib.

Sui-qəsdi həyata keçirmək üçün təqsirləndirilən şəxslərdən Səbuhi Şirinov Sabunçu rayonu, Zabrat qəsəbəsində Fazil Mustafanın yaşadığı evin ətrafında uzun müddət müşahidə aparıb. Cinayəti icra eləmək üçün Azər Səricanov hadisədən əvvəl özündə olan “Kalaşnikov”u Səbuhi Şirinova, tapancanı isə Rəşad Əhmədova verib. Səbuhi Şirinov və Elşad Əsgərov martın 28-də Fazil Mustafanın yaşadığı evin yaxınlığında onu güdüblər. Millət vəkili avtomobildən düşərkən Səbuhi Şirinov avtomat silahla ona 7 dəfə atəş açıb.

İttihamda o da qeyd olunub ki, hadisədən sonra təqsirləndirilən şəxslərdən Azər Səricanov Rəşad Əhmədovdan götürdüyü 30 min dolları manata dəyişib və bunun 15 min manatını cinayəti icra etmiş Səbuhi Şirinova verib.

İttihama münasibət bildirən təqsirləndirilən şəxslər elan olunmuş ittiham üzrə özlərini qismən təqsirli biliblər.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, gəzdirmə), 214 (terrorçuluq), 214-1 (terroru maliyyələşdirmə), 277 (dövlət xadimi, ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq, fəaliyyətinə görə qisas almaq məqsədilə həyatına sui-qəsd etmək), 234 (narkotik vasitələr əldə etmə, daşıma, saxlama) və 274-cü (dövlətə xəyanət) maddələrilə ittiham irəli sürülüb.

Hakim Elnur Nuriyev təqsirləndirilən şəxslərə bu maddələrin sanksiyasında olan cəzaları elan edib. Terrorçuluq, dövlətə xəyanət, dövlət xadiminin həyatına sui-qəsd ittihamlarında 20 ilə qədər, yaxud da ömürlük azadlıqdan məhrumetmə cəzası var.

Təqsirləndirilən şəxslər elan olunmuş ittihama münasibət bildirərkən deyiblər ki, özlərini qismən təqsirli bilirlər.

Daha sonra təqsirləndirilən şəxslərin ifadələri başlayıb. Budəfəki məhkəmə iclasında onlardan yalnız Azər Səricanov ifadə verib. O bildirib ki, ittiham aktında yazılanlardan bəzi hissələrlə razı deyil. Lakin millət vəkili Fazil Mustafanın odlu silahla vurulmasına özü göstəriş verdiyini təsdiqləyir. Onun sözlərinə görə, deputatın dinlə bağlı səsləndirdiyi fikirlər, sosial şəbəkələrdə imamlar haqqında yazdıqlarından qıcıqlanıb, onu cəzalandırmaq qərarı verib:

“İnsanın dini etiqad azadlığı var. Dövlət xadimi olmur, lap kim olursa olsun, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə sataşa bilməz. Aşura gününü qeyd edənlər haqqında “hürürlər, mələşirlər” ifadəsini işlətmək nə deməkdir? 2019-cu ildən bu adamın dedikləri, yazdıqları məni narahat edirdi. 2020-ci ildə Qarabağ müharibəsində şəhidlərlə bağlı səslənən fikirlər lap ağ oldu. Nə deməkdir ki, “kişi ağlamaz”?"

Azər Səricanovun sözlərinə görə, Fazil Mustafanın dini fikirlərilə bağlı müvafiq qurumlara şikayətlər göndəriblər, lakin baxan olmayıb. “Facebook”da onun özünə və oğluna da yazıblar. Bunun da xeyri olmayıb. Bunlardan sonra şəxsi təşəbbüsü ilə onu cəzalandırmaq qərarına gəlib.

Təqsirləndirilən şəxs bildirib ki, İrana gedib, millət vəkilini cəzalandıracaq şəxsin sonradan sığına bilməsi üçün yer axtarıb: “Bilirdim ki, başqa ölkələr həmin adamı Azərbaycana təhvil verərlər. Bu səbəbdən İranda axtarmağa başladım. Oradan istədiyim formada cavab ala bilmədim”.

Dediyinə görə, qayıdıb gələndən sonra Fazil Mustafa ilə bağlı araşdırma aparmağa, onun evinin yerini, hərəkət marşrutunu müəyyənləşdirməyə başlayıb. Daha sonra cinayəti icra edən Səbuhi Şirinovla tanış olub:

“Mən adam axtarırdım. Məclislərdən birində Səbuhi ilə tanış oldum. Dedi ki, xüsusi təyinatlılarda MAXE olub. O dəqiqə bildim ki, mənə lazım olan adamdır. Mən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul idim. Səbuhiyə də məhsul verməyə başladım. Onunla Fazil Mustafa haqqında danışanda dedi ki, hamı zəncir çeynəyir onun əlindən”. Ona dedim ki, ailəli adamsan, uşaqların var, get, yaxşı fikirləş”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Səbuhi Şirinov bu işi üzərinə götürəndən sonra ona qayınatasından qalmış avtomat silah verib. Tapşırıb ki, ailəsinin, uşaqlarının yanında olmasın.

Azər Səricanov ifadəsində qeyd edib ki, məqsədləri Fazil Mustafanı öldürmək olmayıb, onu cəzalandırmaq istəyiblər. Bu səbəbdən əvvəldən danışıblar ki, həyati əhəmiyyətli orqanlarına atəş açılmasın:

“Onun çiyninə dəyən güllə başına dəyə bilərdi. Elə olmamağının səbəbi budur ki, onu öldürmək yox, cəzalandırmaq istəmişik. Səbuhi bu işi görəndən sonra bizə gəldi. Paltarlarını samovarda yandırdım. Bir qədər sonra Səbuhiyə 15 min manat pul verdim”.

O, deputata qarşı cinayətin İrandan gələn sifarişlə törədilməsi, bu məqsədlə Rəşad Əhmədov vasitəsilə 30 min dollar ona çatdırılması barədə ittiham aktında yazılanları qəbul etməyib.

Azər Səricanov onu da bildirib ki, avtomatdan başqa tapançası da olub. Həmin tapançanı 2022-ci ildə təqsirləndiriən Emin Əliyarovdan alıb. Millət vəkilinə qarşı sui-qəsd vaxtı təqsirləndirilən Rəşad Əhmədova verib. O da hadisə yerində olub.

Azər Səricanov növbəti dəfə məhkəmədə tərəflərin suallarını cavablandıracaq.

Məhkəmə prosesi fevralın 16-na qədər təxirə salınıb.

Fazil Mustafaya qarşı sui-qəsd martın 28-də axşam saat 22.00 radələrində baş verib. Millət vəkili Sabunçu rayonu, Zabrat qəsəbəsində yaşadığı evin qarşısında güllələnib. Araşdırmalar zamanı deputata “Kalaşnikov” konstruksiyalı avtomat silahdan atəş açıldığı müəyyənləşdirilib. Hadisə nəticəsində Fazil Mustafa sağ çiyin qurşağı və sağ ayağından güllə yaraları alıb. Hadisədən sonra Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) cinayət işi başlanıb.

скачать dle 12.1